Elçin Alıoğlunun

Qərb Paşinyanı iki ayaqyoluna tən tutdu

Ermənistanda baş nazir Nikol Paşinyan artıq tam qeyri-adekvat, bacarıqsız və hətta təhlükəli adam sayılır. “Milli Vəhdət” Partiyasının lideri Aram Harutyunvan “Qolos Armenii”yə verdiyi müsahibəsində belə deyib.

“Paşinyanın timsalında biz hədsiz dərəcədə çılğın, nə edəcəyini bilməyən, qorxaqlıqdan hətta ən əcaib davranışa və hərəkətlərə meylli insanla qarşılaşmışıq. Məsələn, biz bilmirik ki, Hökumət Binasının qarşısına 10 min vətəndaş toplaşıb onun istefasını tələb etsə və günlərlə dağılışmasalar, Paşinyan nə edəcək”, – A.Harutyunyan söyləyib.

Onun sözlərinə görə, payızda Ermənistanda başlayacaq proseslər mütləq şəkildə hakimiyyət dəyişikliyi ilə sonuclanacaq. Bu səbəbdən cəmiyyəti həmin proseslərə hazırlamaq, qanlı qarşıdurmanın və vətəndaş müharibəsinin baş verməməsi üçün yaşananları anlatmaq gərəkdir.

A.Harutyunyan hesab edir ki, Ermənistanın taleyini müəyyənləşdirəcək yeni alyans “konsensus minus bir” prinsipi ilə formalaşacaq.

“Həmin “bir” rolunda isə sadəcə, baş nazir Nikol Paşinyan yox, ona aşkar və gizli dəstək verən bütün qüvvələr olacaq. Konsensusa isə Ermənistanın sabiq prezidenti Robert Köçəryan başçılıq etməlidir”, – Harutyunyan söyləyib.

Harutyunyan əslində bilərəkdən bəzi məqamları açıqlayıb. Həmin məqamlar arasında ən önəmlisi Ermənistanda baş nazir N.Paşinyana qarşı müxalifətin formalaşması və bu düşərgənin lider qismində sabiq prezident Robert Köçəryanı qəbul etmələridir.

Müzakirələr hələlik kiçik formatda aparılsa da, bir müddət sonra geniş koalisiyanın yaranacağı şübhəsizdir.

Məqsəd Ermənistanda sivil, ciddi qarşıdurmalarsız, qansız hakimiyyət dəyişiklikliyinə nail olmaqdır.

Bu arada o da məlum olub ki, Paşinyana kəskin antipatiya bəsləyən qüvvələr danışıqlar aparmaqda ikən “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan hakimiyyətin əsas rəqibi roluna hazırlaşır. ÇEP partiyasından olan deputatlar artıq bəyan ediblər ki, İstanbul qətnaməsinin ratifikasiyasına və Amuosar yaxınlığındakı mədənin istismarına qarşı çıxırlar.

Görünən odur ki, Sarukyan təşəbbüsü ələ almağa çalışır.

Səbəb sadədir. Ölkədəki daxili siyasi proseslər göstərir ki, elektoratını və seçicilərini itirmək təhlükəsi ilə üzləşməmək üçün müxaifət parlamentdə də radikallaşmalıdır.

Əslində, başqa çıxış yolu da yoxdur.

Çünki Qərb Ermənistanın baş naziri Nikol Paşinyana bol vədlər versə də, indi onu aşkar şəkildə aşağılamaqlda məşğuldur.

Sadəcə, faktlara nəzər salaq.

Ermənistanın baş nazirinin, yəni Nikol Paşinyanın ehtiyat fondundan 33 milyon 680 min dram Dağlıq Qarabağda keçiriləcək “seçkilər” adlı tragifarsa ayrılıb.

Həmin pulların 16 milyon 200 min dramı Xankəndidəki “Məlumatlandırılmış Vətəndaşlar İttifaqı”na, 17 milyon 480 min dram isə “Transparency İnternational”ın Ermənistandakı nümayəndəliyinə veriləcək.

Baş nazir aparatının sədr müavini Sovinar Soqomonyanın dediyinə görə, pullar gələn ilin sentyabrında Dağlıq Qarabağda “yerli ərazi-idarəetmə orqanlarına seçkilərdə müşahidə missiyası” üçün nəzərdə tutulub.

Pulların ayrıldığı təşkilatın ikisi də amerikalı milyarder Corc Sorosun “Açıq Cəmiyyət” təşkilatının Ermənistandakı bölmələridir və Sorosun göstərişlərini qeyd-şərtsiz yerinə yetirirlər.

N.Paşinyanın “ehtiyat fondu” əslində Corc Sorosun ona ayırdığı vəsaitin yığıldığı hesabdır.

Dağlıq Qarabağdakı “seçkilər”ə ayrılan məbləğsə N.Paşinyanın sələfinin Vanadzorda iki biotualetin, yəni ayaqyollarının inşası üçün verdiyi pula bərabərdir.

