Elçin Alıoğlunun

5 minə özlərini satanlar: əqidəsiz mühaCİBlərimiz

Mayın 29-da Fransanın Sersi-Pontuaz İnzibati Məhkəməsinin qərarı ilə bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyası qeyri-qanuni elan olunaraq ləğv edilib.

İyunun 11-də isə Qrenobl İnzibati Məhkəməsinin (Tribunal administratif de Grenoble) qərarı ilə Drom, Valans, Bur le Valans və Bur de Peaq departamentlərinin Dağlıq Qarabağdakı 4 bələdiyyə ilə imzalanmış “Dostluq Xartiya”ları qanunsuz sayılaraq ləğv olundu.

Beləliklə, Fransa qarabağlı ermənilərin separatizmini dəstəkləməməsi ilə yanaşı, dünya miqyasında separatizmə qarşı olduğunu bəyan etdi.

Çünki sözügedən xartiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə zidd olmaqla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkənin bitərəfliyini şübhə altına salırdı.

Bəs xarici ölkələrdəki “söyüş müxalifəti”miz nə etdi?

Heç nə. Susdular, bir kəlmə belə, şərh etmədilər. Söyüş və təhqiri yaşam tərzinə çevirmiş bu şəxslər ümummilli məsələlərdə həmişəki kimi, lal, kar və kor qaldılar, milli təəssübkeşlik hissindən uzaq olduğunu göstərdilər.

Çünki…

“Layk edin, bacılar və qardaşlar, layk edin!”, “Layk edin, paylaşın, qoy milyonlar baxsın, görsün”, “Layk edin!!!”, “Bəs siz niyə layk etmirsiniz axı?!”

Sosial şəbəkələrdə, xüsusilə də YouTube videoservisində az qala hər gün, bəzənsə gündə bir neçə dəfə kamera qarşısına keçib Azərbaycanı “xilas” edəcəklərini söyləyən, “Biz gəlirik!” və “Bu hakimiyyət getməlidir!” təki marazmatik ritorika ilə anormal məntiqə sığışdırılmış çıxışlar edənlərin yalvarışa, tələbə, ultimatuma bürünmüş ifadələridir.

Söylənmə intensivliyi sarıdan bütün başqa ifadələrlə müqayisədə ilk yeri tutur.

Ramin Piriyev, Qabil Məmmədov, Orduxan Bəbirov, Qurban Məmmmədov, Sevinc Osmanqızı, İsmayıl Cəlilov, Məhəmməd Mirzəli, Tural Sadıqlı və daha kimlər, kimlər…

Onlar fərqlidir. Uzunsaçlısı, radikalı, sivil görünməyə çalışanı, söyüşdən başqa heç nə bacarmayanı, söyüşdən savayı nə isə bacardığını görünməyə çalışanı, kökü, arığı, savadlısı, bisavadı, xarici dil biləni, bilməyəni – bir sözlə, hər tipdə, tövrdə və formada insanlardır.

Homofob olanları total əksəriyyət olsa da, İsmayıl Cəlilov kimi cinsi azlıq (LGBT) mənsubu da var.

Ailə dəyərlərindən pafosla danışanları çox olsa da, Sevinc Osmanqızı kimi ailəsini dağıdıb, boşanıb “həyatını siyasi mübarizəyə həsr edən”i də mövcuddur.

Müxtəlif ölkələrdə yaşayırlar. Fərqli statuslara malikdirlər: siyasi mühacir statusu almağa çalışanından, vətəndaşlıq əldə etməyə çalışaraq bu yolda “hər işə hazır” olanınadək..

Amma onları mexaniki qurğu, bir qəlibdən çıxmış məhsul, android və ya trivial eksponatlar kimi birləşdirən məqam var.

O məqamın adı tanış, iyrənc və sadədir – əqidəsizlik.

Əqidə yoxsullarının eyni səfə düzən hiss isə tamahdır.

