Elçin Alıoğlunun

İrəvan Moskvaya xəyanət edir: Paşinyan təhlükəli oyuna başlayıb

Ermənistanın Apellyasiya məhkəməsi sabiq prezident Robert Köçəryanın zaminə buraxılması barədə qərarı ləğv edərək onu yenidən həbs edib.

Köçəryanın vəkilləri qərardan 15 gün ərzində şikayət verə bilərlər. Hakimin dediyinə görə, R.Köçəryanın zaminə buraxılması üçün ödənmiş məbləğ geri qaytarılacaq.

R.Köçəryan və onun vəkilləri Apellyasiya Məhkəməsinin dünənki iclasına qatılmayıblar. İclasda iki məsələyə baxılırdı: Ermənistan Baş Prokurorluğunun R.Köçəryanın zaminə buraxılması barədə İrəvandakı Nor Nork məhkəməsinin hökmündən və bu cinayət işinə baxışın dayandırılmasından şikayətlər.

Ötən ilin 26 iyulunda Ermənistanın Xüsusi İstintaq Xidməti 2008-ci ilin martın 1-də İrəvandakı etiraz aksiyalarının xüsusi amansızlıqla dağıdılması ilə bağlı cinayət işinin tərkibində Robert Köçəryanı konstitusion quruluşu devirmək cəhdində ittiham etmişdi.

Ertəsi gün R.Köçəryan həbs olunmuşdu.

Bu ilin may ayında R.Köçəryan Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan və Xankəndidəki xuntanın keçmiş başçısı Arkadi Qukasyanın öhdəlikləri əsasında zəmanətə buraxılmışdı. Daha sonra Nor Nork məhkəməsi R.Köçəryanla bağlı cinayət işini dayandırmışdı və iş Konstitusiya Məhkəməsinə göndərilmişdi.

Robert Köçəryan xüsusilə böyük məbləğdə rühvət almaqda da suçlanır. O, bütün ittihamları rədd edir və cinayət işini “saxta əsaslı siyasi təqib” kimi dəyərləndirir.

Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişindən sonra ölkənin sabiq müdafiə naziri Mikael Harutyunyan və MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi, 2008-ci ildə Ermənistan ordusunun generalı olmuş Yuri Xaçaturov da həbs olunublar.

Xatırladaq ki, 2008-ci ildə İrəvanda on minlərlə erməni küçələrə çıxaraq prezident seçkilərinin sonuclarına etiraz etmişdilər. Seçkilərdə sabiq prezident Levon Ter-Petrosyan o dönəmdəki baş nazir Serj Sarqsyana “məğlub olmuşdu”.

Ermənilər də seçkilərin nəticələrinin dəyişdirilməsinə, total saxtakarlığa və qanun pozuntularına qarşı çıxmışdılar.

Aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilmişdi. 10 nəfər həlak olmuş, 204 nəfər yaralanmışdı.

… Robert Köçəryan zaminə buraxılaraq azadlığa çıxandan sonra Ermənistanda ciddi dəyişikliklər başlanıb. Xüsusilə də məhkəmə-şüquq sistemində. Belə dəyişikliklər prosesində önəmli mərhələlərdən biri elə Robert Köçəryanın təkrar həbsi ilə bağlı qərardır.

Heç şübhəsiz ki, Ermənistanın sabiq prezidentinin, habelə “karabaxtsi” adlandırılan, əslən Dağlıq Qarabağdan olan ermənilərin Ermənistandakı liderinin yenidən həbsxanaya atılmasında Rusiyanın ölkədəki səfiri Sergey Kopırkinin son addımları müstəsna rol oynayıb.

S.Kopırkin Ermənistanın sabiq prezidenti, cinayət məsuliyyətinə cəlb olunan və İrəvandakı Nor Nork məhkəməsnin qərarı ilə zaminə buraxılan Robert Köçəryanla görüşüb. Bu görüşdən sonra S.Kopırkin Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanla bir araya gəlib və ona açıq şəkildə deyib ki, R.Köçəryanın həbsini Moskva “arzuolunmaz səhv” sayır, Köçəryanın özünü isə “Moskvanın sadiq dostu” saymaqda davam edir.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın təqiblərə məruz qalması, Köçəryanın həbs olunması, sonra da onu zaminə buraxan məhkəmənin hakimlərinin qeyri-rəsmi olaraq az qala “xalq düşmənləri” elan edilməsi – bütün bunlar, sadəcə, Bako Saakyanla Xankəndidəki xuntanın sabiq rəhbəri Arkadi Qukasyanın İrəvandakı Nor Nork məhkəməsinə yollanaraq nümayişkaranə şəkildə R.Köçəryanı zaminə götürmələri ilə bağlı deyil.

Saakyan-Qukasyan dueti həmin olayı siyasi şouya çevirmiş və bununla da Ermənistanın baş nazirinə aşkar messic yollayaraq “Hələ zəifləməmişik, səni də devirə bilərik!” xəbərdarlığı etmişdilər.

