Elçin Alıoğlunun

Türkiyə Suriyaya yenə qoşun yeritdi – İndi nə olacaq?

Türkiyə ordusu Suriyaya daxil oldu. Əməliyyat başlandı. Çox ağır döyüşlər olacaq. Tanrı mehmetciyə yar olsun. Türkiyə ordusunun təxminən 1290 nəfərlik qruplaşması Suriyanın şimalındakı Cerablus şəhərinə daxil oldu.

Qruplaşma Mənbic şəhərinə doğru hərəkət edəcək. Fərat çayından şərqdə bu şəhər PKK və YPG terror qruplaşmalarının ilk “qala”sı sayılır.

Mənbic tutularsa, sonrakı yol açılacaq.

Mənbicdə əvvəllər YPG birləşmələri ilə bahəm, amerikalı hərbçilər də vardı.

Suriya ordusu Mənbicə doğru hərəkət edərək onu ələ keçirəcəyini bəyan etsə də, yalandır.

Çünki Bəşər Əsədin buna qüvvəsi yoxdur, kürdlərlə anlaşma yoxdur, motivasiya yoxdur və ən başlıcası, Rusiya və İran bununla bağlı mövqelərini açıqlamayıblar.

Suriyada ərəb müxalifətçiləri və kürd terrorçuları birləşdirən “Suriya Demokratik Qüvvələri”nin (Syrian Democratic Forces, SDF) 13 zirehli maşını “Əl Öməri” neft yatağından Türkiyə ilə sərhədə doğru hərəkətə başlayıb.

Kürdlər Rəkka və Deyr əz Zor vilayətlərindən əlavə qüvvələri şimala, Türkiyə ilə sərhədə yönəldirlər.

Bu isə kürdləri Deyr əz Zor və Rəkkadan çıxarmaq üçün çoxdan fürsət gözləyən Suriya ordusu üçün əla imkandır. Həmin vilayətlər böyük neft yataqları ilə zəngindir.

Rusiya da işə qarışmır. Çünki həmin neft yataqlarını ələ keçirmək niyyətindədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

ABŞ Suriyanın şimalına Türkiyənin qoşun yeritməsinə razılıq verib, öz hərbçilərini həmin ərazidən çıxarır.

Ərdoğanın “Barış Pınarı” adlandırdığı əməliyyat artıq başlayıb.

Ərdoğan istədiyinə çatdı.

Ağ Evin yaydığı rəsmi açıqlamada deyilir: “Türkiyə Suriyanın şimalında çoxdan planlaşdırdığı əməliyyata başlayır. ABŞ-ın silahlı qüvvələri bu əməliyyatda nə iştirak edəcək, nə də dəstəkləyəcək. İŞİD-ə qalib gəlmiş amerikalı hərbçilər bundan sonra həmin ərazilərdə olmayacaqlar. Həmin ərazilərdə son iki ildə ələ keçirilmiş İŞİD terrorçularına görə məsuliyyəti bundan sonra Türkiyə daşıyacaq”.

Beləliklə, ABŞ-ın “Suriya strategiyası” biabırçılıqla bitdi, puç oldu.

Suriyanın şimalında türk hərbçilər Ankaranın yaratdığı “Suriya Milli Ordusu” (SMO) ilə birlikdə vuruşacaqlar.

Ən müxtəlif yönlü və ideologiyalı 100 silahlı qruplaşmadan ibarət olan SMO-da 100 minə yaxın yaraqlı var. Onların 14 min nəfəri “Barış Pınarı”na cəlb olunacaq.

Suriyanın şimalında çox gərgin, qanlı döyüşlər olacaq.

ABŞ-ın paradiqması

Ağ Evin açıqlamasından sonra ABŞ prezidenti Donald Trampın Twitter-dəki profilində “Türkiyə hədləri aşarsa, bu ölkənin iqtisadiyyatını çökdürəcəm. Zatən, əvvəllər belə etmişdim” yazması bir çox mətləblərdən xəbər verir. Əvvəla, Birləşmiş Ştatların spontan bəyanatlar verməsi, sadəcə, mümkün deyil. Vaşinqtonun həmişə istənilən hadisə, proses və olayla bağlı bir neçə planı, fərqli paradiqmaları var.

Vaşinqtonun Yaxın Şərqdə, xüsusilə də Suriyada yürütdüyü siyasət də bir qüvvəyə stavkaya hesablanmayıb, bir-birinə düşmən gücləri dəstəkləməklə onları qarşılıqlı didişmədə zəiflətmək, sonra hamısını zəif halda yaxalayıb idarə etməkdir.

Suriyada Fərat çayının şərqi lokal hərbi əməliyyatın keçirildiyi dağlıq ərazi və ya bölgə deyil. “Zeytun budağı”, “Fırat qalxanı 2” kimi əməliyyatlar 2 min kilomoterlik ərazidəydi. Bu da 15-20 min kvadrat kilometrlik ərazi deməkdir.

Üstəlik, SDF-in, yəni kürdlərin PKK terror təşkilatının Suriyadakı bölmələri olan PYD və YPG-nin əlində konvensional silahlarla yanaşı, ən müasir, iri çaplı silahlar, hərbi texnika və raket qurğuları var.

Bu silahların hamısını terrorçulara ABŞ verib.

On minlərlə yük maşını silah və hərbi texnika almış terrorçular məhz bu səbəbdən son vaxtlar Türkiyənin Silahlı Qüvvələri ilə döyüşlərdən qaçmır, qarşılaşmalardan yayınmır.

Məhz bu səbəbdən də Donald Tramp Türkiyəyə xitabən “Buyurun, biz çəkilirik, siz kürdlərlə qarşılaşın!” mesajını verib.

