Elçin Alıoğlunun

Müxalifətimiz xəstədir: müalicə necə olmalıdır?

Azərbaycanda siyasi müxalifət niyə belə zəifdir? Lütfən, “hakimiyyət həbslər, repressiyalar tətbiq edir, mediaya təzyiq göstərir, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə imkan vermir, vətəndaş cəmiyyətini formalaşmağa qoymur” və s. tipli bəhanələri səsləndirməyək. Onlara dəfələrlə cavab vermişik və yenidən deyilmişləri təkrarlamaq bir qədər məntiqsiz olardı.

Sual isə, gerçəkdən də, ciddi baxılma tələb edir.

Müxalifət düşərgəsindəki şəxslərin və ya fərdlərin total əksəriyyətinin linqvistik fəlsəfədən, ritorikadan, dialektikadan xəbəri yoxdur. Daha doğrusu, illərdir, hətta onillərdir ki, müxalifət “vahid düşərgə” yaratmağa çalışır, bunu nicat yolu, xilas variantı sayır.

Halbuki siyasətin öz qanunları var və həmin qanunlara görə, müxalifətin yekcins olması heç də həmişə qələbəni uğuru şərtləndirmir.

Yəni hansısa bir predmetə, yənit konkret obyektin mahiyyətinə münasibətdə həm əleyhinə, həm də lehinə sayıla biləcək xeyli məqamlar ola bilər.

Məhz bu səbəbdən müxalifət birlikləri indiyədək uğursuzluğa düçar olublar. Səbəb bəsitdir: müxalifət partiyalarının liderləri problemləri təsnifatlandırıb nəyi ilk növbədə, nəyi də sonra çözmək gərəkdiyini müəyyənləşdirə bilmədikləri üçün xaotik, idarə olunmayan fəaliyyətə üstünlük veriblər.

Sonuclarsa müxalifət üçün çox ağırdır: yanlış nəticələr, səhv təhlillər və nəticədə məğlubiyyət.

İndisə radikallığa boğulan şəxslər dərk edə bilmirlər ki, “gərəkli, vacib və yaxşı” hesab etdikləri nəsnə, sadəcə, onlar üçün gözəldir.

Cəmiyyət onların boş vədlərini, şüarçılığını, bəsit təfəkkürün məhsulu olan çağırışlarını qəbul etmir.

Ən başlıcası isə müxalifətin “hakimiyyətlə mübarizə”də qocalmış fərdləri çıxış yolunu gənclərdə görsələr də, gənclik bu adamlara aptipatiya ilə yanaşır.

Düşüncələri primitiv, sözləri təkrarçılıq olduğu üçün.

Məsələn, AXCP sədri Əli Kərimlinin, yaxud “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin və ya başqa “müxalifət lider”lərinin çıxışlarına diqqətlə, bir daha qulaq asın.

İllər, onillər əvvəl deyilənlərin bir qədər forma dəyişlikliynə uğradılan, amma məzmun baxımından sabit olan şüarlar toplusu.

Həmin adamların dediklərinə görə, “Azərbaycanda hakimiyyət zəifdir, bu gün-sabah çökəcək, xalq ayağa qalxır, inqilab uzaqda deyil” və ilaxır.

Sırf demaqogiya olan belə açıqlamaların, şüarların və çıxışların sadə cavabı var: siz ki, belə qüdrətli, müdrik və ağıllısınız, dediyinizə görə xalq da bütünlüklə sizi dəstəkləyirsə, necə olur ki, 26 ildir hakimiyyətə həsrətsiniz?

Sualın çoxsaylı, çeşidli cavabları var, amma hamısı bəraət stilindədir.

Gerçəkliksə odur ki, Azərbaycan müxalifətində indi, gerçəkdən də, nüfuzlu təşkilat və ya birlik, liberal demokratik müxalifətin boş qalmış yerini tuta biləcək populyar simalar faktiki olaraq, yoxdur.

Liberalizm indi ən mühafizəkar ideologiyadır. Məhz liberalizm hazırda imperializmin və kapitalizmin bütün istəklərini, cəhdlərini “izah edir”, onlara haqq qazandırır, insanlara bəşəriyyətin inkişafının zirvəsi kimi təqdim edir.

Liberallar “tarixin sonu”ndan danışmağı da çox sevirlər.

Lakin son kapitalizm üçündür, tarix üçün yox. Tarix davam edir, irəliləyir, liberalizm isə onun hərəkətinin yanlış və səhv olduğunu sübuta yetirməyə can atır.

