Elçin Alıoğlunun

Demokratiyanın neçə sifəti var?

“Parçala və hökm sür” ideyası həmfikirlər terrariumunda məhsuldar ola bilsə də, bütöv ölkənin təxminən eyni düşərgəyə bölündüyü zaman çox pis məsələyə çevrilir.

Çox ağrılı, çətin sual var.

Xalq həmişə haqlıdırmı?

Məsələn, Britaniyada Brexit-lə bağlı səsvermənin nəticələrinə baxaq. Britaniyada xalqın hansı hissəsi haqlı idi – Avropa Birliyindən çıxmağa səs verənlər, yoxsa qalmağı dəstəkləyənlər?

“Çoxluq haqlı olar hər halda” – libertarianlığın əzəli məfkurəsidir.

Bəs çoxluq yanlış qərar verərsə: məsələn, 1928-ci ildə İspaniyada, 1933-cü ildə Almaniyada, 2002-ci ildə Ukraynada, 2019-cu ildə Avstriyada olduğu kimi və s.

Emosianllığı bir tərəfə qoysaq və sırf demokratik ideallara tapınsaq, xalqın həmişə haqlı olması tezisi tam absurddur.

Çünki xalq haqlıdırsa, istənilən seçkidə, səsvermədə, rəy sorğusunda, müzakirədə bütün tərəflər haqlıdır.

Demokratiya birilərinin başqasını əzməsi, yaxud əzməyə çalışması yox, güzəşt axtarışıdır. Güzəşt isə çoxluğun legitimləşmiş iradəsinin etirafıdır. Bu iradə bəzən absurd da ola bilər.

Almanlar və ya britaniyalıların indi etiraf etdikləri kimi.

Qanunlar bəzən məişət zorakılığı ilə bağlı Avropa ölkələrində qəbul edilmiş qanunverici aktlar kimi ola bilir. Pis idi, lap pis oldu, gələcəkdə isə müsibət ola bilər.

Hansısa nənənin seçkilərə buraxılmaması və ya paradoks, onun seçkilərə qatılması onun seçim problemini həll etməyəcək.

Problem nənədə yox, nəvədə ola bilər. Əksər hallarda isə hər ikisində.

Bəşəriyyətin əldə etdiyi haqq və azadlıqlar bəzən özlərinin parodiyasına çevrilir.

Tolerantlıq siyasi korrektəliyə, humanizm – humanistik bombardmanlara, liberallıq isə totalitar ideologiyaya çevrilir.

Hansısa siyasətçini populizmdə suçlamazdan əvvəl unutmayın ki, populizm havadan yaranmır – onun mənbəyi insanların tələbləri və istəkləridir. Bu məqamlarla müqayisədə propaqanda belə, törəmə funksiyalıdır.

Məsələn, ağlı başında olan kim etiraz edər ki, ailələr dağılmasın, hər qadına sədaqətli ər, hər kişiyə yaxşı maaş nəsib olsun, üstəlik də korrupsiya və rüşvətxorluq əsla olmasın? Yalnız çayldfrilər, ultraradikal feministlər, altruistlər, rüşvətxorlar. Bəzilərinin istəkləri daha məntiqli təsir bağışlayır.

Amma onlar haqlıdırmı? Maslou piramidasının müxtəlif pillələrində olan insanların tələblərini müqayisə etmək dürüst deyil.

Maraqlı fenomen, hətta “Jus Publicum Euroasiaticum” var: liberallar üçün Qərbdə həmişə çoxluq haqlıdır, Azərbaycanda isə azlıq. Çünki şüurlarımızdakı aşkar aerokratiyanı gizlətməyə çalışırıq.

Qərbdə isə, ümumiyyətlə, azlığın tələblərini müəyyənləşdirməyə başlayıblar.

İlk baxışdan, niyə? Təbii ki, azlığın hüquqları qorunmalıdır. Belədirsə, azlığın hüquqlarının qorunması niyə çoxluğun həyatını dəyişməlidir?

Biriləri başqalarının hesabına mövcuddursa, bu əsla demokratiya deyil.

Elitalar belə müəyyənləşdirib.

Çağdaş demokratiya kollektiv özünüidarə praktikası və ya xalqın hakimiyyəti deyil. Burada tam başqa, müasir demokratiyanın klassik nəzəriyyəçisi Yozef Şumpeterin müəyyənləşdirdiyi məntiq var.

