Elçin Alıoğlunun

Divanda üç nəfərin davası, şou və “Qoca” qayıdışı

Oktyabrın 12-də Müsavat Partiyasının qurultayı keçiriləcək. Artıq namizədlər bəllidir. İsa Qəmbərdən sonra partiyaya sədr olan və əslində, kommanal təsərrüfat müdiri təki davranan Arif Hacılı, son vaxtlar “müstəqil bloqer”lərin YouTube kanallarında “ulduz”a çevrilmiş Tofiq Yaqublu və partiyanın Lənkəran təşkilatının sabiq sədri Yadigar Sadıqlı başqan postuna iddialıdır.

Partiyanın hazırkı başqanı Arif Hacılı “Amerikanın səsi”nə açıqlamasında budəfəki qurultayın hesabat-seçki qurultayı olacağını bildirib. Ali toplantıda partiya başqanının, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.

Habelə təşkilati məsələlərə baxılacaq, partiyanın başqanı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri və Məclisin sərbəst üzvləri seçiləcək. Eyni zamanda, proqram və nizamnaməyə müəyyən dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur.

“Partiya başqanlığına namizədlər ötən qurultayda ilkin seçki yolu ilə müəyyən edilib, bəs indi necə müəyyənləşdiriləcək” sualının cavabında A.Hacılı deyib ki, namizədlərin müəyyənləşməsi üçün hər hansı prosedur yoxdur, istənilən partiya üzvü başqanlığa namizədliyini irəli sürə bilər. Öz namizədliyi ilə bağlı sualın cavabında Hacılı deyib ki, nizamnaməyə görə, onun daha bir müddət başqan olmaq hüququ var: “Namizədlərin irəli sürülməsi elan edildikdən sonra mən öz qərarımı açıqlayacağam”.

Yadigar Sadıqlı partiyada olan durumdan, daha doğrusu, idarəetmə və rəhbərliklə bağlı bərbad vəziyyətdən, Arif Hacılının qeyri-adekvat açıqlamalarından usanıb.

Bunu o, aşkar şəkildə bəyan edərək vurğulayıb ki, partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmir və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar: “Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”.

Tofiq Yaqublu isə bildirib ki, hər bir partiya üzvünün seçkili qurumlara namizədliyini irəli sürməyə haqqı var və burada kiminsə başqanlığa namizəd olması qeyri-adi bir məsələ deyil: “Əgər başqan seçilərəmsə, Müsavatın ümumi xətti davam etdiriləcək. Təbii ki, nizamnamə çərçivəsində bu və ya digər korrektələr ola bilər. Düzü, indidən nə edəcəyimi açıqlamaq istəmirəm. İstənilən halda hər bir fərd yeni bir nəfəs, yeni prinsip deməkdir. Başqa şəxslərin namizəd olması normaldır. Yadigar Sadıqlı namizədliyini irəli sürüb. Başqaları da ortaya çıxa bilər. Hörmətli Arif Hacılı ilə yüzdə-yüz eyni düşünsəydim, heç namizəd olmazdım. Amma nəyi, necə düzəltmək istəyirəm, bax, onu qurultayda bəyan edəcəyəm”.

Müsavatın son, 8-ci qurultayı beş il əvvəl, 2014-cü ilin sentyabrın 27-də keçirilmişdi. İsa Qəmbərin partiya başqanlığı postundakı 22 illik fəaliyyətini başa çatdıran həmin qurultayda Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başqan seçilmişdi.

Qurultaın 450 iştirakçısından 228 nəfər onun namizədliyini dəstəkləmişdi. İkinci namizəd Qubad İbadoğluna 200 nəfər, Müsavat Divanının üzvü Tural Abbaslıya isə 19 nəfər səs vermişdi. Dördündü namizəd olan Səxavət Əlisoy geri çəkilmişdi: o, tərəfdarlarından Qubad İbadoğluya səs vermələrini istəmişdi.

Müsavatın ölkənin müxalifət düşərgəsindəki qürubu, nüfuz və çəkisinin sürətlə itməsi, partiyanın siyasi dərnək kimi psevdo-idarəçilik əlində qalması da Qubad İbadoğlunun səsvermədəki “məğlubiyyət”indən sonra oldu.

Çünki Arif Hacılının başqanlığa layiq olmadığını deyən bir çox tanınmış sima Müsavatı tərk etdi, partiyada çaxnaşmalar, qruplara bölünmə, düşərgələnmə və istefalar dalğası başlandı.

Böhran indi də davam edir.

