Elçin Alıoğlunun

Şüurları yatanlar: onlar bizdən nə istəyirlər?

Mən səni, Vətənimi çox sevirəm. O qədər çox sevirəm ki, canımı, sənin yaratdığın məni sənə qurban verməyə, Tanrının yaratdığı, sonradan sənə düşmən kəsilən insanı belə, öldürməyə hazıram sənin uğrunda savaşda.

Bu, çex Reformasiyasının “ata”sı, keşiş və üsyançı, tarixə “qusçular hərəkatı” kimi düşmüş möhtəşəm hadisənin banisi Yan Qusun 1415-ci ildə Almaniyanın Konstans şəhərində, tonqalda diri-diri yandırılmazdan az öncə dedikləridir.

Roma Katolik Kilsəsi isə ən qətiyyətli və güclü düşməninin kəlmələrini “Konstans bullası” adlı bəyanatında belə yaymışdı: “O murdar, katoliklərin və Müqəddəs Taxtın düşməni Qus dedi: “Mən özümü səndən çox sevirəm. Tanrının yaratdığı insanı öldürməyə hazıram”.

Bu, Avropa siyasətində məşhur adamın çıxışından iqtibasın “kontekstdən çıxarılma”q kimi ilk hadisəsi idi.

İndi tez-tez işlədilən, media əhli ilə siyasətçilərimizin çox sevdikləri “fikirlərim kontekstdən çıxarılıb” ifadəsi tanışdır sizə yəqin.

Latın dilində “contextus”, yəni “əlaqə, birləşmə” mənasını verən kontekst pozulmamlıdır.

Yəni kimsənin sözlərini, fikrini kiməsə təqdim etməyə çalışanda kəlmələri kontekstdən çıxarmaq olmaz.

Əsla və qətiyyən. Bunun əksi əxlaqsızlıq, məkr və kobud oyunbazlıqdı.

Azərbaycandakı radikal müxalifət belə siyasi əxlaqsızlığı çox sevir. Tərbiyəsizlik də yazardım, amma ol kəlmədəki “sizlik” sonluğunun yoxluğu tərbiyənin nə zamansa olduğunu ehtiva etdiyindən bunca ümidli və nikbin deyiləm.

AXCP-nin lideri olduğunu sinəsinə, sözləri ilə də beyinlərə döyən Əli Kərimli, Müsavat partiyasının təsərrüfat müdiri Arif Hacılı, “Milli Şura”nın məfkurə milsizi Cəmil Həsənli və qeyri həşəmətsiz zatlar da hər kərə inciyirlər ki, pəs bəndeyi-fəqiriniz nədən bu cahanşümül qəhrəmanlara, siyasət fədailərinə və ağsaçlı müdriklərə belə sərt ifadələr ünvanlayır. Ən yekə şikayətləri də odur ki, radikal deyirəm və yazıram onlara, halonki, sən demə, bu zati-möhtərəmlər, əslində, vətənpərvər, məntiqli, demokrat, tolerant və ilaxır adamlarmış, mən anlamıram.

Kəsəsi, radikal olmadıqlarını iddia edirlər gündə bir neçə dəfə. İnadla, Qanq sahilindəki sadhular mantraları təkrarlayan təki.

İki ildən bəri rəsmi qeydiyyatdan keçə bilməyən, qərargahı əlindən alınıb Hesablama Palatasının binasına çevrilən və bu səbəbdən siyasət çöllərində köçərilik həyatı yaşayan AXCP sədri Əli Kərimli faktiki olaraq var, amma hüquqi baxımdan yoxdur.

Sırf sənədlərə görə, olmayan AXCP-nin pasportsuz sədri fantomdur, ən yaxşı halda qanunsuz miqrant və yainki özünü vətənində mühacir etmiş adam.

Villası, lüks mənzili, elə o qədər lüks avtomobili, özlərini dartan cangüdənləri, yaxşı pulu və sairəsi olmasına rəğmən.

Radikaldır, vəssəlam.

Tərif və ya təhqir deyil – kontekstdir.

