Elçin Alıoğlunun

Virtual müxalifətin mitinq oyununun gizlinləri: söyüşlə tamah birləşdi

Qətiyyət və inad insanın zəruri məziyyətlərindən biridir. Lakin inadla inadkarlıq, qətiyyətlə tərslik fərqlidir. Savadla bisavadlıq, siyasətlə korafəhmlik kimi.

AXCP sədri və həm də bloqer Əli Kərimli deyəsən, məziyyətləri sıralayaraq özünü bütün müstəvilərdə təqdim etməyə çalışır. Daha doğrusu, hələ də ona inanmağa davam edən sadəlövhlərə necə də “böyük, möhtəşəm və dönməz” siyasətçi olduğunu göstərməyə çalışır.

Olmayıb, deyil – sadəcə, çalışır və can atır.

Ə.Kərimlinin başçılıq etdiyi AXCP və guya Cəmil Həsənlinin sədr olduğu “Milli Şura” sentyabrın 28-nə mitinq təyin ediblər.

Bu duetin toplantı üçün sevimli yerləri sayılan “Məhsul” stadionunda indi təmir və yenidənqurma işləri aparılır. Radikal müxalifətin özü qədər köhnələn, mitinqlərdə səslənən şüarlar təki nimdaşlaşan və eynən müxalifət liderləri kimi ilkin təyinatını itirərək idman obyektindən siyasi yığnaqlar məkanına dönən “Məhsul”da artıq əvvəlki təki kütləni lümpenləşməyə çağıraraq demaqogiya məhsulu yığa bilməyəcəyini dərk edən Əli Kərimli yeni variantlara əl atıb.

O, Facebook-dakı səhifəsində yazıb ki, sən demə, “Məhsul” stadionu təmirdə olduğundan, Əli Kərimli yeni mitinqləri üçün 3 yerdən birini istəyr:

1) Metronun “28 may” stansiyasının qarşısı;

2) “Nərimanov” stansiyasının qarşısı;

3) “Gənclik” stansiyasının qarşısı.

AXCP sədrinin, göründüyü kimi, planları fantasmaqorik, iştahı isə ülgüc kimidir.

Əslində isə “Milli Şura”nın mitinqi kimi təqdim olunan bu “yığışmaq istəyi”nin görünən tərəflərindən daha çox, pərdərarxası məqamları, kölgədə saxlanan ünsürləri daha maraqlıdır.

Sentyabrın 11-də Bakıda keçirilmiş iqtidar-müxalifət dialoquna qatılmayın və bunu fəxarətlə bəyan edən Əli Kərimli həmin müzakirələrdə iştirak etmiş tanınmış müxalifətçiləri üstüörtülü də olsa, “hakimiyyətə satılmışlar” adlandırdı. İfrat dərəcədə radikallaşan AXCP sədri, daha doğrusu, bloqer bununla da kifayətlənmədi, əvvəlcə “ahıl akın” Cəmil Həsənli, sonra da trollar dilə gəldilər. Onların lüğətindən və söylədiklərindən, yazdıqlarından bəlli oldu ki, radikallar heç bir halda konstruktiv, məntiqi mövqe tutaraq normal siyasi fəaliyyətə keçmək niyyətində deyilər.

Əli Kərimlinin mitinq üçün “alternativ məkanlar” qismində məhz nəqliyyatın intensivliyinin maksimal səviyyədə olduğu yerləri seçməsi də təsadüfi deyil. O, həmin məkanlarda mitinq keçirilməsinin şəhərin bəlli yerlərində nəqliyyatın hərəkətini iflic edə biləcəyini dərk edir və qəsdən, bilərəkdən belə absurd təkliflərlə çıxış edir.

Məqsəd məzmunu mənfi olacağı əsla şübhə doğurmayan cavab alandan sonra “Gördünüz, hakimiyyət mitinqdən qorxdu, icazə vermədilər!” isterik bəyanatları ilə çıxış etməkdir.

