Elçin Alıoğlunun

Satılacaq təlxək və ya Mxitaryan faciəsi

Birinci Dünya Müharibəsi illərində Fransanın lənətlədiyi bir alman vardı – Vilhelm Frintser. 46 yaşlı Frintser fransızlarla almanlar arasında az qala əzəli və əbədi mübahisə mövzusu olan Elzasda doğulmuşdu, anası da Lotaringiyadan idi.

1914-cü ilin dekabrın sonlarında Parisdə çağdaş sənət sərgisi olanda rəssam Frintseri də dəvət etmişdilər. Sərgiyə 3 alman rəssam və heykəltaraşın qatılmağına rəğmən, V.Frintser “təhlükəsizliyimin təmin olunacağını düşünmürəm” demiş və Parisə yollanmaqdan boyun qaçırmışdı.

Sərgi baş tutdu, iki həftə sonra isə Frintserin bütün fransız müştəriləri ondan imtina etdilər. Daha sonra almanlar da belə etdilər və rəssam “atılmış” sayıldı.

O, artıq kimsəyə gərək deyildi. Hətta Parisə getməkdən boyun qaçırması ilə bağlı “müstəqil qərar”ının sifarişçisi “Böyük Alman İttifaqı”nın rəhbərliyi belə, “rədd olsun bu bacarıqsız” demişdi.

Vilhelm Frintser özünü dahi rəssam saysa da, indi onu yalnız 20-ci əsrin əvvəllərinin alman rəngkarlığının biliciləri və ekspertləri xatırlayırlar.

Sovetlər dövrünün tanınmış futbolçusu, erməni Hamlet Mxitaryanın oğlu, 30 yaşlı yarımmüdafiəçi Henrix Mxitaryanı da belə tale gözləyir.

Daha doğrusu, o, kədərli və acı taleyini artıq yaşayır.

London “Arsenal”ının rəhbəri Ermənistan yığmasının yarımmüdafiəçisi Henrix Mxitaryanı satmağa hazırlaşır.

Klubun rəhbərliyi oyunçunun Premyer Liqadakı pik formasına çıxa bilməyəcəyini zənn edir.

Xatırladaq ki, Mxitaryan “Arsenal”a “qırmızı şeytanların” rəhbəri Joze Mourinyo onunla vidalaşmağa qərar verdikdən sonra, 2018-ci ilin qışında keçib. Qeyd edək ki, erməni futbolçu “Çelsi” ilə Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməkdən imtina edib.

Nədən, nə üçün?

Bakıda keçirilən bütün nüfuzlu beynəlxalq turnirlərə erməni və Ermənistan atletləri qatılırlar, iştirak edirlər, narazılıqlarını bildirmirlər. Son mövsümdə matçların əksəriyyətini ehtiyat oyunçular skamyasında keçirən, amma özünü Lionel Messi və Kriştianu Ronaldudan da az qala “böyük futbolçu” sayan Mxitaryan Bakıya gəlməkdən qorxur.

Qorxmur, çəkinmir. Yalan danışır, yalan yazır. Məqsədi “Arsenal”ın futbolçusu olduğu üçün dünya mediasının gündəminə gəlmək, barəsində layiq olduğundan artıq danışılmasına nail olmaqdı.

Primitiv marketinq üsullarından biri idi.

Qərb mediası isə həmişə olduğu kimi, “araşdırma”lara başladı və bu araşdırmasız “çözələmələr”in sonucu bu idi ki, sən demə, Bakıda erməniləri təhlükə gözləyir, Avropa Liqasının final matçının mayın 29-da Bakıda keçirilməsi ilə bağlı UEFA-nın qərarı yanlışdır, “Arsenal” və “Çelsi” azarkeşləri Bakıya getmək üçün zillət çəkəcəklər və s.

Halbuki elə həmin media bir qədər əvvəl, İsraildə “Eurovision” keçiriləndə özünə sual vermədi ki, əcəba, İsrail Avropa deyil axı, nədən mahnısı orada keçirilməlidi ki…

“Bakının uzaq olması” ilə bağlı iddialar da sərsəm və absurddur.

Rusiyada keçirilən mundialın matçlarına yollanan fanatlar şikayətlənmədilər.

Cənubi Afrika Respublikasındakı dünya çempionatının qarşılaşmalarını tribunalardan izləmək üçün “Qara qitə”nin cənubuna üz tutan ingilis futbolçular arasında da nə “təsadüf”! ağlaşma və vaysınma müşahidə olunmurdu.

Ona görə də “Arsenal”ın indiki mövqeyi, iddiaları və Mxitaryanın inkarını az qala dünya futbolunu alt-üst edən açıqlama kimi qələmə verməsi aşkar şizofreniya da sayıla bilər.

Necə ki, H.Mxitaryandan sui-istifadə, daha doğrusu, tam istifadə edən Ermənistan və erməni lobbisi udduqlarını düşünsələr də, uduzdular.