5 min məsələsi

5000. Yəni beş min. İlk baxışdan adi rəqəmdir və ya statistik vahiddir. Lakin YouTube-da “vətən mühacidliyi” edənlər üçün Rubikondur, sakral rəqəmdir, sınaq mərhələsidir.

YouTube-un şərtlərinə görə, bu videservisə yüklənən və paylaşılan video 5 min “like” toplayarsa, hər baxış üçün 0, 0001 dollar ödənir. Əgər “like”lərin sayı 5 mindən az olarsa, videoya 1 milyard insan baxsa belə, müəllif qəpik-quruşsa, konkret halda sentlərlə kifayətlənməli olur.

Məhz bu səbəbdən də Qurban Məmmədov YouTube kanalında saatlarla davam edib acı bağırsaq təki uzanan “proqram”ında sürəkli olaraq sağ əlini yuxarı qaldırıb “Like edin!” işarəsi verir, Qabil Məmmədov ifrata vararaq “5 min layk olmasa, bir də canlı yayıma çıxmayacam” deyərək öz aləmində tamaşaçılarına naz satır, Sevinc Osmanqızı çox “nazikanə” şəkildə like dilənir, Orduxan Bəbirov maskulist tərzdə “qardaşlara və bacılara” xitab edərək “mənim xalqım”ı unutmur, R.Piriyev və ya M.Mirzəli kimi pitekantroplarsa iki əsr əvvəl Avropa şəhərlərini dolaşan şapito sirkinin subyektləri təki jestikulyasiya, əl-qol hərəkətləri edirlər.

Onların istəkləri 5 min “like”lıq həddi aşmaqdır.

YouTube-dan pul almaqla bitmir bu iş. Təbii, videonun baxış sayına görə verilən məbləğ önəmlidir, hətta çox önəmlidir.

Əsas məsələ başqadır: ABŞ və Avropa Birliyində olan “müstəqil” beynəlxalq təşkilatlar və fondların siyasi layihələrlə bağlı konkret şərtləri var. Həmin şərtlər toplusunda yer almış tələblərdən biri də YouTube vasitəsilə ictimai-siyasi fəaliyyətlə bağlıdır.

Məsələn, Avropa İttifaqına daxil olan ölkələrdə sığınacaq almağa və deportasiya olunmamağa, “vətənə qaytarılarsa ciddi təhlükələrlə üzləşə biləcək siyasi fəal” obrazında rəsmən tanınmaq istəyən şəxslərin YouTube-da canlı yayımları üçün minimal “keçid həddi” 5 min “like”dir.

Eyni tələb ABŞ-da da keçərlidir.

Canlı yayımda gəvəzələməsi 5 min “like” olunmazsa, həmin adam tərk etdiyi vətənində tanınan “siyasi fəal” qismində qəbul olunmur.

Bu səbəbdən də bizim “siysi mühacirlər”i cibə işləmək üçün mühaCİBlərə çevrilirlər.

Və onları “xilas etməyə” çalışdıqlarını bəyan etdikləri xalqın, yəni Azərbaycan vətəndaşlarının kəskin antipatiyası, bisavad və yaramaz ritorikalarının əsla qəbul olunmaması maraqlandırmır.

Maraqlar sırf maliyyə, sığınacaq və “yeni vətən”də həyatlarını qurmaqla bağlıdır.

Nifrət, yoxsa sevgi?

Sabiq ANS ÇM radiostansiyasının sabiq işçisi İsmayıl Cəlilov ABŞ-da yaşayır və ömür sürdüyü ölkədə bu yaxınlaradək yerli şəraitə uyğunlaşmağa çalışmaqla yanaşı, milli mənliyini də unutmamağa can atırdı.

Alınmadı, Sevinc Osmanqızının “bəh-bəh”li tərifləri və dilətutmaları ilə – bunu onların ikisi də etiraf edir – “piar” edilən İ.Cəlilov siyasi fəallığa, öz aləmində siyasir şərhçiliyə başladı.

Azərbaycana düşmən kəsilmiş mühaciblər arasında nisbətən ağıllı və intellektli olan İ.Cəlilov cinsi azlıq nümayəndəsi olduğunu gizlətmir.