Müsavatçıların fikrincə, İsa Qəmbərin beşillik fasilədən sonra partiya başqanlığına qayıdışı partiyanı, sözün əsl mənasında, bataqlıqdan çıxararaq xilas edə bilər.

Lakin müsavatçıları pərişan etmək məcburiyyətindəyəm: onların ümidləri doğrulmayacaq.

İsa Qəmbər kimi çox təcrübəli, siyasi hiyləgərliyin ən usta gedişlərinə bələd olan biri belə, Müsavatı xilas edə bilməyəcək, itirilmiş gücünü və nüfuzunu partiyaya qaytara bilməyəcək.

Əvvəla, İsa Qəmbərin özünə müxalifət düşərgəsində və cəmiyyətdə münasibət birmənalı deyil.

O, siyasi intriqalara, kuluar danışıqlara, sırf merkantil maraqlarını təmin etmək üçün ittifaqlar yaradıb eyni sürətlə dağıtmağa meyli, “müttəfiq” dediyi insanları zərurət duyan kimi kənara atan adam kimi tanınır.

Bundan başqa, Müsavatın əvvəlki “ağır top”larının tam əksəriyyəti partiyanı tərk edib. Onlar Arif Hacılının rəhbərliyi altında olmağı özlərinə təhqir saydıqlarını aşkar demişdilər.

Əslinə baxsaq, Müsavatın çöküşündə İsa Qəmbərin də rolu az deyil. Çünki o, partiyanın rəhbər strukturundakı naqis durumu, biabırçı vəziyyəti və absurd hadisələri görsə də, problemləri həll etmək üçün heç nə (!) etmədi, etmək istəmədi.

İndisə sırf seçilmək naminə seçilməklə İsa Qəmbərin konkret məqsədlərinə nail olacağını, Müsavatda bərpa və rekonstruksiyanın başlayacağını düşünməyin özü belə, sadəlövhlükdür.

Ən nəhayət, Arif Hacılını İsa Qəmbərin əvəzləməsinin özü tragikomediyadır. Sıravi müsavatçılara “rəhbər dəyişikliyi” kimi təqdim olunacaq bu proses heç bir halda Müsavatda kurs dəyişikliyi, yenidənqurma olmayacaq.

Nədən ki, Arif Hacılı reallıqda İsa Qəmbərin kadrı, kraeaturası və kölgəsidir.

Qurultayda həm də AXCP sədri, həm də bloqer Əli Kərimli amili də var. Belə ki, Tofiq Yaqublu bilavasitə “Kərimlinin adamı” kimi tanınır və sosial şəbəkələrdə cəbhəçilərlə müsavatçılar arasında ən gərgin müzakirə, əslində mübahisə və dartışma obyektidir.

İddia heç də əsassız təsir bağışlamır.

Əli Kərimlinin mətbuat katibi funksiyasını yerinə yetirən Sevinc Osmanqızının YouTube kanalında ən çox boylanan iki adam var – Əli Kərimli və Tofiq Yaqublu.

Buraxın ölkəni – Svazilenddə belə, hansısa olay yaşananda əvvəlcə Əli Kərimli boğazını arıtlayıb uzun-uzadı vəz verir, sonra da Tofiq Yaqublu mütləq şəkildə “durum dəyərləndirməsi” edir.

T.Yaqublunun belə “reklam” edilməsi təsadüfdürmü? Düşünmürəm.

Bu adam Əli Kərimli üçün Müsavat rəhbərliyinə təzyiq, sözügedən partiyadakı hadisələrə müdaxilə vasitəsidir.

Necə ki, Oqtay Gülalıyev Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, müxalifətin qədim və nimdaş simalarından olan Mirmahmud Mirəlioğluna təzyiq rıçaqı funksiyasını yerinə yetirir.

“Təsadüf”ə bax ki, O.Gülalıyev də S.Osmanqızının “sevimli ekspert”ləri sırasındadır.

İsa Qəmbər də bunu əla bildiyindən fəallaşıb, partiyası özündən və portfelindən ibarət Pənah Hüseyn vasitəsilə vəziyyəti aydınlaşdırmağa, mövqeləri dəqiqləşdirməyə çalışır.

Müsavatçıların “Qoca qayıdışı” kimi dəyərləndirdikləri qurultay yeni heç nə vəd etmir.

Həmişə olduğu kimi, intriqalar, tamah və hərislik məntiqə qalib gələcək.

İsa Qəmbər və Arif Hacılı dueti indiyədək müxalifət düşərgəsində başqa davranış sərgiləyiblərmi?

Şərh əlavə et