Elçin Alıoğlunun

Söyüş simalarına yazılanlar

Onları “söyüş müxalifəti” adlandırırlar. Özləri də bilir bunu. Cırnayırlar, qeyzlənirlər, demokrat olduqlarını, azadlıq və demokratiya uğrunda mübarizə apardıqlarını, müstəqil və azad olduqlarını deyirlər. Yalandır. Özü də ağ yox, qara yalan.

Onlar hikkəli, təkəbbürlü, eqoist, özlərinldən çox razı insanlardır. Psixikalarında elə dəyişikliklər baş verib ki, xəyallarını gerçək, arzularını artıq yaşanmağa başlanmış reallıq hesab edirlər. Total əksəriyyəti savadsız, nitq və davranış mədəniyyətindən uzaq insanlardır. Özlərini sadə göstərməyə çalışır, “xalqın bağrından qopan” adam olduqlarını hər vəchlə vurğulayırlar.

Yalanları da özləri kimi saxta və primitivdir.

Yaşadıqları ölkədə normal həyat sürdüklərini, “diktaturanın hökm sürdüyü Azərbaycandan qurtulub normal yaşamağa başladıqlarını” vurğulayırlar.

Əslində isə qaçqın düşərgələrində və ya miqrasiya mərkəzlərindəki dar, kiçik otaqda, ən yaxşı halda isə yaşama izni verilibsə, dövlətin təqdim etdiyi “sosial mənzil”də ömür sürürlər.

Çox az məbləğdə müavinət alsalar da, qaçdıqları ölkəni bəh-bəhlə tərifləyir, “cəhənnəmdən qurtulduqlarını” vurğulayırlar.

Əslində isə sosial şəbəkələrdə, xüsusilə də Facebook və YouTube-da Azərbaycanı hədəfə alıb “söyüş marionet”inə çevrilmələri üçün Avropa Birliyi ölkələri ilə ABŞ-da yerləşən ən müxtəlif beynəlxalq “demokratiya və söz azadlığı” təşkilatlarından qrant qismində pullar alırlar.

Onlar həmin pulların hesabına yaşayırlar və bunun üçün də söyürlər.

Yaşamaq üçün söyənlərin aqibəti acınacaqlı, durumları çox zavallıdır.

Həm də ona görə ki, onların bir neçə sahibi var. Həmin sahiblər arasında AXCP sədri, son illərdə bloqerliyə qurşanmış Əli Kərimli də var.

Sirr deyil ki, “söyüş müxalifəti”nin formalaşdırılmasında onun “xüsusi xidmətləri” var. Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, İnqilab Kərimov kimi savadsız, etik dəyərlərdən və əxlaqdan uzaq birilərinin siyasətə gətirilməsi, istiqamətləndirilməsi və dəstəklənməsi AXCP sədrinin “əməyinin nəticəsi”dir. Məlumat üçün qeyd edək ki, “evdə arvadım mənə şərəfsiz deyir” söyləyən Məhəmməd Mirzəli AXCP üzvüdür. “18+” başlıqlı videolarında ancaq söyüş-təhqir yağdıran Vidadi İsgəndərli Əli Kərimlinin fanatıdır. Tərbiyəsizlərin böyüyü olan İnqilab Kərimov isə AXCP sədrinin doğmaca əmisi oğludur.

Təxminən 3-4 il öncə formalaşmağa başlayan “söyüş müxalifəti”nin xaç atası Əli Kərimli düşünürdü ki, bu yolla hakimiyyət nümayəndələrini gözdən salacaq, ləkələyəcək və ən əsası, xalqı onlara qarşı qaldıra biləcək. Lakin 26 ildə olduğu kimi, bu dəfə də uğursuz siyasətçinin proqnozları özünü doğrultmadı, “söyüş müxalifəti”nin bir sıra “tanınmış nümayəndələrinin” (Qabil Məmmədov, Əli Oğuz, Rafael Piriyev və s.) təhqir kampaniyası bumeranq effekti ilə onun özünü də vurdu. Elə bu səbəbdəndir ki, bir neçə gün əvvəl Qənimət Zahidin “Azərbaycan saatı” kanalında canlı yayımdakı çıxışı zamanı səhvini üstüörtülü şəkildə etiraf edən Əli Kərimli, indi də guya söyüş və təhqirin sosial şəbəkələrdən yığışdırılmasına çağırış edib.

Bu söyüş məxluqatı unudurlar ki, sosial şəbəkələrdə nə qədər çılğın, nə qədər qeyri-adekvat davranırlarsa, psixologiyalarındakı qüsurları bir o qədər aşkar şəkildə nümayiş etdirirlər.

İlk məqam mədəbulandırıcı “müxalifətçilik”lə məşğul olanlarda təhqirlərə və söyüşlərə immunitetin yaranmasıdır. Onlar ən pis sözlərlə söyülsələr də, eyinlərinə almırlar. Özləri söydüklərinə görə.

