Elçin Alıoğlunun

Sərhəddə “Keşikçi qala”mız var

Azərbaycanın Gürcüstanla sərhədində, mübahisəli Keşikçidağ monastır kompleksinin yaxınlığında yeni sərhəd zastavamız var artıq. Adı da “Keşikçi qala”.

Siyasət simvolizmlərdən ibarətdir və rəsmi Bakı da sərhəddəki yeni zastavasını məhz belə adlandırmaqla bütün qonşularına konkret, anlaşılan və sadə messic ünvanlayıb: “Azərbaycanın sərhədləri toxunulmazdır, hətta müttəfiq və dost dövlətlə belə, sərhədimiz çox ciddi qorunur”.

… Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilib.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbay­can Respub­likasının Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəh­bərliyi ilə milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsi, dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Ali Baş Komandan səviyyəsində böyük önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəm­lən­məsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasını, yeni is­ti­fa­dəyə verilən sərhəd zastavasının da məhz bu ali diqqətin növbəti təzahürü olduğunu bildirib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əmək­daşlığın yüksək səviyyəli inkişafını xüsusi vurğulayıb. Dövlət Sər­həd Xid­mətinin rəisi dəniz səviyyəsindən 850 metr hündürlükdə  yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşdiyini, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayandıqlarını qeyd edib.

Dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün yerli əhalinin, Ağstafa rayonunun icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının mühüm dəs­təyi xüsusi qeyd olunub, həm dost Gürcüstan ilə, həm də düşmənlə həmsərhəd olan Ağstafa rayonunun rəhbərliyinə və ictimaiyyətinə sər­hədçilərə göstərdikləri hərtərəfli köməkliyə görə minnətdarlıq ifadə edilib.

Sərhəd zastavasında şəxsi heyət tərəfindən xidməti fəa­liy­yətin yüksək səviyyədə həyata keçirilməsi üçün müasir tələblərə cavab verən yataqxana, yemək­xana, xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydan­­çası, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemi, hamam-cama­şırxana və digər tikililər sərhədçilərin istifadəsinə verilib.

Bu, olayla bağlı rəsmi açıqlama və faktların konstatasiyasıdır.

Fəqət, olayın pərdəarxası var.

“Azərbaycanla Gürcüstan arasındakı münasibətləri qoruyun. Xalqlarımız qardaşdır, bunu unutmayın”.

Gürcüstanın mərhum prezidenti, millətçi olsa da, ölkəsinin ən yaxın müttəfiqinin məhz Azərbaycan olduğunu bilən Zviad Qamsaxurdiya belə deyirdi.

Gürcüstanın digər prezidenti, mərhum Eduard Şevardnadze isə “Gürcüstanla Azərbaycan sanki əkiz qardaşlardır – bizi kimsə ayıra bilməz” ifadəsinin müəllifi idi.

Qonşu ölkənin sonrakı dövlət başçıları arasında Mixeil Saakaşvili və Salome Zurabişvili də eyni mövqe tutublar.

Gürcüstan iqtisadiyyatına ən böyük investisiya yatıran ölkə bizik.

Qonşu ölkənin maliyyəsindən tutmuş, turizminə və ixracatınadək istisnasız olaraq bütün sahələrində Azərbaycanın xüsusi çəkisi var.

Belədirsə, nə baş vermişdi? Nə üçün ölkələrimiz arasında sərhəddə bir qrup gürcü azğınlaşaraq sərhədçilərimizə söymüş, sonra da hücuma keçmişdilər?

Adi emosional çıxış, təxribat cəhdi?

Düşünmürəm.

Baş verənlərin kökü çox dərindir.

İyulun 14-də Azərbaycanın Şəmkir sərhəd dəstəsinin “Keşikçi Qala” sərhəd zastavasının ərazisində Gürcüstan vətəndaşları sərhədçilərimizə hücum ediblər. Qara-qışqırıq salan, küçə söyüşləri ilə sərhədçiləri aşağılayan bu şəxslər sonradan sərhədçilərin əllərindən silahlarını dartıb almağa çalışıblar.

Sən demə, narazılığa səbəb guya azərbaycanlı sərhədçilərin monastır kompleksindəki kilsələrdən birindən ikonaları çıxarıb aparmaları olub. Kütlə də “bundan hiddətlənibmiş”.

Sərhədçilərimiz soyuqqanlı və təmkinli davranıblar.