Yəni əlaqədir: Cəmil Həsənli və Arif Hacılının didişib arxalandıqları Əli Kərimlinin özü ilə sözləri arasında.

İndi gələk müxalifətin bəlli adamlarını və onların qurumlarını niyə radikal saymağıma.

Bunun səbatlı səbəbləri var.

Əvvəla, kimyada “azad radikallar” anlayışı var. Yəni zahiri elektron qılafında bir və ya bir neçə cütləşməmiş elektronları olan, dayanıqsız atomlar, molekullar və ionlar.

Müxalifətimiz belə deyilmi?! Hakimiyyətə əks düşərgədə olanlara yarlıq, möhür vurmaq fikrindən uzağam. Müxalifət düşərgəsində bulunmaq, müxalifətçi baxışlara malik olmaq qüsur və ya nöqsan deyil qətiyyən. Əksinə, bir daha yazıram ki, ölkənin daxili siyasət arenasının müxalifət düşərgəsində əxlaqlı, şərəfli, vətənpərvər, haqsızlıqlarla barışmayan insanlar yetərincədir.

Bu şəxsləri ucdantutma suçlamaq, ölkədə xaos və vətəndaş qırğını yaratmaqda ittiham etmək də yersizdir.

Sözüm həmin adamlar yox, onların etibarından və inamından sui-istifadə edənlər barədədi.

O kəslər haqqında ki, batinlərini ört-basdır etməyə çalışdıqları qılaflarına ən azı iki nəfəri pərçimləyərək özlərini “lider” elan edir və bu minvalla azad radikala çevrilirlər.

Belələri məsuliyyətdən, cavabdehlikdən, xalqı və torpağı düşünmək məcburiyyətindən azad olduqlarını düşünürlər.

Və yanılırlar, çünki torpaq ona xor baxanın fəhmini həmişə kor qoyub.

Radikalizm “lider”lərdə siyasi korafəhmlik, ambisiya, merkantil maraqların ümdə tutulması təki təzahür edirsə, “piyada”larda tərbiyəsizliyin Marian çökəkliyinə dönür.

Məsələn, çılğın və şizoidal çıxışlarında mənəvi tabularda əxlaqi yasaqları unudan, söyüşü yaşam tərzinə çevirən imbesil Vidadi İsgəndərlidə, yaxud da savadsız olduğu qədər də tərbiyəsiz olan Məhəmməd Mirzəlidə olduğu təki.

Bu, suçlama deyil: yetər ki, Azərbaycan hakimiyyətinə hədsiz radikal müxalifətçilik edən, hazırda İsveçdə mühacir həyatı yaşayan yazar Günel Mövludun Facebook səhifəsində M.Mirzəlinin zahiri bisavad qılafını bir kənara ataraq batinindəki tərbiyəsiz varlığını ortaya qoymasına baxasınız.

Məhz bu səbəbdən “müxalifət liderliyi” virusuna yoluxanlar həm də radikalizmin ifratına varıblar.

Belə radikallar üçün bu və digər mövqeyə fanatik bağlılıq, öz konsepsiyasını hər şeydən üstün tutmaq əqdəm məsələ sayılır. Siyasi radikalizmin belə primitiv izharı yerli müxalifətimizin arzuolunmaz fenomenlərindən biridir.

Əfsuslar olsun ki, belələri arasında mühərriki at gücü hesablayanlarla yanaşı, mühərriki gərəksiz sayıb ünvana atla getməyin daha üstün olduğunu deyənlər var.

Piyada olub özlərini atlı sayanların sayı daha çoxdur.

“Yazıq xalqım” deməyi çox sevən yazıqlara yazığınız gəlməsin.

Onlar Fransada yaşayıb məntiqə fransız qalanlar, Almaniyada sığınacaq alıb nasistlər təki çağırışlar edən, ABŞ-a yollanıb yollarını amerikalı sayan zavallılar.

Hər kəs öz taleyini yaşayır – kimi şürlu, kimi başqalarının şüurlarına yürüyərək.

Şərh əlavə et