Elçin Alıoğlunun

Erməni ordusu içdən yeyilir

Ermənistan bizə, Azərbaycana düşmən dövlətdir. Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər əraziləri, torpaqlarımızın 20 faizi məhz Ermənistaın hərbçilərinin tapdağı altındadır. Rəsmi İrəvan bunu istədiyi qədər dana bilər – amma Dağlıq Qarabağa dana timsalında yolladığı erməni gənnclərin istisnasız olaraq hamısı tərsini söyləyib, söyləyir və söyləyəcək.

İyulun 24-də Ermənistan ordusunun əsgəri, 19 yaşlı Volodyya Qaloyan naməlum səbəbdən ölümcül güllə yarası alıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, insidentin təfərrüatları araşdırılır.

Daha öncə isə Ermənistan ordusunda iki intihar faktı qeydə alınıb. İlkin məlumatlara görə, intiharların səbəbi həmin əsgərlərin xidmət etdikləri hissələrdə əsgərlər arasında və zabitlərin əsgərlərə olan münasibətləri olub.

Belə hallarla və faktlarla bağlı Ermənistan ordusunda, təbii ki, dəqiq statistika yoxdur. Lakin İrəvanın susqunluğuna rəğmən, erməni mediası etiraf edir ki, ordudakı münasibətlər nəticəsində həlak olanların sayı Dağlıq Qarabağ münaqişəsi zonasında və Ermənistan-Azərbaycan sərhədində atışmalarda ölənlərin sayından dəfələrlə, hətta on dəfələrlə artıqdır.

Ötən ilin yayında ABŞ-ın ssennarisi və istəyi ilə hakimiyyətə gətirilən, “küçə etirazlarının övladı, inqilabın lideri” kimi təqdim olunmuş Nikol Paşinyan hakimiyyəti ələ alandan bəri də heç nə dəyişməyib. Halbuki N.Paşinyan və onun ətrafı Ermənistanın silahlı qüvvələrində korrupsiya risklərinin sürəkli azalmasından, ordunun şəxsi heyətində yeni münasibətlərin bərqərar olmağa başlamasından fasiləsiz bəhs edirlər.

Ermənistanın əvvəlki iqtidarları dönəmində kriminal-oliqarxik sistem, sözün əsl mənasında, ordunu talayır, qarət edir, erməni əsgərlərə asanlıqla istehlak olunan canlı material kimi baxırdılar. Çünki ölkənin dövlət idarəetmə sistemi, daha doğrusu, sistemsizliyi üçün səciyyəvi olan dəhşətli qaydalar ermən ordusuna da sirayət etmiş, hərbi hissələrdəki mənəvi-psixoloji vəziyyəti viran qoymuşdu.

2016-cı ildə Ermənistan ordusunun hərbi hissələri Dağlıq Qarabağ münaqişəsi zonasında hücuma keçəndə qarşılaşdığı zərbələr onu qaçmağa, strateji məntəqələri və yüksəklikləri əldən verməyə vadar etdi.

Ermənistan “dördgünlük savaş”da uduzdu və İrəvanın Rusiyaya yalvarmasından sonra hərbi əməliyyatlar danışıqlar yolu ilə dayandı.

Azərbaycan ordusunun əks-hücumunun harada qurtara biləcəyini düşünməkdən belə qorxan Ermənistan rəhbərliyi məhvdən qurtulduqlarını anlayırdılar.

Həmin savaşda döyüşənlər və ölənlər erməni məmurlar yox, erməni əsgərlər və zabitlərdir.

Halbuki yaxşı, peşəkar generallar müharibəsiz qalib gəlirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün ölkədəki hərbi təhsil müəssisələrinin müdavimlərinə diplomların təqdimat mərasimində də bravur nitq söylədi. Onun sözlərinə görə, Ermənistanın elə bir ordusu olmalıdır ki, potensial düşmənlər Ermənistana qarşı müharibənin mənasızlığını anlamalıdır: “Onlar bilməlidirlər ki, belə müharibə düüşmənin məğlubiyyəti, Ermənistanın Silahlı Qüvvələrinin qələbəsi ilə bitəcək”.

Ermənistanın baş nazirinin açıqlaması zahirən normaldır, çünki istənilən dövlətin hakimiyyətinin zirvəsindəki adam məhz bu formada, hətta formatda danışmalıdır.

