Elçin Alıoğlunun

O, çılğınlığını, sosial şəbəkələrdəki marazmını bölüşməyən istənilən adama nifrət edir. Onun ağlına da gəlmir ki, başqasının mövqeyi və fikri azad düşüncənin, nəcib məntiqin məhsulu ola bilər. Bəhs etdiyi insan tipinin fərqli, ona məxsus əsas cəhəti, küçə liberalının “brend məcazı” onun bütün rəqiblərini “əclaf”, “yaltaq”, “yaramaz” sayır…

“Ərəb baharı” zamanı Liviyada müxalifətə NATO-nun, daha doğrusu, Qərbin dəstək və yardımlarının qurbanları sadəcə, “inqilab” nəticəsində həlak olan liviyalılar olmadı.

Əzab, işgəncə, aclıq içində həyatları bitənlərin tam əksəriyyəti Qərbin “demokratiya icraçı”sının qurbanları idilər. Onlar hələ də səngimək bilməyən vətəndaş müharibəsində güllələndilər, partladıldılar, ölkədən qaçmaq üçün mindikləri rezin qayıqlarda Aralıq dənizində batdılar, ölkədə qaldıqdasa silahlı quldurlar üçün şikara çevrildilər.

Qərbin Liviyaya verdiyi yeganə azadlıq ölmək azadlığı oldu.

Suriyada, Yəməndə, İraqda, Tunisdə, Əlcəzairdə, Sudanda, Somalidə olduğu kimi.

İndi həmin Qərb Afrikadan qaçan, sağ qalmaq, ölməmək istəyən qaçqın kütləsindən canını qurtarmaq istəyir.

Liviya, Suriya, İraqda dövlətçilik fəlakət uçurumundadır. ABŞ isə baş verənlərdə əsla iştirak etməmiş dövlət kimi davranır və üstəlik, həmin ölkələrdən miqrasiyanın qarşısını almağa yönəlmiş qanunlar qəbul edir.

Sağ olsun Qərb, yaman “kömək” etdi müsəlman ölkələrinə.

Azərbaycandakı radikal müxalifətin lidərləri, onların funksionerləri və bu adamlara hələ də inananlar iddia edirlər ki, liberaldırlar, demokratdırlar.

Onu da deyirlər ki, 26 ildir müxalifətdə olduqları yetər, hakimiyyətə gələcəklər, ölkəni işıqlı gələcəyə çıxaracaqlar və sair və ilaxır.

Çox söz deyirlər – hamısı təkrar, hamısı klişe, hamısı nimdaşlaşmış şüarlar.

Sonda da buyururlar ki, hiddətləniblər.

Hiddət əslində ən zəif, bacarıqsız insanın vücudunu belə, təşəxxüs və təkəbbürlə, özündənrazılıqla bəs deyincə doldurmaq üçün texnikadır. Müxalifət düşərgəsindəki partiya və qurumların total əksəriyyətinin liderləri arasında sağlam məntiq indi dəyərsiz nəsnədi. Bütün mübahisələr, söhbətlər, müzakirələr emosional arqumentlərdən istifadə etməklə aparılır.

Bariz misal kimi AXCP sədri və bloqer Əli Kərimlinin Facebook-dakı fəaliyyətini göstərmək yetər.

Hər gün çılğınlıq, ifrat emosionallıq, faktların kəlləmayallaq gərdişi, söz oyunları, bitmək bilməyən çağırışlar, eskapadalar – siyasi demaqogiyanın cəbbaxanasındakı bütün vasitələr.

Sosial problemlərin dərhal siyasiləşdirilməsi və Azərbaycanın az qala Lesoto, yaxud da Liberiya təki ölkə qismində qələmə verilməsi də belə texniki vasitələr arasındadır.

Əslində çox bəsit, hətta primitiv davranışdır. Bütünlüklə amerikalı Cin Şarpın “yumşaq güc” taktikasına əsaslanan məsələlərdir.

Ümumiyyətlə, “rəngli inqilablar aşiqi” Şarpın “Diktaturadan demokratiyaya doğru” əsərini fəaliyyət rəhbərliyi və işəyarar təlimat kitabçası sayanların şüuru Azərbaycanı demokratiyadan diktaturaya aparmaq üstündə köklənib.

