Elçin Alıoğlunun

“Xəyanət etdi, Əli Kərimli də bilirdi” – Fuad Qəhrəmanlının xanımı danışır

Bu problemlər hələ 2009-cu ildə başlanmışdı. Səbəb də xəyanət idi. Yəni ərimin mənə xəyanəti. Elə həmin il Fuad Qəhrəmanlının ailəsinə şiddəti başlandı. Xəyanətin girdiyi ailədə ab-havanın necə olduğunu, yəqin, hər kəs təsəvvür edir.

AXCP sədri Əli Kərimlinin artıq sabiq müavini Fuad Qəhrəmanlının xanımı, boşanma ərəfəsində olan yazar Zümrüd Yağmur “Meydan TV”yə verdiyi müsahibəsində söyləyib.

Zümrüd Yağmurun dediyinə görə, ailədə dava-dalaş başlayanda, F.Qəhrəmanlı xanımını və övladlarını zorbalığa məruz qoyanda Selcanın 9, Sənayın 6 yaşı vardı.

AXCP sədri Əli Kərimlinin müavini F.Qəhrəmanlı arvadını döyür, azyaşlı qızlarına az qala qan uddururdu.

Z.Yağmurun dediyinə görə, əri onun qolunu sındırıb. Ayaq sındırılma məsələsinə gəldikdə isə, bu zədəni alan Selcan yox, Sənay idi.

“2010-cu ilin yanvar ayı idi. AXCP-nin Rəyasət Heyətinin iclası idi evimizdə. Yığıncaqlar uzun müddət evimizdə keçirilib. Həmin gün də yığıncaqdan 15 dəqiqə əvvəl oldu hadisə. Qızlarımla mətbəxdə oturmuşduq. Fuad mətbəxə girdi, büllur stəkanı götürüb bizə tərəf atdı. Stəkan Sənayın dizinə dəydi. Qızımın diz qapağı çatladı. Sənayın diz qapağına kirəc yığılır indi, hələ də müalicə alır”, – Z.Yağmur söyləyib.

O, ailədəki münaqişəni, daha doğrusu Fuad Qəhrəmanlının davranışını açıqlamaq istəmirdi.

10 il dözüb, susub.

Fuad Qəhrəmanlı həbsdə olanda da ailəsinə mənəvi-psixoloji terroru davam etdirib.

Zümrüd Yağmur daha sonra bildirib ki, ailədəki münaqişənin əsas səbəbi F.Qəhrəmanlının xəyanəti olub.

“Selcan Hollandiyaya oxumağa, təhsil almağa içi yaralı getdi. Burada olanda ona təsir edir, ailəmizdəki vəziyyətlə bağlı açıqlama verməsini istəmirdim. Amma Selcan indi Hollandiyadadır və hər şeyi deyir. Cəbhəçilər də onu təhqir edir, əxlaqsız adlandırırlar”, – Z.Yağmur bildirib.

Maraqlıdır ki, Z.Yağmur qızının açıqlamalarından sonra ona bəlli tərəfdən təzyiqlər olub, ondan “yalanlama” tələb edilib.

Özünü ictimai-siyasi fiqur sayan kəslərin belə davranışı nə dərəcədə əxlaqlı, mənəviyyatlıdır – siz qərar verin.

İroniyaya bax ki, AXCP-nin proqramında qadın hüquqları ilə bölməni yazan da F.Qəhrəmanlı olub. Həmin günlərdə Selcan atasının kompüterində bu yazını görəndə deyibmiş: “Ata, necə olur ki, sən evdə üç qadının hüquqlarını pozursan, şiddət edirsən, zorakılıq edirsən, amma burada qadın hüquqlarından yazırsan?!”

Zümrüd Yağmur onu da vurğulayıb ki, 2009-cu ildən sonra iki dəfə (!) məhkəməyə boşanma ərizəsi ilə müraciət edib, hər dəfə də indi açıqlamaq istəmədiyi səbəblərdən ərizəsini geri götürübmüş.

