Elçin Alıoğlunun

Böyük şirkətlərin dərman bəlası: ağrıdan milyardlar qazanırlar

Doktor Sunil Saqarın klinikasının gözləmə otağı doludur. Qocalar, cavanlar, uşaqlar. Hamilə qadınlar, ağrıdan zarıyan qarılar, ağlayan körpələr. Burada, Hindistanın paytaxtı Dehlinin həndəvərində, Şadara səmtindəki Bhaqvanpur-Kherada kasıblar müalicəni elə kasıb həkimlərdə arayırlar.

Doktor Sunil Saqar kimi.

Gözləmə otağında anasının qucağında olan uşaq nebulayzerlə nəfəs alır. O, qızdırma içində yanır. Ümumiyyətlə, qızdırma Hindistanda ən geniş yayılmış xəstəlikdir.

Uşaq olmayan pasiyentlər sakit oturmağa çalışırlar.

Klinika boz, divarlarında hörumçək toru kimi kabellər və naqillər, qapısında da qırmızı xaç olan adi “gecəqondu” məkandır.

Saqar kiçik otaqda, kiçik yazı masasının arxasında oturub. Köməkçiləri pasiyentləri növbə ilə onun yanına buraxırlar.

Saqar soyuqqanlı görünür.

Qucağında 4 yaşlı oğlu olan ata təşviş dolu nəzərlə doktor Saqara baxır. Saqar yerindən durur, stetoskopla uşağın sinəsin dinləyir, sonra resept yazır.

Ata ovcunda bərk-bərk sıxdığı 5 rupini masanın “pul üçün” rəfinə qoyur.

Prosedur təxminən 2 dəqiqə davam edir.

Eynən dünyanın başqa ölkələrində olduğu kimi.

O ölkələr də ki, nəhəng transmilli korporasiyaların “sağlamlıq qayğısı” torundadır.

O ölkələrdə ki, dərman preparatlarının reklamlarına ağlagəlməz məbləğdə pullar xərclənir.

Və o ölkələrdə ki, böyük korporasiyalar insanları “müalicə” adı ilə məhv edir.

Qüdrətli dövlətin tiryək epidemiyası

ABŞ-da əməlli-başlı tiryək bəlası yaşanır və amerikalı hüquqşünaslar bunu “opioid epidemiyası” adlandırırlar. Səbəb isə 1990-cı illərdə transmilli, nəhəng farmasevtik korporasiyaların şikayətləri idi. Korporasiyalar və onların pulla ələ aldıqları jurnalistlər həşir qaldırmışdılar. Onların dediklərinə görə, sən demə, milyonlarla xroniki, dəhşətli ağrılardan əzab çəkirlərmiş və bu ağrıları kəsəcək dərmanları da əldə edə bilmirlərmiş.

Bu həyasız lobbinq, Konqresin Senatından və Nümayəndələr Palatasından tutmuş, ən populyar telekanallara, qəzetlərə, radiolara qədər uzanan kampaniya nəticəsini verdi.

İndi Birləşmiş Ştatlarda hər il opioidlər əsasında dərman preparatlarına 200 milyondan artıq resept yazılır. Üstəlik, qanunsuz farmasevtik preparatlar bazarı, üstəlik tiryək, nəşə, kokakin, heroin.

ABŞ-da hər il 40 min narkoman ölür. Heroinə aludə olmuş amerikalıların sayı 1 milyona yaxınlaşır.  Opioidlər əsasında hazırlanmış “painkiller”lər, yəni ağrıkəsicilər alıb istifadə edənlərin sayı 11 milyon nəfərdir.

Aparılmış son araşdırmaların nəticələri isə Vaşinqtonu təşvişə yox, şoka salıb. Məlum olub və təsdiqlənib ki, hazırda heroin narkomanı olan amerikalıların 83 faizi (!) bu bəlalı yola məhz həkimlərin resepti ilə apteklərdən aldıqları ağrıkəsicilərlə başlayıblar.

Rəsmi Vaşinqton gec də olsa, ayılıb. Ştatlardan biri transmilli “Jhonson&Jhonson” korporasiyasını məhkəməyə verərək 500 milyon dollarlıq təzminat istəyir.

Digər ştatlarda da analoji proseslər bu yaxınlarda başlanmalıdır.

Yəni ABŞ-da artıq “tam təhlükəsiz, effektiv”, opioidlər əsasında istehsal olunmuş ağrıkəsici dərmanlar satmaq əvvəlki təki rahat deyil.

Bu səbəbdən də transmilli, nəhəng farmasevtik korporasiyalar dünya ölkələrinə yürüşə başlayıblar.

Həmin yürüşün nə olduğuna Hindistanın timsalında baxaq.

Hindistanda opioidlər əsasında hazırlanmış dərman preparatlarının satışı uzun illər boyu tam yasaqlanmasa da, olduqca ciddi məhdudiyyətlər altında idi.

Lakin beş il əvvəl “Jhonson&Jhonson”, “Pfizer” və “Mundipharma” korporasiyalarının birgə təzyiqləri nəticəsində rəsmi Dehli müvafiq qanunları “yumşaltdı”.

