Elçin Alıoğlunun

“Rus qoşunları çəkilsə, Türkiyə əsgərləri 2 saata İrəvandadır” – bir “plan”ın izi ilə – DETALLAR

Türkiyənin Ermənistana qarşı “Altay” kod adlı genişmiqyaslı hərbi əməliyyat aparmaq planlarının mövcudluğu barədə İsveçdəki “Nordic Monitor” saytının yaydığı məlumatı Ermənistanda böyük təşviş yaradıb.

Belə ki, Ermənistanın XİN başçısı Zöhrab Mnasakanyan İrəvanda iordaniyalı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında Türkiyənin Ermənistana ehtimal olunan zərbələrindən bəhs edib.

“Dərc olunmuş bu xəbəri nə təsdiq, nə də təkzib edə bilmərəm. Əgər məsələ belədirsə, ilk əvvəl Türkiyə tərəfi buna cavab verməlidir. Lakin türklərdən hələ də reaksiya yoxdur”, – Z.Mnasakanyan deyib.

Onun sözlərinə görə, məsələ ciddi narahatlıq doğurur və bu səbəbdən Ermənistan prosesi diqqətlə izləyir.

Ermənistanın Müdafiə Nazirliyi və digər güc strukturları İsveçdəki “Nordic Monitor”un dərc etdiyi məxfi materialları araşdırmaqla məşğuldur. Həmin materiallara görə, Türkiyənin Silahlı Qüvvələrinin rəhbərliyinin Ermənistana aviazərbələr endirmək planları var.

Hətta o da vurğulanır ki, “Rusiya qoşunları Ermənistandan çıxarılarsa, türk əsgərləri 2 saata İrəvanda olacaqlar”.

Xatırladaq ki, “Nordic Monitor” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 23 may 2016-cı il tarixli daxili yazışması iddia olunan sənədin surətini dərc edib. Məlumata görə, Türkiyənin Hərbi-Hava Qüvvələri kod adı “Oğuztürk” olan əməliyyat çərçivəsində Ermənistana hava zərbələri endirməyi planlaşdırılır. Plan 2011-ci ilin iyulunda təsdiqlənib.

Sözügedən planın “çatışmayan səhifələri”ni dərc edən “Nordic Monitor” iddia edir ki, həmin itki 2016-cı ilin mayında, Ankara yaxınlığındakı “Akıncı” aviabazasında sənədlərin yoxlanması zamanı aşkarlanıb.

“Səhifələrin itməsi plana təsir etməyib və o, hələ də qüvvədədir”, – “Nordic Monitor” yazıb.

Bütün bunlar gerçəkdirmi?

Yox.

Milli.Az-ın əldə etdiyi məlumatlara görə, “Nordic Monitor” saytı İsveçin paytaxtı Stokholmda yerləşən “Nordic Research and Monitoring Network”a məxsusdur.

Bu qədər gurultulu adı olan “şəbəkə”, əslində, üç nəfərdən ibarətdir.

Onlar türk jurnalistlər Abdulla Bozkurt və Levent Kenez, habelə ATƏT-in sabiq eksperti, əvvəllər Türkiyə DİN-i ilə çox sıx əməkdaşlıq etmiş Murat Çetinerdir.

“Nordic Monitor” saydı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı əks-təbliğat, böhtan və qarayaxma kampaniyası ilə məşğuldur. “Məxfi sənədlərin skrinşotlarını və skanları”nı dərc edən bu sayt faktiki olaraq Ankaranı hədəf alır.

Məqsədlərdən biri də Türkiyənin Rusiya ilə münasibətlərini korlamaq, habelə Suriya, Yunanıstan və İranda Türkiyəyə qarşı aşkar nifrət yaratmaqdır.

Məsələn, noyabrın 24-də “Nordic Monitor” guya Türkiyə xüsusi xidmət orqanlarının sabiq mayoru Erkan Akın adlı şəxsin məruzəsini dərc etmişdi. Sən demə, NATO komissiyası üçün hazırlandığı iddia olunan “məruzə”də Türkiyə HHQ-nin 2015-ci ilin noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsinə hücumundan bəhs olunur.

Məruzədə vurğulanır: “Rusiya təyyarəsinin vurulması əmrini şəxsən Rəcəb Tayyib Ərdroğan verib. Məhz o demişdi: “Suriya-Türkiyə sərhədini keçərək Türkiyəyə sızan, ciddi risk və təhlükə kəsb edən istənilən element hərbi təhdid kimi dəyərləndirməli, hərbi hədəf sayılmalıdır”.

Ərdoğan bu sözləri deyib, amma Türkiyə prezidenti Suriyanın şimalındakı terrorçu PYD və YPG qruplaşmalarını nəzərdə tuturdu.

Lakin “Nordic Monitor” Türkiyənin dövlət başçısının sözlərini kontekstdən çıxararaq Rusiya təyyarələrini vurmaq əmri kimi təqdim edib.

“Akının məruzəsi”ndə bir neçə “sxem”, habelə insident zamanı Rusiya təyyarələrinin və Türkiyənin hava patrulunun hərəkət xəritələri də var.

Belə “məruzə”nin NATO yetkililərinə təqdim edilməsi mümkünsüzdür, absurddur.

“Məruzə” bir qədər köhnə dəbli, primitiv olsa da, ustalıqla hazırlanmış əks-təbliğatdır və aşkar provokasiyadır.

Noyabrın 9-da isə “Nordic Monitor” saytı “Su-24 təyyarəsi vurulandan sonra Rusiyə Ərdoğanın prezident iqamətgahını bombalamağı planlaşdırırdı” adlı “araşdırma” da dərc etmişdi.

Az tanınan “Nordic Monitor” saytındakı bu “məlumat”lara əhəmiyyət verməmək də olardı. Fəqət, sözügedən saytın Qərbin bəlli ölkələrinin xüsusi xidmət orqanlarından göstərişlər alaraq davrandığı şübhə doğurmadığından, “Nordic Monitor” faktiki olaraq, sadəcə, Türkiyəni yox, Rusiyanı da hədəfə alıb.

“Nordic Monitor”un dərc etdiyi “materiallar”a baxmaq saytın məqsədlərini anlamağa yetər.

“Türkiyə Somalidəki “Əş Şəbab” terrorçularına 600 min dollar verdi”, “Türkiyə Yunanıstanı vurmağa hazırlaşır”, “Türkiyə İrana qarşı genişmiqyaslı təxribat hazırlayır”, “Türkiyə Misirə və Səudiyyə Ərəbistanına qarşı yeni kəşfiyyat əməliyyatları hazırlayır” və s.

“Nordic Monitor”un rəhbəri və əsas yazarı Abdulla Bozkurt əvvələr “Today’s Zaman” qəzetinin Ankara bürosunun rəhbəri, “Nurçuluq” qruplaşmasının lideri Fətulla Gülənin “ən sevimli” jurnalistlərindən biri idi.

A.Bozkurt hazırda “nurçular”ın Avropadakı “Hizmet” şəbəkəsinin İsveçdəki rəhbərlərindən biridir. Yəni FETÖ terror təşkilatının bilavasitə funksioneridir.

“Nordic Monitor”un digər iki üzvü də “nurçu”lardır və bunu gizlətmirlər.

Belədirsə, “Nordic Monitor”un məram, qayə və məqsədləri bəlli olmurmu?!

Şərh əlavə et

Populyar məqalələr