Elçin Alıoğlunun

Taleh Bağırzadənin gizli səs yazısı: Kimlər niyə narahat oldu?

Anlamların dəyişdirilməsi fəlsəfi kateqoriya ilə yanaşı, gündəlik həyatımızda əfsuslar olsun ki, rastlaşdığımız fəsadlardan biridir. Həmin fəsadı siyasətçi olduğunu iddia edən gerçəkləşdirirsə, bu, artıq sosial bəla yarada biləcək problemə çevrilir.

Azərbaycanda özlərini müxalifətə şamil edənlər arasında elələri var ki, məntiqlərində dəyişikliyin mümkünlüyünü inkar edirlər.

Onlar məntiqdən kənar yaşamağı rahat bilənlərdir.

Belələri yaşananlardan əziyyət çəkmirlər. Onların əzablarının səbəbi gözləntiləridir.

Problem cəmiyyətin onların gözləntilərini tələb edə bilməməsində yox, bu adamların “lider”lərinin tələblərini yerinə yetirmək imkanlarından xaric olmasıdır.

Çünki “mən əsl müxalifətçiyəm”, “mən demokratam” deyənlərin arzuları və istəkləri tamamən reallaşarsa, bu, əsl absurd olardı.

İnanmırsınız?

… “Müsəlman Birliyi Hərəkatı”nın banisi və rəhbəri, hazırda həbsdə olan Taleh Bağırzadə hələ azadlıqda olanda tərəfdarları ilə Nardaranda olarkən keçirdiyi görüşlərdən birində onlara təlimat verir.

Həmin görüşün gizli səs yazısı sosial şəbəkələrdə geniş yayılıb.

T.Bağırzadənin dediyinə görə, AXCP, Müsavat və s. müxalifət partiyaları ilə “Müsəlman Birliyi Hərəkatı”nın müttəfiq olması sadəcə, üzdədir: “Əslində onlar bizə yox, biz onlara gərəyik. Bundan da yararlanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq. İdeologiyamız milli və İslami kimlikdir. Allahın köməyi ilə güclənəndən sonra burada dini, Şəriət əsasında, səfəvi dövləti qurmalıyıq. Şah İsmayıl Xətai də türkçü olmayıb, türk olmayıb. Türkçülük 19-ci əsrdə yaranıb. Biz də səfəvilərin “qızılbaşlıq” ideologiyasını bərpa etməliyik”

Bu minvalla T.Bağırzadə “səfəvilik” adı ilə Azərbaycanda Şəriət dövləti qurmaq planlarını “təhlil” edir.

Özü də o, Azərbaycanda “İslami cərəyan”ın zəif olduğunu etiraf edir: “Azərbaycanda İranda, Livanda və başqa yerlərdəki təki islamçılıq zəifdir. Ona görə milli kimlik məsələsindən istifadə etməliyik. Müxalifətlə münasibətlərə gəldikdə isə, onlara demişik ki, ayətulla Xamneyi ağamızdır, “qırmızı xətt”imizdir, ona toxunmasınlar”.

Taleh Bağırzadə onu da etiraf edir ki, AXCP, Müsavat və “Milli Şura” kimi strukturlarla qarşılıqlı oyun oynayırlar. Bu zaman hər tərəf öz maraqlarını güdürlər.

“Biz onlara deməmişik ki, demokratıq, filanıq, Qərbə meylliyik. Əsla. Bunu bilirlər və şərtlərimizi qəbul ediblər. Mediaya çıxışımız zəif idi, bizə imkanlar yaradıblar. Tribuna veriblər ki, sözümüzü deyək. Nəyi pisdir?! İstifadə edin onlardan, yararlanın”, – T.Bağırzadə “təlimat”ında söyləyir.

Beləliklə, hələ həbsindən xeyli əvvəl Taleh Bağırzadə gerçək niyyətlərini ortaya qoyur, Azərbaycanda konstitusion quruluşu dəyişmək, ölkəni orta əsrlərə sürükləyərək “Şəriət dövləti” və “səfəvilik” kimi fərqli ideotirlərin qarışığı olacaq, əslində isə “Vilayəti-fiqh” sxeminin gerçəkləşdirilməsi olacaq yeni “İslam ölkəsi” qurmaq niyyətini açıqlayır.

Bağırzadənin çirkin planlarında Azərbaycanda xristianlar və ümumiyyətlə, müsəlman olmayanlar “ikinci, üçüncü dərəcəli adamlar”dır.

Azərbaycandan kənarda özünə “ağa” arayıb tapan və onu “qırmızı xətt” elan edən Taleh Bağırzadə İranın nüfuzlu din xadimlərindən biri Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda rəsmi səfərdə olmuşdu Həmin səfər əsnasında da Taleh Bağırzadə müavini Elçin Qasımovla birlikdə qonağın qarşısında səf tutmuş, sonra da ayətullanın əlini hövqlə öpmüşdü.

