Elçin Alıoğlunun

Bakı erməni oyununu faş etdi: “Arsenal” öz bəlasına düşdü

“Bakıya gəl(məy)ən və kubokla qayıdan “Çelsi”nin bütün futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir…”

“Qarabağ” klubu sosial şəbəkələrdəki səhifələrində “Çelsi”ni belə təbrik edib.

Avropa Liqasının finalında, Bakıdakı Olimpiya Stadionunda (BOS) keçirilən matçda Londonun iki klubu – “Arsenal” və “Çelsi” qarşılaşdılar.

Dünənki qarşılaşma “Arsenal”ın 1:4 hesablı darmadağını ilə başa çatdı.

“Topçular”ın “zadəgan”lara belə biabırçı hesabla uduzmasında sanki ilahi ədalət vardı.

“Arsenal”ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryan “təhlükəsizliyim təmin olunmayacaq” deyərək Bakıya, Avroliqanın final matçına qatılmaqdan boyun qaçırdı, Bakıya gəlmədi.

Halbuki əvvəl Azərbaycanın hakimiyyət dairələri, sonra da UEFA onun təşvişinin tamamilə yersiz, əsassız və mənasız olduğunu bəyan etdilər.

Mxitaryan inad etdi, çünki başqa yolu yox idi.

“Arsenal”ın ortabab futbolçusu, Ermənistan və erməni mediasının həddən ziyadə şişirdib az qala Lionel Messiyə barəbər tutduğu bu provokatoru yerində oturtmaq, onu intizamlı davranışa dəvət etmək əvəzinə “Arsenal”ın bossları da bu iyrənc oyuna qatılmışdılar.

“Çelsi” isə tam əksinə, matça hazırlaşır, isterik şoular təşkil etmir, qələbəyə nail olmaq üçün çalışırdı.

Sonuc da bəlli.

Peşəkar futbol qeyri-peşəkar, diletant və primitiv siyasətbazlığa qalib gəldi.

Belə olmalıydı, oldu da.

Xaricdəki çirkabla o iyrəncliyin ölkəmizdəki buyruq qullarının qara piar kampaniyası heç bir nəticə vermədi.

Azarkeşlər nə dedi?

“Azərbaycanda ilk dəfədir oluram. Paytaxtınız əsrarəngiz, insanlar istiqanlı və dostcanlıdırlar. Burada təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub. Düşünürəm ki, bəzi şəxslərin Bakını Avropa Liqasının final oyunu üçün uyğun görməməsi çox yanlış fikirdir. Henrix Mxitaryanın final oyununda iştirak etmək istəməməsi təəccüblüdür. Düzdür, bu, onun şəxsi qərarıdır. Lakin o, burada komandasına kömək edə bilərdi. Zənnimcə, H. Mxitaryan buraya gələcəyi təqdirdə onun da təhlükəsizliyi ilə bağlı hər hansı bir problem yaşanmayacaqdı. Buna baxmayaraq, sevimli komandamın uğurlu oyun sərgiləyib qalib gələcəyinə inanıram”.

Bu sözləri “Arsenal” klubunun azarkeşi olan iranlı Abbos Bododan deyib.

UEFA Avropa Liqasının final oyununu izləmək üçün İsraildən Bakıya gələn Meça Harris isə deyib: “Əvvəllər Azərbaycanda heç vaxt olmamışam. Bakıda ən çox diqqətimi cəlb edən insanların səmimi və mehriban olmasıdır. Bakıya qədəm basan azarkeşlər və qonaqlar da ən əvvəl məhz bunu hiss edirlər. Bakı əsl dostluq şəhəridir. Burada müxtəlif millətlərdən çoxlu dostlar tapmışam və əminəm ki, bu münasibətlər uzun müddət davam edəcək”.

“Arsenal”ın bir başqa azarkeşi, israilli Lev Holon Bakıya valeh olub: “Bakı çox xoşumuza gəldi. Burada gördüyümüz hər şey gözəl və mükəmməldir, özümüzü tam sərbəst və təhlükəsiz hiss edirik”.

“Bakıda bir neçə dəfə olmuşam. Hər Bakıya gəlişimdə daha müasirləşən, gözəlləşən şəhərlə rastlaşıram. Bakının insanları da çox qonaqpərvərdir”. “Arsenal”ın iranlı azarkeşi Məhəmməd Rza çox razı qalıb.

Və ən nəhayət, “Arsenal”ın daha bir azarkeşi – britaniyalı Robert Börnerin dedikləri: “Azərbaycana ilk dəfədir gəlirəm. Bu ölkə, xüsusilə paytaxt Bakı, həqiqətən də, çox gözəldir, ürəkaçandır. Burada görməli, istirahət etməli yerlər çoxdur. Bakı gözəl, rahat, təhlükəsiz şəhərdir. Henrix Mxitaryanın necə də pis yalançılıq etdiyinə şahid oldum”.

UEFA prezidentindən “Arsenal”a və ermənilərə tərs şillə

Ermənistan mətbuatı yazır ki, “Arsenal”ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryan Azərbaycan üzərinə diplomatik hücum təşkil edə bildi və artıq estafeti erməni diplomatlara ötürüb.

Londonun “Arsenal” klubu isə artıq həftələrdir ki, şikayətlənir, vaysınır, “Bakı uzaqdır, Britaniyadan Azərbaycana gedib qayıtmaq çox çətindir, azarkeşlərimiz əziyyət çəkir” tipli bəyanatlar verirdi. Bununla da kifayətlənməyən “Arsenal” rəhbərliyi siyasəti çox çirkin şəkildə futbola qatan erməni Henrix Mxitaryana dəstək çıxdı, Ermənistan XİN-dən və erməni diaspor təşkilatlarından aldığı təlimatlar əsasında hərəkət edən erməni futbolçuya haqq da qazandırdı.

