Elçin Alıoğlunun

Xəyanətdən qurtulduğumuz gün

26 il əvvəli xatırlayıram. Bakının küçələri silahlılarla doludur. Kimin kimə, niyə, nə üçün və nə zamandan xidmət etməsi bilinmir. Prezident qaçıb, Kələkiyə yollanıb. Oradan bəyanatlar verir. “Ölkəni idarə etmək üçün Bakıda olmaq şərt deyil” söyləyir.

Şimalda “Ləgzistan” adlı idefiks artıq “hüquqi tanınmaya” hazırlaşır. Cənubda AXC-nin yaradıcılarından olan Əlikram Hümbətovun elan etdiyi “Talış-Muğan Respublikası” Ermənistanla gizli apardığı danışıqları aşkarlamağa hazırlaşır.

Çünki Ermənistan “Sadval” hərəkatının impuls verdiyi “Ləzgistan”la Ə.Hümbətovun “prezident” olduğu “Talış-Muğan Respublika”sının “dövlət müstəqilliyi”ni tanıyacağına vədlər verib.

Cəbhədə isə rayonlar ard-arda düşmənə təhvil və təslim edilir, həmin bölgələrdəki başıpozuq, bir mərkəzdən idarə olunmayan hərbi hissələr Bakıya axışır.

Gəncədə qiyam qaldırmış Surət Hüseynovun korpusu artıq Bakının həndəvərindədir.

Sitalçay, Lökbatan, Nəvahidə artilleriya qurğuları Bakıya tuşlanıb.

Surət Hüseynovsa qəzəblənib: “Əbülfəz Elçibəyə və dəstəsinə deyirəm: getməsəniz, hamınızı Azadlıq Meydanında asacam!”

Azərbaycanın parçalanıb məhv olmaq astanasına gəldiyi, millətin və dövlətin taleyinin həll olunduğu həmin günlərdə Heydər Əliyev Bakıya gəlir.

Əbülfəz Elçibəyin dəvəti və xalqın tələbi ilə.

O xalqın ki, AXC-Müsavat duumviratının yarıtmaz idarəçiliyindən, bisavad adamların ən yüksək postlara təyin olunmasından, xəyanətlərlə satqınlıqların ard-arda davam etməsindən, sui-qəsdlərin və siyasi qətllərin az qala adi hala çevrilməsindən, aclıqdan, qıtlıqdan, xaosdan iyrənmişdi, cana gəlmişdi.

Bəli, məhz iyrənmişdi.

Mən o günlərin canlı şahidiyəm.

Bakı küçələrində Elçibəyin komandasını ikrahla “bəylər” adlandırırdılar. “Bəy” sözü o günlərdə Bakıda az qala söyüşə çevrilmişdi.

Hadisələr, insanlar, faktlar…

1993-sü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi.

Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə divarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Ulu Öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, Heydər Əliyev iyunun 15-də Milli Məclisdə istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbrlə çıxan Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi.

İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı.

Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

H.Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Ölkəmizin qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Siyasi ölüllər də danışır

Onu vəzifəyə təyin etmiş prezidenti Əbülfəz Elçibəyin həbsinə sanksiya imzalaya İxtiyar Şirin, Azərbaycanın bir neçə rayonunun erməni işğalçılarının əlinə keçməsində məsuliyyət daşıyan Rəhim Qazıyev, bivec və yaramaz “fəaliyyət”i ilə ölkəni uçurum kənarına sürükləyən sabiq Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əli Kərimli, parlamentin sabiq spikeri İsa Qəmbər, Arif Hacılı və daha kimlər, kimlər…

26 ildir ki, onlar sakitləşmir, “Biz gələcəyik! Bu hakimiyyəti devirəcəyik!” deyirlər.

Bu mağmın, zavallı, biçarə toplusu hələ də anlamır, dərk etmir, anlamaq istəmir ki, onlar illərdir tarixin kunstr-kamerasında eksponatlardır.

Əli Kərimli AXCP sədri olduğunu deyir, fəqət fəaliyyəti Facebook-da kin, nifrin və hədə dolu yazılar paylaşmaq, bir də mitinqlərdə “şücaətkarlıq” etməklə kifayətlənir.

Onun ətrafındakı trol dəstəsini kənara qoyuruq.

Sözüm Əli Kərimlinin siyasətçi olduğunu düşünən, ona inanan gənclərə və yeniyetmələridir.

İnanmayın bu adama, onun illər keçdikcə qurmaqda püxtələşdiyi tələyə düşməyin.

Prezidentlik iddiasında olan, fəqət demaqogiya və populizmdən savayı heç nə bilməyən kəmsavad Əli Kərimliyə inanmaq həqiqətə, məntiqə və gələcəyə xəyanətdir çünki.

Onun bitmək bilməyən intriqaları, hakimiyyətlə illərdən bəri kuluar sövdələşmələri aparması, məqsədinə çatmaq üçün “qardaş və müttəfiq” dediyi insanları asanlıqla qurban verməsi, xəyanəti və yalanı yaşam tərzi sayması AXCP-nin indiki sədrini tanıyanların hamısına yaxşı bəlli olan məqamlardır.

Rəhim Qazıyev, Arif Hacılı, İxtiyar Şirin və digər “troqlodit”lərisə xatırlamağa belə, dəyməz. Kukla teatrının subyektləridir onlar – zavallı, yazıq fiqurlar.

Prezident olmaq istəyən, amma Bakıdakı “Məhsul” stadionunda mitinq keçirə bilməyən AXCP sədri Əli Kərimli, habelə “Milli Şura”nın sədri, siyasətə karikatura olan Cəmil Həsənli və son vaxtlar “Taxtalıköy zühuru” gəlişi edən İsgəndər Həmidovla dəstəsinin “Azərbaycan Xalq Hərəkatı” adlı məzhəkəsi hakimiyyətə iddialıdır.

Onların belə qeyri-adekvat davranışlarının çox səbəbi olsa da, ən başlıcası kim olduqlarını hələ də anlamamalarıdır.

Halonki biz onları əla tanıyırıq…

İnkişaf və uğur yolu

Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.

Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdi: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət bizə ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaq.

…Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Əslində, o, yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi.

“Biz gələcəyik!” deyib 26 ildi gəlib çıxa bilməyən siyasət tullantıları və çöküntülərə gəldikdə isə, gigiyena prosedurlarını kimsə ləğv etməyib.

Təmizlənmə davam etməlidir…

Şərh əlavə et