Elçin Alıoğlunun

Əli Kərimli, çalışın, anlayasınız…

Siyasətçinin korafəhmliyi, politologiya və diplomatiya qanunlarından bixəbərliyi mümkünlü olaydır. Qəbahətdir, amma dözüləndir. Lakin siyasətçi avamlığını bayraq edirsə və ağıllı, dərrakəli şəxsi özünə opponent bilərək boşboğazlıq edərək demaqogiyaya varırsa, bu artıq qəbahətdən də betər əməldir.

Əfsuslar olsun ki, Azərbaycanın radikal müxalifətindəki fiqurların tam əksəriyyəti adekvatlıq və ümumiyyətlə, reallığın məntiqi dəyərləndirilməsi bacarıqlarından məhrumdur.

Onların arasında xüsusi yer tutan isə AXCP sədri, həm də bloqer Əli Kərimlidir.

Dünyanın ən nüfuzlu geosiyasi fiikir mübadiləsi və əməkdaşlıq forumlarından birinə çevrilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycanın dövlət başçısı İlham Əliyevin çıxışını öz aləmində tənqid edən Əli Kərimli didaktik-tənqidi siyasətçiliyə varıb.

Xatırladaq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

AXCP sədri Əli Kərimli bununla bağlı olaraq Facebook-dakı səhifəsində yazıb: “Paşinyana cavab kimi nəzərdə tutulan o bir cümləni demək üçün İlham Əliyevə iki ay vaxt lazım idi? Paşinyana cavab veriləcəkdisə, nəyə görə o, Qarabağla bağlı məlum sözləri Xankəndində deyən zaman İlham Əliyev susmuşdu, dərhal cavabını verməmişdi? Paşinyana cavab veriləcəkdisə, nəyə görə o cavab 136 dövlət və hökumət başçısının iştirak etdiyi, bütün dünya mətbuatının diqqətində olan BMT Baş Məclisinin tribunasından verilməmişdi? Bu iki aylıq ləngimənin, daha böyük təbliğat fürsətlərini əldən verməyin səbəbi nədir?”

Həddən artıq primitiv məntiqə əsaslanan şablon düşüncə tərzi. Əfsuslar olsun.

Eynən Əli Kərimli kimi, Ermənistanın baş naziri Nikol Paşinyan da yüksək vəzifəyə küçə hərəkatı nəticəsində gəlib.

Nikol Paşinyan siyasəti, geosiyasəti, ümumiyyətlə, normal davranışı bilmir. Bu adam üçün siyasət dövlət və hökumət başçıları üçün selfi çəkdirmək, bir də isterik bəyanatlar verməkdir.

Paşinyan zəif jurnalist olduğu kimi, zəif siyasətçidir.

Onun Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” isterikası “daxili mətbəx”ə hesablanmış, Ermənistandakı “karabaxtsi” klanını öz tərəfinə çəkməyə yönəlmiş marazmatik bəyanatdı.

Marazmatikdi ona görə ki, hətta ən qatı, ən zooloji erməni daşnak da belə sarsaq açıqlama verməyi düşünməz. Ermənistanın heç bir (!) rəhbəri və siyasətçisi belə absurd bəyanatla çıxış etməz.

Paşiyan etdi, çünki yazdığım kimi, dövlət idarəetməsinin, dövlət siyasətinin nə olduğunu bilməyib, indi də bilmir və siyasətlə populizmi qarışdırır.

O, Xankəndidəki bəyanatının hansı nəticələr verdiyini də amöb şüuru ilə təxminləyə bilməzdi.

Çünki bu bəyanat ATƏT-in Minsk Qrupunun çərçivəsində danışıqlar prosesinin birtərəfli olaraq məhv edilməsi deməkdi.

Paşinyan siyasət debilidir və hələ də dərk etmir ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün aqressiv davranmaq uduzmaq, meydan oxumaq ritorikasından yararlanaraq Azərbaycana ultimatumlar yollamaq geosiyasi və diplomatik müstəvilərdə məğlubiyyətə düçar olmaq deməkdir.

Azərbaycanın dövlət başçısı soyuqqanlı davrandı, əsl siyasətçi və dövlət adamı kimi dərhal cavab vermədi.

Əli Kərimli, geosiyasətdə buna “rəqibi sıxan pauza” deyirlər.