Maraqlı simptomdur, çünki radikal müxalifətdə mənəviyyat hissi sırf ideoloji məqamlara əsir düşüb. Bu, Azərbaycanda eybəcərləşdirilmiş siyasi mübarizənin sinfi mənəviyyat metamorfozu da sayıla bilər.

Özlərini müxalifəti və üstəgəl demokrat adlandıranların son çıxışlarına fikir verin. İstisnasız olaraq hamısı hakimiyyətə gələcəkləri təqdirdə hazırda hakimiyyətdə olanlara, habelə bu şəxsləri və ümumiyyətlə, iqtidarı, dövləti, milləti, xalqı dəstəkləyənlərə divan tutacaqlarını deyirlər.

Bəziləri lap irəli gedir, “onları öz qanlarında boğacağıq” söyləyirlər.

Bu adamlar psixiatrın müştəriləri, ruhi klinikaların pasiyentləri sayıla bilərmi?

Mümkündür, amma özlərini siyasətçi, ictimai xadim, bloqer hesab edirlər.

Niyə?

De Tokvilin klassik liberalizmindən bixəbərdir. Çünki küçə yürüşlərindəki küçə davranışını sosial şəbəkələrə daşıyan və “İstefa, Azadlıq!” bağırmağı indi həmin sözləri yazan və sonra da “hədəf”ə aldığı adamı söyməklə müşayiət edən “homo mukhalifetus vulgaris” özünü liberal sayır.

Halbuki o, ən yaxşı küçə liberalıdı və yalnız özünü haqlı saydığı üçün fikri ilə razılaşmayanların hamısına “yaltaq”, “hakimiyyətə satılmış”, “simasız” möhürləri vurmaqla məşğuldur. Beləsinə sadəcə, küy gərəkdir. Onun çılğın olmaq üçün çılğınlığa ehtiyacı var. Bəhs etdiyimiz davranış modelini o, həyat sayır, sakitlik, sosial şəbəkələrdə aram və mədəni davranış isə ona ölüm kimi gəlir.

O, özü də bilmədən Monro doktrinasının fiquru kimi çıxış edir: istənilən iğtişaşı, qarğaşanı səbirsizliklə gözləyir, qanunların istənilən pozuntusuna əl çalır. Çünki qanun kəlməsinin özünə nifrət edir, qanun onun beynində “hakimiyyət”, “rejim”, “iqtidar” əks-sədası verir.

O, Honkoqdakı yürüşlərdən, Madriddəki mitinqlərdən, Qahirədəki aksiyalardan liberal ehtizaza gəlir və deyir, yazır: “Baxın, biz niyə belə etmirik?!”

Amma əsl azadlığın və normal, əxlaqlı davranışın özülünü, mahiyyətini təşkil edən dözümlülüyü, mübahisə və söhbət mədəniyyətini, başqasının mövqeyinə və fikrinə sayğını, insan şəxsiyyətinə hörməti ondan gözləməyin.

O, çılğınlığını, sosial şəbəkələrdəki marazmını bölüşməyən istənilən adama nifrət edir.

Onun ağlına da gəlmir ki, başqasının mövqeyi və fikri azad düşüncənin, nəcib məntqin məhsulu ola bilər.

Bəhs etdiyi insan tipinin fərqli, ona məxsus əsas cəhəti, küçə liberalının “brend məcazı” onun bütün rəqiblərini “əclaf”, “yaltaq”, “yaramaz” sayır.

Azadlıqdan, demokratiyadan bəhs edir. Lakin bu, diskussiyada fikrə qarşı qoyulan fikir, ideyalar mübarizəsi üçün vasitə deyil. Hər şey təhqir, aşağılamalara gedib çıxır, böhtanlar və mənasız iddialar səsləndirilir.

Məqsəd nəyisə sübut etmək yox, təhqir etməkdir.

Küçə liberalı kütlədən üstün olan hər şeyə, bütün avtoritetlərə nifrət edir. O, əsla düşünmür ki, nüfuzlu insana sayğı əslində fikrə, əməyə, istedada – bir sözlə, insanı yaradılışın zirvəsinə çevirən hər şeyə sayğıdır. Bəlkə də elə bu səbəbdən o, ağıllı, savadlı, bilikli, nüfuzlu insanlara nifrət edir.

Gördüyümüz kimi, ilk baxışdan mürəkkəb görünən çox bəsit bir tip, infantil adam…

Şərh əlavə et