Elçin Alıoğlunun

Ordumuzdan döyüş ruhu alaq

Tarix amansız, sərt, bəzənsə çox qəddardır. Bununla bahəm, tarix şəfqətli və rəhmlidir. Tarix kimsəni unutmur, heç bir olayı yaddan çıxarmır. Qəhrəmanlığı da, xəyanəti də, şücaəti də, yarıtmazlıqla yaramazlığı da.

Tarixə münasibətdəsə bəşər övladı iki yerə bölünür: tarixi yazanlarla tarixi oxuyanlar.

Azərbaycanı məhv olmaq, puçluq uçurumuna yuvarlanmaq, zərrələrə parçalanaraq qardaş qırğınının qanında boğulub tarixə qarışmaqdan qurtaran Heydər Əliyev tarixi yazdı və o tarixə də Azərbaycana əbədi yer etdi.

Azərbaycanın dövlət başçısı İlham Əliyev də o tarixi davam etdirir və ölkənin gerçək rəhbəri, millətin lideri təki cəmiyyəti, milləti, ulusu inkişafa aparır.

Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalında olan 20 faizlik ərazimiz qarşımızda duran problemlər arasında həllini ilk əvvəl tələb edən məsələdir.

Və mütləq həll olunacaq da.

Fəqət, bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi.

“Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar. İşğal edilmiş torpaqlar qaldı bir yana, onlar isə talançılıqla, rüşvətxorluqla, oğurluqla məşğul idilər, kabelləri kəsib satırdılar. Kütləvi talançılıq baş alıb gedirdi. Nəticədə bir tərəfdən xalq buna dözmədi, digər tərəfdən 1993-cü ilin aprelində Ermənistan Kəlbəcəri işğal etmişdi. Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi və ondan sonra Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Artıq gediş-gəliş və silah-sursat, texnika və təchizat başlamışdı. Ondan sonra nə etdilər? Torpaqları müdafiə etmək əvəzinə qardaş qanını axıtdılar, vətəndaş müharibəsini başladılar, Gəncəni bombaladılar. Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Orada torpaqlar əldən gedir, burada bir-birini qırırlar ki, hakimiyyətə gəlsinlər. Məhz bunun nəticəsində torpaqlarımız işğal altına düşdü. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.

Ona görə bu tarixi hər kəs bilməlidir. Bu işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir. Xalq onlara dözmədi, qaçıb getdilər. Buna nə ad vermək olar? Ancaq fərarilik. Prezident fərarilik edib, qaçdı Kələkiyə. Yaxşı, sən Ali Baş Komandansan, ölkə müharibə şəraitindədir. Sən xalqı, dövləti, dövlətçiliyi qorumalısan. Gecə ilə gizlin təyyarəyə minib, uçub Naxçıvana, oradan gedib oturub Kələkidə. Buna nə ad vermək olar? İndi buna bəraət qazandırmaq istəyənlərə üz tutub deyirəm. Nə ad vermək olar buna? Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər”, – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxış edərkən belə dedi.

Və mən dövlətin başçısı ilə tam razıyam. Çünki o illər barədə oxumamışam, eşitməmişəm – o qanlı, xoflu, qarışıq, xaotik səhnələri yaşamışam. Azərbaycanın taleyinin tükdən asılı olduğu dönəmin canlı şahidiyəm.

Bu səbəbdən də AXCP-Müsavat duumviratının hakimiyyəti barədə İ.Əliyevin söylədiklərinə tam şərikəm.

Dövləti, milləti, ulusu düşünən prezident gecənin bir aləmində Bakıdan qaçmaz, hakimiyyəti və səlahiyyətlərini kimsəyə təhvil vermədən Naxçıvanın Kələki kəndinə yollanmazdı.

Bununla Əbülfəz Elçibəy xalqla dövləti ölümcül təhlükələrlə baş-başa qoyaraq “Bakıda qardaş qırğınını qarşısını almaq” bəhanəsi ilə qorxaqlığa və zəifliyə haqq qazandırmağa çalışmışdı.

Hakimiyyətin tam kollapsı, daxili siyasətin iflici idi.

Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəlməsəydi, o Qurtuluş yaşanmasaydı, Azərbaycan bəlkə də indi ümumiyyətlə, yox idi.

Heydər Əliyev və xüsusilə də İlham Əliyev əsla döyüş meydanını tərk etmədilər, etməzlər də.

İlham Əliyev iradəli, müdrik, intellektual, səbatlı, qətiyyətli siyasətçi, dövlət başçısı və gerçək liderdir.

