Elçin Alıoğlunun

Bağışla onları, Rəşad…

Ləyaqətlə şərəf bir dəfə itir. Fəqət, Azərbaycanda bir para adamlar və təşkilatlar var ki, onlar bu prosesi dəfələrlə təkrarlayır, heç nə olmamış kimi davranır, hələ ağıl öyrədir, demokratiyadan danışır, çullu pasifistlik də edirlər. Guya.

Özünü partiya adlandıran “Respublikaçı Alternativ” (REAL) dərnəyinin rəhbəri İlqar Məmmədovun kimliyi, necəliyi, keçmişi və perspektivləri bəlli. Siyasətçi olmağa, görünməyə çalışır.

Onu qısamüddətli olsa da, məşhurlaşdıran İsmayıllı rayonuna gedib öz aləmində Til Ulenşpigellə Dankonun qarışığını yaratmaq cəhdindən sonrakı həbsi oldu.

İ.Məmmədov həbsdə olanda nüfuzlu, çəkili, perspektivli olduğunu iddia etdilər. Hətta əndazədən çıxdılar, REAL-ın lideri barədə reallıq hissini itirərək buyurdular ki, sən demə, “intelligent” görünüşlü və səsli bu adam – gülməyin – ölkə prezidenti olmağa layiqdir.

İlqar Məmmədov həbsdən çıxdı və jurnalistlərin suallarını cavablayan kimi süni xarizmasını, şişirdilmiş aurasını məhv etdi.

Hamı anladı ki, kral sən demə, çılpaqmış: İlqar Məmmədov nəinki prezident, heç çoxmərtəbəli yaşayış binalarından birində komendant olmağa layiq deyilmiş.

Səbəblər çoxdur və onların sadəcə, ikisi yetərlidir:

1. İlqar Məmmədov geniş xalq kütləsinin dəstəyini qazanmayıb, qazana da bilməz.

2. İlqar Məmmədovun siyasi perspektivləri çox zəifdir.

REAL mənsubları, xüsusilə də funksionerlər buna etiraz edirlər, “lider”lərinə haqq qazandırmağa çalışırlar. Fəqət, REAL üçün çox acı reallıq ortadadır. Sosial şəbəkələrdə, xüsusilə də Facebook səhifəsindəki az qala hər statusu, paylaşımı lağlağı, ironiya, istehza obyektinə dönən, “mem”ə çevrilən İlqar Məmmədovu hakimiyyət və müxalifətlə yanaşı, xalq da ciddi qəbul etmir.

REAL üçün daha pisi: əyalətlərdə onu tanıyan çox azdır.

Bəlağətli bəyanatlarına, uzun-uzadı müsahibələrinə rəğmən, REAL faktiki olaraq üç nəfərin dərnəyi olaraq qalır və siyasi proseslərə hər hansı təsir imkanlarından bilmərrə mərhumdur.

Ən azı ona görə ki, dərnəyin sıravi üzvləri “lider”lərinin davranışını, ifrat və bayağı təsir bağışlayan “Qərbyönlü düşüncə tərzi”ni təkrarlamağa çalışırlar.

Nihilizm, pasifizm və daha çox “izm”lərin absurd qarışığıından ibarət olan belə düşüncə tərzinin nə dərəcədə qüsurlu olduğunu yazmıram. Çünki özü tamlıqda büsbütün qüsurdur.

İ.Məmmədov “təki olmağa” çalışanlardan biri də deyəsən, Lənkəran sakini, Lənkəran Dövlət Universitetinin Həmkarlar Təşkilatında çalışdığını Facebook səhifəsinə yazmış Nəriman Abdulladır.

Bu gənc polkovnik-leytenant Rəşad Atakişiyevin şəhid olması ilə bağlı olaya “özünəməxsus” şəkildə reaksiya verib. O, Facebook-dakı profilində yazıb (stiliktika və orfoqrafiya olduğu kimi saxlanılıb) : “Gözlərim mazol oldu pilotun şəklini görməkdən. Bir insan insan öldürmək üçün təlim keçərkən öldü, vəssəlam”.

Azərbaycan Hərbi-Hava Qüvvələrinin polkovnik-leytanantının, ölkənin ən peşəkar hərbi pilotlarından birinin şəhidliyinə N.Abdullanın reaksiyası budur.

Gözlənilən o idi ki, REAL-ın sədri və ya onun müavinləri belə səfsəfəni paylaşan gəncə heç nə deməyiblər. Bəlkə demək niyyətləri də olmayıb: axı “pasifizm”, “libertanianlıq”, “fikir və ifadə azadlığı” var.

Varmı?

Şəhidin ruhunu aşağılamaq, bununla da bütün şəhidlərimizi təhqir etməkmidir “fikir azadlığı”?

Saxta pasifizm nümayiş etdirərək hədyan paylaşmaqdır libertarianlıq?

Düşünmürəm.

Əslində, MiQ-29 təyyarəsi Xəzər dənizinə düşən gündən REAL olayla bağlı narrativ səviyyəsində iddialar yayır, qəzanın səbəbləri ilə bağlı ən irrasional, məntiqə sığmayan gümanlar səsləndirirdi. Heç bir əsası olmayan bu iddialar az qala “konfidensial məlumat”lar kimi təqdim olunurdu.

Halbuki qəzanın səbəbi açıqlanıb. Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar oxunub.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə qırıcının qəzaya uğramasına gətirib çıxarıb.

“Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə, təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

…. Acınacaqlı durumdur, REAL. Müxalifət fəaliyyəti, konstruktiv əməllər əvəzinə demaqogiya, populizm, potensial seçicilərə yuxarıdan aşağı baxmaq, psevdointellektuallıq görüntüsü yaradıb təşəxxüsə qapılmaq ironiya doğurur.

Şəhid pilotumuzla bağlı yazılansa ümiyyətlə, ikrah yaradır.

Bunu biləsiniz.

Şərh əlavə et