“Arsenal” rəhbərliyinin açıqlamalarından belə çıxırdı ki, Bakıya gəlməkdən qorxduğunu deyərək, təhlükəsizliyinin təmin olunmayacağını vurğulayan, Azərbaycana gəlsə az qala molekullara parçalanacağını “titrəyərək” təşvişlə əyan edən 30 yaşlı Mxitaryan haqlı imiş.

Və ən nəhayət, idman əxlaqını həyasızlıqla, məntiqi əxlaqsızlıqla əvəzləyən “Arsenal” bossları hətta “Bakını seçdiyi üçün” UEFA-ya da təzyiq göstərmək istədilər.

Alınmadı.

UEFA prezidenti Aleksandr Çeferinin bununla bağlı Bakıdakı açıqlamaları sərt, hətta Avropanın ali futbol funksionerinin karyerasında bəlkə də ən sərt formada oldu.

“Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü. “Məsafə uzaqlığı”na gəldikdə isə… Məsafə ilə götürsək, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır”, – A.Ceferin söylədi.

İlk yarış deyildi ki…

Avroliqanın finalına da ev sahibliyi etdik. Qonaqpərvərliklə, səmimiyyətlə, təmkinlə, idrakla, şərəflə. Fəqət, bu matç Azərbaycanda keçirilmiş ilk beynəlxalq turnir deyil.

Yaddaşımızı təzələyək:?

1. Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarından ilki 2003-cü ildəki yeniyetmə cüdoçuların Avropa çempionatıi olub.

2. 2004-cü il. Bədii gimnastika üzrə dünya kuboku və taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri.

3. 2005-ci il. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı

4. 2006-cı il. Hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı

5. 2007-ci il. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı və paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı.

6. 2009-cu il. Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qydasız döyüş üzrə Dünya kuboku da baş tutdu.

7. 2010-cu il.  Qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, bodibildinq üzrə 64-cü dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı, sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı.

8. 2011-ci il. Cüdo üzrə “World Masters” beynəlxalq turniri, boks üzrə XVI dünya çempionatı.

9. 2012-ci il. Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı, GT3 və klassik Formula 1 yarışı.

2015-ci il. 1-ci Avropa Oyunları

2016-cı il. Formula 1 Qran-Prisi

2017-ci il. İslam Həmrəyliyi Oyunları.

Və sadalamadığımız onlarla turnir, çempionat, yarış…

BOS-dakı BOŞluq və “Arsenal”ın arsenalsızlığı

Bakı Olimpiya Stadionunda (BOS) meydana çıxan “Arsenal” təşəxxüslü görünürdü. Eyni zamanda, bu təşəxxüsdə pərişanlıq çalarları da vardı. Çünki “Arsenal” Bakıda gerçəkləşdirmək istədiyi əməllərdən heç birinə nail olmadı.

Həmin əməllərə “Mxitaryanlaşma” demək olar.

Belə ki, “topçular” ilk əvvəl hazırlıq məşqində meydana əyinlərində kürəyinə “Mxitaryan” yazılmış futbolkada çıxmaq istədilər.

UEFA bundan xəbər tutan kimi sinirləndi, “matçlardakı forma ilə bağlı müəyyənləşdirilmiş qaydalar var, həmin qaydalar pozulmamalıdır və siyasi aksiya da keçirilməməlidir”.

Daha sonra isə Bakıda “Mxitaryan” yazılı futbolka geyinmiş azarkeşlər küçələrdə dolaşmağa başladılar. Məqsəd bəlli idi: ehtimal ssenarisinə görə, erməni soyadını görən bakılılar sinirlənməli, həmin azarkeş döyülməli, əvvəl “Arsenal”, sonra erməni mediası, sonda Qərb mediası yeni kampaniyaya başlamalı, “Gördünüzmü, azərbaycanlılar aqressivdir – Mxitaryan bir yana, onun soyadı yazılmış futbolka geyinmiş azarkeşə qarşı aqressiya və dözümsüzlük var” tipli “bəyanatlar” sıralanmalı idi.

Bu ssenari də alınmadı.

Əksinə, Avroliqananın final matçı ərəfəsində, matç zamanı və matçdan sonra Bakıda azarkeşlər arasında bir eksses, insident (!) də qeydə alınmadı.

UEFA ekspertləri bunu az qala inanılmaz, fantastirk nəticə kimi dəyərləndirirlər. Gerçəkdən də, “Arsenal”la “Çelsi”nin britaniyalı fanatları aqressivlikləri, xuliqanlığa meyilləri, kütləvi iğtişaşlara xüsuüsi “sevgi”si ilə ad çıxarıblar.

Bakıda isə dünənki matç normal keçdi və bu, Azərbaycanın böyük beynəlxalq tədbirlıri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.

Eyni zamanda, Bakı bütün dünyaya göstərdi ki, gələn il EURO-2020-in 4 matçını da çox yüksək səviyyədə keçirəcək.

Xatırladaq ki, Futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək.  A qrupunda 3 oyun (13, 17, 21 iyun) və iyulun 4-də bir 1/4 final oyunu Azərbaycanın ən böyük stadionunda, 68.700 nəfər azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bakı belə turnrlərə hazır olub və yeni ev sahibliyinə də hazırdır.

Bədxahların, düşmənlərin, siyasi həyasızlığı və yalanı ifrat səviyyəyə qaldıranların bütün səylərinə rəğmən.

Şərh əlavə et