Normaldır, onun həyatına müdaxilə etmək və ya yaşam dərsi keçmək, homofil və ya homofob suçlamalarda bulunmaq niyyətində də deyiləm.

Lakin İsmayıl Cəlilov pafosu tənqid etsə də, özü büsbütün saxta pafos əsiridir. Belə ki, o, “mənim xalqıma sevgim, xalqın mənə nifrətindən böyükdür” ifadəsini o deyib.

Xalq onu qəbul etməyib, etmir və edən də deyil. Məsələ heç də İ.Cəlilovun “mavi”, yəni LGBT mənsubu olmasında deyil.

Məsələ onun okeanın o tayında yaşayıb bu taya həyat dərsləri keçməsi və əslində Sevinc Osmanqızının yavəri funksiyasını oynadığını hələ də anlamaq istəməməsindədi.

O Osmanqızı ki, özünü az qala Müqəddəs Benedikt monastırının baş rahibəsi kimi təqdim edir, Tomris üstəgəl Burla Xatun obrazlarını cəmləşdirərək sığınmaq istəyir, “mərhəmətli, savadlı, şəfqətli, amma qətiyyətli, sarsılmaz və iradəli qadın” obrazı yaratmağa çalışır.

Siyasətdə gender mənsubiyyəti əsla önəmli olmasa da, S.Osmanqızının qərəzsiz və tərəfsiz “observer”lik, yəni müşahidəçilik adı ilə zəvzəkliyini şərh etmək istəməzdim.

Zatən, hər şey ortadadır.

Nihilist, kosmopolit, opportunist, konformist və sair “it”lərlə “ist”lərin yığnağı olan belə psixotiplərin məqsədləri Azərbaycanın inkişafı, tərəqqisi, insanlarımızın inkişaf etmiş Qərb dövlətlərindəki kimi yaşaması deyil.

Qətiyyən, onlar tam əksini arzulayırlar: qiyam, üsyan, vətəndaş müharibəsi, qan gölü arzulayırlar.

Az qala hər gün bunu təkzib etsələr də, and-amanlarını fasiləsiz sıralama ilə gerçəyin konstatasiyası kimi tamaşaçılarına sırımağa çalışsalar da.

Bu insanlar alternativ mövqe tanımırlar, “hakimiyyətə qarşı olmayan bizə qarşıdır” absurdunu mütləq absolyut həddinə yüksəldirlər və aciz, zavallı, yazıq olduqlarını göstərirlər.

Sevinc Osmanqızı Azərbaycandan ABŞ-a yollananda, orada DS-160 formasını doldurub viza alanda bəlkə vətənlə artıq vidalaşmışdı. Sonradan “İ” və ya “H-1B” tipli viza ilə yaşamaqdansa, “non-rezident” də olsa, Birləşmiş Ştatların daimi sakininə çevrilmək üçün bu xanım nələr etdi və nələr etməyəcəyinin qısa siyahısını kimlərə təqdim etdi – bu, ayrı söhbətin mövzusudur.

S.Osmanqızının “Meydan TV” ilə bağlı “epopeyası”, onun bir ara Rəsul Quliyevi az qala yeni Napoleon Bonopart kimi təqdim etməyə can atması, sonradan bütün bunları danması və “Osmanqızı TV” adlı YouTube kanalı yaradaraq onun duplikatını (“mirror”) Facebook-da açıb anonslar, açıqlamalar və bəyanatlar meydanına çevirməsi də Uolt Disneyin animasiya filmlərindəki qremlinlərin məcaralarını xatırladır.

S.Osmanqızı kamera qarşısında gülümsəyərək Skype vasitəsilə “canlı efir”ə dəvət etdiyi insanlarla istədiyi qədər ali kateqoriyalardan, dəyərlərdən danışa bilər.

Mənasızdır, çünki bu xanımın kateqoriyasını sifarişçilər çoxdan müəyyənləşdirib, dəyərini də hesablayıblar.

