Elçin Alıoğlunun

Həqiqəti və əxlaqı tamaha qurban verənlər: Sara və komandası əslində kimdir?

Avropada yəhudilərin ən çox təqib olunduğu, özlərini narahat hiss etdikləri, antisemitizmin ən geniş vüsət alaraq iyrənc formalara düşdüyü ölkə var. İsraili və Azərbaycanı sürəkli tənqid edən, amma terrorizmi dövlət siyasətinə çevirmiş işğalçı və aqressiv Ermənistanı inadla görməyən təşkilat var.

Bu, Qərb demokratiyasının, xüsusilə də “insan haqlarının müdafiəsi və demokratik dəyərlərin dəstəklənməsi” ilə məşğul olduqlarını vurğulayan, fasiləsiz bəyan edən beynəlxalq təşkilatlar çoxüzlü, yalançı, merkantil maraqlar güdən strukturlardır.

… Fransada yəhudilərə qarşı təqiblər, antisemitizm elə bir dözülməz həddə çatıb ki, Ümumdünya Sionist Təşkilatı (World Zionist Organization, WZO) İsrailin hakimiyyət dairələrinə “Təcili Təlxiyyə Planı” təqdim edib.

Plan Fransadakı təxminən 50 min yəhudinin ən qısa müddətdə, 500 min yəhudinin isə bundan sonrakı bir neçə ildə ölkədən çıxarılmasını nəzərdə tutur.

İsrailin immiqrasiya və absorbsiya naziri Pnina Tamano-Şataya Fransadakı yəhudilərin İsrailə köçürülməsi ilə bağlı planı artıq təqdim edib.

WZO-nun baş direktorunun müavini Yakov Haqoelin dediyinə görə, Fransadakı yəhudilər ölkəni tərk edərək dünyanın başqa dövlətlərinə mühacirət edə bilərlər: “İsrail isə əlindən gələni etməlidir ki, həmin yəhudilər İsrailə yollansınlar. Fransadakı yəhudi icması İsrailə böyük xeyir verə bilər. Fransada vəziyyət günbəgün ağırlaşır. İqtisadi vəziyyət pisləşir, antisemitizm artır, ölkədə ekstremistlər və radikal “cihadçı”ların sayı çoxalır”.

Fransada antisemitizm o həddə çatıb ki, sosial şəbəkələrdə artıq koronavirus pandemiyasının belə “yəhudilərin əməli” olduğu vurğulanmağa başlayıb.

Ölkənin sabiq səhiyyə naziri Anyes Buzinin karikaturasında isə o, böyük və donqar burunla çəkilib. Buzinin yəhudi olduğuna bu minvalla işarə vuran rəssam onu su quyusuna zəhər tökən qadın kimi təsvir edib.

Qondarma “erməni soyqırımı”nı rəsmən tanıyan, erməni diasporunun təsirinin daxili siyasətə və ictimai həyata təsirinin az olmadığı Fransada yəhudilərin yaşamı budur.

O ölkədə ki, dünyanın az qala bütün başqa dövlətlərinə “demokratiya və insan haqları dərsləri” keçməyi siyasi məşğulluğun bir növü sayır.

Yəhudilər bunu gözəl bilirlər.

Məsələn, Corc Meyson Universiteti nəzdindəki Skaliya Hüquq Məktəbinin (George Mason University’s Scalia Law School) hüquq professoru, Yerusəlimdəki Kohelet Forumun əməkdaşı, konstitusion və beynəlxalq hüquq üzrə tanınmış ekspert, ərəb-İsrail münaqişəsi üzrə təhlillərin müəllifi Yevgeni Kantoroviç də bunu deyir.

…İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin salınmasına və tikilməsinə qarşı çıxan “fəallar”, sən demə, Dağlıq Qarabağda erməni işğalçılarının yerləşdirilməsini dəstəkləyirlər.

İfrat sol-radikal “Code Pink” qeyri-hökumət təşkilatı bu işdə xüsusilə fərqlənir.

Bu təşkilatın əsas məqsədlərindən və fəaliyyət istiqamətlərindən biri ABŞ-da, habelə dünyanın müxtəlif ölkələrində İsrail əleyhinə yürüşlər, mitinqlər, aksiyaların keçirilməsi, habelə ölkələrin İsraili boykot etməyə çağırmasıdır.

“Pink Code”un aksiyalarından biri “İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin inşasını dəstəklədiyi üçün” məşhur “Ahava” şirkətinin istehsal etdiyi kosmetik məhsulların boykotuna çağırışdır.

Maraqlı odur ki, “Pink Code”un bu kampaniyasının təşəbbüskarı, təşkilat  mənsublarını “ruhlandıran” adam erməni Nensi Kirkoryandır. Kirkoryan Azərbaycan ərazisi olan Dağlıq Qarabağda ermənilərin yerləşdirilməsi prosesinə maliyyə yardımları göstərən xeyriyyə təşkilatının rəhbəridir.