Arqument, faktoloji material, mənbələr olmayanda zavallılar söyüşə keçirlər.

Onlar söz də oynatmağa çalışırlar – eynən “müəllim”ləri Əli Kərimli kimi.

İnsanların bədbəxtliyi üzərində qurulan xaricdə o cürə xöşbəxtlik görüntüsü yaratmaq cəhdləri də mazoxizmin bir növü olsa gərək.

Millət və dövlətini düşünən azərbaycanlı – dəxli yoxdur, harada yaşayır, necə yaşayır, nə üçün yaşayır – əxlaqla, tərbiyə ilə davranmağa çalışır.

Fəqət, Avropa ölkələrinə sığınan və özlərini “siyasi mühacir” adlandıran siyasət plebeylərində davranış, intellekt, məntiq və qürur bir qədər mübahisəli nəsnələr təsiri bağışlayır.

Xüsusilə də AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov…

Xatirinizdəmi, Facebook-da onların videosu yayılmışdı. İçiblər, əylənirlər və İ.Kərimov Avropada necə də yaxşı yaşadığını göstərmək üçün əlində tutduğu avro çəngəsindən şabaş səpələyir.

Dəfələrlə demişəm, bir də deyirəm: İnqilab Kərimov dəyişməyib, dəyişən də deyil. Budur İnqilab Kərimovun şüuru: “Mən pul səpələyirəm, acından ölmürəm, vəziyyətim əladır, kefim yaxşıdır”.

Şabaş vermək qəbahət deyil. İçib əylənmək də cinayət sayılmır.

Qəbahət və əxlaqa cinayət sosial şəbəkələrdə az qala Həmədan dilənçisi pozası alıb çətin güzərandan bəhs etmək, habelə Azərbaycandakı “yoxsulları və kasıbları düşünürəm, boğazımdan tikə keçmir” yazıb ağlamsınmaq, əslində isə belə işrət yığnağında əylənməkdir.

Bunun adı vicdansızlıq, yalançılıq və ikiüzlülükdür, İnqilab Kərimov.

Səd heyflər olsun ki, İnqilab Kərimov əmisi oğlu, AXCP sədri Əli Kərimlinin fəaliyyətindən sanki vəcdə gəlir, ona bənzəməyə çalışır.

Yaşadıqları ölkələrdə sığınacaq alandan sonra miskin həyatlarına siyasət rəngi qataraq Azərbaycanı hədəfə alan, “siyasi fəal” olan bu adamların yeganə məqsədləri ölkəmizi mümkün qədər çox böhtanlarla yalanlara tuş etmək, əvəzində də sifariş aldıqları qurumlardan qrant, maliyyə ayırması və ya dəstək qismində mümkün qədər çox pul əldə etməkdir.

Onların əyləncəsi, dostluqları da saxtadır. Ümumi verilib paylanan pullar olduqca, dostdurlar.

Pul bölgüsündə mübahisə yaranan kimi düşmənə çevrilirlər.

Bu səbəbdən də əminəm ki, günlərin birində İnqilab Kərimov indi “qardaş, dost” dediyi adamlara arxa çevirəcək, küçə təhqirlərinə keçəcək.

Söymək onun adətidir

İntellekti, mənəviyyatı kasad olanlar belə davranır adətən.

Ümid ona qalır ki, bu adamlar bəlkə özlərindən utanalar. Di gəl, yaşananlar göstərir ki, bu adamlarda utanmaq qabiliyyəti ümumiyyətlə yoxdur.

Səbəb çox sadədir.

Onlar binar düşüncə sahibləridir. Yəni “bizimlə deyilsənsə, bizə qarşısan”.

Binar təfəkkürlü “müstəqil bloqer”lərin YouTube kanallarındakı absurdlarını bəyənənlərin tam əksəriyyətinin Əli Kərimlinin trolları olduğunu nəzərə alsaq, vəziyyət həmin kəslər üçün alçaldıcı durum alır.

Onlar əqidələrini əlcək kimi dəyişənlərdir.

1997-ci ildə hakimiyyəti ikiəlli dəstəkləyən Sevinc Osmanqızı indi onu tənqid edənləri “hakimiyyətə işləməkdə” suçladığı kimi.

Bəsit durumdur. Bəhs etdiyim kəslər öz talelərini bu minvalla bəlirləyirlər.

Hər kəs öz yolunu gedir, amma zavallı söyüşçülər yoldan çıxdıqları üçün onların son məkanı uçurumdur.

Bu insanlara yazığım gəlir. Posttravmatik stress sindromu yaşayan adamların “demokratiya” oyunları çox əcaibdir.

Anlasalar…

Şərh əlavə et