Elçin Alıoğlunun

Sərsəri nağılın siyasət cırtdanları: beyinləri çirkabda yumaq istəyirlər

Söz bəzən onun kimin deməyindən asılı qəbul olunur və eşidilir. Həqiqət deyilsə belə, söyləyən yalançı, patoloji saxtakar və ya cəmiyyəti aldadaraq özünü gerçəklər ustadı kimi göstərən biridirsə, çox pis mənzərə alınır.

Əgər bu tipli insanlar həqiqət bir yana – ağ yalan danışırsa, vəziyyət lap qəlizləşir.

Azərbəycan Konstitusiyası hər kəsə söz azadlığı və ifadə müstəqilliyi verib. Lakin bu, sürəkli olaraq yalan danışmaq məharətini mübarizə, saxtakarlığı həqiqət axtarışı, sifarişləri yerinə yetirib qərəz püskürməyi isə millətlə dövlətin maraqlarını qoruyaraq mənafelərini qorumaq kimi qələmə verilməməlidir.

“Hər kəs tənqidi fikir söyləyə bilər, lakin hər kəs dediyi sözə görə məsuliyyət daşımalıdır” – Qədim Romada tribun Tiberi Qrakh bu sözləri sanki Azərbaycanda indi özünü müxalifət düşərgəsinin “dəyərli mənsubları”, “liderlər”, az qala ağsaqqlar kimi təqdim edənlər barədə söyləmişdi.

Bu insanların kimliyi bəlli, məramları aydın, istəkləri də faş.

Məqsəd nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlməkdir. Həmin gəlişdən sonra nə olacaq, deyilmir. Çünki sosial şəbəkələrdə, YouTube-da, xüsusilə də Facebook-da dil-boğaza qoymayan insanların iddialarına, çağırışlarına, bəyanatlarına diqqətlə fikir verin.

Sanki millətə qənim, dövlətə düşmən kəsiliblər.

Danışanlara da diqqətlə baxın.

Sanki siyasət panoptikumudur: siyasət səhnəsindən çoxdan silinən, amma hələ də o səhnəni tərk etmək istəməyən, reallıqla barışmayan, məğlubiyyətlərini etiraf etməyən və bəlalarını anlamayan insanlar səs-səsə verərək fəlakət bayquşluğu ilə məşğuldurlar.

Keçmiş müdafiə naziri Rəhim Qaziyev yenə özünü irəli atıb. Nazir olduğu dövrlərdəki yarıtmaz və bəzən yaramaz əməlləri ilə yadda qalan R.Qaziyev yalanlar tirajlayaraq manipulyasiya ilə məşğuldur.

Azərbaycan-Gürcüstan sərhədində, Keşikçidağ monastır kompleksində yaşananlar bəhs etdiyimiz insanların xislətini tam göstərərək onların kimliklərinə fənər tutdu.

Bir qədər geriyə qayıdaq. Keşikçidağ ərazisinə soxulmağa cəhd göstərən bir qrup gürcü avantürist insident yaşatmağa çalışdılar. Onlardan biri Dövlət Sərhəd Xidmətinin mənsubunun əlindən silahı almağa çalışdı.

Alınmadı, daha doğrusu, çox böyük təxribatın qarşısı alındı. Azərbaycanla bağlı planlar baş tutmadı: o planlara görə, azərbaycanlı sərhədçilər atəş açmalı, sərhəddə qan tökülməli, ən pis halda Azərbaycan və Gürcüstan arasında atışma başlanmalı idi. Daha sonra isə iki dövlət arasında münasibətlər pozulmalı, qarşıdurma prosesi vüsət almalıydı.

2005-ci il oktyabrın 12-də Prezident İlham Əliyev həmin ərazidə Azərbaycan-Gürcüstan sərhədinin mühafizəsi ilə şəxsən tanış olub və lazımi tapşırıqlarını verib. 2007-ci il dekabrın 19-da isə Azərbaycan Prezidentinin sərəncamı ilə Ağstafa rayonu ərazisindəki Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Bu faktlar bir daha onu göstərir ki, Əli Kərimli və tərəfdarlarının yalançı bəyanatlarının əksinə olaraq, Prezident İlham Əliyev həmişə Azərbaycan torpaqlarının hər qarışına böyük məsuliyyət, məhəbbət və qayğı ilə yanaşır. Elə bu məsuliyyətin, böyük vətən sevgisinin nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri keçmiş hakimiyyətlər dövründə olduğu kimi, “pərakəndə və nizamsız bir hərbi birləşmə”dən ibarət deyil, müasir maddi-texniki təchizata malik olan dünyanın ən güclü əlli ordusu sırasında yer alan ordudur.