Çünki “demokratik” Qərb mediasında əməlli isteriya başlanmışdı. Ən populyar, məşhur xəbər saytları, qəzetlər, telekanallar – bir sözlə, “müstəqil” media az qala ağlaşma quraraq bildirirdilər ki, bəs Hindistanda on milyonlarla insan dəhşətli ağrılardan əzab çəkir, onların ağrılarının qarşısını ala biləcək kimsə yoxdur, “xilas” üçün dərmanları satmağa da icazə vermirlər və s.

Dehlidəki hökumət geri çəkildi. Təbii, on milyonlarla dollarlıq rüşvət, aşkar pressinq, məmurların, siyasətçilərin, deputatların, jurnalistlərin ələ alınması prosesi də öz yerində.

Bəs nə oldu?

2014-cü ildən ötən dövr ərzində Hindistanda narkomanların sayı həndəsi silsilə ilə artmaqdadır.

Formal olaraq qanunlar var, lakin hər şey xaos vəziyyətindədir.

Hindistanda 15 milyon həkim var və onların istisnasız olaraq hamısı yaxşı pul qazanmaq istəyir. Pulları elə o qədər sevən milyonlarla aptekçini və aptek sahiblərini də unutmayın.

Bu insanları izləmək, onların opioidlər əsasında hazırlanmış dərmanları satmasının qarşısını almaq mümkündürmü? Yox.

Hindistanda iqtidarda olan ifrat sağçı və millətçi “Bxaratiya Canata Parti”, bu partiyanın sədri və ölkənin baş naziri Narendra Modi ötən il “Tramadol” preparatının satışlarını məhdudlaşdırmaq istədilər.

Ölkədəki məşhur həkimlər dərhal səs-səsə verdilər ki, qoymayın, dəhşətli ağrılar çəkən insanların son ümid vasitəsi əllərindən alınır.

“Pfizer”, “Johnson & Johnson” və “Mundipharma” korporasiyalarının “dostları” Hindistan mediasında buyurdular: “Əgər “Tramadol” satışı məhdudlaşdırılan dərmana çevrilərsə, ölkəmizdə ağrı menecmenti standartları aşağı düşəcək”.

Transmilli farmasevtik korporasiyaların fəaliyyət prinsipi çox bəsitdir. Nəhəng korporasiyalar böyük gəlirlər üçün qurban gedəsi “hədəflər” ovuna çıxanda həmişə özlərindən qabağa yoxsulları, xəstələri, əlilləri, kimsəmsizləri buraxırlar. Xəstəyə, qocaya konkret, satışları artırılması nəzərdə tutulmayan dərman verilməyəndə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində aqressiv “dəstək kampaniyası” başlanır.

Və qocalar, xəstələr, əlillər dövlətin özünümüdafiə sistemində cərrah bıçağının almaz tiyəsi təki dəlik açanda ora qorxu, mənəviyyat, əxlaq, şəfqət kimi sözləri tullantı, əhəmiyyətsiz nəsnələr sayan, gəlirlər uğrunda hər şeyə hazır korporasiyalar daxil olurlar.

… Hindistanın paytaxtı Dehlinin həndəvərlərindən birində “Delhi Pain Management Center” adlı klinika var. Bu klinikada nəinki “Tramadol” – opioidlər əsasında hazırlanmış istənilən ağrıkəsicini asanlıqla almaq olar.

Hindistanda səhiyyə tranzaksiya prinsipi ilədir. Yəni həkim yanına getmiş hər pasiyentin resept almaq hüququ var. Üstəlik ödəniş total hallarda nağd olur.

Palliativ səhiyyə yardımı tərəfdarlarının, yəni transmilli korporasiyaların və onların marionetlərinin aramsız təzyiqlərindən sonra geri çəkilən rəsmi Dehli indi anlayır ki, hansı bəla ilə qarşılaşıb.

Ölkədə on milyonlarla həkim və bütün subkontinentə səpələnmiş apteklər var, onları fasiləsiz və sərt nəzarət altında saxlamaq, sadəcə, mümkün deyil.

Məsələn, Dehlinin ən böyük bazarı “Çandi Çouk”dakı Bhariqarath sarayında istənilən dərmanı sərbəst almaq olar. Satıcıların da hamısı “aptekçi” kişilərdir.

Kiçik apteklərin, dərman satışı məntəqələrinin divarlarına, qapılarına isə yazılıb: “Bütün növ dərmanlar!”, “Xərçəngə qarşı dərmanlar”, “Johnson & Johnson, GlaxoSmithKline-nın bütün dərmanları!”

Azərbaycanda olduğu  kimi, Hindistanda da opioidlər əsasında hazırlanmış dərman preparatlarının satışı məhduddur. Hazırda aralarında şizofreniyanın müalicəsində istifadə olunan “Sulpitac” da olan 328 preparatın saxlanması və satışının yasaq olduğu Dehlidə bu dərmanları çoxc asan almaq olar.

Mumbay şəhərinin Manhurd gecəqondu məhəlləsində, sakinlərinin orta ömür sürəyinin 39 il olduğu bu yerdə ağrıkəsicilər açıq satışdadır.

