Elçin Alıoğlunun

Düşmənimiz özünə qənim kəsilib

Rəsmi İrəvanın təbliğat maşının konstruksiyası “Dağlıq Qarabağ və ətraf rayonlar bizdədir, deməli, biz qalibik” prinsipinə əsaslanır. Amma tarix, illah da siyasi reallıq söz yığınından ibarət düşüncə tərzini sevmir və belə düşününləri çox ağır cəzalandırır.

Tarixləri boyu haqlının yox, güclünün yanında olan; dosta yox, güclüyə sədaqət göstərən və kölə kimi xidmət edərək nökərlikdən az qala həzz almağı milli ideologiyanın əsas, məhvər sütunlarından birinə çevirən ermənilər yenə də illüziyalarla yaşayırlar. Onlar nə istədiklərini deyir, nə etdiklərinin fərqinə varmırlar.

Ermənistan aqressiv və işğalçı dövlət, daha doğrusu, dövlət olduğunu iddia edən zavallı məmləkət olsa da, hamilərinin sayeyi-mərhəməti sayəsində xaltalı köpək funksiyasını yerinə yetirir.

Köpəyin hürməsinə və ətrafındakıları qapmasına ehtiyac duyulduqca, ona yal verilir.

Zərurət olmayanda yal kəsilir, köpək küçələrdə sülənən itə dönür.

Ermənistanın siyasi perspektivləri mücərrəd və kölgəli olduğu qədər, demoqrafik vəziyyəti də viranədir.

Belə ki, 2025-ci ildə Ermənistanda depopulyasiya olacaq. Yəni ölkədə ölənlərin sayı doğulanların sayından artıq olacaq. BMT-nin son hesabatında bu, açıq şəkildə vurğulanır.

2025-ci ilə çox qalmayıb və Ermənistanı çox ciddi demoqrafik problemlər gözləyir.

Baş nazir Nikol Paşinyanın iqtidarı isə ölkə vətəndaşlarının kütləvi mühacirətini, milli fəlakətə çevrilmiş miqrasiya problemini görməzdən gəlir, Ermənistanda, ümumiyyətlə, belə problemin olmadığını vurğulayırlar.

Əvvəlki hakimiyyətlər, xüsusilə də prezident Serj Sarqsyan demoqrafik situasiyadan bəhs edərkən həmişə öz aləmində zarafat edir, “Onlar niyə qalsınlar ki, Ermənistanda?! İnqilab etmək üçün?!” deyirdi.

Ermənilər də ölkəni kütləvi şəkildə tərk edirdilər. Miqrasiya statistikası artıq on minləri aşaraq yüz minlərə yaxınlaşıb.

Lakin erməni demoqrafiyasının yeganə problemi miqrasiya və mühacirət deiyl.

Ölkədə qalanlar sabaha ümidsiz, gələcəklə bağlı heç bir perspektiv görmədiklərindən Ermənistanda dünyaya gələnlərin də sayı sürəkli azalırdı və proses indi davam edir.

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın 2017-ci ildə bəyanatı unudulmayıb. O, demişdi: “2040-cı ildə Ermənistan vətəndaşlarının sayı 4 milyon olacaq”.

Ermənistanda yaşayanların sayının bu gün 3 milyon nəfərdən az olduğunu nəzərə alsaq, Sarqsyanın bəyanatı ikrah doğuran yalan təsiri bağışlayır.

Həmin yalanları Nikol Paşinyan iqtidarı da davam etdirir və vəziyyət artıq siyasi qeyri-adekvatlıq səviyyəsinə çatıb.

Ötən ilin yayındakı psevdoinqilabdan sonra Ermənistandakı vəziyyət bir qədər dəyişib. Söhbət demoqrafik yox, psixoloji müstəvindən gedir. Ermənistan vətəndaşları arasında, habelə xarici ölkələrdə yaşayan ermənilər arasında Paşinyan hakimiyyətinə inam yaranmışdı. Nə də olsa, sabiq jurnalist bol vədlər vermişdi, ölkədə demokratiyanın bərqərar ediləcəyini, insan haqlarına riayət olunacağını, Ermənistanın sürətlə inkişaf edəcəyini demişdi.

Deyilənlər söz olaraq qaldı və bu səbəbdən hazırda Ermənistanda baş nazir Nikol Paşinyana etibar səviyyəsi sürətlə aşağı düşməkdədir.

Vədlər, ümidlər və bravur nitqlər demoqrafik problemi həll etmək üçün yetərli deyil.

Konkret mexanizmlər hazırlanmalı, proqramlar həyata keçirilməli, ümidlərlə istəklər institusionallaşmalıdır.

Daha dəqiq olsaq, məsələ ümumerməni problemi səviyyəsinə qaldırılmalı, müzakirə və təhlillər aparılmalı, gündəmdə olmalıdır.

Bu isə bəhs etdiyimiz kimi, problemin köklü, genişmiqyaslı və fundamental həlli üçün hakimiyyətlə cəmiyyətin birgə fəaliyyətini ehtiva edir.

Nikol Paşinyan, sadəcə, danışır. Onun boş vədləri və gəvəzəliyi erməniləri usandırmağa başlayıb.

İş o yerə çatıb ki, Ermənistanın baş naziri ölkə əhalisinin sayının yaxın illərdə iki dəfə artaraq 6 milyona çatacağına əsla şübhə etmədiyini də deyir.

Rəsmi İrəvan buna necə nail olacaq?! Ölkədəki demoqrafik potensial vədin reallaşmasına əsla imkan vermir. Ümid xarici ölkələrdə yaşayan ermənilərədirsə və diaspor nümayəndələrinin kütləvi şəkildə Ermənistana yollanaraq orada məskunlaşacağınadırsa – xam xəyaldır.

Əvvəla, Ermənistanda bunun üçün nə dəyərlər məcmusu, nə müvafiq şərtlər, nə də ideoloji baza formalaşmayıb. Gündəmi yeniləyəcək institutlar da yoxdur.

Olan ümidsizlik, səfalət, korrupsiya, rüşvətxorluq, bədgümanlıq və Azərbaycanın erməni işğalındakı 20 faiz ərazilərinin mütləq, özü də qeyd-şərtsiz azad ediləcəyinə Bakının inamından xoflanmış ermənilərin bitmək bilməyən təlaşıdır.

Belə şəraitdə repatriasiyaya gərəkli olan maliyyə imkanlarının tapılmasından, zəruri investisiyaların formalaşdırılaraq ayrılmasından danışmaq gülüncdür.

Şərh əlavə et