Elçin Alıoğlunun

Kosmosda necə namaz qılınır?

“Kosmosda namazı necə qılırlar, maraqlıdı…”, “Müsəlman hara, kosmos hara…”, “Namaz qılanın kosmosda nə işi var…” Tanış ibarələrdi, deyilmi?!

Yenə də kollektiv şüurun mənhus ibtidası. Yəni hələ Evripidin dərdlə şikayətləndiyi şüur primitivzmi.

Gələk əlahəzrət faktlara.

Müsəlmanların elminə belə aşağılayıcı münasibət gərəkməz. Əvvəla, Sovet İttifaqı dövründə bütün kosmonavtların hazırlığına rəhbərlik edənlərdən biri müsəlman, soydaşımız, general-leytenant Kərim Kərimov idi.

Gələk müsəlman astronavtlara və ya kosmonavtlara.
Kosmosa uçmuş ilk müsəlman səudi Sultan ibn Salman ibn Əbdüləzizdir.

Daha sonra suriyalı polkovnik Məhəmməd Farix, həmyerlimiz Musa Manarov, 29 yaşlı əfqan Əbdüləhəd Mömənd, qazax Toktar Aubəkirov, tatar Talqat Musabəyov, özbək Salican Şəripov, Güney Azərbaycandan olan Anuşə Ənsəri və malayziyalı Şeyx Müzəffər Şükür kosmosa uçublar.

Şeyx Müzəffər Şükür orbital stansiyada hər gün namaz qılırdı.
Kosmosa çıxanlardan ikisi namaz qılıb, NASA-nın baş qərargahında və departament binalarında 14 namaz otağı var, orada da 129 müsəlman işləyir.

“Namaz qılanlar hara, kosmos hara” deyimi isə ümumiyyətlə, absurddur. Dünyanın ilk rəsədxanalarını məhz müsəlmanlar inşa ediblər. Məsələn, ilk iki rəsədxana 7-ci əsrdə xəlifə əl Məmunun əmri ilə Bağdadda və Dəməşqdə tikilmişdi. Sultan Şərəf əl Dövlə isə Bağdadda ikinci rəsədxananı qurdurmuşdu. Həmin rəsədxanaya dünyanın ilk “rəsmi” astronomu Əl Kuhi rəhbərlki edirdi.

1074-cü ildə sultan Cəlahəddin Məlik şah İsfəhanda rəsədxana tikdirdi.

Rübailər ustası, şair kimi tanıdığınız riyaziyyatçı, astronom, fizik və təbib Ömər Xəyyam həmin rəsədxanada çalışırdı.

Müsəlman dünyasının ən məşhur və ən nüfuzlu rəsədxanası isə Marağada idi. Həmin rəsədxananın banisi və rəhbəri Nəsirəddin Tusi, hamisi isə monqol xanı Xulaqu idi.
Məhz Tusinin əsərlərindən ilham alan sultan Uluqbəy (Məvarünnəhrin hökmdarı və dahi astronom) 1420-ci ildə Səmərqənddə möhtəşəm rəsədxana inşa etdirmişdi.

Dünyanın ən böyük, radiusu 40 metr olan kvadrantı məhz Səmərqənddə idi.

1577-ci ildə dahi astronom Təkiyuddin əş Şami İstanbulda rəsədxana inşa etdirmişdi.

Və sonda: çağdaş astronomiyanın və kosmik uçuşların bönövrəsində duran avadanlıqla alətlərin tam əksəriyyətinin ixtiraçıları məhz müsəlmanlardır.

Astrolyabiya, armillyar sferalar, kvadrantlar, sekstantlar, ekvatoriumlar (İbrahim əz Zərkalinin ixtirası olan güzgü rus dilində onun adı ilə “Zerkalo” adlanır), mexaniki planetariumlar – bir sözlə, tam siyahısında 134 ad olan bir müəzzəm elmi irs…

Müasirliyimizdə isə dünyanın bütün böyük rəsədxanalarında, kosmik tədqiqatlar və aeronavtika agentliklərində müsəlmanlar çalışırlar. NASA-da 4 departamentin rəhbəri müsəlmandırsa, Avropa Kosmik Agentliyində bu rəqəm daha çoxdur. İlon Maskın şirkətində çalışan onlarla müsəlmanı demirəm.

Hətta Çinin kosmik tədqiqatlarının “ataları” arasında 2 müsəlman var.

P.S. Yaxın iki ildə 7 müsəlman astronavt kosmosa uçacaq.

Şərh əlavə et