Elçin Alıoğlunun

İran dövlətinin adı, Vaqner və Nitsşe

İranın adı ilə Nitsşe və Vaqnerin fəlsəsi irsi arasında bilavasitə əlaqə var.

Hətta o dərəcədə ki, İranın taleyində çox önəmli qərarların qəbulunda da rol oynamışdı həmin təsir.
İranlılar əsrlər boyu ölkələrini “İran”, yəni “Arilər ölkəsi” adlandırıblar.

“Persia” adını isə bu ölkəyə yunanlar verdi, sonra da Fars Körfəzinin sahilindəki Parsuaş (Fars) vilayətinin adı ilə bütün Avropa ölkəni “Persia” adlandırdı.

1933-cü il. Nasizmin qəhvəyi taununa mübtəla olmuş Almaniyada filosof Fridrix Nitsşe (Friedrich Nietzsche) və bəstəkar Rixard Vaqnerin (Richard Wagner) “seçilmiş ari xalq”, “alman əlahiddəliyi” ideyaları çox populyardır.

Münasibətləri qarşılıqlı hədsiz sayğıdan qatı nifrətədək dəyişən Nitsşe ilə Vaqnerin taleləri maraqlıdı. Nitsşenin fəlsəfəsini bəlkə də Vaqner fəlsəfəsinin davamı, eyni zamanda Nitsşenin ideyalarını Vaqnerin ahıl dövründəki fəlsəfəsinin ümdə elementi də saymaq olar.

Vaqner Nitsşedən 31 yaş böyükdü: bəlkə də Fridrix atasına olan nifrətini Rixarda köçürmüşdü, kim bilir…

İranın Almaniyadakı səfiri Nadir Mirzə Kovanlı Qacar da bunu bilmirdi. Amma Vaqnerlə Nitsşenin pərəstişkarı idi.

Məhz o, Rza şah Pəhləviyə məktub yollayaraq ölkənin adını “Persia”dan “İran”a dəyişdirməyi təklif etmiş, məktubunda yazmışdı: “Burada, Almaniyada bizləri arilərin nəticələri, Arianın övladları, İranın sakinləri sayırlar. Almanlar bizi belə görürsə, biz nə üçün özümüzü inkar edək ki?!”

Rza şah Pəhləvi təklifi bəyənir və beləcə, Vaqer pərəstişkarı, Nitsşe “xiridarı” səfirin təkidi ilə “Persia” 1935-ci ildə dönüb olur İran.

İranda isə alimlər ad dəyişdirilməsinə etiraz edirdilər və deyirlər ki, “İran” adı ölkəni “şərəfli və həşəmətli tarixindən uzaq salır”.

Şah da alimlərlə mollaları sinirləndirməmək üçün dözür. Amma oğlu Məhəmməd Rza şah Pəhləvi 1959-cü ildə buyurur ki, bəs bundan sonra ölkəni eyni vaxtda iki kəlmə – “Persia” və “İran” – ilə adlandırmaq olar.

Şahın Vaqner pərəstişkarı olan səfirinin sözünə qulaq asması Adolf Hitleri elə riqqətə gətirir ki, o, “Persia”nın adının dəyişdirilib “İran” olması barədə fərmandan 11 ay 3 gün sonra, 1936-cı ildə şaha fotoportretini yollayır, şəklin arxasına yazır: “İran şahənşahına ən xoş arzularla”.

1938-ci ilin martın 20-də isə Hitler şahı Novruz bayramı münasibətilə təbrik edir, hədiyyə qismində Vaqnerin əsərlərinin 2 qrammafon valını yollayır.

2 val da İranın Xarici İşlər Nazirliyindəki daha bir “Vaqner heyranı”na, “Nüsrətütdövlə” Əbdül Hüseyn Teymurtaşa göndərilir. Teymurtaş hədiyyənin anlamını dərhal dərk edir və şahla məsləhətləşmələrində sürəkli olaraq Almaniyanı tərifləyir. Bu zaman xüsusi vurğulanır ki, bəs İranda bank sistemini quranlar almanlardı.

Gerçəkdən də belə idi. Almanlar İran Milli Bankının (Banke Melliye İran) qurulmasında çox fəal iştirak etmişdilər. 1928-ci ilin sentyabrında alman Kurt Lindenblatt hətta bankın rəhbəri də təyin olunmuşdu.

Qayıdaq Nitsşe, Vaqner və İran üçbucağına.

1936-cı ildə Almaniyanın iqtisadiyyat naziri, Reyxsbankın prezidenti Yalmar Şaxt İrana rəsmi səfərə yollandı. Bir il sonra İran Məclisinin spikeri İsfəndiyarı Berlinə getdi. Hər iki səfərdə “qarşılama musiqisi” qismində Vaqnerin “Götterdämmerung” (“Tanrıların ölümü”) operasından üvertüra səslənmişdi.
Şaxt “Bura Ziqfridin möhtəşəm Qibihunq qalasıdır” deyərək alqışlar da qazanmışdı.

1937-ci ildə nasistlərin yeniyetmələr və uşaqlar “təşkilat”ı olan “Hitleryugend”in rəhbəri Baldur fon Şirax Tehranda olanda şaha Rixard Vaqnerin “Sənətin utopiyası” və Nitsşenin “Zərdüşt belə deyərdi” əsərlərinin “hədiyyə variantı”nı, yəni cildləri qızıl, platin və almazlarla bəzədilmiş kitabları hədiyyə etmişdi.

Rza Şah almanların təkidli “dostluq və qardaşlıq təklifləri”ndən xoflanmağa başlasa da, Vaqner pərəstişkarı olduğunu dolayısı iləə vurğulayırdı.

Təsadüfi deyil ki, 1933-cü ilin yanvarın 14-də ilk nömrəsi çap olunmuş “İrane bastan” (“Qədim İran”) jurnalının ikinci sayından başlayaraq Nitsşe və Vaqnerin əsərlərindən seçmələr dərc olunur.

Təəccüblü nə vardı ki: jurnalın baş redaktoru “Vaqner fanatı” şeyx Əbdürrəhman Seyfi idi.

İranda Nitsşe və Vaqner ideyalarının rəsmi təbliği 1943-cü ilədək davam etdi.

Həmin ildə Uinston Çörçil, İosif Stalin və Franklin Delano Ruzveltdən ibarət “trio”nun konfransı həmin ideyaların sonu oldu.

Şərh əlavə et