Erməni Kirkoryanın yəhudi qəsəbələrinə qarşı çıxaraq Qarabağda “erməni qəsəbələri”ni dəstəkləməsini “Kohelet Siyasi Forumu” (Kohelet Policy Forum) apardığı araşdırmalarla sübut edib.

“Görəsən, İsrailə qarşı çıxan və İsrailə düşmən kəsilən “Code Pink”, “Electronic Intifada” və başqa bu kimi təşkilatlar Kirkoryanın maskası yırtılandan sonra onunla əlaqələri kəsəcəklərmi? Kimsə bunu soruşmalıdır”,  – Y.Kontoroviç yazır.

Nensi Kirkoryan ABŞ və Fransadakı erməni diasporunun təşkilatı kimi təqdim edilən, əslində isə Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun strukturu olan “The Armenia Tree Project”in idarə heyətinin üzvüdür. Bu təşkilat isə erməni işğalında olan Dağlıq Qarabağa və ətraf rayonlara dünyanın müxtəlif ölkələrindən erməni köçkünlərin çağırılması, yerləşdirilməsi ilə məşğul olur.

“Dağlıq Qarabağ Azərbaycan ərazisidir və 1990-cı illərin əvvəllərində başlanmış savaş, əslindəsə Azərbaycana qarşı terror və ekstremizm fəaliyyəti nəticəsində erməni işğalına keçib. Bunun nəticəsində yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağı və erməni işğalındakı əraziləri tərk edib. Ermənistan illərdir ki, həmin ərazilərə erməniləri yerləşdirməyə çalışır. “The Armenia Tree Project”in də qarabağlı ermənilərlə Ermənistanın qanunsuz niyyətlərini dəstəkləməsi təəccüblü deyil. Ermənistanda və erməni diasporunda “sülhməramlı” təşkilatlar arasında biri də yox ki, Dağlıq Qarabağın erməni işğalını dəstəkləməsin. Ermənilər üçün “The Armenia Tree Project” önəmlidir. Amma “Pink Code” İsraildən fərqli olaraq, Ermənistanı boykota çağırmır”, – Kontoroviç yazır.

“Pink Code”un və ermənilərin davranışı ikiüzlülük, yalandır.

Kirkoryan BMT-nin işğal olunmuş saydığı və bəyan etdiyi Dağlıq Qarabağdakı işğalçılığı dəstəkləyir, amma elə həmin BMT-nin işğal ərazisi saydığı İordan çayının qərb sahilindəki olayları qətiyyətlə pisləyir.

Sərbəst toplaşmaq, söz və ifadə azadlıqlarının demokratiyanın məhək daşları olduqlarını iddia edən beynəlxalq təşkilatların baş ofislərinin yerləşdikləri Avropada soydaşlarımız orduya dəstək aksiyalarına çıxdılar. Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu düşmənin hücumuna məruz qalanda, döyüşlər başlananda Qərb susurdu.

Ermənistan ordusunun bütün təxribatlarının və hücumlarının qarşısını Milli Ordumuz qəhrəmancasına, rəşadətlə aldı. Lakin hərbçilərimiz arasında şəhid düşənlər, dinc sakinlər arasınlda həlak olanlar oldu.

Döyüşlər barədə xəbərlər dünyaya yayıldı və təbii ki, müxtəlif ölkələrdəki azərbaycanlı diaspor mənsubları narahat oldular.

Onların dinc aksiyaları erməni icmasının üzvlərinin vəhşi, planlaşdırılmış hücumlarına məruz qaldı.

İyulun 21-də Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki konsulluğunun önündəki aksiyada ermənilər, əsasən də Daşnaksutyun mənsubları soydaşlarımıza hücum etdilər.

Minlərlə daşnakın yığışdığı küçələrdən irəli şığıyan yüzlərlə erməninin hücum etdikləri nümayişçilərimiz arasında 7 nəfər, o cümlədən bir xanım yaralandı.

Və bu, söz və sərbəst toplaşmaq azadlığının ən önəmli nəsnələrdən biri sayılan ABŞ-da baş verdi.

İnsan haqlarının müdafiəsinin özlərinin ümdə vəzifəsi elan etmiş “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi beynəlxalq təşkilatlar nəinki Los-Ancelesdə, habelə digər şəhərlərdə dinc aksiyalar keçirən soydaşlarımıza azğınlaşmış ermənilərin hücumları barədə bir kəlmə də demədilər.

Ümumiyyətlə, bu barədə həmin təşkilatların son hesabatlarında və informasiya bülletenlərində məlumat yoxdur.

Əslində, təəccüblənməyə heç bir səbəb yoxdur. Ölkəmizə və ümumiyyətlə, “hədəf” seçdikləri dövlətlərə – məsələn, İsrailə –  ifrat qərəzlə yanaşan bu strukturlar öz merkantil maraqlarından çıxış edərək işğalçı Ermənistanı daim müdafiə edirlər.

Beynəlxalq “Human Rights Watch” hüquq-müdafiə təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sara Li Uitson siyasi ikiüzlülüyün, ikili standartlar prinsipinin tipik təmsilçisi sayıla bilər.

