Elçin Alıoğlunun

Bəsit və təkrar şou: Əli Kərimlinin oyunu alınmadı

AXCP-nin sədri Əli Kərimli bu gün saxlanılıb, sonra isə buraxılıb.

Səbəb?

Əslində bəlli, amma yeni çalarlı və dəyişməyən amplualı insanın son günlərdəki fəaliyyətinin məntiqi nəticəsi də sayıla biləcək olay.

Hadisələrin xronologiyasına nəzər salaq.

Bu gün səhər saatlarında Müsavat Partiyasının qərargahında “siyasi motivlərlə” həbs olunan şəxslər üçün keçirilən dəstək marafonu polisin müdaxiləsi ilə dayandırılıb.

Polis AXCP sədri Əli Kərimlini saxlayıb.

Partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyib ki, Əli Kərimli və mühafizəçi Ruslan Əmirovu Binəqədi Rayon Polis İdarəsinə aparılıblar.

Müsavatın sabiq başqanı, postunu hazırda firqənin təsərrüfat müdiri olan və Avropa ölkələrinə mühacirət etmişlərə “əsl müsavatçı” imicini heç də təmənnasız əta etməyən Arif Hacılıya verəndən sonra “Milli Düşüncə Mərkəzi” adlı bir otaqdan ibarət “qurum”a rəhbərlik edən İsa Qəmbər sinirlənibmiş.

O, zala toplaşan və “marafon”da pul toplayanlarla bu adamlara pul gətirənlərə xitab edərək Türkiyədəki “B” səviyyəli telekanalların sevimli personajı olan “Ağ saqqallı dədə” obrazını alıb və deyib: “Hələ belə hadisə olmamışdı! Qərarı siz verin!”

Bir “Yoldaşlar!” kəlməsi çatışmayıb, zaldakılar da nədənsə “Beynəlmiləl” oxumayıblar.

Daha sonra təbii ki, “Milli Şura”nın həşəmətli sədri Cəmil Həsənli nitq irad edib.

“Vəziyyətin gərginləşməməsi üçün aksiyanı dayandırırq, davamı olaraq əlavə məlumat veriləcək”.

Nə baş verib?

Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərməkdə suçlanıb.

Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.

Bu gün Əli Kərimli ilə bahəm, onun cangüdəni və “marafon”da aktivlik edən daha bir neçə şəxs saxlanıblar.

Həmin şəxslər buraxılıblar, artıq azadldıqdadırlar.

Ə.Kərimli isə bir qədər sonra buraxılıb.

Onun “həbs olunması”, “məşəqqətlər çəkməsi” ilə bağlı yayılan xəbərlər də yalandır.

Pərdənin arxasında olanlar

“Siyasi motivlərlə tutulub buraxılan və cərimələnən şəxslərə yardım marafonu” adlanan, əslində isə bu adla AXCP-nin keçirdiyi yeni, yöndəmsiz PR aksiyası olan hadisə bir neçə gün əvvəl anons edilmişdi.

Sosial şəbəkələrdə ilkin olaraq Əli Kərimlinin özü niyyətini açıqlamış, Facebook-dakı səhifəsində növbəti bloqer “esse”sini paylaşmışdı.

Daha sonra “Obyektiv TV” adlı YouTube kanalının reportyorluğunu edən, qalmaqalları və hər icazəsiz aksiyada Janna D-Arklıq areoluna yiyələnməyə can atan Fatimə Mövlamlı Facebook-dakı profilində canlı yayıma çıxdı.

20 dəfədən artıq saxlandığı və cərimələndiyini vurğuluayan bu gənc xanım irreal tələblərini səsləndirəndən, həmişəki obrazına sadiq qalaraq “radikal və qətiyyətli”, amma ideoloji cəhətdən lümpenləşmiş inqilabçı ritorikasına varandan sonra “dost”ları Müsavat Partiyasının qərargahındakı “marafon”a qatılmağa, pul verməyə çağırdı.

Əslində, qanunazidd əməl deyildi, cinayətə çağırış da sayılmaz.

Kimlərsə kimlərəsə yardım üçün pul toplamaq qərarına gəlib.

Amma olay ifrat dərəcədə siyasiləşdirilib, maliyyə yardımı və ya xeyriyyə aksiyası çərçivəsindəki adi, sivil hadisədən dartılılaraq siyasi aksiyaya döndərildi.

Dirijor və əsas maraqlı şəxs də, həmişə olduğu kimi, Əli Kərimli idi. Cəmil Həsənli isə repriza ifaçısı və epizodik rol qəhrəmanı funksiyasını yerinə yetirirdi.

Siyasət kanonları, sivil siyasi davranış qaydalar və ən nəhayət, mövcud qanunvericiliyin tələblərindən çox uzaq aksiyanın Müsavat Partiyasının qərargahında keçirilməsi isə prodüserləri Azərbaycandan uzaqda, rejissoru isə AXCP sədri postundakı bloqer olan şouya xüsusi, özünəməxsus şarm vermişdi.

Ən tolerant hakimiyyət belə bu cür pis görkəmli şarmla barışa bilməz.

Əli Kərimli tərsini desə də.

“Nə olacaq?” sualının cavabı isə çox asandır.

“Müstəqil, ədalətli və vicdanlı” Sevinc Osmanqızı bu axşam Əli Kərimli ilə yenə Skype vasitəsilə əlaqə quracaq, AXCP sədri isteriyaya qapılaraq Malçiş-Kibalçişlik edəcək, sonra Cəmil Həsənli, lap sonra Tofiq Yaqublu və digər yerli siyasət troqloditlərimiz şikayətlənəcək, hiddətlənəcək və sair və ilaxır.

Həmişəki insanlar, həmişəki mimikalar, həmişəki sözlər.

Dəyişən zamandır.

O zaman ki, siyasi meyitlərə dönənləri dəyişə bilməz.

Şərh əlavə et