Dəyərsiz o dəyərin nə qədər olduğunu araşdırmaq və üzə çıxarmaq heç, amma heç çətin deyil.

S.Osmanqızı “vətən yanğısı”nı biznesə çevirib və canlı efirlərində ağlamsınaraq “Vətən üçün çalışıram” desə də, yaşamını heç də pis təmin etmir. O, yaxın perspektivli məqsədinin ABŞ vətəndaşlığı almaq, uzaq perspektivli hədəfinin isə Leyla Yunus qədər pul qazanmaq olduğunu etiraf etməyib – amma bilin ki, belədir.

Adekvat olmayan vatlar

Avropa Birliyi ölkələrində və Britaniyada ömür sürən, daha doğrusu, ömrün sürüdüyü troqlodit düşüncəlilərə gəldikdə isə, onların hamısı biçarələrdir.

Qurban Məmmədovdan tutmuş, tam qeyri-adekvat Mirzəli, Piriyev, Ceffri Məmmədov, Sadıqlı və ilaxırlaradək. Bu adamların yeganə, əsas və ümdə məqsədləri “qrant layihəsi udmaq”dır.

Və bu zaman az öncə bəhs etdiyim “5 min like” məsələsi Domokl qılıncı təki bu zavallılalın başları üzərində yellənir.

Onlar da çıxış yolunu “qaniçən rejimlə mübarizə” adlı teatrallışdırılmış şouda görürlər.

Bu şou striptiz-şou ilə sirk şousu arasında ləngər vuran iyrənc mənzərəyə çevrilib artıq.

Söyüş, iftira, böhtan, təhqir, yalan, gerizəkalı “təhlil” və marazmatik “analiz”lər – pis qoxulu kokteylin içində hər şey var.

Daha yaxşı yaşam, maaş və iş şəraiti üçün xaricə mühacirət edənlər arasında indi “siyasi fəal” maskası taxanların sayı həndəsi silsilə ilə artır. Belələri Azərbaycandakı müxalifət partiyalarının mitinqlərinə həvəslə qatılır, imkan düşən kimi polisə müqavimət göstərir, saxlanma anını tanış-bilişlərinə kameralara çəkdirir, sonra da “siyasi baxışlarına görə təqib olunan müxalifətçi” imici ilə mühacirət edir və sonucda da smartfonla videosunu çəkərək YouTube-a yerləşdirir, olur söyüş mühacibi.

Ölkədən “beyin axını”nının belə eybəcər şəkildə “peyin axını”na transformasiya etməsinin nəticələri isə sosial şəbəkələrdə, fərqli videoservislərdədir.

Mühacir kimi yaşadıqları ölkələrdə leqallaşmağa, statuslarını səbatlı etməyə çətinlik çəkənlər mühacirət həyatının ağırlığını çəkmək istəmirlər.

Mühacirət həyata yenidən başlamaq, karyeranı sıfırdan qurmaqdır: almana, fransıza və ya hollanda Azərbaycandan gələn Məmməd və ya Əhmədin reqaliyaları, keçmişi və s. əsla önəmli deyil.

Önəmli olan indisidir ki, o da tullantı səviyyəsindədir və bu səbəbdən də sırf iqtisadi, daha doğrusu, merkantil səbəblərdən gerçəkləşdirilmiş mühacirəti siyasiləşdirmək azarı artıq çoxlarına sirayət edib.

Adlarını çəkdiklərim adamlar ermənilərdən də betərdir, çünki mühacirət statistikası baxımından Azərbaycanı qat-qat üstələyən, iqtisadiyyatı iflic, siyasəti zəlil durumda olan Ermənistanın xarici ölkələrdəki səfirləri qarşısında nə onların Orduxanı primitiv “etiraz aksiyası” adlı şou düzənləyir, nə Vidadi İsgəndərlinin bənzəri siyasəti küçə söyüşlərinin məcmusu kimi anlayaraq danışır, nə də Ceffri və ya Piriyev kimi primitiv subyektlərin analoqları ağızlarını qrant yoluna qoyub hərzələmirlər.

