Elçin Alıoğlunun

“Səmaaltı İmperiya” Azərbaycana gəlir

“Azərbaycan Çində niyə rəsmi səviyyədə uyğurların problemlərindən danışmadı?”, “Bu toplantının bizə yalnız bir xeyri dəyə bilər: çinlilər gəlib Azərbaycanda pomidor əkəcəklər”.

Təssüf. Çox təəssüf ki, özlərini “müstəqil siyasi fəal”, “ictimai fəal”, “müstəqil jurnalist” və idlaxır adlandıranlar sosial şəbəkələrdə belə bisavad fikirlər yaymaqla məşğul.

Məqsəd Çinin paytaxtı Pekində keçirilmiş “Bir kəmər, bir yol” (One Belt, One Road) beynəlxalq forumunu, ən başlıcası isə bu forumda ölkəmizin iştirakını aşağılamaq, rəsmi Bakının, sən demə, “yanlış yol” tutduğunu göstərməkdi.

Bu savadsızlar 126 ölkə və 29 beynəxalq təşkilatın qoşulduğu layihənin miqyasını, onun dünya iqtisadiyyatında tutacağı yeri və ən mühümü – Azərbaycana verəcəyi xeyri dərk etmirlər.

Edə bilmirlər, etmək də istəmirlər.

Çünki aldıqları tapşırıq, riayət etməli olduqları əmr belədir.

Halbuki aprelin 25-27-də Pekində keçirilən ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak edən kompaniyalar 64 milyard dollar məbləğində sazişlər imzalayıblar.

Bu barədə Çin lideri Si Cinpin Forumun yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Forumun gedişində tərəflər 283 layihə üzrə konsensusa gəlib, o cümlədən hökumətlərarası razılaşmalar və praktiki əməkdaşlıq üzrə sazişlər imzalayıb.

Aprelin 25-27-də Pekində keçirilən ikinci “Bir kəmər, bir yol” Forumunda 37 dövlət və hökumət başçısı iştirak edib.

Layihə formatında olan konsepsiya Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət-nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yenilərinin yaradılması, həmin ölkələrlə Çin arasında ticarət münasibətlərinin inkişafına yönəlmiş beynəlxalq təşəbbüsüdür. “İpək Yolu İqtisadi Kəməri”nin formalaşdırılması ideyası Çin lideri Si Cinpin tərəfindən irəli sürülüb və ilk dəfə onun 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri çərçivəsində Astanadakı çıxışı zamanı səsləndirilib.

“Bir kəmər, bir yol” layihəsinin reallaşması nəqliyyat dəhlizlərinin inkişafı baxımından çox mühümdür. Söhbət Asiyadan Avropaya, xüsusən də Çindən Avropaya daşınmadan gedir. Bu layihənin reallaşması üçün tələb olunan investisiyanın həcmi də kifayət qədər çoxdur. Çin 225 milyard dollar sərmayə qoyub.

“Bir kəmər, bir yol” multinəqliyyat növlərindən istifadə edilməsinə imkan yaradacaq. Qlobal layihə Asiya və Avropa arasındakı ticarət dövriyyəsinin artmasına yol açacaq. Bu layihə Azərbaycana da böyük iqtisadi dividendlər qazandıracaq. Ölkəmiz “Bir kəmər, bir yol” vasitəsilə beynəlxalq yükdaşımalardan böyük gəlir əldə edəcək. Bu məqsədlə Azərbaycan hökuməti Qazaxıstan və Gürcüstanla yükdaşımalar üçün vahid tarif əldə edib. Ölkəmiz yükdaşımalar sahəsində müasir infrastruktur yaradıb. Xüsusən də Xəzərin hüquqi statusunun müəyyənləşməsi də bu işin reallaşmasına təsir edən amildir. Qeyri-neft sektorunun inkişafı ilə yanaşı, beynəlxalq yükdaşımalarda ölkəmizə böyük valyuta daxil olacaq.

Aprelin 25-də Pekində başlamış və iki gün davam etmiş “Bir kəmər, bir yol” forumunun uğuru elə ilk gündə bəlli oldu. Foruma qatılan dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, siyasətçilər, ekspertlər – onlar niyyətin ciddiliyindən, miqyasın böyüklüyündən xəbər verirdi.

Pekin forumunda, məncə, üç əsas süjet vardı.

“Bir kəmər, bir yol” forumu, əslində, 126 dövlətin dünyanın ən böyük iqtisadiyyatına malik Çinlə tərəfaşlıq və əməkdaşlıq sistemi qurmaq istəyidir.

Tərəfdaşlıq layihəsi ilk dövrdə sırf iqtisadi məsələlərlə bağlı idisə, indi qlobal, geosiyasi konstruksiyaya çevrilib.

Pekin forumu da, əslində, Çinin ABŞ-a meydan oxuması idi. Qlobal qarşıdurmaların olduğu məkan və olaysa həmişə maraq kəsb edir.

Forumla bağlı ilk önəmli süjet Azərbaycanın dövlət başçısı İlham Əliyevin Pekinə səfəri idi. Bu səfəri “Böyük Avrasiya əməkdaşlığı” kimi də səciyyələndirmək olar.