Bu isə Paşinyanı narahat edir, çünki o anlayır ki, “yeni Ermənistan”ın ABŞ və Avropa Birliyindəki “memar”ları onu müvəqqəti fiqur sayırlar.

Qərb sözügedən messici son vaxtlar sürəkli olaraq Ermənistana ötürməyə başlayıb və Nikol Paşinyan isə onu nələrin gözlədiyinin hələ də tam fərqində deyil.

Ermənistanın baş nazirinə Qərbin verdiyi dəstəyin əvvəlki miqyas  və intensivlikdə olmaması qonşu, amma düşmən ölkədə küçə müxalifətinin işini xeyli asanlaşdırır.

Lakin indi əsas məsələ N.Paşinyanın hakimiyyətdən kənarlaşdırılması yox, baş nazir postunda bir Nikolu başqa Nikolun əvəzləməsinə imkan verməməkdir.

Ermənistanda hakimiyyət dəyişikliyinin bu dəfə sakit, hamar olacağı ilə bağlı əndişələr də artır. Paşinyan postunu qorumaq üçün hər yola əl atmağa hazırdır.

Onun Dağlıq Qarabağa yollanaraq orada rəqs etməsi, tut arağı içməsi və bu olayların görüntülərini sosial şəbəkələrdə paylaşaraq ermənilərdə hakimiyyətin Dağlıq Qarabağ məsələsindəki “sərt və qətiyyətli mövqe”yinə ermənilərdə inam yaratmaq istəyi də bəhs olunan məqamları təsdiqləyir.

Nikol Paşinyan gerçəkdən də bivec baş nazir və qeyri-adekvat siyasətçidir.

Onun Dağlıq Qarabağda rəqs etməsi də bivecliyinin əlamətidir: Ermənistanın baş nazirinin qarabağlı ermənilərə rəqslə tut arağı içmək və bəlağətli çıxışlar edərək “Qarabağ Ermənistan ərazisidir!” tipli idiotik bəyanatlar verməkdən savayı təklif edəcəyi heç nə yoxdur.

Ermənilər də artıq dərk etməyə başlayıblar ki, ABŞ-ın ssenarisi əsasında gerçəkləşən və Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə sonuclanan “küçə inqilabı”nın qansız-qadasız bitməsində əsas rollardan biri  Serj Sarqsyan oynamışdı. Məhz onun biçarəliyi, zəifliyi, çıxış yolunun olmaması nəticəsində Paşiyan “qəhrəman” statusu əldə etdi.

İndisə Ermənistanın peşəkar, bacarıqlı, ölkəni bataqlıqdan çıxara biləcək və fəlakətlərdən hifz edəcək normal hakimiyyətə, daha doğrusu, hökumətə ehtiyacı var. Son il yarım ərzində düşmən ölkədə Nikol davamçılarının trollar qədər artması və Paşinyan pərəstişkarlarının zombilər təki davranması işi çətinləşdirir. Belələri hesab edirlər ki, ictimai situasiyanı gərginləşdirməklə hakimiyyətə gələ bilərlər. Bir qayda olaraq aşağı intellekt səviyyəli, ciddi təhsil almamış erməni gənclər özlərini rəhbər vəzifələrdə təsəvvür edirlər.

Onlar düşünürlər: əgər Nikol Paşinyan kimisi bunu bacardısa, bu fərd niyə bacarmamalıdır ki. Demək, Nikol və komandası Ermənistanı idarə edirsə, hər debil və marazmatik də siyasətçiliyə iddialı ola bilər.

Əfsuslar olsun ki, Ermənistanın siyasi həyatında və ictimai şürunda son vaxtlar bu düşüncə tərzi üstünlük təşkil edərək dominiona dönüb. Yetər ki, erməni telekanallarındakı proqramlarda gənc ermənilərin özlərini siyasi xadim hesab edərək müxtəlif pozalarda durmalarına baxasan. Bu gün bir lümpenin İrəvan küçələrindəki səkiyə uzanması, bağırması, polis təpiklərinə tuş gəlməsi yetər ki, sosial şəbəkələrin erməni seqmentində təcrübəli siyasətçi sayılsın.

Ermənistanda siyasətin idbarlaşması artıq zirvə nöqtəsinə çatıb. Bisavad və ambisioz ermənilərə desək ki, dövləti idarə etmək üçün təcrübə, savad gərəkdir, onlar hırıldayacaqlar.

Axı bütün bunlar nəyə gərəkdir ki, Nikol Paşinyan kimi populizm, yalan və avantüraların köməyi ilə hakimiyyətə gəlmək olar?!

Kütləni aldatmaq, boş vədlər vermək təki primitiv mexanizm işləkdirsə, əziyyət çəkməyə lüzum varmı?

Var. Əks təqdirdə Qərb Ermənistanın baş nazirini iki ayaqyoluna tən tutmazdı.

Şərh əlavə et