Dövlət başçısı əsla və əsla emosional olmamalı, hisslərin təsiri altına düşməməlidir.

Paşinyana çox sərt və konkret cavab verilməliydi.

Amma Bakıdan yox: İlham Əliyevin “daxili mətbəx”ə hesablanmış bəyanatlara əsla ehtiyacı yox, çünki ölkə vətəndaşlarının inandığı lider, cəmiyyətin etimad etdiyi dövlət başçısıdır.

Təbii, İlham Əliyev Ermənistanın baş naziri postundakı siyasi təlxəyə Bakıda da cavab verə bilərdi. Və yaxud Paşinyanın heç bir əsası olmayan, absurd açıqlamasını BMT-nin Baş Assambleyasının tribunasından da cavablaya bilərdi.

Eyni zamanda, Azərbaycanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin 26 ildən bəri icra olunmadığını da qətiyyətlə vurğuladı.

“Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılar qalmayıb. Həmin ərazilər hazırda yandırılmış torpaqlardır. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var və o qətnamələrdən birində ermənilərin işğal etdikləri ərazilərdən dərhal, qeyd-şərtsiz çıxmaları qeyd olunur. 25 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoyulmur”, – İlham Əliyev dedi.

Beləcə, dövlət başçımız BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilmə mexanizminə, sənədlərin implementasiyası məsələsinə toxunub.

Bu isə çox ciddi məsələdir. Həddən artıq ciddi.

BMT Təhlükəsizlik Şurasının qətnamələri 25 ildən bəri yerinə yetirilmirsə, bu qurumun qərarlarının implementasiyasına və ümumiyyətlə, effektivliyinə şübhə yaranır.

BMT Təhlükəsizlik Şurasının bəzi qərarları bir neçə gündə, bəziləri həftələr ərzində icra olunur. Bəzən heç bu qurumun qərarlarına ehtiyac duymayan dövlətlər və ya dövlət hərbi əməliyyatlar üçün “müstəqil” davranır.

Azərbaycanın mövqeyi budur: Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır.

Bu qədər sadə və bəsit.

Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” sözlərini Xankəndidə, bir dəstə isterik erməninin önündə söylədi və özünə siyasi dividend əldə etmək istədi. Çünki o, Qarabağın heç zaman erməni torpağı olmadığını, ən başlıcası isə olmayacığnı bilir.

BMT tribunasının bəyanat üçün seçilməməsinin səbəbi də Baş Assmbleyanın elə bu Birləşmiş Millətlər Təşkilatı kimi dərin nüfuz, təşkilati və imic böhranında olmasıdır. Daha konkret olsaq, yalnız adında “Birləşmiş Millətlər” ifadəsi olan bu qurum bir neçə dövlətin əlində marionetkaya çevrilib. Həmin dövlətlər isə özlərini dünya gücləri, hakimi-mütləqlər sayırlar.

Azərbaycanın liderinin nüfuzlu, məntiqli tribunaya ehtiyacı vardı və həmin tribuna da “Valday” Klubu oldu.

Paşinyana cavabın indi verilməsinin digər səbəbi isə ATƏT-in Minsk Qrupuna həmsədr statusunda daxil olan ABŞ, Rusiya və Fransanın rəsmi mövqelərini açıqlamasına duyulan zərurətdi.

Rusiyanın XİN başçısı Sergey Lavrov elə həmin “Valday” Klubunun sessiyasında rəsmi İrəvana sərt xəbərdarlıq, hətta ultimatum səciyyəli bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesinin faktiki olaraq dayandığını vurğuladı.

O bildirib ki, son dövrlərdə təmas xəttində vəziyyət kifayət qədər sakitdir, insidentlər azdır və onlar iri deyil:

“Həlak olanların meyitləri mübadilə olunub, indi saxlanan şəxslərin mübadiləsinə hazırlıq gedir. Çox az sayda olsa da, istənilən halda, proses işə düşüb. ATƏT Minsk qrupunun həmsədrləri bir-biri ilə sıx işləyir və bu il xarici işlər nazirləri ilə artıq 3 dəfə görüşüblər. Bölgədəki vəziyyətə gəldikdə isə bir il əvvəlkindən daha sakitdir, amma siyasi proses dayanıb, və bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Amma mən bu halda iri əməliyyatların başlaması üçün hər hansı bir aşkar və ya qeyri-aşkar təhdid görmürəm. Siyasi proses dayanıb və prosesi əyləcdən çıxarmaq hələ ki, alınmır. “Qarabağ Ermənistandır” bəyanatı da səslənib. Eynən Albaniyanın baş naziri Tiranada “Kosovo Albaniyadır” dediyi kimi. Belə açıqlamalar təbii ki, siyasi prosesin bərpası üçün gərəkli mühiti yaratmır”, – S.Lavrov söyləyib.

