Elçin Alıoğlunun

Dövlətə qənim kəsilib özünü dananlar: yenə də “anlamağa çalışaq”?

Abır, məntiq, dərrakə… Bu məhfumlar insan üçün önəmli nəsnələrdir. Onların yoxluğu ortaya çox miskin “homo sapiens vulgaris”i çıxarır. Fuad Qəhrəmanlı kimi.

“Bu mənim şəxsi intiqamım deyildi. Əgər şəxsi intiqamım olsaydı, tamam başqa müstəvidə hərəkət edərdim. Mən başdan dediyimin arxasındayam ki, bu olay cəmiyyətin problemi idi və mənim üçün inanılmaz dərəcədə çətin olsa da, şəxsi duyğularımı bu məsələdən tamamən uzaq tutmağa çalışdım”.

Bu sözləri AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur yazıb. Atasının yalanlarına, saxtakarlığına, biabırçı “bəraət” cəhdlərinə dözməyərək yazıb.

“Mənim yaxınımdaki insanlar, telefonla danışdıqlarım, mənim nə vəziyyətdə olduğumu gördülər və mən bu məsələdə özümlə qürur duya bilərəm ki, demək üçün ürəyim partlayan heç bir sözü demədim. Duyğularımı işin içinə qatmadım. Kaş qarşı tərəf də eyni şeyi edəydi. Məni mental xəstə, yalançı, isterik çıxartmağa çalışmaq yerinə olğun davrana biləydi… Hələ də ortada çox yalanlar var. Bütün bunların məhz gündəlik həyatımızın parçası yox, 4-5 ilin söhbəti olduğunu iddia etmək kimi çirkin yalanlar. Amma nəysə”, – Selcan Yağmur Facebook səhifəsində yazıb.

Selcandan fərqli olaraq, mən “Amma nə isə” demək niyyətində deyiləm.

Çünki Fuad Qəhrəmanlının davranışı, şüuru, ümumiyyətlə, özü, AXCP-nin üzqarasıdır.

Belə insanlar və onların mənsub olduqları “rəhbərlik” barədə diplomatik ifadələr, sivil söz yığını, gəlişigözəl kəlmələrlə danışmaq, yazmaq gərək deyil.

Əsla. Ailəsinə divan tutmaqda, xanımına xəyanət etməkdə şübhəli bilinən adam haqqında “şef”i Əli Kərimli “ailə məsələsi”dir, “mitinqə hazırlığa davam” yazdı.

Açması da budur: Fuad Qəhrəmanlını kənarlaşdırdım, “könüllü istefa” olayı yaşatdım, unudun getsin onun qızını döyməsini, xanımı Zümrüd Yağmurun barmaqlarını sındırmasını – ümumiyyətlə, zorakılıq, tərbiyəsizlik xırda məsələlərdir, əsas mitinqdir.

Sonra bəlli oldu ki, sosial şəbəkədəki trollarını idarə etməklə kifayətlənməyən Əli Kərimli AXCP-ni də eyni sistemlə idarə edirmiş.

Və dünən də Fuad Qəhrəmanlının səs yazısı yayıldı.

Səsyazısı zamanı F.Qəhrəmanlı bildirir ki, həm iqtidarın, həm də AXCP-nin resurslarından istifadə edib, hakimiyyətə gələcək. Hər iki tərəfi aldada biləcəyindən əminliyini ifadə edən AXCP təmsilçisi bildirir ki, Əli Kərimli onun hakimiyyətə işləməsindən xəbərdardır.

“Əgər YAP iqtidarı saxlaya bilmirsə, Əli Kərimli və dəstəsi də hakimiyyətə gələ bilmirsə, onlar optimal variant olaraq mənim namizədliyimin üzərində dayanacaqlar. Çünki hər iki tərəf bilir ki, birinin hakimiyyətdə qalması və ya o birinin hakimiyyətə gəlməsi digəri üçün faciədir. Bu səbəbdən onlar məcbur qalıb, mənim namizədliyimi qəbul edəcəklər. Çünki mən həm iqtidara, həm də AXCP-yə işləyirəm”, – deyən Fuad Qəhrəmanlı qeyd edir ki, o, Ərdoğanın siyasi texnologiyasından istifadə edəcək: “Ərdoğan Nəcməddin Ərbakanı aldatdığı kimi, mən də Əli Kərimlini aldadacam”.