Şumpeter yazmışdı: “Gəlin, idarəetmənin elitada olduğu, kütlənin isə yalnız elitanın nümayəndələrinə səs verməklə bu vəziyyətə təsir etdiyi situasiyanı demokratiya adlandıraq. Yəni kütlənin seçməsi üçün elitalar bir-birləri ilə mübarizə aparırlar. Kütlənin başqa heç bir hakimiyyət rıçaqı yoxdur”.

Seçkilər, əslində, seçimin tətbiq formatındakı təzahürü, yəni implementasiyasıdır. İş o yerə çatıb ki, demokratiyanı tənqid edən dərhal marginal sayılır.

Fəqət, bunca variasiyası olan ikinci anlam da tanımıram. Demokratiyanın konkret formalarının “liberal”, “xalq”, “Qərb”, “respublikaçı”, “sosialist” və s. adlandırılması da, əslində, təyinatın qeyri-müəyyənliyini göstərir, məncə.

Halbuki söz ideoloji qarşıdurma silahıdır indi. Hazırda Qərb mediasında “qeyri-demokratik” təqdim edilən hakimiyyət avtomatik olaraq pariya sayılır nədənsə.

Demokratiyanı trivial olaraq “xalqın hakimiyyəti” kimi də anlamayaq, lütfən. Hələ Aristotel yazırdı ki, demokratiya pərdəsi altında demaqoqların rəhbərlik etdiyi oxlokratiyanı asanlıqla gizlətmək olar.

Avraam Linkolnun dediyi “Demokratiya xalqın, xalqın seçdiyi və xalq üçün olan hakimiyyətdir” ifadəsi də sırf deklarasiyadır.

Demokratiyada qanunların funksionallığı olmur – qanun funksional deyilsə, ümumiyyətlə, qanun deyil. ABŞ Konstitusiyasında cəmi 7 bənd var.

Çünki bu, anqlosakson ənənəsidir. Həmin ənənəyə görə, Konstitusiyada insanların haqq və hüquqları uzun-uzadı sadalanmır, dövlətin edə bilməyəcəkləri yazılır. Onu ki, dövlət edə bilmir, yəni yasaqdır – o, avtomatik olaraq vətəndaşa olar.

“Libertarianlıq” anlayışını fərdin maksimal azadlığının təminatı hamı üçün rifahla sonuclanır kimi anlayırıqsa – nəzəriyyədə belədir – onda bəzi problemləri görürük. Fərdin maraqlarının təminatı heç də həmişə ictimai-optimal nəticə vermir.

Məsələn, “biletsiz adam problemi” və “neqativ seçim problemi” var.

“Biletsiz adam problemi” budur ki, pulunu vermədiyi bəzi nəsnələrdən istifadəni vətəndaşa yasaqlamaq çətindir. Misal üçün, dövlətin kənar təhdidlərdən qorunması kimi. Və ya səhiyyə. Dövlət heç bir vətəndaşa diqtə etmir ki, səhhəti ilə necə davransın. Müalicə almaq və ya almamaq hər kəsin azad seçimidir. Lakin bəzi insanlar səhhətinə yaxşı fikir verməyəndə bu, cəmiyyətdə başqalarına təsir edir, viruslar və epidemiyalar yayılır.

Üçücü misal “banklara hücum” adlanır. Sirr deyil ki, hazırda istisnasız olaraq bütün özəl bankların hesablarında depozitlərin toplam həcmindən az pul saxlanır. Çünki vətəndaşların gətirdikləri pulların heç olmasa bir qismini banklar kredit təki verirlər. Əgər depozitlərinin, yəni əmanətlərinin arxasınca eyni vaxtda çox adam gələrsə, bank müflis olacaq. Əgər dövlət də əmanətlərin heç olmasa müəyyən qisminin qaytarılmasına təminat verməsə, istənilən böhranlı vəziyyətdə vətəndaş bankdan pulunu çıxarmağa tələsəcək. Əgər bütün əmanətçilər belə edərsə, maliyyə durumu ağırlaşacaq, böhrandan çıxmaq daha da çətinləşəcək.

Sadaladığım üç bəsit misal ümumilikdə “məhbuslar dilemması” adlanan formal modeldir.

Əslində, anarxo-kapitalizmin qrimli, makiyajlı siması olan libertarian utopiyası eynən kommunizm utopiyası kimi hazırda mövcud olandan fərqli insan xisləti tələb edir.

Və son olaraq: hə, istənilən dövlətdə problemlər, idarəetmədə nöqsanlar var. Lakin onları həll etmək, konstruktiv davranmaq gərəkdir.

Şərh əlavə et