Elçin Alıoğlunun

Mitinqi satdılar: xəyanət, yalan, qorxaqlıq

Bacarıqsızlıq, səriştəsizlik, yaranmış imkanlardan istifadə etmək istedadının olmaması və ən nəhayət, çağdaş dünya siyasi təcrübəsindən yararlana bilməyərək ötən əsrin arxaik üsullarını hələ də modern saymaq kimi yanlışlıq. Bu, Azərbaycanın radikal müxalifətinin yaşam, fəaliyyət və düşüncə tərzidir.

Bu gün “ümumxalq mitinqi” olmalıydı, lakin subyektiv və obyektiv səbəblərdən dolayı, lümpenlərin toplaşması baş tutmadı.

Bakı Şəhər İcra Hakimiyyəti mitinq keçirilməsi üçün Lökbatanı göstərdi, amma olmayan mitinqin təşkilatçıları olduqlarını deyənlər razılaşmadılar.

Niyə?

Azərbaycanın radikal müxalifətində total bədbinlik, xaos, zəiflik və yarıtmazlıq sindromları hökm sürür.

AXCP sədri, həm də bloqer Əli Kərimlinin timsalında bəhs etdiklərim aydın, qabarıq şəkildə zühur edir.

Niyə Əli Kərimli? Çünki məhz o, ölkənin müxalifət düşərgəsində paradoksal və ya tam əksinə, yaşananların məcrasına və proseslərin məntiqinə uyğun olaraq, “lider” mövqeni tutur.

O, AXCP sədri olmaqla yanaşı, “Demokratik Qüvvələrin Milli Şurası” (“Milli Şura”) adlanan struktura da faktiki rəhbərlik edir. Çünki “Milli Şura” hazırda, sadəcə, iki sabiq deputatın – Cəmil Həsənli ilə Gültəkin Hacıyevanın siyasi varlığı üçün mövcuddur. “Milli Şura” istisnasız olaraq bütün qərarlarını Əli Kərimlinin diqtəsi ilə qəbul edir və bu marionet “təşkilat” bütün hallarda AXCP-nin yanındadır.

Vəziyyəti bir qədər də dəqiqləşdirsək, “Milli Şura” Ə.Kərimli üçün müxalifətdəki partiyaların yeni, hipotetik birliyinin formalaşması zamanı marginallaşmış və qocalmış partiya liderlərinə əlavə təzyiq vasitəsi, hakimiyyətlə yeni kuluar danışıqların olacağı təqdirdə isə əlavə alver nəsnəsi qismində gərəkdir.

Onun sentyabrın 28-də Bakıda nəqliyyatın və sakinlərin gur hərəkətinin olduğu yerlərdən birində mitinq keçirmək istəyi də məhz təşkilatçı zəifliyinin, taktika və strategiya baxımından yarıtmaz fəaliyyətinin nümunəsi sayıla bilər.

Artıq sabiq müavini Fuad Qəhrəmanlının ailədəki zorakılığı, qızına və xanımına az qala divan tutması, habelə həyat yoldaşına xəyanət etməsi ilə bağlı danılmaz faktların məhz qızı Selcan Yağmur tərəfindən Facebook-da etiraf olunmasından sonra AXCP tarixində çox nadir rastlanan piar böhranı ilə qarşılaşdı.

Əli Kərimlinin həmin günlərdəki mövqeyi, açıqlamaları, bəyanatları ironiya doğururdu.

Fuad Qəhrəmanlının yaramaz davranışını şərh edərkən o, “ailə məsələsidir, gündəmi zəbt etməyək, mitinqə hazırlığa davam” tipli sakitləşdirci, faktiki olaraq sadistə və məişət zorakısına haqq qazandıran açıqlamalar yayırdı.

Taleyin ironiyasına bax ki, AXCP-nin proqramındakı “qadın hüquqları” bölməsini ailəsindəki xanımların hüquqlarını tapdalayan F.Qəhrəmanlı yazmışdı.

Siyasi tarix göstərir ki, istənilən partiya fəaliyyətində müxtəlif formalı, çaplı, miqyaslı və rezonanslı qalmaqallarla üzləşir. Lakin normal partiya adekvat addımlar atır, məntiqli qərarlar qəbul edir və böhran vəziyyətindən uğurla çıxır. Partiyanın sədri siyasi taktikaya və sosial strategiyaya bələddirsə, onda o, hətta böhranı belə, rəhbərlik etdiyi strukturu daha da populyar edəcək amilə çevirir.

Gerçək lider budur.

Əli Kərimli isə F.Qəhrəmanlı olayında əvvəlcə sosial şəbəkələrdəki haqlı qəzəbə və hiddətə məğlub oldu, sonra isə 17 yaşından bəri AXCP sıralarında olan başabəla müavinindən üz döndərdi.

Məqsədi guya özünü xilas etmək, AXCP-nin nüfuzunu qorumaq idi.