AXCP-Müsavat cütlüyünün liderlərinin nəyə qadir olduqlarını, onların olmayan potensiallarınısa hamı gördü.

İndi AXCP sədri, əslində yaratdığı “Yurd” qruplaşması vasitəsilə bu partiyanı darmadağın edərək viran qoyan və indiki siyasi dərnək halına gətirən bloqer Əli Kərimlidir siyasətçi? Kamera qarşısında isterik şoular yaratmaq, bəlli “müstəqil bloqer”lərin YouTube kanallarında təşəxxüs və sonsuz eqosentrizmlə mənasız açıqlamalar vermək, sürəkli və fasiləsiz olaraq hakimiyyəti suçlamaq siyasətdir?

Düşünmürəm.

Əli Kərimli qorxaqdır və ən yaxın ətrafındakı insanlardan sürəkli yararlanmağa meyllidir.

Bakının mərkəzindəki son icazəsiz aksiyada illər sonra ilk dəfə evdən çıxaraq aksiyaya qatılmağa qərar vermiş AXCP sədri və həm də bloqer Əli Kərimlinin ətrafındakı insanlara sığındığı, qorxu ilə ətrafa baxdığı anları da unutmamışıq.

O, daim təhlükə anında ətrafındakıların kölgəsinə sığınmağı, sonra elə həmin kölgəni qılınclamağı yaşam tərzinə çevirmiş psesvdosiyasətçidir.

Heydər Əliyev Bakıya gələndə, daha doğrusu, Bakı ilə bahəm bütün Azərbaycanın xilası ilə qurtuluşuna başlayanda Əbülfəz Elçibəy çox nigaran, qorxulu idi.

Bütün çətinliklərə, təhlükələrə sinə gərən Heydər Əliyev və qorxudan nə edəcəyini bilməyən Əbülfəz Elçibəy.

İlham Əliyev atasının, Azərbaycanın Xilaskarının davamçısı olmaqla bahəm, millətin gerçək lideridir indi.

Budur fərq və budur Prezidentə sonsuz inamımın səbəbi.

İlham Əliyev şanlı Ordumuzun, göz bəbəyimiz olan Silahlı Qüvvələrimizin də Ali Baş Komandanıdır.

Son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Hətta kazarmalarda kondisionerlər də quraşdırılıb və bu, onu göstərir ki, bu sahədə çox böyük irəliləyiş var.

Dövlət başçısının göstərişi ilə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanıb.

Ən uzağı il yarım ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcəkdir. Çünki əsgər və zabitlərin xidmət şəraiti onların döyüş qabiliyyətini artırır və eyni zamanda, imkan verir ki, istənilən vəzifə icra edilsin. Bir də ki, bu, bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Ordu quruculuğu bizim üçün prioritet məsələdir. Bu, təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir.

Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət başçısının göstərişi ilə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və dövlət büdcəsindən bu vəsait ayrılır. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilib.

Prezident İlham Əliyev bu yaxınlarda göstəriş verdi ki, bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verilsin. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Son məlumatlara görə, təqribən 200-dən bir qədər çox zabit hələ növbədədir. Onların da mənzil problemləri həllini tapacaq. Və bu, dünya praktikasında çox nadir hallarda müşahidə olunan mənzərədir. Burada da Azərbaycan ön sıralardadır, yeniliklər göstərir. Çünki Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən gərək yüksək təminatla əhatə olunsunlar. Hər bir insanın həyatında mənzil problemi çox önəmli məsələdir, biz onu da həll edirik. Ordumuza göstərilən qayğı bu məsələlərlə bitmir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır.

“Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”, – dövlət başçısı söyləyib.

Əlbəttə ki, bütün digər məsələlər də öz həllini tapmalıdır və tapır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir.

Onu da xatırladım ki, bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda – bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, – bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, – həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq. Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir.

Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun.

Dövlətimizin başçısı daha sonra deyib: “Bu gün keçirdiyim müşavirədə mənə məruzə edilən məsələlər, o cümlədən cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ona görə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Pilotsuz uçuş aparatları ən yüksək səviyyəli istehsalçıların istehsalıdır. Eyni zamanda, Azərbaycanda da bu istehsal təmin edilib”.