Əli Kərimli əslində istəsə belə, iqtidarla müxalifət arasında dialoqa qatıla bilməzdi. Siyasətdəki zibilxana təfəkkürünü sosial şəbəkələrə daşıyan, radikalıqdan məişət müxalifəti səviyyəsinə enmiş insanlar heç bir zalda trol dəstələrinə “xəyanət” edərək konstruktiv mövqe tuta bilməzlər.

Ağaları, onları xaricdən idarə edənlər buna icazə və imkan verməzlər.

Yaxın üç ildə Azərbaycana qarşı aqressiv, söyüş ritorikasına on milyonlarla dolların ayrılacağı barədə qərar vermiş fondlar və strukturlar heç bir halda normal siyasi mübarizə istəmirlər.

Onlar hələlik “siyasi fəaliyyət” göstərdiklərini deyirlər. Lakin əsla şübhə yoxdur ki, müvafiq əmr aldıqda onlar istənilən hərəkəti, istənilən naqisliyi icra etməyə hər an hazır durublar.

Sentyabrın 11-dəki iqtidar-müxalifət dialoquna qatılmayan, “Məhsul” stadionunda təmir-rekonstruksiya işlərinin başlanmasını fürsət bilən Ə.Kərimli “biz virtual deyilik, varıq: meydanları verin, görün, nə qədərik” tipli açıqlama ilə də çıxış edib.

Nə qədər zavallı bir məntiq, emosional bir xitabdır.

Özünü radikal, üstəlik müxalifət və ən nəhayət, konstruktiv siyasətçi, az qala “virtual+real” müxalifətin lideri bilən kəs daim nə isə istəyir, tələb edir, arzulayır.

Bir dəfə olsun belə, “aldım” feli lüğətində yer almamış insan pasportunu ala bilməyibsə, nədən və nə üçün danışırıq?!

Hə, cavab bəlli, çeynənmiş: “Hakimiyyət pasportu verməmək üçün Əli Kərimli qarşısında min əngəl yaradır”.

Fərz edək ki, bu, belədir: bəs Əli Kərimli həmin maneələri dəf etmək, sədləri aşmaq, niyyətinə çatmaq üçün nə edib və nə edir?! Mövcud qanunvericilik çərçivəsində davranmaq şərtilə o, hansı addımları atıb? Faktiki olaraq, heç nə.

Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi və sanksiyası ilə mitinq keçirməyə cəhd göstərən siyasi qüvvə gerçəkdən də, “radikal və qüvvətli” sayıla bilərmi?

Ən nəhayət, 21-ci əsrin dəyişmiş tələblərini, fərqli geosiyasi çağırışları hələ də başa düşməyən, anlamaq istəməyən siyasətçi mitinq taktikasını “yeganə uğurlu vasitə” hesab etməyə davam edirsə, belə siyasətçinin məntiqinə və taktikasına ironiya ilə baxmamaq mümkünmü?

Suallar çox, cavablar bəllidir.

28 sentyabr mitinqi Əli Kərimli və dəstəsi üçün yeni siyasi oyun cəhdi olmaqla yanaşı, xarici ölkələrə sığınmış və Azərbaycanı hədəfə almış qüvvələrin ssenarisidir.

Aylardır ki, özlərini “müstəqil bloqer” adlandıran və eyni mərkəzdən idarə olunan “məişət müxalifəti”nin “söyüş maşın”ları fasiləsiz olaraq “bir payız axşamı” ifadəsini tutuquşu kimi təkrarlayırlar.

Həmin refrenlə “Milli Şura”nın seçdiyi mitinq zamanının üst-üstə düşməsi də qətiyyən təsadüf deyil.

Virtual müxalifət hələ də dərk etmir ki, 26 illik həyat artıq başa çatıb və son titrəmələr, koma vəziyyətindən çıxmaq cəhdi heç bir nəticə verən deyil.

Bu “cameə”nin Şeyx Nəsrullahı bloqer Əli Kərimli olsa belə, ölü dirilməyəcək.

Çünki siyasi ölülərin indi ölü diriltmək istəklərinin özü marazmdır.

Şərh əlavə et