Elçin Alıoğlunun

Düşmən bizə “sürpriz” hazırlayır: İrəvan nə etmək istəyir?

“Hərbi sürprizlərimiz var. Bu yaxınlarda hamı görəcək”. Ermənistanın müdafiə naziri Davil Tonoyan Rusiyadan silah, sursat və hərbi texnika alışı ilə bağlı situasiyanı şərh edərkən belə deyib. O, “sürpriz”in nə olduğunu açıqlamasa da, bəyanatın özü sıradan bir açıqlama kimi qəbul olunmamalıdır.

Tonoyanın bu bravur açıqlaması ilk əvvəl Ermənistan vətəndaşlarına, ölkə siyasətinin “daxili mətbəx”inə yönəlib. O, işarə vurmaq istəyir ki, bəs Rusiyadan alınan və ya alınacaq yeni hərbi texnika, sadəcə, müdafiə yox, həm də hücum xarakterli olacaq.

Yəni Ermənistanın müdafiə nazirinin bir qədər əvvəl bəhs etdiyi “yeni təhlükəsizlik strategiyası”na tam uyğun məsələ olacaq.

Həmin strategiyaya görə, Ermənistan “zərurət yarandıqda, müdafiə taktikasından hücum strategiyasına keçəcək”: beləliklə, İrəvan birbaşa olaraq Azərbaycana hədələr və ultimatumlar ünvanlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan da “Azadlıq” radiosunun erməni redaksiyasına verdiyi müsahibəsində bəhs etdiyimiz məqama toxunmuş, “ehtiyac yaranarsa, ölkəmizə və vətəndaşlarımıza, habelə Dağlıq Qarabağdakı ermənilərə birbaşa təhdid olarsa yerimizdə saymaq niyyətimiz yoxdur” demişdi.

David Tonoyan bir qədər də irəli gedib və söyləyib: “Ermənistanın silahlı qüvvələri çox qısa müddətdə müdafiə əməliyyatlarından hücum strategiyasına keçməyə hazırdır. Potensial düşmənin bizə qarşı hərbi əməliyyatları intensivləşərsə xüsusi təyinatlı birləşmələrdən də istifadə etməklə hərbi əməliyyatları düşmənin ərazisinə keçirəcəyik”.

Bundan başqa, unutmayaq ki, Ermənistan silahlı qüvvələrinin əsas və başlıca təminat mənbəyi Rusiyadır. Ermənilər müstəqil dövlətə nail olandan bəri Rusiyadan hədiyyələr qismində silahlar və hərbi texnikalar alırlar. Amma bununla yanaşı, ermənilər Qərbin hərbi-texniki imkanlarından və texnologiyalarından yararlanmağa çalışırlar. Belə cəhdlərin ilkin nəticələri hələlik nümayiş olunmasa da, erməni generalların dediklərinə görə, onlar silahlı qüvvələrin kəşfiyyat-preventik imkanlarını artırıblar.

2016-cı ilin aprelin 2-də başlayan və 4 gün davam edən “Aprel savaşı” zamanı Ermənistan məğlub oldu, Dağlıq Qarabağ münaqişəsi zonasında işğal altında saxladığı ərazilərin bir qismindən geri çəkildi, strateji yüksəklikləri itirdi. Nəticədə Dağlıq Qarabağ ermənilərində xof və təlaş, Ermənistanda isə sakinlər arasında qorxu yarandı.

Nikol Paşinyan ötən ilin yayında Ermənistandan çox kənarda ustalıqla hazırlanan və reallaşdırılan ssenariyə uyğun olaraq “kütləvi etirazlar” nəticəsində hakimiyyəti qəsb edəndən sonra onun aradan qaldırmağa çalışdığı əsas problemlərdən biri də məhz “Aprel savaşı”nın erməni cəmiyyətində yaratdığı ruh düşkünlüyü, xof idi.

Generallar arasında həbslər, təqiblər, işdən qovulmalar, yeni formasiyalı “hərbçilərin təyinatı” – bütün bunlar problemdən çıxış yolu qismində təqdim olunub və indi də belədir.

N.Paşinyanın digər məqsədi isə Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistanın “dördgünlük müharibə”də məğlubiyyətinin fəsadlarını azaltmaq üçün Rusiya amilini zəiflətməkdir. O, Rusiyanın Ermənistan üzərindəki “komendant missiyası”ndan qurtulmaq üçün Qərbin, xüsusilə də ABŞ-ın dəstəyinə bel bağlayır.

Onun son çıxışlarına, müsahibləərinə və bəyanatlarına nəzər saldıqda bəlli olur ki, N.Paşinyan ya özü birbaşa, ya da nazirləri və komandasındakı adamları vasitəsilə Qərb və Rusiyaya fərqli messiclər ünvanlayır.

Məsələn, rəsmi İrəvan hesab edir ki, bundan belə Rusiya Ermənistana və ümumiyyətlə, Cənubi Qafqaz regionuna birbaşa, təkbaşına nəzarət edə bilməyəcək.

Ermənilərin qənaətinə görə, Rusiyanın qarşısında iki varant var: ya Moskva indiki situasiyanı davam etdirir və heç nəyi dəyişmir, nəticədə proseslər Türkiyənin şərtləri məcrasında davam edir və sonucda Rusiyanın təsir imkanları məhdudlaşır, oyun arealı daralır.

Ya da Rusiya regiondakı fəaliyyətini Qərblə razılaşdırır və beynəlxalq təhlükəsizlik qaydalarına tam riayət etməyə başlayır.

“Rusiya və Qərbin bölgədəki vəziyyəti təhlil edərkən Moskva ilə ermənilər arasındakı münasibətləri nəzərə almaları arzuolunandır”, – bunu da Ermənistanın müdafiə naziri David Tonoyan söyləmişdi.

Belədirsə, Ermənistanın müdafiə nazirinin “sürpriz”lə bağlı açıqlamasını bəhs etdiyimiz kontekstdəki növbəti bəyanat saymaq olar.

Halbuki İrəvan anlayır ki, regional təhlükəsizlik sistemi çoxdan dəyişməyə başlayıb və yenilənən mexanizmlər Ermənistanın bundan sonra da aqressiv davranacağı təqdirdə yaşanacaq prosesləri əsla ermənilərin xeyrinə etməyəcək.

Ermənilər həmişəki kimi, illüiziyalara qapılaraq özlərini olduğundan güclü, qüvvəli və hansısa hadisələrə təsir imkanlarına malik hesab edirlər.

Halbuki tarix göstərir ki, “hayizm” mərəzindən qurtula bilməyən bu xalq hər dəfə yanılıb, pərişan olub, ümidləri puç olanda illüziyaların nə qədər fəlakətli və bəlalı olduğunu görüb.

İrəvanın Azərbaycana, bizə yeganə sürprizi qoşunlarını işğaldakı ərazilərdən heç bir qeyd-şərt olmadan çıxarması olardı. Bu, Ermənistanın bir dövlət kimi olub-olmayacağı məsələsinin həllidir.

Ermənilər doğru seçim edərək avantürist, kimlərinsə oyuncağı olan siyasətçilərə aldanmasalar, dövlətlərində yaşayacaqlar.

Əks halda isə..

Şərh əlavə et