Elçin Alıoğlunun

Pul davası qızışıb: yenə didişirlər – RÜSVAYÇI TƏFƏRRÜATLAR

Siyasətlə yanaşı, siyasətdən kənarda elə insanlar var ki, onlar özləri barədə danışanda həmişə yalan söyləyirlər. Amma elə ki, qarşısına hədəf aldığı adamdan bəhs etməyə başlayır, o adamın məziyyətlərini zərgər dəqiqliyi ilə söyləyirlər.

YouTube bloqeri, “Osmanqızı TV” adlı kanalın sahibəsi Sevinc Osmanqızı hiddətlənib. Dediyinə görə, onu sinirləndiriblər.
Azərbaycan parlamentinin sabiq spikeri, indi ABŞ-da konqresmen və senatorların qəbuluna düşmək üçün rüşvətxor canına sürəkli cəfa verən Rəsul Quliyevin “mənim tövsiyələrimə əməl etmədən stabil dövlət qurmaq mümkün deyildir” təki marazmı belə, son günlərdə Sevinc Osmanqızının müxalifətdə olan və ya müxalifətdə olduqlarını göstərməyə çalışanlara “hücum”ları maraq doğurur.

Onun “hədəf”ləri az deyil. Əksəriyyəti də AXCP sədri, habelə bloqer Əli Kərimlini tənqid edənlərdir.

Daha doğrusu, həmin “hədəf”lər Əli Kərimlini tənqid etdiklərinə görə Osmanqızının qəzəbinə tuş gəliblər. “Osmanqızı TV”ni Əli Kərimlinin reklam kanalına çevirən, Birləşmiş Ştatların əyalətlərində qapı-qapı gəzib ütü və ya tava satan kommivoyajerlərin yeni formasiyalı “divanda maqazin” halına salan xanım Osmanqızı nə etdiyinin, daha doğrusu, nəyi necə etdiyinin fərqində deyil.
26 illik “siyasi müxaliflik” stajı olan və hələlik cüzi uğuru belə, gözə dəyməyən Əli Kərimli məhz bu xanımın sayəsində kitab rəflərinin önündə sürəkli əl-qol ölçən, mimik jestlərlə nəsə anlatmağa çalışan adama çevrilib.

Əli Kərimli indi virtual məkanın dəyişməyən divar kağızı effekti yaradır.

Lakin buna rəğmən o, hələ də özünü “Azərbaycan müxalifətinin faktiki lideri” sayır. Adam yanılır, daha doğrusu, natamamlıq kompleksinin yaratdığı effektə məruz qaldığının fərqinə varmır, vara bilmir.
AXCP sədri, daha doğrusu, son illər Facebook-da bloqerlik edərək gündəlik “glorymaker”liklə məşğul olan, sürəkli “like” toplayıb “hayp fanatı”na çevrilən Əli Kərimlinin mətbuat katibi funksiyasını isə Sevinc Osmanqızı yerinə yetirməyə başlayıb.
O kəs ki marazmatik açıqlamaları və absurd bəyanatları ilə ad çıxarmış “siyasi meyit” Rəsul Quliyevə vədlər vermişdi, “Meydan TV”yə hətta “rəsulqoxulu” layihə təqdim etmişdi və elə siyasi alverçiliyə görə də “Meydan TV”dən uzaqlaşmaq məcburiyyətində qalmışdı.

İndi Vaşinqtonda kiçik otaqda, yaşıl “xromokey” parçası çəkilmiş divarın önündə oturaraq “Müxalifət ana” funksiyasını üzərinə götürmüş S.Osmanqızı siyasətə atıldığını da istisna etmir.
Etmir və müxalifətdə seqreqasiya, bölücülük, ayrımçılıq aparmaqla məşğuldur.
Onun hədəfləri az deyil.

Məsələn, bir zamanlar çox mehriban olan S.Osmanqızı ilə sabiq ANS ÇM radiostansiyasının keçmiş aparıcısı, uzun illərdən bəri ABŞ-da yaşayan İsmayıl Cəlilov arasında münasibətlər tamamən pozulub.
Səbəb həmişəkidir: S.Osmanqızı növbəti dəfə “əcinnə ovu”na çıxıb və əyan edib ki, bəs ay müxalifət həzəratı, sən demə, İ.Cəlilov hakimiyyətə işləyir.

Kimin kimə, necə və nə üçün, ən başlıcası isə nəyin müqabilində işləməsi barədə danışası son adam S.Osmanızı ola gərək, lakin o, “ən yaxşı müdafiə hücumdur” taktiksına tapınmış xanım olduğundan, İ.Cəlilovu satqın, xəyanətkar elan etdi.
Ad çəkmədən, lakin Osmanqızının “spiç”ində kimi nəzərdə tutduğu apaydındır.
AXCP sədri Əli Kərimlinin “Osmanqızı” kanalında mühacirlərə qarşı səlib yürüşünə xeyir-dua verməsindən sonra Sevinc Osmanqızı və onun mənsub olduğu dəstəkçisi digər “müstəqil bloqer”lər Avropada və ABŞ-dakı mühacirlərə qarşı hücumlara başladılar.

