Elçin Alıoğlunun

“Ölsən belə, söz xətrinə dastanlara düşdün…”

Aydın Xırdalanlı beyt və rədifli meyxananın ustası, geniş erudisiya və istedad sahibi idi. “Meyxana dedi, heyf, yaxşı şair ola bilərdi” təki diletant açıqlamalar əslində meyxanadan bixəbərlərin, “meyxana narkomanların, cəmiyyətin dibinin sənətidir” söyləyənlərin primitivizminin nişanəsidir.

“Meyxanaçılar narkomandır…” Ona qalsa, rok-musiqinin “div”lərinin tam əksəriyyəti narkotik maddələr qəbul ediblər. Bəstəkarlara gəldikdə isə, vaxtilə Cüzeppe Verdiyə də “küçə adamları üçün musiqi yazan əyyaş” deyirdilər. Verdi tiryəki çox sevirdi.

Musorqski, Stravinski, Raxmaninov, Domeniko Çimaroza, Zolst Qustav, Yan Sibelius, Frans Şubert kimi…

Meyxana “diblərin və narkomanların sənəti” yox, qədim əşar növüdür. O qədər qədim ki, hələ Şəms Təbrizi meyxanada dəf vurub rədifli şeir söylərdi.

Yəni elmi dillə desək, reçitativ improvizə edərdi.
Əliağa Vahidin “Satir-AqitTeatr” (SAT) adlı teatrda çalışdığı dövrdə meyxanalarını hətta o zamanın “Bakı fəhləsi” və “Kommunist” qəzetləri də dərc edərdilər.

Meyxanadan bəhrələnən bəstəkarlarımız arasında Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Vaqif Mustafazadə və başqaları var.

Məsələn, “Koroğlu” operasında təlxəyin ariozosu meyxanadı.
F.Əmirovun “Sevil” operasında Əbduləlibəyovla Məmmədəli bəyin dueti də meyxanadı. 

“O olmasın, bu olsun” filmində “Hambal” rolunu oynamış, “Əhməd Rumınski” və ya “Əhməd Rumlu” kimi tanınmış şair-qəzəlxan və dramaturq Əhməd Məmmədqulu oğlu Əhmədov da iki dəfə meyxana deyib. Yadınızdamı Məşədi İbadın toy səhnəsində onun meyxanası?..

Yeri gəlmişkən, Əhməd Rumınskinin 5 mindən artıq qəzəli var.

Qayıdaq meyxanaya. 

Dahi (bəli, məhz belə, çünki postsovet məkanında yeganə sənətçi o idi ki, Monakoda “Ağ Royal”la mükafatlanmışdı) cazmen Vaqif Mustafazadə də muğam cazında amerikan cazını meyxana ritmləri ilə sintez etmişdi.

Hə, vaxtilə Vladimir Vısotkskiyə də “narkoman və küçə musiqisi ifaçısı” deyirdilər.

Aydınla Vısotskini muqayisə etmirəm – müqayisəm lənətə gəlmiş “kollektiv şüur” adlı bisavad subyektivizm mərəzinin ayrı-ayrı formalarıdır.

Məncə, yetər. Yox?

Aydın Xırdalanlı nur içində yatsın…

Şərh əlavə et