Yerli istehsala gəldikdə, Prezidentin sərəncamına uyğun olaraq 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bizdə heç vaxt hərbi sənaye yox idi. Əgər biz bunu yaratmasaydıq, bu gün böyük problemlərlə üzləşə bilərdik. Amma indi nəinki özümüzü bir çox hərbi təyinatlı məhsullarla təmin edirik, ixrac da edirik və ixrac coğrafiyamız artıb. Biz onlarla ölkəyə hərbi məhsul ixrac edirik. Heç 15 il bundan əvvəl bu haqda fikirləşmək də əbəs idi. Onu kimsə desəydi, bəlkə də inanmazdılar. Amma bu, reallıqdır. Reallığı biz yaradırıq, öz əllərimizlə, öz gücümüzlə, öz iradəmizlə.

Ona görə bütün bu amillər – orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də əlbəttə ki, döyüş qabiliyyətinin artırılması, bax, bunlar bu əsas amillərdir. Əlbəttə ki, vətənpərvərlik. Ona görə hər bir hərbi hissədə ideoloji tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Buna bütün rəhbər heyət cavabdehlik daşıyır ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüsünlər, müstəqilliyin qədrini bilsinlər. Bilsinlər ki, müstəqillik bizə asan başa gəlməyib. Bilsinlər ki, bu gün müstəqilliyi qorumaq, onu möhkəmləndirmək bir çox ölkələr üçün böyük məharət tələb edir. İndi dünya xəritəsinə baxmaq kifayətdir ki, görək, adı var, amma faktiki olaraq müstəqil ölkə deyil. Nə üçün? Çünki müstəqil siyasət apara bilmir, başqasının təsiri altındadır. Biz son vaxtlar nə qədər belə ölkə görmüşük ki, özünü qoruya bilmir, faktiki olaraq parçalanır, məhv edilir, insanlar həlak olur, bütün infrastrukturu dağıdılır. Nəyə görə? Çünki özlərini qoruya bilmədilər. Qorumaq üçün gərək həm güc, həm də güclü iradə, inam olsun.

Düşmənimiz hiyləgər, mənfur, qəddar və mənəviyyatsızdır. Bunu unutmamalıyıq əsla.

İşğalçı Ermənistanın rəhbərliyi gözəl bilir ki, çox ağır maliyyə-iqtisadi böhranda olan, işsizliyin həndəsi silsilə ilə artdığı ölkənin hərbi-müdafiə potensialı bərbad durumdadır. Ermənistan havadarlarına güvənir və bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda mənasız, absurd aqressiya nümayiş etdirir.

Fəqət, gerçək budur ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar – quldur ölkəsi, cinayətkar ölkəsi. Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar.

Prezident İlham Əliyevin daha sonra bildirib: “Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir”.

Ermənistanda hazırda baş nazir Nikol Paşinyanın siyasi opponentlər təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumda edilə bilər. Gördülər ki, referendumda keçməyib, parlamentdə dəyişikliklər etdilər. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq Paşinyanın əlindədir, bir alətdir və bu diktatura möhkəmlənir. Eyni zamanda, Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bunu artıq üzə çıxardırlar. Sən demə, qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur.

“Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır. Ondan sonra zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, – bir fond yaradıblar, – o pulları fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Yəni, bu gün Ermənistanın baş naziri və onun yaxın qohumları, ətrafı rüşvətxorluq rəmzinə çevrilib. Baxın, bunların maliyyə imkanları iki il bundan əvvəl nə idi, indi nədir. Ona görə Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur. Çünki ölkə özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur, öz hərbi gücünü təmin edə bilmir, xarici dövlət orada hərbi baza saxlayır, silahlar ala bilmir, xarici dövlət onlara pulsuz silah-sursat verir. İqtisadiyyatı düz qura bilmir, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayır”, – İlham Əliyev söylədi.

Ermənistan indi Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli, demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. İndi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bunu mən bilirəm və Ermənistan rəhbərliyi bilir. Bir də ki, bu ölkə qonşulara – özü də kimə, Türkiyə kimi böyük bir ölkəyə ərazi iddiaları irəli sürür. Dırnaqarası soyqırımı ilə bağlı Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürülür. Heç bir soyqırımı olmamışdır. Ermənilər həm 1918-ci ildə, həm də Xocalıda bizə qarşı soyqırımı törətmişlər. Ona görə belə bir iddia ilə yaşayan ölkənin gələcəyi çox qaranlıqdır.

… Gələcəyi qaranlıq, özü səfil, iqtisadi durumu bərbad, perspektivləri laübəli, ordusu isə dopinq hesabına yaşayan orqanizmə çevrilmiş Ermənistandan fərqli olaraq, Azərbaycan indi Cənubi Qafqaz regionunun gerçək lideridir.

Ordumuz da Ali Baş Komandanın əmri əsasında hər an döyüşə hazırdır.

Çünki ordu və xalq birdir…

Şərh əlavə et