T.Bağırzadə sonradan əməlinə haqq qazandırmaq üçün demişdi: “Ayətullah Həmədani İslam alimidir. Dünyada din alimlərinin əllərindən öpürlər. Burada heç bir problem yoxdur. O, bizim həmyerlimizdir. Hər şeydən öncə azərbaycanlıdır. Bizdə insanlar var ki, Avropada öz həyat yoldaşlarının əllərini öpdürürlər. Digər əl öpmələri də qeyd etmək olar. Qardaş Türkiyədə ağsaqqalın əlindən öpürlər”.

Taleh Bağırzadə “müstəqil siyasətçi və demokrat insan” olduğunu deyir, amma indiyədək bu şəxsin Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya və ya başqa ölkədən gəlmiş nüfuzlu din xadiminin əlini öpdüyünü görən olubmu?!

Yox.

… AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Adilov da Taleh Bağırzadənin “etiraf” videosunun yayılmasından əndişəyə düşüb. Cənab Adilovun, yaxud da “cəbhəçi”lərin təbirincə desək, “sayğılı bəy”in təlaşı o həddə çatıb ki, o, Facebook-dakı səhifəsində təcili və təxirəsalınmaz açıqlama ilə çıxış etməyi özünə borc bilib.

Açıqlamasında cəmiyyətə İslam anlayışları ilə bağıl mini-dərs keçmək fikrinə düşmüş Adilov əslində AXCP-nin mahiyyətini ortaya qoyub və anlamların dəyişdirilməsi fəndindən yararlanmağa çalışıb.

“Ola bilər bu səs yazısı gizli yazılıb, amma iş burasındadır ki orda gizli, sirli bir şey yoxdur” cümləsi ilə “nitqi-irad”ına başlayan N.Adilov teoloji biliklərin nadir bilicisi olduğuna “nadidə” işarə vuraraq buyurur: “Başa düşürəm ki, bəzi insanlar elementar dini biliklərdən xəbərsiz olsun və bu səbəbdən onlarda müəyyən çaşqınlıq yaransın. Ona görə bəzi qeydləri etməyi lazım bildim”.

Elə biz də Natiq Adilovun elementar dini biliklərlə yanaşı, makiavellizmin primitiv təzahürlərini nümayiş etdirən açıqlamasını oxuduq.

N.Adilov yazır: “Bəyəm bu sirr, yaxud gizli saxlanılan xəbərdir ki? Məsələ budur ki, şiə əqidəsinə görə hər bir ibadət əhli (ciddi dini həyat yaşayanlar) gündəlik fəaliyyətini, rituallarını tənzimləmək üçün özünə mərceyi-təqlid seçməyə məhkumdur. Mərceyi-təqlid o şəxsdir ki, mömin hansısa dini məsələdə ixtilafa düşəndə, hansısa sualın cavabını tapmayanda baxır ona və ondan örnək alır, onun cavabını özü üçün əsas seçir. Təkcə Tale Bağırzadə deyil, ölkədə şiə əqidəsinin praktik daşıyıcılarının hamısının mərceyi təqlidi var və bu adi haldır”.

O, daha sonra fikrini bir qədər də inkişaf etdirir və “dini bilikləri az olanlar”ın nəzərinə çatdırır: “Bu məsələ də var ki, hər adama təqlid olunmur, mərceyi-təqlid olmaq üçün ruhani müəyyən səviyyəyə çatmalıdır, o səviyyədə olanlar hamısı da ölkədən kənardadır, hələki Azərbaycanda belə biri yoxdur. Odur ki, hansısa şiəni “niyə başqa ölkədəki ayətullahı təqlid edirsən” deyib ittiham etmək, ona bənzəyir deyirsən ki, dəniz sənin suyun niyə duzludur?”

Və sonda N.Adilov konseptuallığa iddialı olan marginallaşmış iddianı ortaya qoyur: “Onu azad edin, sonra istəsəniz oturub normal mühitdə, şəraitdə disskussiya aparın ki, a bəy sən niyə filankəsi yox, bəhmənkəsi təqlid edirsən?”

Əli Kərimlinin media referentinin ifasında hər şey nə qədər bəsit, sadə və asan çözülənmiş. Adilovun versiyasına görə, Taleh Bağırzadə az qala munis qumrudur, inancında fasiləsiz axtarışda olan zatdır və onun kimlərisə “ağa” sayıb sitayiş, habelə təqlid etməsində günahkar Azərbaycandır. Ki, Bağırzadənin “mərceyi-təqlid” sayası adam burada yoxdur.

Fikir verin: bu kəlmələri orta əsrlər zehniyyətini “irşad”, Şəriət dövləti modelini “xilas” sayan hansısa “mücahid” yox, Qərblə inteqrasiyadan, demokratiyadan bəhs edən, insan haqlarının istənilən cəmiyyətin sosial və siyasi həyatının məhvərini təşkil etdiyini mantra kimi təkrarlayan Əli Kərimlinin köməkçilərindən biri yazır.

