Elçin Alıoğlunun

Azərbaycanda “canlı meyit”ə hələ də inananlar var

“Liberal dəyərlərə çox önəm vermək gərəkdir”, “əsl demokrat, azad fikirli insan liberal olmalıdır”, “Azərbaycanın xilası liberalizmdir”…

Yerli “yorğun demokratlar”ımız yaşlarından asılı olmayaraq liberalizm aşinalarıdır.

Əslində, çağdaş dünyada özünü liberal kimi qələmə vermək ən asan işdir.

Ümumiyyətlə, ən təhlükəsiz məsələdir: özünü liberal adlandır və vəssəlam, okey. “Mərkəzçi” – darıxdırıcıdır, “solçu” və ya “marksist” – “cool”dur, amma çoxları bu anlamları radikalizmlə eyniləşdirirlər.

Bəzi şirkət rəhbərləri isə solçunu hətta kommunist sayır. “Radikal sağçı” – bir tərəfi Hitlerə gedib çıxa bilər müzakirələrin.

Liberal isə azadlıq və demokratiya barədədir, deyilmi? Azadlığa kim etiraz edə bilər ki.

Onillər boyu liberalizm özlərini savadlı və intellektual sayan, amma siyasətlə o qədər də maraqlanmayıb siyasətdə olduqlarını düşünən insanlar üçün müəyyən mənada standartlaşmış ideologiyaya çevrildi.

Liberalizm hər kəsə ölçüsüz əlcək kimi uyarlıdır. Yeganə problem odur ki, “liberalizm” indi əvvələr kəsb etdiyi mənada deyil.

Zira ilkin olaraq liberalizmin, əslində, libertinizm və libertenlərlə heç bir əlaqəsi yoxdu. Liberalizm birbaşa olaraq “azad sənət”lə, “artes liberales”lə, elm, incəsənət və fəlsəfədə biliklərlə bacarıqlar toplusu ilə bağlı idi.

Antikliyin klassik dövründə belə anlam azad fərdi müəyyənləşdirən məqamdı.

Latın dilindəki “liberalis” kəlməsinin mənalarından biri “azad insana layiqli” deməkdir. Həmin bacarıqlar zadəgan tabanına məxsusluğun həlledici ünsürləri idi.

İnsanlar qarşısında debatlar aparmaq, mübahisələri çözmək və ən başlıcası – mütləq hərbi xidmət idi. Qrammatika, məntiq və ritorika da “liberal elmlər”in əsasını təşkil etsə də, riyaziyyat, həndəsə, musiqi nəzəriyyəsi və astronomiya da önəmli idi.

Zaman keçdikcə “liberal elmlər” anlamı sosial elmlər tərəfə meylləndi və 20-ci əsrin ikinci yarısında əsasən “yeni fənnlər”i ehtiva etdi.

Gender tədqiqatları, etnik araşdırmalar, envayromentalizm, habelə “media-arxeologiya” və “pop-musiqinin tədqiqatları” kimi absurd istiqamətlər təki.

17-18-ci əsrlərdə təşəkkül tapmış libertinizm isə azadlıq anlayışını klassik liberalizmdən çox fərqli təqdim edirdi. Daha sadə desəm, cəmiyyətdə qəbul olunmuş davranış və əxlaq qaydalarını rədd edən nihilist fəlsəfə idi.

İlk libertenlər erotik zövqlərin ümumiliyinə əsaslanan dərnəklər yaratmış fransız zadəganlardı.

Yeri gəlmişkən, markiz de Sad libertinizm ideoloqlarından biri sayılır.

Vaxt keçdi, “mədəni” marksizm libertinizmdən dini və ictimai mənəviyyatla əxlaqın rəddini əxz etdi, buna saxta “elmi” izahlar verdi, sonucda da klassik liberalizmin ilkin əsaslarını aşırıb onların yerində möhkəmlətdi.

Yazdığım kimi, əvəllər bilikli olmaq və təhsili ilə zadəgan adlanmağı haqq etmək istəyən insanlara “liberal” deyirdilər. “Konservatizm”, yəni “mühafizəkarlıq” anlayışı 20-ci əsrədək geniş işlənmirdi, çünki indi mühafizəkarlıq saydığımız model o zamanlar elə liberalizm deməkdi.

İndisə radikal və ya loyalist hərəkatları konservatizm adlandırırlar. Məsələn, 1660-cı illərdə İngiltərədəki torizm kimi.

Halbuki torizm heç bir halda konservativ hərəkat olmayaraq əsl loyalizm idi.

İngilis torilər fərdi şüurun kollektiv ağıl üzərində şəksiz üstünlüyünə əsaslanan xalq suvereniteti ideyasını rədd edirdilər. Onlar nə din azadlığını, nə də parlament demokratiyasının önəmini tanımırdılar.

Müasir Qərb konservatorları tarixi köklərindən danışanda ötənlərin liberal düşünərlərinə istinad edirlər. Məsələn, viqlər (antiloyalistlər) partiyasından Edmund Berk və ya filosof Demid Yum kimi.

Berklə Yum neoplatoniklərdilər, yəni tək hökmdarın avtoritetini etiraf etsələr də, deyirdilər ki, o hökmdar intellektual və filosof olmalıdır.

Monarixistlər və loyalistlər heç bir halda konservatorlar ola bilməzdilər. Çünki konservatizm, yəni mühafizəkarlıq “ənənəvi dəyərlər”lə birlikdə antik dövrün liberal prinsiplərinə riayət etməyə çağırır. Onlar üçün təhsil və maariflənmə eynən xalq suvereniteti və millət ideyası prinsipləri qədər önəmlidir.