Terrorçuların birləşmələri heç zəif deyil. SDF, PYD və YPG-nin toplam gücləri 14 min nəfəri “dağ kommandos”ları olmaq şərtilə 65 min nəfərdir. Həmin sayı qısamüddətli səfərbərlikdən sonra 110 min nəfərə çıxa bilər.

Ona görə də ABŞ hərbi kontingentini Suriyanın şimalından tam çıxarsa da, çıxarmasa da Türkiyəni çox təhlükəli düşmənlə üzbəüz qoyub.

Ən başlıcası isə budur ki, rəsmi Vaşinqton “Suriyanın şimalından çəkilirik” desə də, oyun içində oyun oynamağa davam edir.

Çünki ABŞ Suriyada bundan sonra da aktiv hərbi əməliyyatlar aparardısa, NATO-nun da prosesə cəlb olunması təhlükəsi vardı. Bu isə Birləşmiş Ştatların dünya geosiyasətində mövqelərinin zəifləməsi, NATO-nun çox ağır problemlə üzləşməsi deməkdir. Proses davam edərdisə, Türkiyə ilə ABŞ arasındakı münasibətlər ifrat dərəcədə sərinləyəcəkdi və bu da, heç şübhəsiz ki, Vaşinqton üçün böyük riskdir.

Birləşmiş Ştatlar görür ki, “Patriot” zenit-raket sistemindən imtina edən Türkiyə Rusiyadan S-400 aldı, F-35 qırıcı-bombardmançı təyyarəsi layihəsindən Türkiyənin kənarlaşdırıla biləcəyi təhdidlərinin səslənməsindən sonra Ankaranın Rusiyadan Su-57 qırıcıları almağa meyllənməsi amerikalıları çətin duruma salıb.

Ankaranın inadkar, qətiyyətli mövqeyi Vaşinqtonu narahat edir.

Bir daha təkrar edirəm: yeni başlanmış “Sülh bulağı” (“Barış Pınarı”) əməliyyatı çərçivəsində Türkiyə qoşunlarını Suriyanın şimalında, Fərat çayının şərqində çox güclü terror qruplaşmaları ilə döyüşlər gözləyir.

Məsələn, hazırda PYD və YPG terrorçularının tam nəzarətindəki “Əl Hol” düşərgəsində 80 min İŞİD terrorçusu və onların ailə üzvləri var. Bu insanların 35 mini uşaq, 35 mini qadınlar və 10 min nəfəri terrorçulardır.

Həmin adamların tam əksəriyyəti Avropa ölkələrinin vətəndaşları olsalar da, Avropa bu insanları qəbul etmək istəmir.

“Əl Hol” gettoya dönüb və İŞİD-in orada hətta Şəriət məhkəmələri də var.

Bölgədə ABŞ-ın 2 min hərbçisi var. Onlar Suriyanın şimalını iki gün ərzində tam tərk edə bilərlər.

Qalanlar türk hərbçilərin üzləşəcəkləri on minlərlə terrorçu olacaq.

Digər tərəfdən, SDF, PYD və PYG terror təşkilatları Suriyanın Türkiyə ilə sərhəd bölgələrinə ərəb terrorçuları da yığırlar. Məqsəd türklərlə ərəblər arasında düşmənçilik yaratmaq, iki millət arasında təfriqə yaradaraq etnik təfriqə toxumları səpməkdir.

Bölgənin səması hazırda ABŞ və Rusiyanın nəzarətindədir. Bu baxımdan Türkiyə Hərbi-Hava Qüvvələrinin təyyarələrinin normal fəaliyyəti üçün Moskvanın, sonra da Vaşinqtonun Ankaraya dəstək verməsi şərtdir.

Fəqət nə olursa-olsun, Türkiyə dövlət müstəqilliyi, suverenliyi, unitar dövlət quruluşu, bölgədəki geosiyasi sabitlik üçün “Sülh bulağı” əməliyyatını mütləq gerçəkləşdirməlidir.

Türkiyə Suriyanın şimalındakı terror təşkilatını mütləq məhv etməli, terrorçuları tərksilah etməli, onların İraqa sızmalarının qarşısını almalıdır.

Rəsmi Ankaranın əsas məqsədi Türkiyənin sərhədi boyunca Suriyada 30 kilometrlik bufer zona yaratmaqdır. Bu səbəbdən “Sülh bulağı” əməliyyatı Suriya-İraq sərhədinədək davam edəcək.

Ümumiyyətlə isə, “Sülh bulağı” əməliyyatının 4 əsas nüansı var:

1. Türkiyə Suriyanın ərazi bütövlüyünü pozmaq, ölkəni parçalamaq niyyətində deyil. BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı 2254 saylı qətnaməsinə Ankara sayğı ilə yanaşır. Bu səbəbdən Suriyanın şimalının işğalından söhbət belə gedə bilməz.

2. “Sülh bulağı” əməliyyatı Suriyadakı kürdlərə qarşı yox, PYD və YPG kimi terror təşkilatlarına qarşıdır.

3. Əməliyyat beynəlxalq koalisiyanın İŞİD-ə qarşı mübarizəsini zəiflətməyəcək. Əksinə, mübarizə daha da aktivləşəcək.

4. “Sülh bulağı” əməliyyatının başlıca məqsədi hazırda Türkiyəyə sığınmış 3 milyona yaxın suriyalı qaçqının vətənlərinə qayıdışlarını təmin etməkdir.

…. Türkiyə terrora qarşı mübarizənin yeni mərhələsinə başlayıb. Qərb isə həmişəki kimi, gözləmə mövqeyi tutub.

Şərh əlavə et