Elçin Alıoğlunun

Snayper Qarabağda Paşinyanı vurdu

Ermənistandakı “Adekvad” ictimai təşkilatının üzvləri dünən İrəvanda və ölkəninq daha 12 şəhərində baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər.

Aksiya zamanı İrəvanın mərkəzi küçələrində asfalta “#SutNikol” (“Yalançı Nikol”) heşteqli qraffitilər çəkilib. Ermənistanın digər şəhərlərində isə asfaltla bahəm, divarlara, körpü kənarlarına da analoji yazılar yazılıb.

Aksiyaya qatılmış 80 nəfərdən 29-u saxlanaraq polis idarələrinə aparılıb.

“Aksiyamızı Nikol Paşinyanın ad günü şərəfinə “Yalanın doğulması” adlandırmışıq”, – təşkilatçılar deyiblər.

Ermənistanın baş naziri, 44 yaşlı Nikol Paşinyan iyunun 1-də anadan olub.

Dünən o da bəlli olub ki, “Adekvad” ictmai hərəkatı siyasi partiyaya dönmək niyyətindədir.

“Fəaliyyətimiz mövcud hakimiyyətin və xüsusilə də Nikol Paşinyanın sərt tənqidindən ibarət olmayacaq. Ermənistan hazırda iqtisadi, hərbi, hüquqi və sosial sahələrdə əsl fəlakət yaşayır.  Bu səbəbdən də ölkə həyatının bütün sahələrində dərin, genişmiqyaslı islahatlar aparılmalı, Nikol Paşinyan hakimiyyətdən kənarlaşdırılmalıdır”, – “Adekvad”ın bəyanatında deyilir.

“Adekvad”ın baniləri və rəhbərləri, tanınmış erməni bloqerlər Narek Malyanla Artur Danielyanın tərəfdarları arasında Ermənistan İctimai Radiosunun sabiq direktor müavini Lika Tumanyan, habelə siyasətçilər Azat Adamyan, Qriqor Minasyan, Konstantin Ter-Nakalyan və Samvel Tadevosyan da var.

Onlar Nikol Paşinyanın istefasını istəyən on minlərlə, yüz minlərlə erməni arasında yer alıblar.

Bu adamların qəzəbini, diletant və populist Nikol Paşinyana nifrətlərini anlamaq çətin deyil.

Ən azı ona görə ki, eyni hissləri Azərbaycanda yaşayırlar.

Səbəblər çoxdur. Onların sadəcə, birini yazım: mayın 30-da cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin açdığı snayper atəşi nəticəsində Azərbaycan Ordusunun zabiti, mayor Aqil Omarov həlak oldu.

Vətəndaşlarımız və soydaşlarımız sosial şəbəkələrdə qəzəb püskürdülər. Şəhid olmuş mayorun əvəzinə onlarla erməni hərbçisinin məhv olunması, “qana qan” prinsipi ilə qisas alınması tələbləri sıralandı.

Emosional davranış anlaşılandı, lakin situasiyaya soyuqqanlı nəzər salaq.

Tabur komandiri A.Omarov təlim-atış məkanında olarkən 1200 metrlik məsafədən açılan atəşə məruz qalıb. Atış məkanı cəbhə xəttindən, döyüş mövqelərindən uzaqdadır. Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri bu məsafədən avtomatlardan və ya adi snayper tüfənglərindən atəş açaraq A.Omarovu vura bilməzdilər. Fəqət, A.Omarov kürəyindən ölümcül yara alması nəticəsində şəhid olub.

Nəzəri baxımdan o, “Kalaşnikov” avtomatının klassik və ya modern modellərindən birindən açılan atəş nəticəsində, 7,62 mm çaplı güllədən də yaralana bilərdi.

Lakin cəbhə xəttindəki düşmən mövqelərində AK-74 avtomatlarından istifadə olunur. Erməni snayperlərdə isə Rusiya istehsalı olan SVD (“Snayperskaya vintovka Draqunova”) snayper tüfəngi var.

SVD-nin orta statistik hədəf vurma məsafəsi 640-710 metrdir.

Belədirsə, sual yaranır: 7,62 mm çaplı güllə ilə 1200 metrlik məsafədən ermənilər Azərbaycan Ordusunun mayorunu hansı silahla vurublar?

Adi erməni snayper adi silahla heç bir halda A.Omarovu vura bilməzdi.

