Elçin Alıoğlunun

İnamı satışa çıxarıb qanunu heçə sayan İuda

Siyasətlə məşğul olmaq həvəsdən savayı, məntiq, ağıl və ən başlıcası, hadisələri qismən də olsa, dəqiq dəyərləndirməyi tələb edir. Üstəlik, özünü potensiallı və perspektivli siyasətçi hesab edən kəs mübariz, mətin və cəsur olmalıdır.

Mübarizlik avantüra, mətinlik aqressiya, cəsurluq isə demaqogiya ilə əvəzlənəndə ortaya AXCP sədri+bloqer Əli Kərimli obrazı çıxır.

Cənab Kərimli həmişəki ampluasına sadiq qalan adamdır. Əsla dəyişməyib və əfsuslar olsun ki, dəyişməsinə heç bir ümid yox. O, hələ də 1990-cı illərin aurasından qurtula bilmədiyindən 26 illik yuxusundan ayılmayıb, 21-ci əsrin çağırışlarını, geosiyasətin dəyişən şərtlərini, siyasətin yenilənən tələblərini qəbul etmir.

Edə bilmir və əslində bilməz də – çox istəsə belə.

Əli Kərimli ona hələ də inanan adamları, xüsusilə AXCP-nin və xüsusilə də onun sədrinin keçmişindən bixəbər olan gənclər “Əli bəy!” qışqırır, sosial şəbəkələrdə onun “mürid”liyini edir və bu minvalla sosiopat trollara çevrildiklərinin fərqinə varmırlar.

Ə.Kərimli tərəfdarlarının, hədəf kütlə saydığı insanların və istifadə etməyə çalışdığı adamların taleləri ilə oynamaqdan sanki həzz alır.

Saatlarla danışa bilən və bu baxımdan Venesuelanın mərhum prezidenti Uqo Çavesin çox pis inikasına bənzəyən sədr+bloqer söz yığınından, bəlağəli ifadələrdən, ona bələd olmayan və hazırlıqsız insana inandırıcı təsir bağışlayacaq “fakt”lardan yararlanır, daimi obrazından yararlanır.

Həmin obrazsa “Bu hakimiyyət getməlidir!” nəqaratı üzərində köklənmiş marionetin ifasıdır, vəssalam.

Olan AXCP-nın sıravi üzvlərinə, illah da məntiqləri sadəlövhlük həddindəki gənclərə olur.

Belə gənclərdən dörd nəfəri həbs olunub.

Mübariz Abdulkərimov 15 sutka, Ceyhun Novruzov – 10 sutka, Vilayət Məmməddov – 30 sutka, Səhlədar İsgəndərli isə 60 sutka müddətinə azadlıqdan məhrum edib.

Səbəb: bu şəxslərin Əli Kərimlinin vədlərinə inanaraq obrazına aldanmaları və qanunu pozmaları, hüquq çərçivələrindən çox kənara çıxmalarıdır.

Əli Kərimliyə də bu gərəkdir. Bəli, səhv oxumadınız və AXCP sədrinə qərəzli münasibət də yoxdur: o, vasitə qismində yararlanmağı planlaşdırdığı insanların həbsindən də siyasi xal qazanmaq, olmayan siyasi çəkisini artırmaq üçün istifadə edir.

26 ildir belədir.

Sadaladığım 4 şəxsin həbsindən az sonra Əli Kərimli Facebook səhifəsində güya qəzəbli və qəmli paylaşım edərək “Rejimin AXCP-yə qarşı yay hücumu davam edir” marazmı ilə başlayan statusunda yazıb: “Yalnız son 4 gündə 4 nəfər AXCP fəalı şərlənərək həbs olunub. Deməli, vəziyyətləri bizim düşündüyümüzdən də pisdir. Nə cəbhəçiləri, nə də bütövlükdə xalqımızı qorxuda biləcəklər. Qorxunun onsuz da əcələ faydası yoxdur. Ölkənin mərd, mübariz insanlarından əl çəkin!”

Bu paylaşımda hər cümlə paradoks, yalan və tərəfdarların sakitləşdirilməsi ilə yanaşı, potensial seçici kütləsini yanıltmağa yönəlmiş xitablardır.

Əvvəla, AXCP sədri+bloqerin, habelə onun troll dəstəsinin inadla “rejim” adlandırdıqları hakimiyyətin müxalifətə hər hansı formada hücumu yoxdur, olmayıb.

