Elçin Alıoğlunun

İlham Əliyev Paşinyanı yerində oturtdu

Azərbaycanlıların, rusların, yəhudilərin, belarusların, polyakların, ukraynalıların kütləvi şəkildə qətlə yetirilməsində bilavasitə əli olan, onlarla, yüzlərlə qətliamı törədən, nasist Almaniyasında Holokostu dəstəkləyən və “yəhudiləri də türklər kimi məhv etmək gərəkdir” deyən bir cəllad kimdir? Bütün normal insanlar üçün məhvi gərəkən cinayətkar. Ermənistan üçünsə qəhrəman…

Faşizmin qəhrəmanlıq, nasistlərə xidmətin və nasist ideologiyasının daşıyıcı olmağın da “millət qarşısındla tarixi xidmətt” kimi təqdim olunması absurd yox, siyasi əxlaqsızlıq və cinayətdir.

Ermənistanın daxili siyasəti yalan, xarici siyasəti marazm prinsiplərinə əsaslandığından İrəvanda millətçi, zooloji şovinist və faşist Qaregin Njdenin abidəsinin ucaldılması əslində təəccüblü məsələ deyil.

Prezident İlham Əliyevin Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən söylədiyi həqiqətlər də qonşu, amma işğalçı ölkənin anormal idarəetmə ideologiyasının tarixi məsuliyyət daşımasının vurğulanması oldu.

Zirvə görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət idi. Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış bir oyuq, həmin oyuqda “Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb “Bakı” sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni, bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı.

Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər. Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi. Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May – Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir.

“Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”, – İlham Əliyev deyib..

İlham Əliyevin nitqindəki bu hissə gerçəkdən də, epoxaldır, çünki aqressiv işğalçılıq siyasəti yürüdən Ermənistanın əslində nasist ideologiyasını qəhrəmanlaşdırması, faşistlərə xidmət etmiş insanları “millət inciləri” sayması kimi çox təhlükəli ideologiyanın daşıyıcısı olan psevdoelita tərəfindən illərdən bəri idarə olunduğu vurğulanıb.

Azərbaycanın dövlət başçısı deyib: “Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

İkinci Dünya Savaşında 30 milyona yaxın insanını qurban vermiş postsovet ölkələrində indi faşizmin qəhrəmanlıq qisminlə təqdimatı mənəviyyatsızlıq olmaqla yanaşı, çox təhlükəli məsələdir.

Ermənistanın siyasi elitası bunu anlamayıb, anlamır və görünən odur ki, anlamayacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan cavab verməyə çalışıb.

Onun sözlərinə görə, sən demə, Qaregin Njde “türk işğalına qarşı vuruşub”: “Njdenin Vladimir həbsxanasında ölməsi isə onun sovet xalqının düşməni olduğunu göstərmir. Tarixi subyektiv interpretasiya etməyə can atmayaq”.

N.Paşinyan yenə də yalan danışır.

Özü də bilərəkdən, həyasızlıqla, məntiq və vicdan hisslərini tamamən itirərək.

Çünki…

Qaregin Ter-Harutyunyan Birinci Dünya Savaşında Osmanlı Türkiyəsinə qarşı vuruşub. 1920-ci ildən sonra isə bolşeviklərə qarşı döyüşən erməni yaraqlıların dəstələrindən birinə başçılıq edib. 1920-ci ildə “Muxtar Sünik Respublikası”nı elan edən və bu “respublika”nın başçısı olduğunu bildirən Q.Njde sonradan Dağlıq Qarabağa qaçıb və orada “Lernayastan Respublikası”nı yaratdığını demişdi.

Zəngəzürda azərbaycanlılara divan tutan, onlarla, yüzlərlə kənddə soydaşlarımıza qarşı əsl soyqırımlar törədən Q.Njde Ermənistanda sovet hakimiyyəti qurulandan sonra İrana, oradan da Bolqarıstana qaçmışdı.

1944-cü ilədək Sofiyada yaşamış Njde Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Balkan bölməsinin rəhbəri idi.

1942-ci ildə nasistlərin təşəbbüsü və göstərişi ilə “Erməni Milli Şurası” (“Armenischen Nationalen Gremiums”) yaradılmışdı. Berlin Universitetinin professoru, nasist və daşnak Artaşes Abbeqyanın başçılıq etdiyi şuranın sədr müavini Qaregin Njde idi.

Şuranın rəhbərliyi – Artaşes Abeqyan, Qaregin Njde, Abram Fulşandyan, Harutyun Baqdasaryan, David Davidxanyan, Vahan Papazyan, Dro Kanayan və Der Tovmasyan nasist Almaniyasında “Şərq işğal olunmuş ərazilərin naziri” Alfred Rozenberqə birgə məktubla müraciət edərək sovet Ermənistanı ərazisində alman koloniyalarının yaradılmasınnı təklif etmişdilər.

