Elçin Alıoğlunun

Budur müxalifətimiz?

“You want it darker, we kill the flame” Əfsanəvi amerikalı müğənni, şair və bəstəkar Leonard Koenin məşhur mahnısında “Zülmət olmasını istərsən – alovları söndürərik” deyirdi.

Azərbaycanda inkişafı, demokratiyanı, vətəndaş haqlarının və insan hüquqlarının tam təminatını, tərəqqini və ölkəmizin güclü dövlətlər sırasında möhkəm yer tutmasını istədiklərini deyənlər var.

Onlar sosial şəbəkələrdə “yaşayır”, Facebook-dakı profillərində və səhifələrində qəzəbli statuslar yazır, YouTube kanallarında cidala çıxır, hakimiyyəti hədəfə alırlar. Söyürlər, qarğışlar edirlər, inqilaba çağırırlar, qətllər və qiyamla hədələyirlər.

“Biz gələk, sizi asacağıq!”, “Ey Hakimiyyət, səni Qəddafinin taleyi gözləyir” tipli şüarlar, çağırışlar, bəyanatlar, hayqırtılar…

Azərbaycandakı radikal müxalifətlə yanaşı, onunla unison çıxış edən, müxtəlif xarici ölkələrdə yaşayan, daha doğrusu, həmin ölkələrə sığınan və sığınacaq da almağa çalışan, yaxud alanların davranışlarına fikir veribsinizmi?

Onların ifaları sinxrondur, çünki eyni mərkəzlərdən idarə olunur, eyni qüvvələrin maliyyəsindən asılı girovlardır. Bu adamlar Azərbaycanda yaxşı heç nəyi görmür, batinlərindəki xıltı və qara niyyəti ətrafdakı çalarlara sirayət etdirərək qaraya bürüməyə can atırlar.

Etikadan və əxlaqdan çox uzaq ifadələr, vətəndaş müharibəsinə və silahlı qarşıdurmaya çağırışlar, opponent qismində gördükləri şəxslərin ünvanlarına təhqirlər, dövlət simvollarımızın və milli dəyərlərimizin aşağılanması – bunlar “siyasi mübarizə” kimi qələmə verilir.

Belə davranış və başabəla “mübarizə” kimsəyə şərəf gətirmir, gətirə də bilməz.

İstənilən halda bu insanların mahiyyətində bir işıqlı əvvəlin olduğuna, onların əxlaqının tam deqradasiyaya uğramadağına inanmaq istərdim. Daha doğrusu, inanıram da.

İnanmaq istəyirəm ki, üzləşilən heç bir problem, yaşanan heç bir müşkül, hətta Vətəni bu və digər səbəblərə görə tərk edərək hansısa ölkəyə sığınmaq, yaşam və ya siyasət uğursuzluqları ifrat kinə, həddi bilinməyən küdurətə, öz dövlətinə düşmən kəsilməyə səbəb olmamalıdır.

Azərbaycanlının Azərbaycanın qan çanağına çevrilməsini arzulaması üçün hansı nəsnə və ya hadisə səbəb sayıla bilər ki?!

Faktiki olaraq, heç nə.

Amma əfsuslar olsun ki, aylardan bəri etdiyim çağırışlar cavabsız qalıb.

Bəhs etdiyim insanlar yanlış yol tutduqlarını, Şər və yalan ərbablarına çevrildiklərini çox söylədilər, anlamadılar. Anlamaq istəmədilər. Bəlkə də istədilər, lakin boyunlarına götürdükləri öhdəliklər, imza atdığı sənədlər, verdikləri vədlər imkan vermədi.

Görünən budur ki, siyasi fəaliyyət və siyasi mübarizə anlayışları bəsit, dünyagörüşləri yaşadıqları mənzil qədər dar, əxlaqlarının səviyyəsi isə plintusdan aşağı olanlar bildikləri dildə danışırlar. Belələrindən qısa müddətdə dəyişkənlik, islah gözləmək möcüzəli transformasiyaya ümid etməyə bərabər olan mənasız işdi.

Səbəblər çoxdur və onların arasında xüsusi yeri bəhs etdiyim insanların Azərbaycandakı “demokratik müxalifət”lə sıx əlaqələri tutur.

Daha doğrusu, onlar sinxron şəkildə davranır, danışır, hərəkət edirlər.

Füzulinin təbirincə desək, “kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”.

Misal kimi REAL hərəkatının – bu dərnək özünü partiya adlandırır – lideri İlqar Məmmədovu göstərmək olar.

Həbsdə olanda onu qəhrəman etdilər, az qala “Millət Xilaskarı”na çevirdilər, trollaşmağa başlayanlar həsrətlə yolunu gözlədilər.

O da çıxdı həbsdən, mətbuat konfransı keçirdi, jurnalistlərə ağıl öyrətdi, “Sistem getməlidir!” tipli müdrikanə cümlə söylədi, sonra başladı Facebook-da öz kiçik, rəngli dünyasını quraraq bayağı vaynerlər təki bamazə statuslar yazmağa.

Hər statusu da lağa qoyuldu, ələ salındı və iş o yerə çatdı ki, dünənki müttəfiqləri belə onu, “Məhsul” stadionundakı mitinq yığnağına çağırmalarına peşman oldular.

Son müsahibəsində isə o, kim olduğunu ortaya qoydu.

Bulqakovun “Master və Marqarita”sını oxuyanda İlf və Petrovun “12 stul”unu yada saldığını deyən, “Bəyin oğurlanması” filmində qoca babanın metereoloq qıza məsləhət verməsini “elmin aşağılanması” sayan İlqar Məmmədov prezidentlik iddiasındadır.

Şərh etmək istəmirəm bu iddianı, çünki kliniki mənzərədir.

Eynən AXCP sədri Əli Kərimlinin siyasətçiliyi Facebook bloqerliyinə dəyişməsi, “Milli Şura”nın sədri Cəmil Həsənlinin “müxalifətin Dədə Qorqudu” obrazına girərək oradan çıxa bilməməsi, Müsavat başqanı adını daşıya bilməyib bu statusu kommunal təsərrüfat müdirinə çevirən Arif Hacılının binəva açıqlamaları və daha nələr…

YouTube kanalları yaradıb “cəsarət” göstənlər isə ümumiyyətlə, təkamül prosesindən bixəbər qalaraq Qalapaqosdan hay verənlərdi sanki.

Onlar bizim müxalifətçilərdi.

Hər şeyi və hər kəsi öz maraqlarının geniş çuxurunun sonundakı dar dəlikdən görən, Poliqraf Poliqrafovuçun yerli klonlarına dönən, 1990-cı illərdə ilişib qalan və elə o illərin şüarları ilə bağıran marginal adamlar.

Budur bizim müxalifət?

Şərh əlavə et