Uzun zamandır hakimiyyətə işlədiyini deyən F.Qəhrəmanlı daha sonra buyurur ki, təkcə Əli Kərimlini deyil, həm də işlədiyi qüvvələri aldadır: “Siyasətlə siyasətçilər məşğul olmalıdır, qazanan hər zaman bacaranlar olur. Yekunda mən iqtidarı 7 il müddətinə götürməyi bacaracağam”.

Və elə dünən Fuad Qəhrəmanlı özünə sadiq qalaraq Facebook səhifəsində ağı qara, qaranı da çəhrayı qələmə verməyə çalışaraq növbəti janqloyorluq, əllaməçilik və yalançılıq misalını nümayiş etdirdi.

“Sanki “Qurdlar Vadisi” serialını yaşayıram. İndi də mənim saxta səs yazımı hazırlayıb yayıblar. Özü də gülməli və cəfəng bir çıxış hazırlayıblar. Orada iddia olunur ki, mən parlament seçkilərindən istifadə edib deputat olamaq istəyirəm və bu zaman Əli bəy kənarda qalacaq. Sonra da İlham Əliyev hakimiyyəti əldə saxlaya bilməyəndə onunla AXCP arasında hər iki tərəfin razılasacağı fiqur kimi hakimiyyətə gələcəyəm. Bu qədər absurd və Cırtdanın nağılına bənzər plan ola bilər?

Əvvəla, mən partiya parlament seçkisinə getməyəcəksə, heç vaxt seçkiyə getmərəm, partiya da iştirak edəndə məndən qabaq Əli bəy bu seçkidə qalib olacaq.

İkinci hakimiyyət razılaşma yolu ilə deyil, seçki yolu ilə dəyişə bilər.

Üçüncü Əli Kərimlinin statusu elədir ki, nəinki mən, bu gün müxalifətdə heç kim, onun üstündən adlayıb hakimiyyətə gələ bilməz”.

Əli Kərimliyə bu cür primitiv yaltaqlanmadan sonra Fuad Qəhrəmanlı öz aləmində “sakramental” sual verir: “Mən belə ciddi bir planı kiminlə danışa bilərəm? Bunu iqtidar nümayəndəsi ilə danışmaq olmaz, çünki hakimiyyətin İlham Əliyevdən alınması mövzusunu hakimiyyətin nümayəndəsi ilə müzakirə etmək olmaz. Eyni məntiqlə bunu AXCP-dən olanlarla da müzakirə etmək olmaz, çünki bu zaman da Əli bəyə qarşı çıxmaq olur.

Mənim səsimdən xüsusi kompüter proqramından istifadə olunaraq yığılmış bu saxta səs yazısı niyə yayılıb? Əgər mən hər hansı bir razılaşmanın içindəyəmsə, o zaman niyə bunu edirlər? Məntiq varmı? Öz planlarını niyə ifşa edirlər? Hakimiyyətin razılığı olmadan kim belə bir saxta səs yazısı hazırlayıb yaya bilər? Bir də bu səsi yazan, niyə video görüntü çəkməyib, bir halda ki, bu iş üçün hazırlıq gedibsə, gərək video da olaydı. Deməli, belə bir danışıq olmayıb. Həm də mənim olduğu iddia olunan bu səs təntiyir, arakəsmələrlə calaq olunduğu hiss olunur”.

Yəni Fuad Qəhrəmanlı az qala maniakal inadla yenə hər şeyi danır.

Əvvəl qızı Selcanın Facebook-da yazısını “profili sındırıblar, qızım yazmayıb” deyərək dandı, sonra qızının sözlərini dandı və övladını az qala isteriyaya qapılan, təsir altına düşən tərbiyəsiz kimi qələmə verdi, sonra istefa verərək baş verənlərin naqisliyini dandı, indi də səsini danır.

Belə getsə, F.Qəhrəmanlı özünü da danacaq: təki oyunbazlığa davam etsin.

Bəli, məhz oyunbazlığa, çünki AXCP sədrinin sabiq müavini məqsədinə çatmaq üçün kimlərlə sövdələşməyib, kimlərə nə vədlər verib öhdəliklərlə razılaşmayıb ki.