Qaregin Njde digər məktubunda nasistlərdən Türkiyəyə hücum etmələrini və “türkləri məhv etmələrini” təvəqqe etmişdi. Nasistlərin “general” rütbəsi verdikləri Q.Njde erməni hərbi əsirlərdən ibarət “Ermənistan legionu”un yaradılmasında çox fəal iştirak etmişdi.

Həmin legion sonradan Şimali Qafqazda və Qərb cəbhəsində faşist ordusunun tərkibində vuruşmuşdu.

On minlərlə azərbaycanlının qatili Qaregin Njde həm də minlərlə yəhudinin cəlladı, İkinci Dünya Müharibəsi illərində nasistlərin törətdikləri məşum Holokostu bəyənən və təqdir edən manyakdı.

Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan və bu kimi daha neçə “yan”lar – faşistlər, sadistlər, cəlladlar, manyaklar, qatillər… Ermənistan rəhbərliyi, bu ölkənin siyasətçiləri, din xadimləri, mediası həmin cinayətkarları “millətin şanlı tarixini yazan adamlar” sayır, qəhrəmanlaşdırır.

Maniakallığın igidlik, cəlladlığıın şücaət, sadizmin də qəhrəmanlıq sayıldığı ölkənin aqressiv işğalçı siyasəti yürütməsi, qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməsi və ümumiyyətlə, siyasi nonbrilizm mərəzinə tutularaq özünü az qala “Kainatın mərkəzi”, “dünyanın ən qədim və ən mədəni xalqı” saymasına təəccüblənməyə dəyərmi?!

Bu, kliniki kütləvi psixozun bir sönü, sindromu olan “haizm” mərəzidir.

Faşizmin qəhrəmanlaşdırılması isə çox, amma çox təhlükəli məsələdir.

Alman nasiszminin ideologiyasının daşıyıcıları olmuş adamların, kütləvi qırğınlar və qətliamlar törətmiş şəxslərin “xatirə”lərinin “əziz” tutulması, onlara abidələrin ucaldılması Ermənistanda siyasi rəhbərliyin aqressiv şovinizm və ifrat millətçilik ideyalarının daşıyıcısı olduğunu göstərir.

Qaregin Njgdenin abidəsinin İrəvanın mərkəzi meydanlarından birində ucaldılması və indi də erməni bayramlarında o abidənin önünə yürüşlər edilməsi, çiçəklərin qoyulması Ermənistanda təhlükəli ideoloji sapıntılardan ibarət düşüncənin hakim olduğunu göstərir.

Söz yox, belə düşüncəyə və ideologiyaya Ermənistanın özündə etiraz edənlər var, onların sayı artmaqdadır və bu insanlar erməni soydaşlarını təhlükəli, uçuruma aparan yoldan çəkinməyə çağırırlar. Fəqət, həmin adamların sayı azdır. Daşnaklarla, zooloji millətçilərlə, mağara şovinistləri  ilə müqayisədə çox az.

MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın faşistləri qəhrəmanlaşdırmaqda suçlanması əslində bəşəriyyətin faşizm ideologiyasının daşıyıcılarına qarşı yeni ittihamı olmaqla yanaşı, postsovet məkanındakı bütün ölkələrə çağırış idi.

Çağırış konkret və aydındır: Ermənistanı indi faşizmə rəğbət bəsləyən insanlar idarə edir və onlar, sələflərinin yürütdükləri aqressiv, şovinist siyasəti davam etdirirlər.

Multikultural dəyərlərin heçə sayıldığı, tolerantlığın ümumiyyətlə olmadığı, monoetnik dövlətə çevrilərək “Ermənistan ermənilər üçün!” təki sərsəm ideyanın hakimiyyətin taktikasına çevrildiyi ölkə sadəcə, Cənubi Qafqaz regionu üçün təhlükə mənbəyi deyil.

Nikol Paşinyanı “demokrat, sivil hökumət başçısı” hesab edən Qərb də artıq Ermənistanda nələrin yaşandığı etiraf etməlidir.

Əks təqdirdə elə həmin Qərb ikili standartlar siyasəti yürütdüyünü etiraf etməklə yanaşı, kiçik, iqtisadiyyatı dərin böhranda, siyasəti aqressiv ritorikalı, günbəgün geriləyən Ermənistanda faşizm taununun bəsləndiyini görməli və bu mərəzin qarşısını almalıdır.

Yoxsa çox gec olacaq.

Şərh əlavə et