Səbəb bəsitdir, çünki hücum ediləsi obyekt ortada gözə dəymir. AXCP sədri var qüvvəsi ilə, illər boyu səngiməyən volüntarizmi, əcaib idarəçiliyi, saxtakarlığı və tamahkarlığı ilə zəiflətdiyi siyasi təşkilatı nəyəsə qadir sayırsa, yanılır.

AXCP-yə ən böyük, ən ağır zərbəni elə Əli Kərimli vurub və o zərbələrdən sonra özünə gələ bilməyən təşkilat indi can üstədir.

Belədirsə, AXCP-nin nə potensialı, resursu, gücü və hadisələrə təsir imkanları var ki, hakimiyyət təşvişə düşsün, təlaşlı addımlar atsın və uğursuz bloqerin təbiri ilə desək, “hucum”a keçsin?!

Tutulan şəxslərin hamısı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinəə uyğun, yəni kiçik xuliqanlığa görə saxlanılıb.

Və əgər kiçik xuliqanlar Əli Kərimlinin siyasi potensialının, xüsusilə də “rejimin hücumu”nun göstəricisidirsə, belə partiya sədrinin məntiqi dərin şübhələr doğurur.

Əli Kərimli daha sonra hiddətlə vurğulayır ki, AXCP üzvlərinin həbs olunması sən demə, “repressiya” imiş. Yenə də qüsurlu məntiq, əsl demaqogiyaya. Əcəba, AXCP üzvü olmaq vətəndaşa qanunu pozmaq, xuliqanlıq törətmək hüququ verirmi və ya bu partiyanın sıralarında mənsub olmaq toxunulmazlıq statusu qazandırırmı?

Qanun qarşısında hamı eynidir: AXCP üzvləri də, üzv olmayanlar da.

Və ən nəhayət, Əli Kərimli ölkədə yeganə siyasətçidir ki, de-yure rəhbərlik etdiyir partiyanın üzvlərindən kimsə cinayət məsuliyyəttinə cəlb olunanda bununla fəxr edir, siyasi reklam vasitəsi qismində yararlanır.

Qərb insanı yaşananları partiyanın təqiblərə məruz qalması yox, asosial elementlərə meylli olması kimi də dəyənləndirə bilər.

Protest elektoratı ilə sosial baza anlayışlarını daim qarışdıran Əli Kərimli illərdir ki, eyni üsuldan yararlanır, partiya üzvləri olan gəncləri heç bir motivi olmayan aqressiyaya sürükləyir, onları qanunları pozmağa təhrik edir. Dövlət də qanun pozuntusunun qarşısını almaq üçün gərəkli tədbirlərə əl atanda, yaxud qanun pozucularını cəzalandıranda da demaqogiyaya başlayır, saxlananları və tutulanları “rejim qurbanları” qismində qələmə verməyə çalışır.

AXCP üzvləri arasında həbslər Əli Kərimli üçün çoxdan alt-üst olmuş reytinqini bərpa etmək, siyasi dividentlər əldə etmək imkanı təsiri bağışlayır.

Hakimiyyətin bu şəxs qarşısında mifik “qorxu”suna gəldikdə isə, qorxan əslində AXCP sədri+bloqerin özüdür.

Müxalifət düşərgəsində, hətta ən radikal müxalifətçilər arasında nüfuz sahibi olmayan, yalnız bir dəstə tərəfdarının və sosial şəbəkədəki trollarının vasitəsilə hələ də siyasi arenada qalmağı bacaran Əli Kərimli illüziyalarını reallıq saymağa davam edir.

Onun məqsədi anlaşılandır. Azərbaycanda üzvləri arasında ən çox həbsə məruz qalanların statistikası vasitəsilə o, daha çox siyasi xal toplamaqla yanaşı, xaricdəki psevdohumansit və kağız üzərində qeyri-kommersiya, qeyri-dövlət təşkilatlar və fondları olan, əslində isə bilavasitə bu və digər dövlətlərin xüsusi xidmət təşkilatlarının nəzarətindəki qurumlardan daha çox maliyyə almağa can atır.

Eyni zamanda o, AXCP-ni bütün müxalif partiyalardan fərqli olaraq, ən qətiyyətli, cəsarətli və mətin təşkilat, hakimiyyətə yeganə alternativ kimi qələmə verməkdədir.

Bu isə artıq siyasi fəaliyyət yox, yeni ucuz və bəsit miflərin yaradılması ilə məşğul olan həvəskar bloqerin yaradıcılığıdır.

Şərh əlavə et