Çünki Çinin ən böyük qəzeti “Jenmin Jibao” Azərbaycanın forumda iştirakına xüsusi diqqət ayırmışdı. Çinli ekspertlər İlham Əliyevin çıxışını “Avrasiya üçün Azərbaycan platforması” da adlandırdılar.

Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək etdi. Ötən on beş ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək edib. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir.

Azərbaycanın çox böyük neft və qaz ehtiyatları var. Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır. Şaxələndirməyə gəldikdə, bizim diqqətimiz əsasən sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib. İnfrastruktur layihələri bizim üçün çox önəmlidir və biz müasir infrastrukturun yaradılmasına sərmayə yatırmaq üçün maliyyə resurslarımızdan istifadə etdik. Azərbaycanda qazlaşdırma səviyyəsi 95 faiz təşkil edir, Azərbaycan elektrik enerjisini, neft və qazı ixrac edən ölkədir. Nəqliyyat sahəsinə investisiyaların yatırılması bizim əsas prioritetlərimizdən biridir.

Üç il öncə Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb. Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq.

Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

İnfrastrukturun inkişafına, həmçinin çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir.

260 milyard dollar həcmində investisiya yatırılıb və bunun yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır.

Nəqliyyat infrastrukturuna gələk.

Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üçün tərəfdaşlarımızla bizə çoxlu vaxt tələb olundu və bu gün bu dəmir yolu Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır.

“Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Buna görə də müasir infrastrukturun yaradılmasına yatırdığımız investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına və bizim dost, tərəfdaş və qonşularımıza xidmət göstərməyimizə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində nadir imkan yaradır və xalqları, ölkələri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh və sabitlik amalına xidmət edir. Beləliklə, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilib.

Ötən il istifadəyə verilmiş Lapis-Lazuli marşrutu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırıb. Bu gün Azərbaycan sayı artmaqda olan ölkələr üçün tranzit imkanlarını təmin edir. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən və nisbətən yaxın vaxtlarda tikilmiş gəmiqayırma zavodu istənilən növ gəmini inşa edə bilər. Ötən il biz 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanını istifadəyə verdik. Gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırılacaq”, – İlham Əliyev dedi.

Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

İkinci süjet Avropa ilə bağlıdır. Azərbaycanın TAP və TANAP layihələri ilə bağlı ilk əvvəl süni əngəllərin yaradıldığı İtaliyada sonradan mövqelər dəyişdi, rəsmi Roma Bakını tam dəstəklədi. Bir qədər də keçdi, İtaliya hökuməti “Bir kəmər, bir yol” layihəsinə birləşməklə bağlı Çinlə siyasi çərçivə sazişi imzaladı.

Azərbaycanın enerjidaşıyıcılarının nəqli və satışı layihələrində tərəfdaşları olan Yunanıstan, Avstiya, İsveçrə və Lüksemburq da analoji sənədləri imzalamağa hazırlaşırlar.

“Bir kəmər, bir yol” həlşə formalaşmaqda olan layihə olduğundan bütün üzv dövlətlərdən eyni tipli, unitar anlaşmalar imzalanmasını tələb etmir. Blok və ya ittifaq intizamı da yoxdur.

“Bir kəmər, bir yol” hərəkətin ümumi istiqamətinin bəlirlənməsidir və Azərbaycandan da kimsə yeni tərəfdaşlar əldə etmək üçün indiki əməkdaşlıq layihələrindən imtinanı tələb etmir.

Üçüncü süjet Azərbaycan üçün çox əlverişli investisiya və kredit imkanlarının yaranmasıdır. Daha dəqiq olsaq, Çindən çox sərfəli şərtlərlə kreditlər ala bilərik.

Qərb mediası və Qərbdəki bəlli mərkəzlərin buyruq qulu olan “müstəqil bloqer”lərimizlə “müstəqil siyasətçilər”imiz haray salıblar. Ki, sən demə, Çindən asılı duruma düşə bilərik, kredit boyunduruğan keçmək gərək deyil və s.

Faktlara müraciət edək, Asiya və Afrika ölkələri üzrə statistikaya nəzər salaq. 2018-ci ilin nəticələrinə görə, Asiya və Afrika ölkələri Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankından aldıqları kreditlərə görə 36 faizlik (!) “ödəniş”lər etməlidir.

Çinlə bağlı kreditlərdə həmin rəqəm cəmi 1,8 faizdir.

Fərq göz qarşısındadır.

Azərbaycanın potensialı, ciddi və genişmiqyaslı perpsektivləri təki.

“Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çinin tərəfdaş ölkələrə ayırmağa hazırlaşdığı kreditlərin ümumi həcmi 1 trilyon dollardan artıqdır.

ABŞ isə “Çinlə əməkdaşlıq etməyin” söyləyərək “şirnikləndirmək” üçün 60 milyard dollar ayırıb.

Ən başlıcası isə, ABŞ-dan fərqli olaraq, Çin kredit ayıranda heç bir ölkəyə demokratiya, dövlət idarəetməsi və dəyərlərlə bağlı dərslər keçmir.

Şərh əlavə et