Elçin Alıoğlunun

Ermənistan-İran təlimləri arzusu: İrəvan ağlını itirir

Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri Ermənistanda böyük xof və həyəcan yaradıb. İş o yerə çətıb ki, jurnalistlər və politoloqlar “Ermənistana ünvanlanmış real təhlükə”dən bəhs etməyə başlayıblar. “Məşhur analitik” kimi qələmə verilən, əslində isə az qala şizoidal açıqlamaları ilə tanınan erməni politoloq Sergey Şakaryants dünən İrəvanda keçirdiyi mətbuat konfransında yenə “fərqlənib”.

“Türkiyə və Azərbaycanın belə addımlarına Ermənistan mütləq cavab verməli, İranla birgə hərbi-taktiki təlimlər keçirməlidir. Rusiyanın və İranın Suriyada təzyiqlərinə Türkiyə Naxçıvanda Azərbaycan ordusu ilə birgə təlimlər keçirməklə cavab vermək qərarına gəlib. Təlimlər iyunun 7-də Naxçıvanda başlayıb. Lakin beynəlxalq təşkilatlar bu təlimlərlə bağlı əvvəlcədən məlumat və ya xəbərdarlıq almayıblar”, – S.Şakaryants söyləyib.

O, daha sonra vurğulayıb ki, təlimlər başa çatandan sonra Türkiyənin hərbi birləşmələrindən birinin Naxçıvan ərazisində qalacaq: “Bu təlimlərin digər hadisələrlə, proseslərlə əlaqəsini danmaq mənasızdır. Rusiya və İran hazırda Türkiyəyə Suriyanın şimalında sərt təzyiqlər göstərirlər. Praktiki olaraq aydındır ki, Türkiyə yaxın aylar ərzində Suriyanı tərk etmək məcburiyyətində qalacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “kürd məsələsi”nin həllində Moskva və Tehrana yardım təklif edib, əvəzində Suriyanın şimalında hazırda Ankaranın nəzarətində olan ərazilər üzərində nəzarəti istəyib. Amma o, rədd cavabı alıb. Bu səbəbdən də Türkiyə əlindən gələni edir ki, Rusiya və İran üçün problemlər yaratsın. Naxçıvanda təlimlərin keçirilməsi də bəhs etdiyim səbəblə bağlıdır”.

S.Şakaryantsın fikrincə, Ermənistan və Rusiya sərhədçilərinin 2017-ci ildə Ermənistanın Meğri rayonunda keçirilmiş və Naxçıvan ərazisindən qanunsuz “sızma”nın qarşısının alınmasını nəzərdə tutan birgə təlimləri tam fərqli əhəmiyyət kəsb edir.

“Naxçıvanda keçirilən təlimlərə cavab olaraq Ermənistan və İranın sərhədin hər iki tərəfində birgə təlimlər keçirməsini təklif edirəm. Lakin çətin ki, Ermənistan hakimiyyəti belə addım atsın”, – başabəla erməni “politoloq” deyib.

Ordumuzun Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşdirilmiş hərbi hissələrinin döyüş potensialının və gücünün ildən ilə fasiləsiz artması, hərbçilərimizin hazırlıq səviyyəsinin daim yüksəlməsi Ermənistan isteblişmentini ciddi narahat edir.

İrəvanı xoflandıran əsas məsələ isə ötən ilin mayın 20-27-də Naxçıvanda gerçəkləşdirilmiş “Günnüt əməlyyatı”dır.

Xatırladaq ki, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11 min hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa olunub. Strateji əhəmiyyətli Arpaçay dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

2019-cu ilin may ayında Ermənistan ordusunun 5-ci ordu korpusunun komandanı polkovnik Andranik Piloyan Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsindəki vəziyyət barədə danışarkən bildirib ki, Azərbaycanın ötən il qurduğu mövqelərin bəziləri qışda normal təchizatı təmin etməyin mümkün olmaması üzündən boşaldılıb. Azərbaycan Müdafiə Nazirliyi Andranik Piloyanın səsləndirdiyi fikirləri inkar edərək bunların xəyal məhsulu və yalan olduğunu bildirərək onu inkar edib.

A.Ployanın açıqlaması Ermənistanın məğlubiyyətinə hansısa formada bəraət qazandırmaq cəhdi idisə, S.Şakaryantsın bəyanatı absurdluğun maksimal həddi sayıla bilərdi. Bir şərtlə ki, bu  qeyri-adekvat şəxs Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə ictmai rəyin öyrənilməsi məqsədilə ekstraordinar təkliflərlə çıxış edən adam kimi tanınmasaydı.

Ermənistan və İranın birgə hərbi təlimləri illüziya təsiri bağışlasa da, İrəvanın arzusudur. Ermənilər onillərdir ki, İranla ticari, siyasi, iqtisadi və s. sahələrdəki əməkdaşlığı hərbi-müdafiə sahəsində tərəfdaşlığa çevirməyə can atırlar və niyyətlərini də dəfələrlə üstüörtülü, bəzi hallarda isə açıq bəyan ediblər.

Belə əməkdaşlıq, təbii ki, Qərbi, ilk əvvəl ABŞ-ı ifrat dərəcədə qıcıqlandıran məqam olduğundan rəsmi İrəvan “İranla birgə təlim” idefiksindən Qərblə geosiyasi oyunlarda təsir vasitəsi qismində istifadə etməkdədir.

Məqsəd Avropa İttifaqından və ABŞ-lan daha böyük güzəştlərlə əlverişli şərtlər və imkan olarsa, maliyyə-siyasi yardımlar əldə etməkdir.

Lakin İran bu absurd ideyanı qəbul etmir. Tehran anlayır ki, Qərbin tətbiq etdiyi embarqo siyasəti və fasiləsiz sərtləşən sanksiyalar şəraitində Rusiyanın Cənubi Qafqazdakı forpostu olan Ermənistanla hərbi sahədə əməkdaşlıq İranın durumunu əhəmiyyətli dərəcədə ağırlaşdıra bilər.

Ermənistanla belə əməkdaşlıq İrana, əslində, əlavə problemlər, ağır müşküllər və xərclərdən savayı heç nə vəd etmir. Əksinə, hərbi-müdafiə sahəsində Ermənistanla istənilən formada yaxınlaşma İranı Cənubi Qafqazdakı proseslərə ən cüzi təsir imkanlarından bilmərrə məhrum edə bilər.

Rusiyaya gəldikdə isə, nominal olaraq Moskva Tehranı “müttəfiq və tərəfdaş” saysa da, İranla Ermənistanın hərbi əməkdaşlığı ermənilərin “şimal hamisi” üçün yolverilməz, qəbuledilməz məsələdir.

Ermənistanın baş naziri Nikol Paşinyan İranın prezidenti Həsən Ruhani ilə son görüşündə “hərbi əməkdaşlıq” ifadəsini işlətsə də, İranın dövlət başçısı özünü eşitməzliyə vurdu. Bu, Ermənistana aşkar messic idi ki, İran belə absurd əməkdaşlıqda maraqlı deyil.

Ermənilərsə nəyəsə güvənir, İranla yanaşı, Rusiyanın və ABŞ-ın mövqelərini bir daha yoxlamaq istəyirlər.

Səbəb Azərbaycanın hərbi potensialı qarşısında qorxu, Naxçıvandakı hərbi hissələrimizin döyüş hazırlığı səviyyəsinin yaratdığı təlaşdır.

İrəvan bunu artıq pərdələyə bilmir.

Şərh əlavə et