Paşinyanın bəhs etdiyimiz sözlərinin anormallığı isə onun yalan danışmasındadır. Patoloji yalançıya çevrilmiş sözügedən şəxs yaxşı bilir ki, Ermənistan ordusu barədə söylədikləri mifdir və hazırkı situasiya ilə əsla uyğun deyil. Problemləri həll etmək üçün institusional səviyyədə korrupsiya və rüşvətxorluq aradan qaldırılmalı, ordu sıralarındakı özbaşınalığa, yiyəsizliyə, xaosa son qoyulmalıdır.

Əks təqdirdə ermənilərin ordusu intiharlar, quldurluq, peşəkarsızlıq və rüşvətxorluq məkanı kimi qalacaq.

Ermənistan bizə düşmən ölkədir, çünki hakimiyyət dairələri, siyasətçiləri, ictimai və din xadimləri Azərbaycanla azərbaycanlıları insanlara düşmən kimi təqdim ediblər, indi də belədir.

Belə milli ideologiyanın vəhşilik, terrorizm və yaramaz mənəviyyat qüsuru olduğunu bir kənara qoyaraq ermənilərin öz cəmiyyətlərinə, o cəmiyyətin bir qolu olan orduya baxaq.

Erməni ordusu, gerçəkdən də, bərbad gündədir. Onu Nikol Paşinyanı bəhs etdiyi “düşmən və düşmənlər” yox, daxili düşmən, içdəki bəla yeyib dağıdacaq.

Həmin bəla və daxili düşmənsə bacarıqsız, tamahkar, rüşvətxor və naqis komandir, rüşvətxorluq, başıpozuqluqdur. Bunlar Ermənistan ordusu üçün daha təhlükəlidir.

Nikol Paşinyan “potensial düşmən”ə, yəni Azərbaycana hədələr ünvanlamazdan əvvəl diz çökdürülmüş erməni ordusunun vəziyyətinə baxsın.

Ermənistanda cəmiyyətin halını anlasın ki, insanlar orduya inanmırlar. Erməni analar oğlullarını əminliklə və sevinclə orduya yollayanda Paşinyan hansısa silahlı qüvvələrdən danışa bilər.

Əks təqdirdə ermənilərin baş nazirinin dedikləri onun əvvəlki vədləri kimi puç, sözləri və isterika notlarla zəngin çıxışları təki mənasız olacaq.

Ermənistan ordusunun çox problemləri var və onların arasında ən böyüyü ölkəni idarə edən hakimiyyətlərin naqisliyi ilə yanaşı, cəmiyyətin hərbçilərə ünvanladığı sosial çağırışların da əxlaqsızlıqla aqressivliyin məcmusundan ibarət olmasıdır.

Erməni cəmiyyəti hərbçilərindən işğalı, zooloji millətçiliyi, vəhşiliyi, dinc və silahsız insanlara qənim kəsilməyi tələb edir.

Ermənilər tələb edirləri ki, səngərlərdəki əsgərlər vəhşi olsunlar, orklar kimi davransınlar, Azərbaycanı məhv etməyə köklənsinlər, özlərini düşünməsinlər və erməni siyasətçilərinin əmrlərinin icrası üçün məhvə razı olsunlar.

Yəni erməni əsgərləri özləri də anlamadıqları efemer, marazmatik və təhlükəli hədəflərlə məqsədlər uğruna quldurluğa, terrorçuluğa, qatilliyə hazır bioloji obyektlər kimi davransınlar.

Ordu belə olmur və belə də ordu olmur.

Olan Ermənistanın ordu adlandırdığı yaramaz və yarıtmaz silahlı dəstələrdir ki, onların təminatı Rusiyadan, maddi resursları alınan kreditlərdən və erməni diaspor təşkilatlarının yardımlarından, maaşı isə büdcədən ayrılan a-lya müdafiə xərclərindən asılıdır.

Məhz bu səbəbdən ermənilər yeni müharibədən qorxurlar.

Azərbaycana, ordumuza yenik düşəcəklərini anlayırlar.

Nikol Paşinyan istədiyi qədər vədlər verib bəlağətli çıxışlar edə bilər.

Fəqət, çıxışlar çıxış yolu deyil.

Şərh əlavə et