Elçin Alıoğlunun

UEFA Bakıda erməni təxribatına imkan vermədi

İngiltərənin “Arsenal” klubunun futbolçularının erməni yarımmüdafiəçi Şenrix Mxitaryanı dəstəkləmək planları alt-üst olub. Daha doğrusu, UEFA London klubunun oyunçularının növbəti siyasi təlxəkliyinə imkan verməyib.

Daily Mail-in məlumatına görə, Londonun “Arsenal” klubunun oyunçuları mayın 29-da Bakıdakı Olimpiya Stadionunda keçiriləcək matç ərəfəsindəki dünənki məşqdə meydana üzərində “Mxitaryan” yazılmış futbolkalarla çıxmaq istəyiblər.

Olay London klubunun məşq etdiyi “Baksell Arena” stadionunda baş tutmalıymış.

“Arsenal”ın bir qrup futbolçusunun siyasi provokasiyaya əl atmaq niyyətlərindən xəbər tutan UEFA dərhal olaya müdaxilə edib və “topçular”a xəbərdarlıq yollayıb.

UEFA bəyan edib ki, Avropa Liqasının final matçından əvvəlki məşqlərdə, matç əsnasında və qələbə olarsa, matçdan sonrakı geyim forması ilə bağlı qaydalara “Arsenal”ın oyunçuları sərt, şəksiz və bütünlüklə riayət etməlidirlər.

Onların geyim formaları da UEFA tərəfindən təsdiqlənməlidir.

“Arsenal” klubunun texniki heyəti və funksionerləri Bakıdadır. Onların dediklərinə görə, qıcıq yaratmamaq və kluba qarşı kəskin antipatik mövqelərin yaranmasına səbəb olmamaq üçün Henrix Mxitaryanla bağlı açıqlamalar verməkdən çəkinirlər.

Bununla bağlı olaraq “topçular”ın Bakıda “Mxitaryana dəstək” tipli hər hansı aksiya keçirəcəkləri güman olunmur.

“Arsenal”ın erməni yarımmüdafiəçisi, 30 yaşlı Henrix Mxitaryanın Bakıda təhlükəsizliyinin tam təmin olunacağı ilə bağlı Azərbaycan dəfələrlə rəsmi bəyanat verib. Amma Ermənistan yığmasının futbolçusu rəsmi İrəvanın və erməni diasporunun tapşırıqlarını yerinə yetirərək Bakıya gəlməkdən boyun qaçırıb, “qorxduğunu” vurğulayıb.

Avropa Liqasının final matçında “Arsenal” və “Çelsi” klubları qarşılaşacaqlar. Matç mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

“Arsenal” dünən axşam Bakıya gəlib.

Şərh əlavə et