Paşinyansa daxildəki “əksinqilab hidrası”nın çoxsaylı başlarını kəsməyə çalışmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsi müstəvisində Ermənistanın son dönəmlərdə məruz qaldığı geriləmələrlə məğlubiyyətləri dayandırmağa can atır.

Robert Köçəryanla bağlı qapılar arxasında, tet-a-tet görüşən Rusiya səfiri müzakirə edilən mövzular barədə açıqlama verməyib. Doğrudur, ertəsi gün Rusiyanın İrəvandakı səfirliyi bəyanat yaymışdı: “Səfir Ermənistanın ictimai-siyasi xadimləri ilə silsilə görüşlərə başlayıb”.

Bəs niyə tet-a-tet?

Kopırkinin Köçəryanla, sonra da Hrayr Tovmasyanla görüşməsi Ermənistanın baş naziri Nikol Paşinyanı çox sinirləndirdi. Səfir Ermənistan XİN-ə çağırıldı, ona “ölkənin daxili işlərinə müdaxilənin yolverilməz olduğu” deyildi.

Rusiya səfirinin sabiq prezident Robert Köçəryanla görüşməsinin əslində Moskvanın İrəvana sərt xəbərdarlığı mənasını verdiyini Paşinyan əla anlamışdı. Ona görə də səfirin davranışı və bəyanatları Ermənistanla Rusiya arasındakı münasibətlərdə indiyədək misli görünməmiş qarşıdurmaya, sərinləşməyə səbəb oldu.

Bu azmış kimi S.Kopırkinin Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanla yenə də mediaya qapalı görüşü, həmin görüşdən cəmi iki saat sonra Vaqe Qriqoryanın “Konstitusiya Məhkəməsinin sədri səlahiyyətlərini icra etməyə hazıram” deməsi İrəvanın səbr kasasının dolduğunu göstərirdi.

Köçəryanın yenidən həbs olunması isə səfirin Hrayr Tovmasyanın nədən danışdığını təxminləməyə imkan verir.

N.Paşinyanın nəzarətində olan media bu gün “Rusiya Ermənistanda bilərəkdən və nümayişkaranə şəkildə məğlubiyyətə oynayır” tipli başlıqlarla məqalələr dərc ediblər.

Ermənistanın baş naziri “cib mediası” vasitəsilə Moskvanın nəzərinə çatdırır ki, İrəvan bundan sonra da Rusiyanın Cənubi Qafqazdakı forpostu, daha doğrusu, quberniyası rolunu oynamaq niyyətində deyil.

Bütün bunların Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin qısa olsa da, Nikol Paşinyanla görüşündən sonra başlanması da diqqətdən yayınmamalıdır.

Hadisələrin freymi də maraqsız deyil. Məsələn, Azərbaycan və Ermənistanın XİN başçıları Vaşinqtonda görüşdülər, ondan əvvəl Azərbaycanın müdafiə naziri bəyan etdi ki, Dağlıq Qarabağ və erməni işğalında olan ərazilərin azad edilməsi üçün danışıqların potensialı tükənərsə, savaş istisna deyil.

Bu fonda Gürcüstanda Rusiya əleyhinə aksiyalar başlandı, Qüdsdə isə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla “qəflətən” bir araya gəldilər və həmin danışıqlardan sonra İsrailin baş naziri Binyamin Netanyahu “Suriya ilə bağlı razılaşma əldə olundu” dedi.

İyunun 18-də isə Rusiyanın UFA şəhərində MDB ölkələrinin Təhlükəsizlik Şuralarının sədrlərinin toplantısı çərçivəsində Nikolay Patruşevlə Aram Qriqoryan arasında danışıqlar oldu.

Və ən nəhayət, Robert Köçəryanın təkrar həbsi ilə bağlı Apellyasiya Məhkəməsinin qərarının açıqlanmasından cəmi bir neçə dəqiqə sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistanın baş prokuroru Artur Davtyanla görüşməsi barədə xəbər yayıldı.

Sadalanan məqamlar göstərir ki, İrəvandakı hakimiyyət R.Köçəryanın həbsini az qala tarixi missiya sayır, Rusiyanın Ermənistandakı təsir imkanlarının zəiflədilməsi və müdaxilə rıçaqlarının sıradan çıxarılmasına yönəlmiş prosesin ilkin mərhələsi qismində görür.

Nikol Paşinyan Rusiya qarşısında şərt qoyub: ya Rusiya regiondakı roluna yenidən baxaraq Ermənistanın Qərbə meyllənməsi ilə barışmalı, ya da Ermənistanda ABŞ-a uduzacağını etiraf etməlidir.

Oyunda Robert Köçəryan sadəcə, qurban verilib.

Rusiya Nikol Paşinyanın onu “dilemma” qarşısında qoyması ilə barışan deyil.

Ermənistanı indi doğrudan da, çox çətin, ağır sonuclar verə biləcək günlər gözləyir.

Şərh əlavə et