Azərbaycanın iç siyasətində və cəmiyyətində qaragüruhun ən aşkar nümunələrindən birinə çoxdan çevrilmiş Fuad Qəhrəmalı marginallığında, lümpenliyində tək deyil.

Belələrinin istəkləri, niyyətləri, kimliyi və ya kimsizliyi barədə artıq açıq danışmaq zamanı çatıb.

Hər kəs və hər şey öz adı ilə çağırılmalı, özünü unudanların özlərini tanımaları üçün bu binəvalara yardımçı olmalıyıq. Heç olmasa şəfqət sarıdan.

Nədən ki, deməsək, yazmasaq – zehinləri sökməyə, dağıtmağa, uçurmağa yönlənən, xəyanəti yaşam prinsipi bilənlərin söyüşləri, təhqirləri, özlərindən müştəbehcəsinə “bizim demokrat” bağırtıları davam edəcək.

Şərgüruhun qarşısı alınmalıdır, özü də qətiyyətlə.

Əli Kərimlinin trolları, daha doğrusu, sosial şəbəkələrdə onlara “hədəf” kimi göstərilənlərə qarşı gəda kimi davranan şəxslər guya F.Qəhrəmanlını “müdafiə” etmək üçün bu miskinin övladlarını təhqir edirlər.

Tanrı kimsəni övladını söydürəcək qədər Fuad Qəhrəmanlı etməsin – bunusa unutmasınlar həmin gədalar.

Və onu da fəsadlı şüurları i lə anlamağa çalışsınlar ki, 19 il sərasər AXCP sədri postunda olan, bu postdan ikiəlli yapışan insan hakimiyyətə gələrsə, vəzifəsini səlahiyyət müddəti başa çatanda tərk edərmi?

Sivil ölkələrdə müxalifət partiyalarının və hərəkatlarının rəhbərləri hakimiyyətə uduzanda postlarını dərhal, könüllü tərk edirlər. Məğlub olmuş partiya mütləq liderini dəyişir.

Azərbaycanda isə ifrat radikallaşmış oyuncaq müxalifətdəki partiya liderləri 26 illik məğlubiyyətlər seriyasına rəğmən, postlarında kök atıblar, özləri də kökaltı siyasətçilərə çevriliblər və əmsallarını da başqaları müəyyənləşdirir.

“Biz təcrübəliyik” deyirlər. Heyhat, bu təcrübə sonsuz uğursuzluqlar, mitinq eyforiyası, “Azadlıq! İstefa! Rədd olsun!” bağırtılarının zavallı toplumudur sadəcə.

Nimdaş, çıxdaş liderlər yerlərini gənclərə verməli, sonra da tarixin onlara çoxdan ayırdığı yerə yollanmalıdırlar.

Əsas təcrübə yox, bacarıq, istedad və bilikdir.

Bəhs etdiyim xüsusatlar isə nə Əli Kərimlidə və başqalarında var, nə də Fuad Qəhrəmanlı kimi siyasət karikaturasında.

O kəsdə ki, Nardaran hadisələrindən əvvəl İslam pərdəsinə bürünüb ölkəni feodal dövlətə çevirmək, bizi 1340 il geri atmaq istəyənlərlə sövdələşmişdi, Facebook-da yaxa yırtırdı və o yaxadan da olmayan qəlbi ilə “qəlbdən çağırışlar” edərək insanları qan-qadaya, qiyama, vətəndaş savaşına səsləyirdi.

… Əli Kərimli trollarına göstəriş verib ki, “28 sentyabr mitinqinə hazırlıq”la məşğul olsunlar.

Halbuki AXCP və “Milli Şura”nın nəinki demokratik inkişaf, sosial tərəqqi və iqtisadi islahatlar proqramı yoxdur – Əli Kərimli və Cəmil Həsənli kimi siyasətə istehzalar hətta mitinqin yekun qətnaməsinin layihəsini belə hazırlamayıblar.

Belələri ilə daha açıq, daha aydın danışılmalıdır.

Anladıqları, anlaya biləcəkləri, anlamağa çalışacaqları dildə.

“Bizi anlayın” deyənləri, olmaya, yenə də “anlamağa çalışmaq” mükəlləfiyyətimiz var?

O kəsləri ki, dövlətə qənim, millətə xain kəsiliblər.

Şərh əlavə et