Elçin Alıoğlunun

Solovyov yenə şüurunu yatırdı: “Bəlkə vuraq?!”

ABŞ-ın Müdafiə Nazirliyi dünyanın 25 ölkəsində biolaboratoriyalar yaradıb. Kütləvi qırğın vasitəsi sayılan bioloji silahların yaradılması və tədqiq olunması məqsədilə fəaliyyət göstərən həmin laboratoriyaların bir qismi Ukrayna ilə Gürcüstandadır.

O laboratoriyalarda “diplomat” sayılan amerikalı hərbçi alimlər viruslar, bakteriyalar və toksinlər yaradırlar. İşlər Pentaqonun “Bioloji Eksperimentlər üzrə Birgə İştirak Proqramı” (Cooperative Biological Engagement Program, CBEP) çərçivəsində aparılır.

Büdcəsi 2,1 milyard dollar olan CBEP proqramını ABŞ-ın Hərbi Təhdidlərin Azaldılması Agentliyi (Defense Threat Reduction Agency, DTRA) maliyyələşdirir.

Ermənistanın Rusiya ilə xüsusi münasibətlərini nəzərə alsaq, bu ölkə ərazisindəki biolaboratoriyaların Moskvanı qıcıqlandırmaması mümkün deyildi.

Bütün bunlar öz yerində. Lakin Rusiyanın federal, yəni dövlət televiziyasında “Bəlkə Azərbaycanı bombalayaq?! marazmının səslənməsi heç bir halda rəsmi Moskvanın niyyəti kimi anlaşıla bilməz.

Hər halda biz belə düşünürük.

Amma nə yazıqlar ki, “Vladimir Solovyovla axşam” proqramınının aparıcısı, Rusiyanın “bir nömrəli hakimiyyət təbliğatçısı” sayılan Vladimir Solovyov reallıq, siyasi əxlaq və media kanonları çərçivələrini aşaraq hədyanlara qovuşur.

“Rossiya 1” telekanalındakı proqramının ötən buraxılışında ABŞ-ın dünya ölkələrində, xüsusilə də postsovet məkanında olan biolaboratoriyalarından bəhs edərkən o, deyib: “Ukraynada, Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda, Azərbaycanda və Ermənistanda Pentaqonun pulu, məharəti ilə ABŞ-ın biolaboratoriyaları fəaliyyət göstərir. Həmin laboratoriyaların formal məqsədi təhlükəli infeksiyalarla virusların tədqiqatıdır. Əslində isə həmin laboratoriyaların əməkdaşları biomateriallar toplayırlar. İlk növbədə Rusiya vətəndaşlarının. Onlar təhlükəli xəstəliklərin yaradıcılarından bakterioloji silah qismində istifadə texnologiyalarını hazırlayırlar. Özü də həmin silahı insanlar, heyvanlar və ya bitkilər arasında təbii infeksiya yayılması ilə pərdələməyin yollarını arayırlar. Bu, amerikaların kontaktsız savaş müharibəsi konsepsiyasına tam uyğundur”.

Vladimir Soloyov nə deyir? Daha doğrusu, nəyə işarə vurur və nə barədə sərsəmləyir?

Sovetlər Birliyi dağılandan sonra imperiyanın xarabazarında yaranan, müstəqilliik əldə edərək dövlət olan sabiq respublikalarda bir sıra təhlükəli infeksiyalar, o cümlədən taun, vəba, tulyaremiya və s.-nin ocaqları yarandı, bu bəlalar yayılmağa başladı.

Sabiq sovet respublikası, o dönəmdə müstəqilliyini yeni əldə etmiş dövlətlərin əksəriyyətinin çox təhlükəli problemi həll etmək üçün büdcə vəsaitləri və texniki imkanları zəif idi. Daha doğrusu, ümumiyyətlə, yoxdu.

Həmin illərdə Avropa Birliyi, Türkiyə və ABŞ bəhs etdiyim dövlətlərə, o cümlədən Azərbaycana yoluxucu xəstəliklərin, infeksiyaların öhdəsindən gəlmək üçün ciddi yardımlar etdilər.

Fəqət, Azərbaycanda heç bir biolaboratoriya yaradılmadı, ABŞ-ın və ya NATO ölkələrinin hərbi mütəxəssisləri, alimləri ölkəmizdə qapalı, hətta tam məxfi fəaliyyətlə məşğul olmadılar.

O illərdə Azərbaycana yardıma gələn amerikalı həkimlərin, ekspertlərin və mütəxəssislərin istisnasız olaraq hamısı (!) mülki şəxslərdi, ABŞ-ın Müdafiə Nazirliyi və ya Pentaqonun maliyyələşdirdiyi agentliyin, strukturun və ya mərkəzin işçiləri deyildi.