19-cu əsrin sonlarında klassik liberalizm ideyaları dərin böhranda idi. Qərbdə cəmiyyət bir tərəfdən iqtisadi inkişafın xeyli zəifləməsi, tabanlar arasında uçurum: digər tərəfdənsə işsizlik və böyük şəhərlərdə səfalətlə qarşılaşmışdı.

Hər şeyə əməyi və bacarıqları hesabına (neoplatonistlərin “filosof hökmdar” idefiksinin yeni forması) nail olan fərd idealı yeni şəraitdə şübhəli təsir bağışlamağa başladı.

Sənayeləşmənin konservatizm ideyaları və kapitalizmin “laissez-faire” prinsipi, yəni dövlətin azad bazara müdaxiləsinin minimuma endirildiyi “qarışmamaq prinsipi” 20-ci əsrin ilk yarsında totalitar sosialist layihələrlə toqquşdu.

Həmin layihələr Almaniyada nasional-sosialist diktatura, SSRİ-də isə bolşevizm idi.

O qarşıdurmanın davamını indi müasir reallıqlarda müşahidə edirik.

Beləcə, “neoliberalizm” adlanan anlama gəlib çatırıq.

Neoliberalizm, əslində, neokonservatizm kimi mənasız, boş və puç anlamdır. Törəmə funksiyaları və parlaq qılafı bir kənara atsaq, onların ikisi də qlobalizmin müxtəlif formaları olaraq söz azadlığı, azad bazar, fərdin azadlığı, habelə klassik liberalizmin təməl anlayışları ilə heç bir əlaqədə deyillər.

Liberalizmlə neoliberalizm arasındakı fərqlər, sadəcə, bazara münasibətdə yox, həm də ümumi yanaşmadadır. Çünki qlobalizm adi sosializmin beynəlxalq gündəmə uyğunlaşdırılmış, modernləşdirilmiş versiyasıdır.

Total mərkəzləşmənin olduğu Avropa İttifaqına baxmaq yetər. Məsələn, şəxsən mən Avropa Komissiyasının kimlər tərəfindən, hansı prinsiplər əsasında seçildiyini hələ də anlamıram. “Liberal” Avropa İttifaqında bazarların sərt tənzimlənməsi, gəlirlərin amiranə şəkildə paylaşdırılması və s. var.

Neoliberalların ələ keçirdikləri mədəni marksizm ideyalarına gəldikdə isə, “sosial imtiyazlar” (elə həmin “ağ sisgender kişilər”in mifik imtiyazları) məsələsinə yenidən baxılması ilə bağlı tələblər gəlirlərin yenidən paylaşdırılmasını ehtiva edən sosialist ideyalardır ki, var. Sadəcə, indi daha qlobal, böyük miqyasda.

Məsələn, ABŞ, Yaponiya, Çin, Fransa və ya Britaniyada belə siyasət qlobal korporasiyalar səviyyəsində aparılır. Bu, daha təhlükəlidir. Nədən ki, hökumət heç olmasa kağız üzərində xalqın “muzdlu meneceri” funksiyaların yerinə yetirərsə, vətəndaşların maraqlarını qorumalıdır.

Facebook, Apple, Microsoft və ya General Motors isə kimsəyə nəsə borclu deyil.

“Korporasiyalar kapitalizmə qarşı!” – sadəcə, ilk baxışdan absurd təsiri bağışlayır. Sosializmi yalnız gəlirlər və imtiyazlar sistemi kimi yox, həm də Sosial Sifariş sistemi kimi qəbul etsək, hər şey yerini tutur.

Korporativizm eynən sosializm təki qrupun maraqlarını fərdin mənafelərindən üstün tutan ideologiyadır.

Bax, bu səbəblərdən dolayı neoliberalizm anlayışları məharətlə saxtalaşdıraraq, dəyişərək yaşayır.

Zahirən azad bazarın tərəfdarıdır – amma, əslində, gəlirlərin gender və irqi mənsubiyyət əsasında tənzimlənməsini istəyir.

Zahirən söz azadlığına tərəfdardır – amma “rasizm”, “seksizm”, “dini hisslərin təhqir olunması” kimi çeynənmiş narrativlərdən yararlanaraq fərqli düşününləri susdurmağa çalışır.

Zahirən totalitarizm və diktaturaya qarşıdır – amma bəhs etdiyim məsələlərin hamısını məhkəmədən kənar nizamlanmasını “yuxarı instansiyalar”a həvalə edir.

Ən iyrənc saxtakarlıqlardan biri isə odur ki, istənilən solçu ideologiyanın ayrılmaz hissəsi olan totalitarizm (bir daha xatırladım: Almaniyadakı nasional-sosializm solçu layihə idi) bu eybəcər koordinat sistemində mütləq şəkildə “sağçılar”la konservatorlara şamil olunur.

Hələ uzun zaman qurtula bilməyəcəyimiz ağır irsdir bu.

O irs ki, əxlaq və mənəviyyatdan azadlığı “iç sərbəstlik, demokratiya” kimi qələmə verir, cinsi çoxluqları cinsi azlıqlar durumuna salır, insanı, sadəcə, kredit ödəmə və böyük Matrisin əmrlərini yerinə yetirmə mexanizmi sayır.

Şərh əlavə et