Elçin Alıoğlunun

Əsl erməni faciəsi: Serjin astarı Nikol

“Qızıl hərflərlə yazılmış adın əsrlərdə qalacaq – bizim ədalətli qəhrəmanımız!” Ermənistanın sabiq və üçüncü prezidenti Serj Sarqsyana, daha doğrusu, onun 65 illik yubileyinə həsr olunmuş mahnı bu sözlərlə bitir. Mahnı Razmik Amyan və Avet Barseqyanındır.

Srağagün Sarqsyan ad gününü qeyd edib.

Onun ofisinin yaydığı məlumata görə, Sarqsyanın yubileyi ilə bağlı heç bir rəsmi və ya qeyri-rəsmi təntənəli mərasim təşkil olunmayıb.

“Ad gününü Serj Sarqsyan evində, ailəsi ilə keçirib”, – məlumatda deyilir.

İyunun 30-da İrəvanda əslən Dağlıq Qarabağda olan ermənilərdən ibarət “karabaxtsi” klanı, bir zamanlar iqtidarda olmuş Ermənistan Respublika Partiyasının funksionerləri və “sabiqə sadiq” oliqarxlarla siyasətçilər Serj Sarqsyanın ad gününü qeyd ediblər.

Eyni zamanda, həmin ad günü Ermənistanın baş naziri Nikol Paşinyanın bu adamlara yeni ad verdiyi, habelə özünün də onların ünvanladığı ada tuş gəldiyi bir zamandı.

İyunun 30-dan bəri Facebook-un Ermənistan seqmentində “inqilabçı”larla “əksinqilabçılar” arasında “ideoloji” savaş gedir.

Nikol Paşinyanın tərəfdarı olan “inqilabçılar” Sarqsyanı lənətləyir, söyür, qarğışlara tuş edir, həbsini istəyirlər.

Serj Sarqsyanın “qvardiyası” isə pafosla Paşinyanı lənətləyir, “Ermənistanı viran qoydu” tipli şərhlər yazırlar.

Təbii, normal cəmiyyət ağ və qara rənglərdən ibarət deyil, çoxlu çalarları, tabanları, qrupları, dəstələri və düşərgələri var. Hər siyasətinin də tərəfdarı və düşmənləri ola bilər.

Normal ölkələrdə belədir.

Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarqsyan və Nikol Paşinyan da insanlardır, “homo sapiens”in yeni formasiyası olan “homo armenian vulgaris”lərdir.

Humanizm mövqeyindən çıxış etsək, Dağlıq Qarabağda yüzlərlə, minlərlə dinc azərbaycanlının qətlə yetirilməsində, günahsız körpələrin amansızlıq və vəhşiliklə, işgəncələrdən sonra öldürülməsində xüsusilə fərqlənmiş qəssab Serj Sarqsyanı da ad günündə kimsə, yaxud kimlərsə təbrik edə bilər.

O da özünü insan sayır çünki.

Tənqidlər isə daha da artacaq. Söz yox, normal və demokratik cəmiyyətlərdə diktatura, özü də çağdaş demokratiya prinsipləri ilə pərdələnmiş diktatura sistemlərdən fərqli olaraq belə yubileylər geniş qeyd olunmur.

Normal cəmiyyətdə dövlətin qurucusunun, milli liderin ad və vəfat günləri zəruri, məcburi qaydada beyinlərə kilidlənmir. İnsanlar öz Liderini unutmadıqlarından onun əməyini layiqincə dəyərləndirirlər.

Ermənistan normal cəmiyyətli adi ölkə yox, müxtəlif insanların “lider” olmağa çalışdığı yoxsul, səfil, kənardan göndərilən pullar hesabına yaşayan və sürəkli dopinqə möhtac olan dövlətdir.

Serj Sarqsyanın da yubileyi ən yaxşı halda ailə bayramı olmalıdır və heç bir halda avtoritar idarəetmənin fetişə çevrilmə vasitəsinə dönməməlidir.

Hətta lənətlər və təriflər də cəmiyyətin normallaşmağa başladığını göstərə bilərdi.

Göstərmədi.

Çünki bir tərəfdə “adını qızıl hərflərlə tarixə yazan” Sarqsyan barədə sifarişli, bayağı mədhiyyə tipli mahnı və sabiq prezidenti təriflərəyərək onu az qala ermənilərin son ümid yeri sayan dəstə varsa, digər tərəfdə Nikol Paşinyana büt kimi sitayiş edərək Sarqsyanı təhqir edən yığnaq mövcuddur.