Bu kampaniyada xüsusi fərqlənən Sevinc Osmanqızı Əli Kərimlini ifşa edən ABŞ-dan İsmayıl Cəlilovu, Hollandiyadan Nahid Cəfərovu, həmçinin Müsavatın mühacir alverini ifşa edən Laçın Məmişovu və başqalarını hədəfə alıb. Hər gün canlı yayımda Əli Kərimlinin müdafiəsi üçün bu və digər formada mühacirlərə hücum edir.

Məsələn, S.Osmanqızı bildirir ki, şəxsən özü N.Cəfərovu “Sevinc Osmanqızı kanalı”na çıxarmaq istəmir. O, N.Cəfərovu uzun-uzadı yalan danışmaqda, özü barəsində “demokrat” obrazı yaratmaqda, cılızlaşmaqda, qeyri-səmimilikdə ittiham edib. Deyib ki, N.Cəfərov müxalifətə qarşı müxalifətçilik etdiyinə görə “Sevinc Osmanqızı kanalı”na dəvət olunmur…
ABŞ-da yaşayan, “Düz danışaq” Youtube kanalının rəhbəri, müxalifyönlü jurnalist İsmayıl Cəlilov da Facebook-da AXCP trollarının hücumları və Sevinc Osmanqızının onu kanalında təhqir etdirməsi ilə əlaqədar beynəlxalq jurnalistika, insan hüquqları və media donor təşkilatlarına müraciət ünvanlayıb.

Sevinc Osmanqızının 2 videosunun da yerləşdirildiyi müraciətdə İsmayıl Cəlilov qeyd edib ki, trolların fəaliyyəti haqqında yazdığı halda onun kanalına AXCP trolları hücum ediblər.

“Şəxsən kontent analizi aparmasam da, gözlə görünür ki, onun kanalında daha çox AXCP sədri Əli Kərimli çıxış edir. Mən gündəlik çıxışlarımda dəfələrlə bildirmişəm ki, Osmanqızı jurnalistika fəaliyyətini yerinə yetirmir. O, onun sözünü və cavablarını sualları ilə kəsmir, uzun müddət danışmağa şərait yaradır (1 sualın cavabı 44 dəqiqədir).
Mənim tənqidlərimdən sonra Osmanqızı məni blokladı. (Ona telefonla zəng edəndə bildim ki, məni bloklayıb. Həyat yoldaşımın telefonundan zəng edəndə, o götürdü və bizim danışığımız çox qısa oldu).

Digər müxalifət partiyalarının liderləri mənə şikayət edirlər ki, o, onları efirə dəvət etmir. Bəzilərini heç dəvət etmir, digərlərini ayda 1-2 dəfə çağırır…

Xahiş edirəm baxın: Kanalın 60, yoxsa 90 faizi Əli Kərimliyə və onun partiyasının üzvlərinə həsr olunub..?
Artıq dediyim kimi o, müstəqil jurnalist deyil, AXCP-nin ruporudur. Düşünürəm ki, jurnalistlər efirdə tarazlığı qorumalıdır…
Məndə onun izləyici auditoriyası ilə bağlı şübhələr də var. Mənim əsaslarım var ki, onun kanalındakı rəqəmlərin süni olduğunu bildirim. Həmin AXCP trolları və kanalın botları saxta hesablar yaradır, Əli Kərimlini tərifləmək və başqa kanallarda da onu dəstəkləmək üçün şərhləri surətçıxarma yolu ilə çoxaldırlar…

… Əgər insanlar Əli Kərimlini və AXCP-nin fəaliyyətini tənqid etməyə cəhd etsələr, Osmanqızı onların sözlərini kəsir. Onun moderatorları rəyləri silirlər, özü insanları susdurur, hətta Əli Kərimlinin əvəzinə cavab da verir. Bir dəfə o, efirə zəng edən insanın səsini yavaş-yavaş azaltdı və bunu texniki problem kimi təqdim etməklə cavabını verdi…

O, heç yerdə işləmir, lakin kanalı onun dəstək vasitəsidir. Mən təəssüf edirəm ki, o, məlumatların azad şəkildə yayılması üçün ayrılan vəsaitləri mənimsəyir, lakin əvəzində yalnız bir partiyaya və müxalifətçiyə üstünlük verir… Onun siyasi baxışları və düşüncələri hər il dəyişir…

Bu cür müraciətin səbəbi: donorlar, kimi maliyyələşdirdiyiniz barədə ehtiyatlı olun. Əgər sizin adlarınız bu adamlarla birgə çəkilərsə, bu, sizin reputasiyanıza zərər vura bilər… Mən əminəm ki, vəsait verərkən, siz hər kəsi rədd edib, yalnız bir siyasi partiyanın və müxalifətin mundirinə çevriləcək kanalı dəstəkləməmisiz”.

