Elçin Alıoğlunun

Bir həbsin tarixçəsi və ya olmayan “təqib”ə ağlayanlar

Sosial şəbəkələr indi yazdıqları kəlmələrin məsuliyyətini dərk etməyən, bəlkə də etimək istəməyən insanların “yaşam vasitəsi”nə çevrilməkdədir. Belələrinin arasında hər cür insan var: ciddisi, düşüncəsi zarafata bənzəyəni, friki, qeyri-adekvatı, siyasəti əcaiblik sayanı, çılğını, sakiti, aqressivi, passiv davranmağa üstünlük verib yazılar və şərhlərlə “qəhrəman”lıq edəni.

“Qazaxlı Alik” kimi tanınmış Alik Muradov Qarabağ savaşının alovlandığı illərdə hərbi dəstə yaratmışdı. Bir müddət sonra mayor rütbəsi aldı, dəstədəki döyüşçülərin sayı 930 nəfərə çatdı.

Dağ Kəsəmən kəndində doğulmuş 61 yaşlı Alik Muradovun döyüş fəaliyyəti birmənalı dəyərləndirilmir. Onu qəhrəman sayanlar da var, “meyit alverçisi” deyənlər də.

Alik Muradovla işim yox.

Onun oğlu, dövrd övlad atası Fuad Muradov indi sosial şəbəkələrdə antipatik “qəhrəman”lardan birinə çevrilib.

Sanki frik kimi davranır dörd övlad atası.

Fuad Muradov özünü hansısa “Milli Fədailər Hərəkatı”nın rəhbəri kimi təqdim edir və sosial şəbəkələrdə radikal müxalifət liderlərinə aqressiv ismarıclar ünvanlayır.

Bu azmış kimi o, AXCP sədri Əli Kərimlinin cangüdəni Ruslan Əmirovu “oğurladıqlarını” söyləyir və “bizə qarşı gələn hər kəslə həm qanuni, həm də qeyri-qanuni yollarla danışa bilərik” bravadasını sərgiləyir.

Partiya sədri+bloqer Əli Kərimlinin mühafizəçisi funksiyasını ictimai əsaslarla, yəni maaş almadan icra etdiyi vurğulanır. O da deyilir ki, AXCP üzvüdür.

R.Əmirovun saxlanmasını az qala Haitidə “Papa Dok” dönəmində “tonton-makut”ların dinc insanları küçələrdə maşınlara basıb aparmaları, sonra da işgəncələrə məruz qoymaları ilə eyniləşdirirlər sosial şəbəkələrdəki trollar.

Onu da vurğulayırlar ki, sən demə, Milli Onkologiya Mərkəzinin yanında saxlanmış R.Əmirova qarşı tam qanunsuzluq edilib, hüquqları total şəkildə pozulub.

Və ən sonda da bunu, Fuad Muradovun sosial şəbəkələrdəki hədələri ilə bağlayır, “gördünüz, bu hakimiyyət nələr edir?!” ritorikasının çeynənmiş variantı, klişe formatı bir daha gündəmə gətirilir.

Trolların versiyalarına görə, hakimiyyət o qədər aciz və eyni zamanda, o qədər qəddarmış ki, əvvəlcə sosial şəbəkələrdə Fuad Muradov adlı birisi vasitəsilə müxalifləri hədəlyir, sonra da Əli Kərimlinin cangüdənini günün günorta çağında şəhərin gur küçələrindən birindən oğurlayır.

Eynən Meksikada narkokartellərin meydan suladığı, at oynadığı şəhərlərdə olduğu kimi.

Təbii ki, iddiaların, suçlamaların, bəlağətli və hiddətli bəyanataların real əsası, məntiqi məzmunu yox.

Həmişə olduğu kimi, AXCP sədri, həm də bloqer Əli Kərimli xəyalındakı gerçəklik, istədiyini baş vermiş kimi qələmə verir, onun trol dəstəsi də “lider”dən əmr aldıqları üçün sosial şəbəkələrdə məzhəkəyə daha çox bənzəyən yeni şouya başlayıblar.

Fuad Muradov adlı ifrat emosional, nə dediyinin və nə yazdığının fərqində olmayan sosiopatı hakimiyyətin “adamı” kimi qələmə vermək əqli paroksizmdir.

Bu məntiqlə AXCP üzvlərinin üzləşə biləcəkləri istənilən (!) mübahisəli durumda, sosial şəbəkələrdəki virtual qovğalarda, onların hətta qonşu davalarında belə, mütləq hakimiyyət suçlu sayılmalıdır?

Absurddur, razılaşın.

Bu gün bəlli oldu ki, Yasamal Rayon Məhkəməsi R. Əmirov barəsində 30 sutka həbs cəzası çıxarıb. 

Ruslan Əmirov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə təqsirli bilinir.

Vəssəlam, finita la comedia.

Polisə tabe olmamaqda, xuliqanlıqda suçlanan adamın həbsi adi olmasa da, faktdır.

Kimsənin həbsini istəmirəm. Lakin kimsənin də adi olayı şişirdib az qala geosiyasi problem kimi qələmə verməsinin də qəti əleyhinəyəm.

Bu qədər bəsit.

Şərh əlavə et