Azərbaycanla münasibətlərin gərginləşməsi rəsmi Tiflis üçün ən arzuolunmaz ssenaridir və Gürcüstan rəhbərliyi ilə dövlət qurumları bunu əsla istəmirlər.

Hər iki ölkədə isteriya yaradanlarsa münasibətləri maksimum gərməyə, bununla da üçüncü dövlətin maraqlarını təmin etməyə çalışan qüvvələr və şəxslərdir.

Əks təqdirdə spontan narazılıqlar razılaşdırılmış “etiraz kampaniyası” təsiri bağışlamazdı.

Azərbaycan-Gürcüstan sərhədindəki insident vasitəsilə ölkələrimiz arasındakı münasibətlərə xələl gətirə biləcəklərini düşünənlərsə yanılırlar.

Əvvəla, Gürcüstanda 400 minə yaxın azərbaycanlı yaşayır və bu, iki ölkə arasındakı təmasların matrisində önəmli amildir.

Digər məqam isə Gürcüstanla Azərbaycan iqtisadiyyatlarının arasında çox geniş, çoxsaylı və güclü əlaqələrin olması, ölkələrimizin bir çox beynəlxalq platformalarda eyni mövqelərdən çıxış etməsi, əksər məsələlərdə eyni mövqeləri sərgiləmələridir.

Vətəndaşlarımız, xalqlarımız arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları bir-birinə qarşı qoymaq, bir-biri ilə ədavətə sövq etmək mümkün olmayıb. Xalqlarımızın tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizə qarşı-qarşıya duran tərəflər olmağı deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir. Əminik ki, bundan sonra da iki dost xalq arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri ciddi nəticə verməyəcək. Hər iki tərəfdən – həm Gürcüstan, həm də Azərbaycan tərəfdən bu məsələlərdə radikal mövqe tutaraq xalqları, dövlətləri bir-birinə qarşı qoymaq, onları bir-birinə qarşı təxribata çəkmək meyilləri müdriklik, əsrlərin sınağında çıxmış qarşılıqlı etimad mühiti qarşısında məğlub olacaq, dünyanın, regionun yeni reallıqlarını unudaraq orta əsrlərin xiffətini çəkənlərin ekstremist təşəbbüsləri iflasa uğrayacaq.

Bu baxımdan “Keşikçi qala” sərhəd zastavasının açılışında general-polkovnik Elçin Quliyevin çıxışındakı məqamlar yetərincə diqqət çəkicidir.

Daha doğrusu, həmin kəlmələr rəsmi Tbilisiyə də ünvanlanıb.

Dövlət Sər­həd Xid­mətinin rəisi dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşdiyini, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayandıqlarını qeyd edib.

“Gürcü arzusu” Partiyasının rəhbərlərinin xaricdən, daha doğrusu, onları maliyyələşdirən və idarə edən paytaxtdan aldıqları əmrlər əsasında Gürcüstan-Azərbaycan sərhədində, “Keşikçidağ” ərazisində təxribat törətməyə çalışmışdılar.

Azərbaycan bu ucuz təxribata uymadı, səbrli davrandı, praqmat və rasioal davrandı, soyuqqanlı şəkildə Tbilisiyə bəzi şəxslərin hərəkətlərinin yolverilməzliyini çatdırdı.

Bununla da Bakı, bizləri təxribata çəkərək “cavab” gözləyən qüvvələrin niyyətərini puç etdi, Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin pozulmasını istəyənlərin planlarının gerçəkləşməsinə imkan vermədi.

Elə iyul ayında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sərhədçilərimizə qarşı törədilən məlum olaydan sonra açıqlama yayaraq Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribatların dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıdığını aşkar vurğulamışdı: “İki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var”.

Daha sonra xarici işlər nazirinin müavini Xələf Xələfov bəyanatla çıxış etdi: “”Keşikçidağ” mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz”.

“Keşikçi qala” zastavasının istifadəyə verilməsi həm də Keşikçidağın tarixi, hüquqi və mənəvi baxımdan Azərbaycan ərazisi olması və belə də qalacağı barədə bütün region dövlətlərinə ünvanlanmış messicdir.

Gürcüstanla sərhədlərimizdəki problemlərin gələcəkdə həlll variantlarından asılı olmayaraq Keşikçidağ kompleksinin statusu dəyişməyəcək.

Bu, artıq reallıqdır.

Şərh əlavə et