Bu günlərdə isə İ.Cəlilov Facebook profilində canlı yayıma çıxıb, Əli Kərimlinin göstərişi ilə S.Osmanqızının hücumlarına məruz qaldığını bir daha təsdiqləyib.

“Bu səviyyəsizliklə prezidentlik iddiasına düşmək olarmı? Sabah Donald Trmapla görüşəndə deyəcəksən ki, gəlib Amerikanı “şmon” edərik?! Bu, nə cılızlıqdır, Əli Kərimli?! Sevinc Osmanqızı, səni kim maliyyələşdirir?! ABŞ-da vergi verirsənmi?! Şəxsi mənzilini necə almısan?! Əli Kərimli sənə maliyyə verirmi və hansı mənbədən verir”, – İ.Cəlilov soruşub.

Bu arada yenə də Əli Kərimlinin göstərişi ilə “Respublikaçı Alternativ Partiyası” (REAL) hərəkatına, xüsusilə də hərəkatın rəhbəri İlqar Məmmədova və məşhur funksioner Natiq Cəfərliyə qarşı hücum kampaniyasına start verilib.

İlqar Məmmədovun seçkilərlə bağlı statusundan sonra onun canlı yayımlarına və Facebook hesabına hücum edən cəbhəçi trollar indi də qurumun icraçı katibi Natiq Cəfərlini aşağılamağa, təhqir etməyə başlayıblar

Natiq Cəfərli Facebook səhifəsində “Azad söz” kanalına verdiyi müsahibə zamanı cəbhəçi trolların onu təhqir etməsindən yazıb və bu işlərdə başqaları ilə yanaşı Gültəkin Hacıbəylini də günahkar bilib. Natiq Cəfərli G.Hacıbəylinin müxalifətçi olub-olmadığına dair şübhələrini ortaya qoyub və onu “faşist təfəkkürlü birisi” adlandırıb.

İsmayıl Cəfərovdan fərqli olaraq, N.Cəfərli bilavasitə Əli Kərimlini suçlamasa da, ona qarşı əxlaqsız və tərbiyəsiz kampaniyanın “Milli Şura”dan qaynaqlandığını vurğulayıb.

Bu arada REAL sədri İlqar Məmmədov status paylaşaraq yazıb ki, jurnalist Sevinc Osmanqızı faktiki olaraq AXCP-nin mətbuat katibi funksiyasını yerinə yetirir. Bunu biləndən sonra o, S.Osmanqızı ilə bütün əlaqələri kəsdiyini bəyan edib: “Əməkdaşlığı kəsdim, çünki mənim bir partiya sədrinə deməyə sözüm varsa, birbaşa özünə deyərəm, mətbuat xidmətinə yox”.

S. Osmanqızı sussaydı, özü olmazdı. O, İlqar Məmmədovu və REAL-çıları “köhnə tullantılar” adlandıraraq yazıb: “Bu köhnə tullantılar – Etibarın tələbələri nə zamandan “yeni” olublar, vallah başa düşə bilmirəm. Siyasətdə cəbhə dəyişmək rəğbət bəslənəcək anlayış olmasa da, hər halda, yad mənzərə də deyil… Amma siyasi həyasızlıq… Bax bu, ağır problemdir və təəssüf ki, müalicəsi də yoxdur – başqa sözlə, qozbellikdir…” deməklə özü də bilmədən Gültəkin Hacıbəylinin və Arif Məmmədovun bostanına daş atıb…

Əli Kərimlidən sonra cəbhəçi trolların, Sevinc Osmanqızının və başqalarının İlqar Məmmədovu, Natiq Cəfərlini və REAL-çıları hədəfə almasından sonra bu kampaniyaya “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli da qatılıb.
O, İlqar Məmmədovu və Natiq Cəfərlini “uşaq”, “tərbiyəsiz” və “gerizəkalı” adlandırmaqla təhqir edib.

Göründüyü kimi, AXCP-REAL qarşıdurması yenidən alovlanmaqdadır. Bu kampaniyada Əli Kərimli bütün kartlarını oynamağa çalışsa da, hələlik Sevinc Osmanqızı və Gültəkin Hacıbəyli təki marionetlərdən yararlanmağa üstünlük verib.

Əli Kərimlinin dəstəsi ilə REAL, S.Osmaqızı ilə onun özünə rəqib bildikləri arasında savaş daha da güclənir. Tərəflərin bir-birlərinə “tərbiyəsiz”, “uşaq”, “reneqat”, “riyakar”, “mənəviyyatsız” dedikləri bu didişmə, əslində, gərəkdir.

Çünki didilənlər arasında maskalar da var.

Şərh əlavə et