Azərbaycana və İsrailə qarşı absurd ittihamlarla çıxış edib daim hücum çəkən Uistson Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşmaları ilə bağlı bir kəlmə də deməyib, deyənə də bənzəmir.

Corc Sorosun maliyyələşdirdiyi Kuinsi İnstitutunda bu yaxınlaradək tədqiqatlar və siyasət üzrə icraçı direktor olmuş Sara Li Uitson aşkar şəkildə erməniləri dəstəkləyir, bu minvalla HRW və Kuinsi İnstitutunun mövqelərini təkrarlayır.

Uitson ermənilərin işğal edilmiş Azərbaycan ərazilərində mskunlaşmalarında da qanunsuz heç nə görmür. 2018-ci ildə o, erməni işğalında olan Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılması prosesinin əsas maliyyə donorlarından olan Amerika Erməni Milli Komitəsi (ANCA) üçün vəsait toplanması kampaniyasında aktiv iştirak edib.

Uitson bəyanatlarında “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” deməkdən də çəkinmir.

ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri də eyni mövzunu işıqlandırılıb. Belə ki, nəşr Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən, Nyu-Yorkda mənzillənmiş “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını tənqid edən məqalə dərc edib.

Məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki “Kohelet Policy Forum” mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviç qeyd edir ki, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə xanım Uitson işğal ediliş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.

Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi Dağlıq Qarabağdır. Hansı ki, Ermənistan bu regionu üzücü müharibədə işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə işğal altında saxlayır. Və həmin vaxtdan etibarən Ermənistan rəhbərliyi həmin rayonlarda məskunlaşmanı fəal şəkildə dəstəkləyir. “Bir çox ermənilər Qarabağı öz tarixi vətənləri hesab edirlər. Lakin BMT, beynəlxalq təşkilatlar və ABŞ bu regionun işğal edilmiş Azərbaycan ərazisi olduğunu tanıyır.

Erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Və həmin Uitson, eyni zamanda, “Human Rights Watch” təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi. Habelə o, Twitter-də Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir.

Bu ziddiyyətin səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: “Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır”.

Lakin əslində, Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. O, eyni zamanda, Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir.

Qeyd edilənlərin hamısı xanım Uilsonun özünü insan haqları müdafiəçisi kimi göstərərək, əslində isə insan haqlarının ən böyük pozucusu olduğunu göstərir. Eyni zamanda, onun eyni məsələyə ikili standartla yanaşmasının təzahürüdür. Belə olan halda isə nə Uitsonun, nə də ki təmsil olunduğu “Human Rights Watch”un hər hansı açıqlaması, hesabatı bundan sonra da obyektiv, doğru-düzgün qəbul edilə bilməz. Çünki öz yurd-yuvasından qovulan insanlara, işğal altındakı ərazilərə öz dövlətin məskunlaşdırma aparmasına göz yuman qurum, heç vaxt insan haqları müdafiəçisi ola bilməz.

Uitson aşkar erməni aşinalığında, Azərbaycana və İsrailə qarşı düşmən mövqe tutmasında tək deyil. ABŞ-dakı Rokfeller qardaşlarının Fondu (RBF) fəaliyyətinin “daha dayanıqlı, səbatlı, ədalətli dünyanın bərqərar olmasına rəvac verəcək sosial dəyişikliklərə dəstək” olduğunu vurğulayır, amma İsrailə qarşı ən sərt sanksiyaların tətbiqini istəyir.

RBF-nin rəhbəri və Ermənistan prezidenti 2019-cu ilin fevralında görüşərək “əməkdaşlıq imkanları”nı müzakirə etmişdilər.

Və yaxıd digər struktur – beyünəlxalq “Demokratiyanın Müdafiəsi Fondu” (FDD). Bu təşkilat da Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olması, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktını az qala danır.

Bütun bunlar öz yerində, amma Ermənistanı və erməniləri dəstəkləyən QHT-lər, xeyriyyə təşkilatları, beynəlxalq qurumlar və siyasətçilər arasında hüquqi problemlər, korrupsiya və rühvətxorluq halları çox geniş yayılıb.

Məsələn, 2018-ci ildə “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan oğurluq, saxtakarlıq və mənimsəmədə suçlanaraq həbs olunmuşdu. ABŞ-ın Federal Təhqiqat Bürosunun sabiq agenti, sonradan QHT “fəalı” olan Babak Brumand isə Kaliforniya ştatında erməni mütəşəkkil cinayətkar qrupla bağlı vəkildən rüşvət almaqda suçlanaraq tutulmuşdu.

İşğalçı Ermənistandakı cinayətkar, kriminal rejiminin əməllərinə göz yuman, Azərbaycanı isə sürəkli olaraq “insan haqlarını pozmaq faktları”nda suçlayan çoxsaylı beynəlxalq təşkilatlara inanmaq olarmı?

Düşünmürəm…

Şərh əlavə et