Məsələn, “Johnson & Johnson”un istehsalı olan “Utracet”, yəni Azərbaycanda “Tramadol” kimi satılan preparat asudə şəkildə əldə olunur.

Transmilli farmasevtik şirkətlərinin aqressiv reklam kampaniyaları da öz “bəhrə”sini verir. Hindistanın şimalındakı Pəncab ştatında heroindən asılılıq endemik bəlaya çevrilib. Bəs problem necə həll olunur?

Çox “sadə”. Pəncabda son vaxtlar opioid əsasında dərmanların verildiy 160-dan artıq ambulator klinikalar açılıb. Bu klinikalara üz tutan narkomanlar “Buprenorfin” kimi “alternativ” preparatlar ala bilərlər.

Lakin bu propeparatın özü də bəladır.

Çandiqarx şəhərindəki “Postgraduate Institute of Medical Education and Research”də çalışan professor, tanınmış psixiatr Debasiş Basunun dediyinə görə, guya resept əsasında satılan “Buprenorfin” preparatı insanlarda narkotik maddələrə asılılıq yaradır.

“Qanunlar var, yasaqlar var. Amma o qanunların işləməsini təmin etmək çox çətindir. Daha doğrusu, mümkün deyil”, – professor Basu söyləyir.

“Tramadol”a gəldikdə isə, Hindistanda da eynilə bütün başqa dövlətlərdə olduğu kimi, bu preparat “asılılıq yaratmayan farmokoloji vasitə” kimi reklam olunur.

Lakin əsla belə deyil. Dehlidə yaşayan səhiyyə eksperti, doktor Bobbi Conun dediyinə görə, “Morfin”, “Fentanil” və digər ağrıkəsicilrədən fərqli olaraq “Tramadol” açıq satışdadır.

Hindistanda 2018-ci ilin oktyabrında, “Tramadol”un satışlarının məhdudlaşdırılması ilə bağlı hökumətdə müzakirələr başlanan kimi Cənub-Şərqi Asiyadakı 7 (!) ölkənin tanınmış həkimləri və farmokoloqları Dehlinin üzərinə mediada hücuma keçdilər.

İş o yerə çatdı ki, nüfuzlu “Journal of Pain Research” jurnalında “Tramadol: Cənub-Şərqi Asiya ölkələrində ağrıların müalicəsi üçün dəyərli preparat” (“Tramadol: A Valuable Treatment for Pain in Southeast Asian Countries”) adlı “araşdırma” peyda oldu.

Məqalədə “Tramadol” o ki var, təriflənirdi.

Yazının əsl sifarişçisi, habelə “qeyzlənmiş ekspert”lərə rüşvət verən şirkət Almaniyanın “Grünenthal GmbH” korporasiyası idi. O korporasiya ki, istehsal etdiyi “Tramadol”un Çində satış hüquqlarını 2018-ci ilin may ayında “Mundipharma” şirkətinə satmışdı.

Yazıdakı “ekspert”lər “Pfizer”, “GlaxoSmithKline”, “Johnson & Johnson”, “Mundipharma”, habelə ABŞ-ın Konnektikut ştatındakı “Rurdue Pharma” şirkətindən “mühazirə”, “seminar” və “treninq”lərə görə böyük məbləğlər almışdılar.

Dünyanın bütün ölkələrində olduğu kimi, Hindistanda da narkomanlar heroin və ya kokain tapmayanda “Tramadol”dan və ya “Buprenorfin”dən istifadə edirlər.

“Tramadol” və opioidlər əsasında hazırlanmış digər ağrıkəsicilərin satıldığı “Delhi Pain Management Center” təki klinikalar artıq Mumbay, Banqalor, Kəlküttə, Heydərabad şəhərlərində yüzlərlədir.

“Johnson & Johnson” şirkəti fentanil plastırları, “Mundipharma” korporasiyası “Buprenorfin”i, “Abbott Laboratories” – “Tramadol”un yeni variasiyalarını kəskin ağrılar keçirən insanlara palliativ səhiyyə çərçivəsində yardım preparatları kimi təklif edirlər.

… “Delhi Pain Management Center”in sahibi və rəhbəri, professor G.P. Dureja transmilli korporasiyaların oyunlarına qatılmadığını, opioid əsasında hazırlanmış ağrıkəsici preparatların satışında maraqlı olmadığını deyir.

Lakin onun iş otağında, kreslosunun arxasındakı rəfdə duran “xatirə nişan”larından birində yazılıb: “Johnson & Johnson şirkətindən ağrılarla mübarizəyə həsr olunmuş simpoziumda fəal iştiraka görə”. Digər “xatirə nişanı”nda isə “Ultracet” şirkəti “Tapentadol” preparatının “tanıdılması istiqamətində əməyinə görə” professor Durejaya minnətdarlıq edib.

Azərbaycanda da belə preparatlar noüiüeptiv, neyropatik, visseral genez və s. ağrılarda təklif olunur.

Hindistandakı kimi…

Şərh əlavə et