Elçin Alıoğlunun

Tramp düz edir, çünki…

ABŞ-da “Black Live Matters!”, yəni “Qaradərililərin həyatı önəmlidir!” şüarlı yürüşlər və aksiyalar əvvəllər, sadəcə, demaqogiya idi. İndisə Birləşmiş Ştatların dövlət və milli maraqlarına xəyanət müşahidə olunur.

“Massaçusetrs ştatının baş prokuroru Mora Hili iğtişaşları pisləməkdən imtina etdi”, – nə az, nə çox.

“Bəli, Amerika yanır, amma meşələr məhz belə böyüyür”, – Boston Ticarət Palatasındakı nitqində Hili belə deyib.

Mora Hilinin ABŞ-dakı Demokrat Partiyasının mənsubu olduğunu yazmağıma ehtiyac varmı?

ABŞ prezidenti Donald Trampa olan zooloji, absurd nifrətində o, hələ də anlamır ki, dükanları qarət edən, binaları yandıran insanlar heç də demokrat deyillər.

Hilinin evi də yandırılsaydı, o evin yerində hansı ağacların necə böyüyəcəyinə baxmaq istərdim. Amma yox, Massaçusetsin baş prokurorunun evi elə ciddi qorunur ki, küçələrə çıxıb dükanları yağmalayan, maşınları yandıran, adi insanları döyərək şikəst edənlər o binaya yaxın düşə bilməzlər.

Küçə iğtişaşlarının tüğyan etdiyi Amerikada gördüyümüz demokratların 2016-cı ildə Donald Trampa məğlubiyyətlərinə görə total qisas alması deyil sadəcə.

Bu, həm də ABŞ prezidentinin mövqelərini zəiflətməyə çalışanların milli xəyanətə və çirkabı yuyulmayan rüsvayçılığa əl atmalarıdır.

Təbii, antiamerikanizm kimi absurd və irrasional, zərərli bir mərəzə qapılaraq sevinmək, “Amerikaya nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” marazmına qapılmaq olar.

Amma əminəm ki, ABŞ-a nifrət edənlər də eynən Birləşmiş Ştatların total fanatları kimi ifrat yanlış mövqe tutan, eyni zamanda ifrat motivasiyaya malik insanlardır.

Normal insanlar üçünsə ABŞ-da amerikalılara yaxşı olan yaxşıdır, pis olan da pis.

Bu qədər bəsit.

ABŞ-da yaşayan tanışlarımız və dostlarımız var. İncəsənətin ən müxtəlif sahələrində, musiqidə və ədəbiyyatda sevimli amerikalı müəlliflərlə ifaçılar da bəs deyincədir.

Birləşmiş Ştatlarda yaşananlar normal təfəkkürlü insanın, təbii ki, xoşuna gəlməz.

İllah da ki, ordu sıralarında xidmət etmiş insanın.

Mən küçələrdə dolaşan kütlə qarşısında diz çökənləri nəzərdə tuturam.

Kütlə qarşısında diz çökən amerikalı polislər – siz niyə bu haldasınız? Bundan sonra da asayişin keşiyində əvvəlki kimi duracağınızı düşünürsünüz?

ABŞ Milli Qvardiyasının mənsubu olan və qaragüruh qarşısında ağlayan, xanımlar, əminsiniz ki, demokratların xoşuna gəlmək üçün bunu edəndən sonra gözləntiləriniz doğrulacaq?

Vəzifə və peşə səlahiyyətlərinin yarıtmaz icrasının paradıdır bu dizçökmə mərasimləri.

Yalançı liberal ziyalılar, alimlər, siyasətçilər və şou-biznes mənsubları Birləşmiş Ştatlardakı iğtişaşlarla zorakılığı mediada dəstəkləyəndə saxtakarlıq edirlər. Onlar yaşananlarda “əzilənlərin hüquqlarının bərpası cəhdləri”ni, “irqçiliyə qarşı mübarizə”ni görəndə yalan danışırlar.

Bəs gürzlə zindan arasında qalmış polislərlə Milli Qvardiya mənsubları nə etsinlər?

Axı ABŞ-dakı “liberal və demokrat” media kütlənin beyninə yeritməyə çalışır ki, formada olan silahlı adam mütləq şəkildə yaxşı nə varsa, onun düşməni, özü də Donald Trampın tərəfdarıdır. Üstəlik, sən demə, Adolf Hitlerə də rəğbət bəsləyir.

Bu, sosial fəlakət uçurumunun bir addımlığıdır.

Mənəvi fəlakət isə artıq yaşanır Amerikada.

Hədəfdə Donald Trampdır. “Liberast”lar onu az qala müstəbid, diktator kimi qələmə verirlər.

O, iğtişaşları dayandırmasa – “zəif prezident” kimi tənqid olunacaq.

İğtişaşçılar qarşısında diz çökməyəcək qüvvədən yararlansa – “diktator” təki hədəfə alınacaq.

Bu arada ABŞ-ın müdafiə naziri Mark Esper bəyan edib ki, kütləvi iğtişaşların qarşısının alınması üçün ordudan istifadə edilməsinə qətiyyətlə etiraz edir.

Halbuki hələ 1807-ci ildə ABŞ-da qəbul olunmuş qanun var və o qanun da hakimiyyətə qiyamlara qarşı ölkə daxilində silahlı qüvvədən istifadəyə icazə verir.

Cənab Esper, İraqdakı əməliyyatları hansı rütbədə tərk edibsiniz? ABŞ-ın Ali Baş Komandanına qarşı çıxaraq nə sərsəm iddialar səsləndirirsiniz?

Kütləvi iğtişaşlar göz qabağında, qanun da var. Təbii, Ağ Evdəki qapalı toplantıda nə istəsən, demək olar. Amma qarətçilərə, qatillərə və polisə atəş açıb avtomobilləri yandıranlara, dükanları qarət edənlərə indulgensiya vermək nəyə gərək?

Əslinə baxsaq, Mark Esperin prezident Donald Trampa qarşı çıxması təəccüblü deyil. Çünki Esper Birləşmiş Ştatların hərbi-sənaye kompleksinin aşkar lobbiçisidir. Özü də rəsmi.

ABŞ prezidenti Donald Tramp indiki situasiyada məntiqli, soyuqqanlı və rasionalist davranır.

Onu tam dəstəkləyirəm.

Çünki ABŞ-ın müxtəlif şəhərlərində komendant saatı tətbiq edərək Demokratik Partiyanın çağırışlarına inanan idiotları qarətçi və quldur bandalardan ayıra bilib. Vəziyyət stabilləşir indi.

Və sonda…

Minneapolisdə polis zabitinin boğaraq öldürdüyü qaradərili Corc Floyd əsla mələk deyildi.

Onun yaşam yolundan, sadəcə, bəzi faktlar:

1998-ci il – oğurluq cəhdi

2002 – qarət (30 gün həbs)

2002 – narkotik maddələrin qanunsuz saxlanması (240 gün həbs)

2005 – narkotik maddələrin qanunsuz saxlanması (200 gün həbs)

2007 – silahlı qarət (5 il həbs)

Corc Floyd 2007-ci ildə yer aldığı bandanın üzvləri barədə istintaqda müfəssəl məlumat verdiyi üçün cəmi 5 illik həbs almışdı. O, hamilə ağdərili qadının qarnına tapança dirəməkdə də suçlanmışdı.

Şərh əlavə et