Bu baxımdan tabur komandirinin Rusiya istesalı olan 7,62 mm çaplı “ORSİS SE T-5000” snayper tüfəngi ilə vurulması ehtimalı artır. Qiyməti 5200 ABŞ dolları olan bu tüfəng təbii ki, Ermənistan ordusundakı “adi” snayperlərə verilməyib.

Sadaladığımız səbəblərdən dolayı A.Omarovun məhz “ORSİS”-lə vurulması ilə bağlı ehtimallar güclüdür.

Azərbaycan ordusu istedadlı zabitinin qisasını alacaq, şəhidimizin qanını yerdə qoymayacaq. A.Omarovunsa istedadlı və peşəkar hərbçi olması şübhə doğurmur: tabur komandiri postuna mayorun təyinatı həmin hərbçinin fitri bacarıqlarından və savadından xəbər verən məqamdır.

Azərbaycan XİN-i olayla bağlı soyuqqanlı bəyanat verdi.

Anlaşılan odur ki, rəsmi Bakı istedadlı zabitimizin qisasını birbaşa cəbhə bölgəsində, hərbi situasiyanı daha da gərginləşdirmək yolu ilə almaq niyyətində deyil.

ATƏT MQ həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsi Ermənistan tərəfinin cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən bu münaqişədə mövcud status kvonu qoruyub saxlamaq məqsədi güdür.

Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülh, atəşkəsə riayət olunması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür.

Bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyanın “biz vədlərimizə sadiqiq” tipli yalanlarla şərh etdiyi prosesi Azərbaycan diqqətlə izləyir. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinə ağır zərbə vurmaq, situasiyanı məhvərindən çıxarmaq istəmir.

Savaş yalnız qaçılmaz olarsa, Azərbaycan müharibəyə başlamalıdır.

Və əgər Dağlıq Qarabağ münaqişəsinin həlli, erməni işğalında olan torpaqlarımızın azad edilməsi sülh yolu ilə mümkündürsə, bu yolla maksimum irəliləmək, son ümid tükənənədək, şanslar bitənədək davam etmək gərəkdir.

Bundan başqa, Nikol Paşinyan indi seytnot vəziyyətindədir. Ermənistanın hakimiyyət dairələri vətəndaşlarını bundan sonra da uzun müddət “Qarabağ nağılı” ilə aldada bilməyəcəklər. Paşinyan situasiyanı anlayır və zamanın onun əleyhinə işlədiyinin fərqinə varır.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında aqressiv mövqelərindən geri çəkilməyi rəsmi İrəvandan ABŞ və Avropa Birliyi ilə yanaşı, Ermənistanın “qədim” hamisi Rusiya da tələb edir.

Problemin çözülməsi Paşinyan üçün həm də Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərləri, Xankəndi xuntasının liderləri ilə mübarizədə qələbə baxımından da olduqca önəmlidir.

Ermənistanın sabiq prezidentləri Serj Sarqsyan və Robert Köçəryanın liderlik etdikləri, “karabaxtsi” (“qarabağlılar”) adlanan klanın zəiflədilməsi hazırda N.Paşinyanın üzləşdiyi ən ciddi çağırış olduğundan İrəvanda qarşıdurmalarla çalxanmalar hələ uzun müddət davam edəsidir.

Məhz bu səbəbdən A.Omarovun snayper atəşi ilə vurulması məhz Dağlıq Qarabağ rejiminin cəbhədəki vəziyyəti daha da gərginləşdirmək, bu minvalla N.Paşinyanın mövqelərini zəiflətmək cəhdi kimi də dəyərləndirilə bilər.

Məqsəd bəlli idi: A.Omarovun vurulması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi pauza yaratmaq, vəziyyəti gərginləşdirmək, Paşinyanı gözdən salmaq, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqları qeyri-müəyyən müddətədək təxirə düşürülməsinə nail olmaq.

Bəhs etdiyimiz məqamlara görə düşmən bizdən A.Omarovun şəhid edilməsinə məhz cəbhə bölgəsində çox sərt cavab gözləyirdi.

Ermənilərin planları alt-üst olub.

Cavabsa olacaq.

Düşmən anlayacaq ki, Azərbaycan Ordusunun mayorunun snayper atəşi ilə vurulmasının cavabı qaçılmaz, assimetrik və dağıdıcı olacaq.

Mütləq olacaq…

Ona görə də Qarabağda Nikol Paşinyan da vurulub. “Karabaxtsi”lərin atəşinə Paşinyanın nə zaman, necə və hansı formada cavab verəcəyi maraqlıdır.

Şərh əlavə et