Liberalizm doğulandan bəri kapitalizmi müşayiət edən ideologiyadır. Şübhəsiz, o, feodalizm və monarxizmlə müqayisədə daha mütərrəqqi idi.

Daha çox iqtisadi, fərdi və siyasi azadlıqların tələbi inkişafda olan kapitalizmi müşayiət edirdi, sivilizasiyanın inkişafına təkan verirdi.

20-ci əsrdə isə kapitalizm inkişafının pik nöqtəsinə çatdı.

Və burjuaziyanın, oliqarxiyanın vəkilləri, sosial-iqtisadi bərabərsizliyin tərəfdarları məhz liberallar oldular.

Di gəl, kapitalizmin başqa vəkilləri və ideologiyası yoxdur. Bu səbəbdən də liberallar indi normal cəmiyyətin ən mühafizəkar hissəsinə, retroqradlara, əsas epiqonlara çevriliblər.

İkiüzlülük, çoxstandartlı siyasət, saxtakarlıq, xəyanət – Qərbdəki çağdaş liberlizmin siması budur. Azərbaycanda da liberal dəyərlərin bərqərar olmasına çağırışlar edən əcnəbi məsləhətçiləri ikili standartlarda suçlamaq mənasızdır. Çünki onlar üçün ikili standartlar siyasəti normadır, axı indiki formada kapitalizm öləndə, onlar da ideya baxımından öləcəklər.

İdeologiya və fəlsəfi baxımdan liberilizm indi demokratiyanın qocalıq xəstəliyidir.

Senzuraya qarşı çıxaraq söz və ifadə azadlığı tələb edən liberalların nəzarətindəki mass-mediada əsl senzura var. Onların dəyərlərinin və prinsiplərinin azacıq tənqidi dərhal silinir. Bu, totalitar liberalizmdir. Fikir, söz və ifadə azadlığından danışanlar beləcə totalitar liberalizmi gerçəkləşdirirlər. Onlar dəyərlərini totalitar şəkildə təbliğ edir, inanmağa və paylaşmağa vadar etməyə çalışırlar.

Liberalların media və sosial şəbəkə resursları çoxdur. Təəccüblü də deyil – liberalizm, az öncə yazdığım kimi, kapitalizmin ideologiyasıdır. Siyasi və maliyyə oliqarxiyası bu minvalla öz jurnalistlərini, filosoflarını, yazıçılarını, qeyri-hökumət və insan hüquqlarının müdafiəsi təşkilatlarını maliyyələşdirirlər.

Ona görə də belə medianın sahibləri, sponsorları və jurnalistləri, bosslar və redaktorlar arasındakı münaqişələrin istisnasız olaraq hamısı məişət səciyyəlidir.

Liberal Qərb mediası da xəbərləri olanların maraqları və önəm səviyyəsinə uyğun seçir.

Məsələn, siyasi və maliyyə oliqarxiyası üçün Britaniya, yaxud Fransa daha önəmlidir. Bu səbəbdən də hətta çağdaş müstəmləkə belə, sayıla bilməyəcək Tunisdə, yaxud Yəməndə və ya İraqda 50 nəfərin həlak olduğu partlayış barədə xəbər Fransad 3 nəfərin boğulduğu qaz sızması olayı ilə müqayisədə daha önəmsizdir.

Suriyada güllələnən və həlak olan on minlərlə insan Parisdə “Charlie Hebdo” redaksiyasında güllələnən karikaturaçı rəssamlardan daha “maraqsız”dır.

Liberalizmin fərqli standartları, önəmlilik və vaciblik meyarları dəqiq bəlirlənib, qara şriftlə yazılıb, iri hərflərlə.

İndiki dövrdə siyasi və maliyyə resursları baxımından liberallar istənilən başqa ideologiyanın mənsubları ilə müqayisədə daha üstün vəziyyətdədir.

“Demokrat” görünmək istəyənlər daha yaxşı qidalanmaq, daha çox pul əldə etmək üçün liberal düşərgəyə buna görə can atır.

Hər yerdə belədir, Azərbaycanda da.

Ona görə də sistemə qatılmağa çalışan, radikallaşan “demokrat”ların çağırışları, yumşaq desəm, süni təsir bağışlayır.

Onların sönük fəaliyyətinə xarici ölkələrə sığınaraq YouTube-da yaratdıqları kanalları söyüş kloakasına döndərmiş “müstəqil bloqer”lərin də isterikasını əlavə etsək, müxalifətin niyə könüllü iflicdə olduğunu anlamaq çətin deyil.

Şərh əlavə et