Onlar sosial şəbəkələrdə olduğu kimi, həyatda da bir-birlərinə qənim kəsiliblər.

Bu isə Ermənistanın sabiq hakimiyyətinin mahiyyətini və dəyərlər sistemini ortaya qoymaqla yanaşı, ölkəni indi idarə edən komandanın vətəndaşlara nifrətini, Nikol Paşinyanın özünə vurğun olduğunu göstərir.

Serj Sarqsyan və Nikol Paşinyan Ermənistanda “rəhbər”in fetişə döndərilməsini və “rəqib”in də başının əzilməsinin gərək bilindiyi nifrət obyektinə çevrilməsini nəzərdə tutan siyasi mədəniyyətsizliyin məhsullarıdır.

Mahnı və ad günü göstərdi ki, Serj Sarqsyanla onun rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası dəyişməyiblər.

Nikol Paşinyan da düzələn deyil: ABŞ-ın ssenarisi və bilavasitə müdaxiləsi ilə reallaşmış “inqilab”dan beş və ya on il keçsə də.

Bu adamların heç biri adekvat deyiil, çünki onları narahat edən Ermənistanın indisi və gələcəyi yox, siyasi perspektivləri, qarət və talan imkanlarıdır.

Təsadüfi deyil ki, hakimiyyətə gələndən sonra eyforiyaya qapılan Nikol Paşinyanın reytinqi sürətlə aşağı düşməkdədir.

Ermənilərsə sanki kütləvi karlığa və korluğa, habelə yaddaş qüsurlarına mübtəla olublar.

Məsələn, Ermənistan Respublika Partiyasının “məşhur” funksionerlərindən biri Artak Zakaryan deyib: “Əminliklə söyləyirəm: bir il sonra siyasi xadim kimi Serj Sarqsyanın obrazı cəmiyyətin əksər kəsimlərində pozitiv məcraya qayıdacaq. Cəmiyyətimizin xarizmatik liderə ehtiyacı var. Serj Sarqsyan isə Nikol Paşinyanla müqayisədə məntiqli və əxlaqlı insan təsiri bağışlayır”.

Əsl erməni faciəsi də budur. Ermənistanı 10 ildən çox idarə etmiş siyasi komanda hakimiyyətdən kənarlaşdırılandan sonra belə, ötən il ölkədə yaşanan və yaşadılan hadisələrin mahiyyətini anlamır.

Erməniləri küçələr çıxaran səbəb Nikol Paşinyanın ağlı, müdrikliyi, dəyərləri və ya xarizması yox, publik simasının Serj Sarqsyan olduğu sistemə nifrət idi.

Ötən ildəki etiraz aksiyalarında yeganə işlək formul “Serji devirək” idi.

Serj Sarqsyana ermənilər nifrət etsələr də, Nikol Paşinyan həmin adamın oxşarıdır.

Axı perspektivlərini sadəcə, bir insana bağlayan siyasi komanda nə qədər qeyri-adekvat olmalıdır ki, baş verənlərin mahiyyətini dərk edə bilməsin…

Nikol Paşinyanın tərəfdarları Serj Sarqsyanı reallıq hissini itirməkdə, hakimiyyət hərisliyində, tiraniyaya meyldə suçlayırlar.

Lakin Ermənistanın baş nazirinin özü sanki Sarqsyanın əkiz tayıdır.

Minskdə başa çatmış 2-ci Avropa Oyunlarında Ermənistan yığmasının 5 qızıl medal qazanmasını Paşinyan tərəfdarları “yeni hakimiyyətin uğuru” kimi qələmə veriblər və hətta “Bu, yeni Ermənistandır!” yazaraq baş naziri mədh ediblər.

Sarqsyanı və Paşinyanı tərifləyənlər arasında heç bir fərq yoxdur.

Paşinyan “Kilikiya” gəmisinin önündə hidrokostyumda şəkil çəkdirir, ya da Dzax Arutun konsertindən canlı yayım edir.

“İnqilab” adlanan tragikomediya Ermənistanda siyasi mədəniyyətsizliyə son qoymadı.

İrəvanda çox ciddi siyasi adekvatsızlıq və hakimiyyətin deqradasiyası problemi var.

Şərh əlavə et