Çünki Xocalıdakı erməni cəlladlarını vəsf etmiş, soyqırımdan həzz almış Zori Balayanın ölkəmizə və xalqımıza nifrətinin açıq sezildiyi açıqlamaları ilə Ermənistan XİN bu olayın arxasında məhz İrəvanın durduğunu etiraf etmiş sayıldı.

Mxitaryan bəlkə də Bakıya gəlmək istəyirdi, gələrdi də – amma erməni diasporundan və Ermənistandan qorxdu.

Halbuki “Arsenal” rəhbərliyinin isteriyasına rəğmən, “topçular”ın heyətində Mxitaryan istisna olmaqla bütün futbolçular Bakıya can atırdılar.

Məsələn, türk əsilli alman yarımmüdafiəçi Məsut Özil Twitter-dəki profilində yazmışdı: “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”.

Məsut Bakıdadır və dediyinə görə, özünü bəxtəvər hiss edir.

… Avropa Liqasının “Arsenal”la “Çelsi” arasındakı final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda  keçiriləcək.

“Arsenal” rəhbərliyinin, baş məşqçisinin, futbolçu Henrix Mxitaryanın mövqeləri bəllidir. Olsun. Biz “Arsenal”a “Yox, onu mütləq gətirin, qoy, hamı görsün” deyə bilməzdik. Demədik də. “Okey, onun təhlükəsizliyinə tam təminat veririk” söylədik. Vəssalam. Bu, edə biləcəyimiz idi. Henrix Mxitaryanı zorla Bakıya gətirmək və şəhərimizin təhlükəsiz olduğunu bu minvalla göstərmək absurd olardı.

Henrix Mxitaryan məsələsi artıq unudulmaqdadır. Bu futbolçu da faktiki “canlı ölü”dür. Çirkin ssenarini quranların iki məqsədi vardı və onlardan biri Bakıda guya erməni idmançılarının təhlükəsizliyinə təminat olmamasını göstərmək idi – erməni lobbisi ilə İrəvanın oyununun hədəfi bu idi.

“Arsenal”ın oyuna qatılmasında da klub rəhbərliyinin sırf merkantil marağı vardı.

Yəni şayət, “topçular” Bakıda uduzsalar, “Arsenal” bossları deyəcəklər: “Mxitaryanın meydana çıxmaması və bununla bağlı yaşananlar oyunçularımıza pis təsir etdi”.

“Arsenal” Bakıda “Çelsi”ni məğlub etsə, son günlərdəki anti-Azərbaycan kampaniyasına, ermənilərin “Mxitaryan”la bağlı “hayp”ına sarsıdıcı zərbə dəyəcək.

“Arsenal” uduzsa belə, heç nə dəyişən deyil. “Çelsi” heç də “Qarabağ” deyil və “topçular” Bakıda 3:0 hesablı qələbənin təkrarlanma ehtimalını mikroskopik dərəcədə az olduğunun fərqindədir.

2015-ci ildə Bakıdakı 1-ci Avropa Oyunlarına Ermənistan yığması 24 idmançı ilə qatılmışdı. Onların Bakıda hər hansı bir problemlə üzləşmələri ilə bağlı fakt, iddia yoxdur. Ermənilər çox istəsələr də, yalandan bəhs etməyə, uydurmalara səbəb olası ən kiçik insident belə, yaşanmamışdı.

Mxitaryanla bağlı “barmaqdan sovurma” kampaniyasının yeganə məqsədi yaranmış situasiyadan bəhrələnmək, siyasi və maddi dividentlər əldə etməkdir.

Və ən nəhayət – Bakı ilə bağlı narazılıq edən ingilis fanatlara bir qədər düşünməyi tövsiyə edərdim.

Avropa Liqasının final matçının Bakıda keçirilməsi ilə bağlı qərarı UEFA 2017-ci ildə qəbul edib. O zaman dünyada kimsə bilə bilməzdi ki, “Arsenal” və “Çelsi” finala çıxacaqlar, Bakıda qarşılaşmalı olacaqlar.

Ona görə aviabiletlər, otellər və s. ilə bağlı iradlar Bakının yox, UEFA-nın, bir də olmayan yerdə problem görən binəvalarındır.

Bakıda otellər də yetərincədir, qiymətləri də baha deyil, aviabiletlər və viza da normaldır.

Dünyanın ən bahalı şəhərlərindən biri Londondursa, orada bir buterbrodun qiyməti Bakıda ortabab oteldə otağın 1 sutkalıq dəyərinə bərabərdirsə, Britaniyaya yollanmaq istəyən Azərbaycan vətəndaşı üç həftəlik viza üçün 128 dollar ödəməlidirsə, bu adamlar nədən və niyə şikayətlənirlər ki…

Çempionlar Liqasının finalında İngiltərənin “Tottenhem” və “Liverpul” klubları Madriddə qarşılaşacaqlar.

London-Madrid aviabiletləri də ucuz deyil, İspaniya paytaxtındakı otellər də final oyunu ilə bağlı qiymətləri aşağı salmayıblar.

Bunlar iddialar yox, faktlardır.

Henrix Mxitaryanla bağlı ucuz, amma çoc ucuz və bəsit şounu yaradanların şüuru anlarsa…

Şərh əlavə et