O, Azərbaycanda dinlə pərdələnən, əslində isə ekstremizm və radikalizm vəbasını yaymağa can atanlardan birini, “İslam inqilabı” idefiksini ölkəmizə idxal etməyi arzulayanın mürtəce, təhlükəli davranışını “anlayışla” qarşılayır.

Natiq Adilov özü də bilmədən, AXCP rəhbərliyinin ideologiysı ilə fəaliyyət və yaşam prinsiplərini tam çılpaqlığı ilə, qayət konkret şəkildə ortaya qoyub.

İslamın mahiyyətindən xəbərsiz olan müəllif bunun əvəzində AXCP-nin mahiyyətinə işıq tutub. O mahiyyət isə bəsitdir: Əli Kərimli və dəstəsi məqsədlərinə çatmaq üçün kim olduqlarını əla bildikləri Taleh Bağırzadəyə də tribuna verir, onun həbsindən sonra bu radikalizm və ekstremizm təbliğatçısını “günahsız insan, vicdan məhbusu” adlandırır.

Natiq Adilovun məntiqinə görə, Taleh Bağırzadə dərhal azad olunmalı, yalnız bundan sonra “Müsəlman Birliyi Hərəkatı”nın rəhbərindən məkrli əməllərini niyə gerçəkləşdirdiyinin sorğu-sualı aparılmalıdır. Yəni hər şey tərsinə olmalıdır: cinayətkarı cəzadan qurtarıb onun “iş”lərini təhlil etməliyik.

Belə marazm Babilistan və Qədim Misirdən üzübəri nə zamansa, hansısa dövlətdə presedenti olmayıb, amma Natiq Adilov “olar” deyir.

Taleh Bağırzadə günahına və ya vicdanına görə yox, əməllərinə görə azadllıqdan məhrum olunub.

Necə ki, onun özü illər əqdəm, çox əvvəllər könüllü şəkildə özünü Vətənə sevgidən, dövlətə sayğıdan məhrum edib.

Taleh Bağırzadə üçün ayətullanı özünə “ağa” seçib başqalarına “qırmızı cizgini keçməmək” tələbini qoymaq nə qədər normaldırsa, Natiq Ədilovun da xaricdə ağa tapıb o ağanın göstərişlərini yerinə yetirənin əməlinin naqisliyinə haqq qazandırmaq o qədər təbiidir.

Bağırzadənin “mərceyi-təqlid”i, yəni təqlid etməyə çalışdığı və göstərişlərini almaq yanğısında olduğu adam ayətulladırsa, Adilov üçün bu fiqur Əli Kərimlidir.

Əli Kərimlinin isə ağası yoxdur – ağaları var. Bu ağaları isə AXCP sədri zaman-zaman dəyişir, situasiyadan asılı olaraq maksimum mənfəət əldə etmək üçün sahibləri arasında “rotasiya” aparır.

Bağırzadə təki, Adilov və Kərimli üçün Azərbaycan hakimiyyəti, siyasilər, dövlət mənsubları sayğı bəslənəsi insanlar yox, hədəfdir.

Londonun Finsberi-Park səmtindəki məscidin imamı olmuş Əbu Həmzə əl Məsri də bir vaxtlar kənarda sahiblər arayır, Britaniyada İslam inqilabı etməyə, Şəriət dövləti qurmağa səsləyirdi.

2015-ci ildən bəri ABŞ-da ömürlük həbs cəzası çəkən 60 yaşlı bu şəxs də “dini baxışlar azaddır” deyir, amma o azadlığı qoruyan və tanıyanları kölə sayırdı.

Azərbaycanda hakimiyyət dəyişikliyi tələbi ilə qiyam və qanlı qarşıdurmalara çağırışlar edənlərin adları, yaşam yerləri, müraciət üslubları fərqli ola bilər – onların xisləti eynidir.

Ölkəmizdəki mövcud quruluşa, qanunlara və yaşam tərzinə nifrət edən Taleh Bağırzadə ilə ona haqq qazandıran Natiq Adilovu və onun bossu Əli Kərimlini birləşdirən dəyər birinin “ağa”, o birinin “xaricdən dəstək verən demokratik qüvvə”, bir də Azərbaycana olan münasibətdir.

Onlar fərd yox, gözləntilərinin və aldıqları əmrlərin inikasları, azərbaycanlı olduqlarını deyən Azərbaycansızlardır.

Onlar üçün Azərbaycanı sevən, prezidentini dəstəkləyən insan düşməndir.

…”Təkgöz quldur” adlandırılan Əbu Həmzə qədər də olmadılar bunlar: o, heç olmasa ağasının olduğunu danırdı…

Şərh əlavə et