Elçin Alıoğlunun

Final oyununa qarşı yeni oyun: Londonda bilet “sövdələşməsi”

Avropa Liqasının finalında, mayın 29-da Bakıda qarşılaşacaq “Arsenal” və “Çelsi” klubları UEFA-nın ayırdığı biletlərin bir qismində imtina etmək niyyətindədir.

Britaniyanın The Times qəzetində dərc olunmuş məlumata görə, iki klub toplam olaraq təqribən 6 min bileti geri qaytaracaqlar.

“Arsenal” rəhbərliyi final matçına indiyədək 3500, “Çelsi” isə 2000 bilet satdığını bəyan edib.

UEFA “Arsenal”la “Çelsi”nin hər birinə 5800 bilet ayırmışdı.

Halbuki “Arsenal” rəhbərliyi indiyədək dəfələrlə UEFA-ya və UEFA-dan şikayətlənərək “fanatlarımıza Bakıdakı matç üçün çox az bilet ayrılıb” tipli bəyanatlarla çıxış edirdi.

Fəqət, indi məlum olur ki, “topçular”ın azarkeşləri sevimli komandalarının Bakıdakı Olimpiya Stadionunda keçirəcəyi matça cəmi 3500 bilet ayırıblar.

“Arsenal”la “Çelsi”nin qaytaracaqları biletlər satışa çıxarılacaq və onları azərbaycanlı futbol azarkeşləri satın ala biləcəklər.

Bu kazusun səbəbi nədir və necə nəticələri ola bilər?

2018-2019-cu illər mövsümünün Avroliqasının final matçının Bakıda keçirilməsi barədə qərarı UEFA iki il əvvəl, 2017-ci ildə qəbul edib. Bakı digər iddialılarla müqayisədə daha üstün şərtlər və əlverişli şərait təklif etmişdi. Həmin vaxt finalın keçirilməsi üçün təklif verən şəhərlər arasında Seville və İstanbul da var idi.

Bu qərar İsveçrədə UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

UEFA məkanın iki il əvvəl seçildiyini diqqətə gətirib və bildirib ki, həmin vaxt hansı klubun finala seçiləcəyini bilmək mümkün deyildi.

“Bunu və ən əhəmiyyətlisi, coğrafi məkanı və ev sahibliyi edən şəhərdə və ondan ətrafda hava limanlarının daşıma gücünü nəzərə alaraq təxminən 15 000 izləyicinin (finalçıların azarkeşləri və ümumi izləyicilər) xaricdən gələcəyi hesab edilmişdi. Bu səbəbdən iştirakçı komandaların azarkeşlərinə, onların Bakıya müvafiq səyahətləri üçün zəmanət olmadan əlavə bilet təklifi məsuliyyətli seçim kimi qəbul edilməyib”, – UEFA-nın bəyanatında deyilirdi.

Göründüyü kimi, iki il əvvəl Avroliqanın final matçının Bakıda keçiriləcəyi ilə bağlı qərar qəbul ediləndə UEFA və Bakı oyunda “Arsenal”la “Çelsi”nin qarşılacaqlarını təxminləyə bilməzdilər. Bunu ehtimal etmək belə, absurd olsa da, bu məntiqsizlikdən hazırda Azərbaycana qarşı qarayaxma və böhtan kampaniyasında “arqument” qismində istifadə olunur.

“Arsenal” və “Çelsi” klublarının azarkeşlərinin final matçı üçün Bakıya yollanmağa çətinlik çəkmələr ilə bağlı iddialara gəldikdə isə, belə çağırışlar və bildirişlər, sadəcə, ironiya doğurur. Axı elə həmin britaniyal fanatlar indiyədək dünyanın ən müxtəlif ölkələrinə klublarını dəstəkləmək üçün yollanıblar ki, o ölkələrin əksəriyyəti Britaniyadan çox uzaqda olub. Bəhs etdiyimiz ölkələrin matçlar keçirilmiş şəhərləri arasında nəqliyyat, otel, təşkilati-inzibati və s. infrastruktur baxımından Bakıdan dəfələrlə aşağı səviyyədə olan məkanlar da vardı axı.

Dumanlı Albionun “topçular” və “zadəganlar”ın pərəstişkarları olan sakinləri nədən Limaya, Keyptauna, Nayrobiyə, Taybeyə, Mumbaya, Heydərabada, Laqosa yolananda “əziyyət çəkdiklərini” demədilər?! Nədən onlar krimiongen durumun Bakı ilə müqayisədə çox pis olduğu şəhərlərə üz tutanda özlərini narahat hiss etmədilər?!

Ortada futbola siyasət qatmaq təki çox naqis cəhdlər, Azərbaycanı hədəfə almış qərəzli kampaniya, əssassız iddialara və subyektiv fikirlərə söykənən ittihamlar var.

Əslinə baxsaq, ölkəmizdə keçirilən nüfuzlu və mühüm tədbirlərin gözdən salınmasına yönəlmiş belə çirkin, küdurət dolu kampaniyalara artıq alışmışıq. Bu səbəbdən də sərsəm iddiaları, təbii ki, ciddi qəbul etmirik.

Anlayırıq ki, belə iddialar bəlli kəsimlərdə və qruplarda narazılıq yaratmaq, təşvişə və narahatlığa səbəb olmaq, ən müxtəlif bəhanələrlə final matçının keçirilməsinə mane olmaq təki marazmatik cəhdlərdir.

Fəqət, bütün çirkinliklərə rəğmən Bakıda futbol bayramı ən yüksək səviyyədə reallaşacaq, tribunalardakı on minlərlə, ekran arxasıdakı on milyonlarla azarkeş “Arsenal”-“Çelsi” qarşılaşmasını maraqla izləyəcəklər.

Oyunu Bakı Olimpiya Stadionunda izləmək üçün ölkəmizin paytaxtına gəlmiş minlərlə futbol azarkeşi şəhərimizdən, matça hazırlıq səviyyəsindən və infrastrukturdan zövq aldıqları kimi.

Şərh əlavə et