Həmin adamlar Azərbaycanda olanda tam şəffaf fəaliyyət göstəriblər, ad və soyadları yerli mediada dəfələrlə çəkilib, müsahibələr də veriblər, jurnalistlərin suallarını cavablayıblar.

Üstəlik, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində biolaboratoriyalar olmayıb və yoxdur.

Rusiyanın radiasiya, kimyəvi və bioloji silahlardan müdafiə qoşunlarının rəisi İqor Kirillov bir müddət əvvəl “Pentaqonun nəzarətindəki biolaboratoriyalar Ukraynada, Ermənistanda, Özbəkistanda və Azərbaycanda rekonstruksiya olunur” demişdi.

Rəsmi Bakı da bu iftiraya cavab olaraq bəyanat yaymışdı: “Azərbaycan ərazisində başqa dövlətlərin nəzarətində olan biolaboratoriyalar mövcud deyil. Bu səbəbdən də onların rekonstruksiyası barədə söz ola bilməz”.

Rusiya xarici işlər nazirin müavini Sergey Ryabkov isə teleaparıcı V.Solovyovdan fərqli olaraq, reallıq hissini itirmədiyindən proqramda deyib: “Rusiya kimisə gücü vasitəsilə hədələyə bilməz. Mən hələ beynəlxalq hüquq normalarını pozaraq güc tətbiq etməkdən danışmıram. Bu son vasitəyə əl atmazdan əvvəl bütün digər resursları tükətməliyik. Elə indi də bu işlə məşğuluq. Qonşularımızla anlaşmalar və protokollar hazırlayırıq ki, həmin sənədlər transparentliyi təmin etməyə, o laboratoriyalara, o cümlədən Pentaqonun büdcəsindən maliyyələşən strukturlara içdən baxmağa imkan verir”.

Teleşounun digər iştirakçısı, Rusiya Dövlət Dumasının deputatı, ölkənin sabiq baş sanitar həkimi Gennadi Onişenkonun dediyinə görə, hazırda ABŞQ-ın ən böyük, ixtisaslaşmış 22 hərbi institutlarının bölmələri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir.

Onun sözlərinə görə, ötən il amerikalılar Qazaxıstanda çox böyük və ən müasir müdafiə sisteminə malik biolaboratoriyanı işə salıblar: “Həmin biolaboratoriyada hərbi mikrobioloqlar çalışırlar”.

Ən “maraqlı” məqam isə odur ki, teleşousunda V.Solovyov milli təhlükəsizliyinə təhdidləri güc vasitəsilə ilə məhv edən İsrailin təcrübəsindən bəhs edərək deyib: “Bəlkə o laboratoriyaları, sadəcə, vuraq?! Hə də, nəyə görə danışıqlar aparmalıyıq ki, o laboratoriyaların harada olduqlarını bilirik. Qərara gələk və vuraq!”

Bu sarsaq “təklif”ə cavab olaraq studiyadakı qonaqlar “vurmağın” problemin həll yolu olmadığını deyiblər.

G.Onişenko isə istehza ilə söyləyib: “Hə, siz laboratorniyaları bombalamaq istəyirsiniz? Almatı şəhərində laboratoriya şəhərin kənarında idi. İndisə Almatı böyüyüb və laboratoriya şəhərin mərkəzindədi. Milyonlarla insan yaşayan şəhərdə. Gəlin, vuraq!”

Vladimir Solovyov, kobud desək, sarsaqlayıb və nə dediyinin fərqinə varmayıb?

Düşünmürük. Rusiya telekanallarında teleaparıcıları, xüsusilə də populyar “təbliğatçı”ları nəyi, necə və nə zaman deməyə yaxşı öyrədirlər. V.Solovyov isə heç vaxt təsadüfən nə isə demir.

İki variant var:

1. V.Solovyov sözlərini bilərək deyib. Belədirsə, onda bu adam Rusiyadakı bəlli dairələrin maraqlarını izhar edir və postsovet məkanında yeni güc nümayişi başlaya bilər. Təbii, Azərbaycana raket zərbələri endirilməyəcək, amma Gürcüstan və Ermənistana qarşı sərt sanksiyalar, cəzalar olacaq.

2. V.Solovoyov səhv edib. Belədirsə, onda o, üzr istəməlidir. Sivil dövlətlərdə belə sərsəm açıqlama verən və qonşu dövlətləri bombalamağı təklif edən teleaparıcı dərhal efirdən kənarlaşdırılır, telekanaldan qovulur.

Amma çətin.

Vladimir Solovyov sirk klounadasına bənzəyən teleşousunda aqressiv, bəzən kobud və tərbiyəsiz davranışı ilə məlum dairələrin ruporu rolunu oynayır.

Şərh əlavə et