Və sonda…

“Selcan Əli Kərimliyə çox inanırdı. O, Əli bəydən ədalət gözləyirdi. Mən isə həmişə deyirdim ki, qızım, Əli Kərimli şeyx, atan da onun müridi deyil ki, çağıra danlaya. Əli Kərimli onu ayağına bağlaya bilməz. Qızımsa deyirdi ki, yox, axı Əli Kərimli bilir atamın bizə zülm etdiyini. Niyə heç nə etmir?! Niyə demir ki, ya ailəndəki problemləri həll et, ya da müavinlikdən istefa ver?!” – Zümrüd Yağmur söyləyib.

Onu da bildirib ki, AXCP və “Milli Şuranın mitinqlərində çıxış edərkən “Fuad Qəhrəmanlının xanımı” kimi yox, “yazar Zümrüd Yağmur” kimi təqdim olunmasını istəyib. Əslində, mitinqlərin heç birində (!) Z.Yağmur ərinin azadlığa buraxılmasını tələb də etməyib.

Göründüyü və eşidildiyi kimi, Selcan Yağmurun açıqlamalarından sonra atası Fuad Qəhrəmanlının olayla bağlı şərhlərinin, yazılarının, açıqlamalarının istisnasız olaraq hamısı yalandır.

AXCP rəhbərliyi, ələlxüsus da partiyanın sədri və həm də bloqer Əli Kərimli birdəfəlik anlamalıdır ki, insan haqlarından, demokratiyadan, sivil sosiumdan, vətəndaş cəmiyyətindən fasiləsiz danışan adamlar arasında yer alan birisinin ailəsinə zorakılıq, övladlarına qarşı şiddət tətbiq etməsi yolverilməzdir, pisdir.

Cəmiyyətdə fərqli düzən tələb edən kəs əxlaqının şübhəli, davranışının qüsurlu olmasına yol verməməlidir.

Bu azmış kimi atasının biabırçı əməllərindən bəhs edən və etirafa özündə cəsarət tapan 18 yaşlı Selcan Yağmura sosial şəbəkələrdə Əli Kərimlinin trollarının, özlərini “cəbhəçi, demokrat” adlandıran şəxslərin hücumlar etməsi biabırçılıqdır.

Həmin xanımın təhqirlərə məruz qoyulması, ən aşağılıq ifadələrə tuş edilməsi isə əxlaqsızlıqdır.

Selcan Yağmuru müdafiə edənlərə söyməksə vəhşilikdir.

Əli Kərimlinin davraşını isə, ümumiyyətlə, çox yarıtmazdır.

O, nə etməliydi?

Çox sadə. AXCP sədri olaraq yalan danışmamalı, müavinini müdafiə etməyə və ona haqq qazandırmağa çalışmamalı, Selcan Yağmurun açıqlamaları ilə bağlı “ailə məsələsidir, fikrimizi yayındırmağa çalışırlar, boş verin, əsas məsələ 28 sentyabr mitinqinə hazırlıqdır, yola davam” yazmamalı idi.

Əksinə o, Fuad Qəhrəmanlının davranışını pisləməli, Selcanla onun anası Zümrüd xanımın müdafiəsinə qalxmalı, ailədə şiddəti qətiyyətlə pisləməli idi.

Söz oynatmaqla F.Qəhrəmanlını müdafiə etmək əvəzinə, bu adamın əməllərini ən sərt şəkildə qınamalı idi.

Mənəviyyət, əxlaq və siyasət prinsiplərini qoyuram kənara.

Makiavellist, hiyləgər, məntiqli, uzaqgörən, çevik siyasətçi belə davranardı.

Əli Kərimli isə 19 ildən bəri eyni sözləri metronom ahəngi ilə təkrarladığından onun dəyişməsi, daha operativ və məntiqli davranması mümkün deyil.

Şərh əlavə et