S.Lavrov əlavə edib ki, Rusiya bunun baş verməməsi üçün əlindən gələni edəcək.

“Qarabağ Ermənistandır” demiş N.Paşinyanın adı diplomatiya qanunlarına uyğun olaraq çəkilməsə də, hər kəs S.Lavrovun danışıqların dayanmasının səbəbkarı qismində kimi nəzərdə tutduğunu, hansı dövlətin aqressiv ritorikasından və destruktiv mövqelərindən çox narazı qaldığını anlamamış deyildi.

S.Lavrovun N.Paşinyanı Albaniyanın baş naziri ilə eyni tutması, Kosovonu da Qarabağa bənzətməsi təsadüfi deyil. ABŞ, Avropa Birliyi və ya Türkiyə diplomatlarının belə analogiyaları Dağlıq Qarabağ probleminin ədalətli həll arzularının məhvi demək olardı.

Lakin Rusiyanın XİN başçısının açıqlaması tam fərqlidir. Unutmayaq ki, Kosovonun müstəqil dövlət kimi dünya birliyi tərəfindən tanınmasına mane olan əsas qüvvə Rusiyadır.

Məhz Rusiya bəyan edir ki, sabiq Yuqoslaviyanı parçalayan Qərb məkrli niyyətlərini reallaşdırmaq üçün Serbiyanı da bölməyə, Kosovonu suveren dövlət etməyə çalışır.

Dağlıq Qarabağ ermənilərinin bu müstəvidə kosovarlara bərabər tutulması əslində Rusiyanın Ermənistana ən ağır diplomatik zərbələrindən biri, bəlkə də ən ağırıdır.

Son 25 ildə ilk dəfədir ki, Rusiya “qardaş və dost” dediyi Ermənistanı aşkar şəkildə aqressiv siyasət yürüdən, işğalçı dövlət adlandırır.

Sergey Lavrovun bəyanatı Rusiya prezidenti Vladimir Putinin İrəvandan Avrasiya İqtisadi İttifaqının sammitindən qayıtdığı günün ertəsi, Azərbaycanın dövlət başçısının Soçidəki diplomatik dərs olan nitqindən bir gün əvvəl səslənir.

Və Ermənistan XİN dərhal əl-ayağa düşür, N.Paşinyanın absurd bəyanatının fəsadlarını aradan qaldırmaq üçün “Ermənistan münaqişənin dinc danışıqlar yolu ilə həllində, qarşılıqlı güzəştlərdə maraqlıdır” açıqlaması ilə çıxış edir.

Rəsmi İrəvan erməniləri işğalçılıqda suçlayan, əslində özü də etnik erməni olan S.Lavrovun sərt ultimatumunu eşitməmiş kimi davranır.

Nikol Paşinyan da susur.

İlham Əliyev isə Soçidə, “Valday” Klubunun tribunasında, Ermənistandan çox narazı qayıtmış Vladimir Putinin yanında deyir: “Qarabağ Azərbaycandır və nida işarəsi!”

Ermənistan N.Paşinyanın Xankəndindəki “Qarabağ Ermənistandır” bəyanatından sonra başlayan diplomatik savaşda beləcə uduzur, S.Lavrovun bəyanatını udqunaraq “həzm” etməyə çalışır, geri addım atır.

Əli Kərimli, buna Azərbaycanın növbəti diplomatik qələbəsi deyilir. Anlamağa çalışın, cəhd göstərin ki, diplomatiyada pauza həmişə qarşı tərəfə yaxşı heç nə vəd etmir.

Çünki diplomatiya susanda həmişə silahlar işə düşür.

Gərçi anlaya bilsəniz.

Şərh əlavə et