Elçin Alıoğlunun

Siyasi klounlara bel bağlayan zavallılar

Koronavirus pandemiyasından yararlanmaq istəyənlər çoxdur. Onların məramları da fərqlidir. Geosiyasi, iqtisadi, maliyyə, hərbi və s. maraqların çulğalaşdığı bir dövrdə çox təhlükəli virus divident mənbəyinə çevrilməkdədir.

Fəqət, bəşər övladının üzləşdiyi bəladan çox primitiv şəkildə yararlanmaq istəyən və bununla da tragikomediya personajına çevrilənlər də var.

AXCP sədri, həm də bloqer Əli Kərimli kimi.

Artıq üçüncü həftədir ki, Ə.Kərimli tam kommunikasiya blokadasında olduğunu iddia edir. Onun dediklərinə və yazdıqlarına görə, yaşadığı mənzildə interneti kəsiblər, mobil telefon rabitəsindən də məhrum olub.

Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminin olduğunu nəzərə alsaq, Əli Kərimli indi, radistlərin təbirincə desək, “sükut rejimi”ndə olmalıdır.

Nə sosial şəbəkələrdə paylaşımar etməməlidir, nə müsahibə verməməlidir, nə də aktiv siyasi fəaliyyətdə olmamalıdır.

Karantin rejimi, internetsizlik, telefonsuzluq.

Bu, nəzəriyyədə belədir və formal məntiqi müxalifətin radikal “lider”lərinə tətbiq etsək, real olar.

Amma nə yazıq ki, ölkəmizdəki radikal müxalifət düşərgəsində məntiq qanunları işlək deyil və ümumiyyətlə, təfəkkür belə, həmin məkandan perik düşüb.

Tipik misal AXCP sədrinin davranışıdır: primitiv, trivial, çox asan ehtimal edilən və buffonada personajına dönmüş bu şəxsin yalanlarını elə özü tərəfindən faş edilməsindən ibarət sonsuz reprizlərə çevrilmiş “siyasət”.

Kommunikasiya blokadasında olduğunu iddia edən Ə.Kərimli “müstəqil bloqer”lərin YouTube kanallarınnın daimi sakininə çevrilib və məzhəkə o həddə çatıb ki, Facebook-dakı səhifəsində “admin qrupu” adından paylaşımlar edir.

Bu da növbəti nonsesdir, çünki AXCP sədri indiyədək israrla və inadla bildirir ki, səhifəsinə, sadəcə, özü yazır, adminlər, yəni səhifəni idarə edən kənar şəxslər yoxdur və s.

Mobil rabitə və internet yoxdursa, Ə.Kərimli bu aktiv fəaliyyətini necə gerçəkləşdirir? Sualın cavabını “həm də bloqer” hələ də verə bilməyib.

AXCP sədrinin koqnitiv dissonans durumundakı açıqlamaları isə davam edir.

Dünən o bəyan edib ki, sən demə, ölkədəki “hakimiyyətin” koronavirusdan müxalif səsləri batırmaq, xüsusən də Xalq Cəbhəsini təcrid etmək və növbəti repressiyadan keçirmək üçün istifadə etməsinə ABŞ-dan ciddi əks-reaksiya gəlib”.

“Ciddi əks-reaksiya”nın mənbəyi ABŞ Dövlət Departamentidir? Yox.

Senat, Konqres, bəlkə prezident Donald Tramp? Yenə də yox.

Bəyanatı yayan  başqa dövlətlərin daxili işlərinə kobud müdaxilə cəhdləri, daim qlobal miqyasda “ağılöyrətmə və dərsvermə” istəyi ilə tanınan ABŞ Helsinki Komissiyasıdır.

Bəyanatı Birləşmiş Ştatların siyasi arenasının buffonada klounları kimi tanınan iki şəxs – komissiyanın Nümayəndələr Palatasından olan sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker imzalayıblar.

“Pandemiya dövründə sağlamlıqla bağlı tədbirlər siyasi motivli repressiyalara haqq qazandıra bilməz. Azərbaycan hökuməti cərimələr, həbslər, təqiblər, işgəncələr vasitəsilə öz xalqının söz, fikir və ifadə azadlığını məhdudlaşdırmaqda davam etməsi barədə məlumatlardan dərin narahatlıq keçiririk. Hakimiyyət bu qlobal böhrandan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri və başqa fəalların, reportyorların ifadə azadlığını məhdudlaşdırmaq məqsədilə sui-istifadəyə son qoymalıdır”.

Rəsmi versiyaya görə, xatırladım ki, ABŞ Helsinki Komissiyası ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatın, eləcə də Konqresdə təmsil olunan Respublikaçılar və Demokratlar partiyalarının, ABŞ Dövlət Departamentinin və Ədliyyə Nazirliyinin təmsilçiliyi ilə formalaşır. ATƏT məkanında insan hüquqlarına əməl olunmasına nəzarət edən səlahiyyətli qurumdur. “İnsan haqları” ilə bağlı ABŞ sanksiyaları bir qayda olaraq Helsinki Komissiyasının təşəbbüsü ilə tətbiq olunur və məhz bu səbəbdən müstəqil siyasət yürüdən, marionetka strukturların ultimativ bəyanatlarına fikir verməyə normal dövlətlər Helsinki Komissiyasının açıqlamalarını adi kağız parçası, havanın titrədilməsi sayırlar.

Zavallılar – niyə və nədən bu hala düşüblər, bəlli. Amma Bakıya təzyiq göstərmək istəyənlərin açıqlamasından ekstaza gələnlər ikiqat bihudə təsir bağışlayır.

Şərh əlavə et