Sərhəddə gərginlik hələ də tam səngiməyib.

Lakin bu problemi çözmək əvəzinə, süni vətənpərvərlik və saxta iddialarla ortamı qarışdırmaq istəyənlər səs-səs veriblər.

Baş verən hadisələr barədə Azərbaycanın kütləvi informasiya vasitələri vətəndaşları yetərincə məlumatlandırıblar. Aydın qalmayan məqam, deyilməyən təfərrüat, təhlil olunmamış ehtimal qalmayıb.

Normal, adekvat durumdur.

Gürcüstanın bir qrup öyrədilmiş vətəndaşı tərəfindən törədilən həmin hadisə barədə ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri cəmiyyətimizi dərhal yetərincə məlumatlandırmış, ictimaiyyyətin fəal nümayəndələrinin Azərbaycan əsgərinin təxribata çəkilməsinə qarşı səsləndirdiyi haqlı etirazlarını bütün dünyaya yaymışlar. Bəyanatlarda həm Azərbaycan iqtidarı və cəmiyyətinin, həm də Gürcüstan hökuməti və vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən təəssüflə qarşılanan bu təxribatın xalqlarımız və dövlətlərimiz arasında tarixi qonşuluq münasibətlərinə, strateji tərəfdaşlığa, birgə həyata keçirilən transmilli layihələrə, əməkdaşlıq və yaxşı gələcək uğrunda birgə imkanlara zərər vurmaq üçün planlaşdırıldığı və həyata keçirildiyi qeyd olunmuşdur.

Lakin “Kanal 13”, “Reaksiya TV” və s. bu kimi YouTube kanallarında boy göstərən “danışan baş”lar Gürcüstan vətəndaşı olan və bəlli qüvvələrin sifarişi ilə irəli şığıyan avantürstlərin Azərbaycan əsgərini təxribata çəkə bilməməsindən “heyfislənərək” çılğına dönüblər.

Virtual bihudələr dövləti, onun yüksək vəzifəli şəxslərini, parlamentini, silahlı qüvvələrini, dini liderini küçə söyüşlərilə təhqir edirlər.

AXCP sədri Əli Kərimli də “qətiyyət”, “iradə”, “əzm” sözləri ilə bəzədilmiş bəyanatlarını tirajlayır, müsahibələr verir, Facebook-dakı səhifəsində klaviatura şücaətkarlığı ilə məşğul olur.

Partiya sədri statusunu çoxdan unudaraq bloqerliyə üz tutmuş Ə.Kərimli “Hakimiyyət niyə qətiyyətli davranmır?” kimi mənasız, əsassız və absurd sualları sıralayır.

Məşhur Hollivud filmi yada düşür: “Görün, kim danışır” (Look Who’s Talking).

1989-cu ildə çəkilmiş həmin filmin qəhrəmanı uşaqdısa, indiki tragikomediyanın baş qəhrəmanı Əli Kərimli, epizodik rol ifaçıları isə Rəhim Qazıyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə başqalarıdır.

Azərbaycanın maraqlarını ayaqlar altına alaraq vətəpərvər maskası altında sifariş yerinə yetirən, məqsədləri ölkəmizi çox təhlükəli fəsadları olacaq münaqişəyə sürükləyən, qonşu və dost Gürcüstanla münasibətlərimizin bilmərrə korlanmasını istəyən bu adamların adları, vəzifələri, statusları, kimlikləri, guya təmsil etdikləri qurumlar əsla önəmli deyil.

Önəmli olan bütün əndazələri aşan, hədləri keçən və arqument, fakt deyiləsi hər hansı nəsnədən məhrum olan çürük, puç və eyni zamanda, təhlükəli iddialardır.

“Qətiyyət və iradə”dən bəhs edən Əli Kərimli… 1993-cü ilin yayında, Prezident Aparatının binasının qarşısındakı xidməti avtomobilinə minməkdən qorxan, əsəbləri tarıma çəkilmiş vətəndaşların qəzəbinə gəlməkdən üşənən bu adam iş bitsə də, saatlarla gözləmiş, binadan çıxmağa ehtiyat etmişdi. Sonra naəlac qalaraq köməkçisini qabağa vermiş, əyilə-əyilə, tez-tələsik, qaçaraq maşına minib ortamı tərk etmişdi.