Fəqət, AXCP 28 sentyabr mitinqi ilə bağlı ikinci böhranla üzləşib.

Qətiyyətli və inadkar demokrat, vətəndaş haqları və insan hüquqları uğrunda yorulmaz mübariz, hakimiyəti az qala hər an devirə biləcək potensiala malik siyasətçi, daha doğrusu lider obrazı yaratmaq üçün bütün vasitələrə əl atmış Əli Kərimliyə ən ağır zərbəni də elə 28 sentyabr mitinqi vurur.

Mitinq yeri qismində Lökbatanın göstərilməsindən sonra Əli Kərimlinin sosial şəbəkələrdəki paylaşımlarına, müxtəlif ölkələrə sığınmış “müstəqil bloqer”lərlə “azad jurnalist”lərin YouTube kanallarına verdikləri müsahibələrini diqqətlə izlədim.

Əli Kərimli çox bəsit şəkildə bəraət qazanmağa çalışır, bugünkü mitinqin niyə baş tutmadığının səbəblərini açıqlamağa can atırdı.

Onun arqumentləri arasında əsas yeri Lökbatanın uzaq olmasının təkrarı tuturdu.

Lökbatan uzaq deyil, Bakıya bitişikdir, hətta Bakıdır.

Axı necə olur ki, hər il yanvarın 31-də və mayın 28-də Novxanıya AXCP funksionerləri, üzvlər və fəallar yollana bilirlər, orada aksiya keçirirlər, amma indi Novxanı ilə müqayisədə xeyli yaxın olan Lökbatan AXCP sədrinə bunca uzaq gəlir?!

Əli Kərimli şəhərin gur yerlərindən birində mitinq keçirilməsinə icazə istəyir.

Məramı aydındır: məsələn, Ə.Kərimlinin tələb etdiyi kimi, metropolitenin “28 May” stansiyasının qarşısındakı meydanda mitinq olarsa, oraya yığışacaq 2-3 min cəbhəçidən savayı məkanda jurnalistlər və polislərlə yanaşı, nə baş verdiyinə baxmaq istəyən minlərlə insan olacaq.

Beləcə, Əli Kərimli həmişə arzusunda olduğu izdiham effektinə nail olacaq, foto və videoçəkilişlər apartdıraraq sosial şəbəkələrdə paylaşacaq, ən sevimli ifadələrindən olan “Baxın, dostlar, görün, xalq bizi necə dəstəkləyir!” ifadəsini sevincək yazacaq, deyəcək.

Halbuki Lökbatandan etiraz AXCP-nin ən fəsadlı taktiki qərarlarından biridir.

Nədən ki, Lökbatanda təqribən 35 min nəfər yaşayır və onların 10-12 min nəfəri mitinqə qatılası yaşdadır.

Bundan başqa, hər an on minlərlə insanın olduğu “Binə” və “Sədərək” ticarət meqamərkəzləri də yaxınlıqdadır.

Lökbatanda mitinq olardısa, həmin aksiyaya, sadəcə, tamaşa etmək üçün minlərlə “əlavə fərd”, yəni AXCP-nin nəzərdə tutmadığı şəxslər qatılacaqdı.

Ə.Kərimli uğursuzluğunu uğura, yasağı üstünlüyə döndərə bilərdi.

Bilmədi, çünki ona hələ də inananlara, mitinqin hər şeyə rəğmən baş tutacağına şübhə etməyənlərə xəyanət etdi.

O, mitinqə icazə verilməyəndən sonra tərəfdarlarını və ümumiyyətlə, AXCP üzvlərini etiraz aksiyasına çağırmadı, belə aksiyanın baş tutması üçün heç nə etmədi. Dəfələrlə yazdığım və dediyim kimi, Ə.Kərimli real işə hazır olmadığını göstərərək sosial şəbəkələrdə açıqlamalara üstünlük verdi və beləcə, virtual müxalifət olduğunu bir daha sübut etdi.

Ölkə müxalifətinin lideri kimi təqdim olunan Ə.Kərimli illərdir ki, “inqilaböncəsi vəziyyət, xalqın səbr kasasının daşmasına az qaldığı”ndan bəhs edir.

Halbuki heç bir inqilabi situasiya Ə.Kərimlinin renomesini xilas edə bilməz, çünki o, hakimiyyət üçün ciddi və kritik inqilaböncəsi vəziyyəti yarada bilmir, buna qadir də deyil.

…. Lökbatanda mitinq keçirmək hakimiyyətin Əli Kərimliyə verdiyi şansdı. Lakin şablon düşüncə, stereotipləşmiş təfəkkkür, siyasi lider üçün zəruri içgüdü hissinin yoxluğu AXCP üçün uğursuz vəziyyəti uğura döndərə bilmədi.

Bilməyəcək də.

19 ildən bəri dəyişməyən insanın bundan sonra dəyişmə ehtimalı, sadəcə, yoxdur.

Şərh əlavə et