Elçin Alıoğlunun

Əli Kərimlinin trolları niyə fəallaşıb?

Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimidir. Bəlkə bu səbəbdən gününü internetdə keçirib “virtual inqilab” mərəzinə tutulanlar  ifrat dərəcədə aktivləşiblər. Eynən liderləri, AXCP sədri və həm də bloqer Əli Kərimli təki.

Əli Kərimli artıq ikinci həftədir ki, blokadada olduğunu deyir. İddia edir ki, ətraf aləmlə əlaqəsi kəsilib, nə mobil telefonu çalışır, nə də ki evində internet.

Yəni sözlərinə inansaq, dörd divar arasında məcburi inziva durumundadır.

Lakin nə “mübhəm”dirsə, Facebook səhifəsində gündə bir neçə dəfə mifik “admin qrupu” adından paylaşımlar edir, “müstəqil bloqer”lərin YouTube kanallarından çəkilmir.

AXCP sədrinin “blokada” ifadəsinin mantra kimi sürəkli təkrarlaması onun tərəfdarlarını da sinirləndirib sən demə. Sosial şəbəkələrdə trolluq edən, “lider”lərini cüzi şəkildə olsa da, tənqid edənləri söyüş və təhqirlərə məruz qoyan yığın indi “Əli bəyin blokadasına son!” tipli marazmatik çağırışları tirajlayırlar.

Əli Kərimlinin onillərdən bəri refren kimi təkrarladığı ifadələr, bəsit məntiq gəlişmələri və absurd müqayisələrlə dolu müsahibələrinin baxış saylarını süni şəkildə artıran bu trollar belə saxtakarlıqla statistikanı yüksəltməyə, AXCP sədrinin cəmiyyətdə “nüfuz” sahibi olduğunu göstərməyə çalışırlar.

Onların sürəkli dəyişən hədəfləri arasında indi “Respublikaçı Alternativ” (ReAl) hərəkatının rəhbəri İlqar Məmmədov var. İ.Məmmədovu “saxta konstruktiv müxalifət” və “hakimiyyətə satılmış fiqur” adlandıran, ifadələrində ifrat lümpenləşdiklərini ortaya qoyan trol dəstəsi sakitləşmək bilmir. Onların təhqir etdikləri və söydükləri adamların siyahısına İ.Məmmədovu dəstəklədiyinə görə sosial şəbəkələrdə Ə.Kərimlinin dəstəsinin aqressiyasına məruz qalan professor Altay Göyüşov da var.

AXCP və ReAl arasında illərdən bəri davam edən qarşıdurma indi faktiki pik nöqtəsindədir. İlqar Məmmədovu kollaborasinizmdə suçlayan, onu “hakimiyyətdə işləmək”də günahlandıran trol dəstəsi müstəqil davranmır.

Əli Kərimli etiraf etməsə də, dansa da, bu trolları məhz AXCP sədri idarə edir.

Facebook və WathsApp-dakı qruplar vasitəsilə: iddialara görə, həmin qrupların rəhbərləri isə AXCP-nin rayon təşkilatlarının rəhbərləri və fəallarıdır.

Əli Kərimlinin bütün ölkə miqyasında maksimum 3 min tərəfdarı var və bunu AXCP ilə “Milli Şura”nın indiyədək keçirdikləri istisnasız olaraq bütün aksiyalarda radikal müxalifətin ən aqressiv ritorikalı, ən absurd çağırışlarla çıxış edən “lider”lərinin elektral və sosial bazalarının zəifliyi göz önündə olub.

“Seçki islahatlarına zərurət var” deyən Əli Kərimli son parlament seçkilərini boykot etdi. Bu, parlament partiyası olmağa can atdığını vurğulayan AXCP-nin davranışıdır və heç bir halda sivil siyasi mübarizə metodologiyasına uyğun gəlmir.

“Hakimiyyət bizimlə danışmaq istəmir” kəlmələrini sürəkli təkrarlayan AXCP sədri müxalifət partiyaları ilə müzakirə çərçivəsindəki danışığa funksioneri Seymur Həzini ezam etmişdi. Bu, hakimiyyət-müxalifət dialoquna etinasız münasibət kimi dəyərləndirilə də bilər.

Əli Kərimli “söyüş maşını”ndan və trol yığnaqlarından əl çəkmək istəmir.

Fəqət, sivil siyasi mübarizədən, insan haqlarından, demokratiyadan sonsuz şövqlə danışmağı sevir.

Saxtakarlığın da bir həddi olmalı axı…

Şərh əlavə et