Bizim “siyasi mühacirlər” ayrı məxluqatlardır. Əllərində zövqsüz və orfoqrafiya səhvləri ilə dolu plakatlar tutub yüyürürlər Azərbaycan səfirliklərinin qarşısına, qışqırırlar, qiyyə çəkirlər, hırıldayırlar, söyürlər, sonra da bu sarsaqlığın videosunu çəkib sosial şəbəkələrdə paylaşırlar.

Dava Vətən, demokratiya, insan haqları uğrunda yox, Azərbaycanı hədəfə almış təşkilatlardan sədəqə qismində qrant əldə etmək, “oturum” almaq, pul qazanmaqdır.

“Siyasi fəal”, “demokratiya mübarizi”, “hüquq müdafiəçisi” adını ucuzlaşdırıb küçə şousunun verbal subyektlərinə döndərənlər oyun oynayır, oyunbazlıq edirlər.

Onlar Azərbaycanı dünyanın ən pis ölkəsi, ən qəddar diktaturası, ən mağmın və qorxaq adamların yaşadığı yer kimi tanıtmaq istəyirlər. Bir sözlə, “ən, ən, ən” ölkə imici qazandırmağa çalışırlar vətənimizə.

Bu isə artıq siyasi mübarizə yox, psixi sapıntıya çevrilmiş mənəvi xəyanət, iyrənc patologiya, mövqesizliyin vakuum şəraitindəki etalonu da sayıla bilər.

Yenə də ermənilərə qayıdaq. Heç bir erməni (!) ölkəsindən ən sərt narazılıqda olsa belə, Ermənistanın xaricdə pis obrazını formalaşdırmağa can atmır.

Gürcülər də belədir – qırğızlar, moldovanlar, ruslar, belaruslar, türkmənlər və s. də.

Siyasi mühaCİBlərimiz hələ də dərk etmirlər ki, onlar nə qədər qara-qışqırıq salırlarsa, pul və “oturum” üçün ən rəzil işlərə qatlaşırlarsa – onların özlərinə yaşadıqları ölkədə münasibət bir o qədər pis olur.

Səbəb? Çox sadə: pis, az qala hannibalizmin olduğu ölkədən gəlmiş adam mədəni və sivil sayıla bilməz.

İngilislərin məşhur deyimini bir qədər dəyişsək, “it`s not just business, it`s personal”, cənab və xanım sözlərini ünvanlamağa çətinlik çəkdiyim mühaciblər.

Sutkaboyu “layihə, ah, layihə” deyib mələşmək və sonra da “qaniçən rejim”ə söymək, “Gəlirik, inqilab olacaq, devirəcəyik” səfsəfəsi ilə “Milyonlar qayıdır!” marazmını tirajlamaq vətəni sevmək deyil.

Bunun bir adı var – başqalarının marağı üçün Vətəni satışa çıxarmaq.

Çünki bəhs etdiyim adamların pul aldıqları fondlar, təşkilatlar və s. üçün Azərbaycan yalnız “mübarizə aparılan hədəf ölkə”, Bakı isə “hakimiyyətin devrilərək bizə qulluq edən marionetlərin gəlişinin şərtlənməsi” ifadələrinin toplusu çərçivəsində maraqlıdır. Həmin təşkilatlar üçün vətənin söyməyən, xalqını təhqir etməyən, hakimiyyət mənsublarını küçə sözlərinə hədəf etməyən “demokrat, mübariz, fəal” deyil.

Avropa Birliyində və ABŞ-da yaşayıb siyasi mühaciblik edənlər, onların arasında “müstəqil media”da çalışanlar da əslində tamahlarının, ambisiyalarının kölələri, cansıxıcı və yeknəsəq həyat yaşayanlardır.

Axı hər gün səhər açılanda onlar “Bu gün necə söyüm?” sualına cavab axtarırlar.

Biçarələr…

Şərh əlavə et