Bu, o Əli Kərimli idi ki, vəzifəyə təyin olunan kimi xanımını da Prezident Aparatında post sahibəsi etmişdi.

Və bu, o Əli Kərimlidir ki, DİN, Baş Prokurorluq və məhkəmə sisteminin əməkdaşlarının birgə toplantısında “Cavanlar ordudan qaçır, bacara bilmirik, cinayətkarlar artır, nə edək?” deyəndən sonra zala qəmgin, ürkək baxışlarla baxmışdı.

AXCP sədri o dövrdə bir qapazdan sonra dövlət başçısının həbsinə sanksiya verən baş prokuroru, idman müəlliminin icra başçısı təyin olunduğu, taxıl almaq adı ilə Türkiyəyə aparılan qızılların yoxa çıxmasında birbaşa əli olan iki naziri, çörək dükanlarında səhər saat 4-dən növbəyə duranların arzusunun bir kömbə olduğu, ümidsizlik və səfalətin yaşam bəlasına çevrildiyi günlü bir yaşamın hakimiyyətini təmsil etmirdimi?

Əli Kərimli indi əcəba, hansı məntiqlə, haqla və mənəviyyatla iradədən, qətiyyətdən, cəsarətdən danışır? Və onun, ümumiyyətlə, belə danışmağa haqqı varmı?!

Cavabını qoy, AXCP sədri özü versin.

Necə ki, “Şuşa getsə, başıma güllə çaxacağam” deyən riyaziyyat müəllifi Rəhim Qazıyev çox yarıtmaz, diletant müdafiə naziri olanda Leyla Yunus kimi dönüyü nazirliyin “mətbuat və informasiya xidmətininin rəhbəri”, bu “madam”ın əri, anası erməni Arif Yunusu Prezident Aparatında ən söyülən və iyrənilən adam olmasına rəğmən, vəzifə sahibi; mərhum Baba Nəzərlini isə ölkə tarixinin ən qeyri-adekvat generallarından biri etmişdi.

Rəhim Qazıyev danışır. Əşyalar dilə gəlsəydi, onun kabinetindəki masa da bu bivec müdafiə nazirinin “ayaq ovxalatmaq” prosedurunda kimin, nə üçün və hansı “prezent”ə görə cəlb olunduğunu da deyərdi.

Demir, çünki cansızdılar.

Cansız siyasi fiqur olsalar da, danışanlardan və yazanlara bənzəsələr də, fərqlidirlər.

Hakimiyyəti “zəiflikdə və iradəsizlik”də suçlayan bu adamlar nə tez unudurlar ki, onların iqtidarda olduğu dönəmdə DİN başçısı İsgəndər Həmidov prezidentin otağında dövlət başçısını şantaj edərək “Özümü pəncərədən atım?!” demişdi.

Nə tez yadlarından çıxdı həmin İ.Həmidovun polis çavuşunun başına vuraraq papağını yerə salmasını, jurnalisti döyməsini, dövlət televiziyasının studiyasına basqın edərək canlı yayımdakı qonaqlara “Tüpürüm sizə də, hakimiyyətə də, müxalifətə də!” deməsini?!

“Bill Klintona əl vermədim”, “Azərbaycanın nüvə bombası var” və bu kimi hərcai açıqlamaları ilə unudulmayacaq, “Boz qurd” ifadəsini belə, urvatdan salan İ.Həmidov deyildimi o hakimiyyətin “vuran əli”?

Dövlət qurmağa uzun illər, dağıtmağa isə cəmi bir neçə gün gərəkdir.

Bəhs etdiyimiz adamlarda qurub-yaratmaq xisləti yox.

Onlar dağıdanlardır.

Özləri barədə mifləri də həmçinin.

Gəlin, bir olaq. Hamımız. Susduraq bu gəvzələri ki, vicdanımız susmasın.

Hə, yazının son məqamı: heç bilirsiniz hakimiyyətin və ölkənin rəhbəri İlham Əliyevlə onu hədəfə alan cılızların fərqini?

İlham Əliyev dövlət başçısıdır, dövlətinin adamlarının, xalqın, vətəndaşların ayağına gedir, onlarla görüşür.

Cılızlar isə dövlətin adamlarını eyzən harasa çağırırlar.

İşıq gələn tərəflə it hürən tərəfi seçmək məcburiyyətində qalan Cırtdanın nağılını unutmamışıq həm də.

Şərh əlavə et