Elçin Alıoğlunun

Qaziləri oyuna cəlb etmək istəyirlər: hədəfdə dövlətdir

SOCAR-ın mühafizə xidməti və bir qrup şəxs arasında baş vermis hadisə ilə bağlı vəziyyətə bir daha nəzər salaq. Fakt budur: ortada siyasi oyun, habelə zorakılıq var.

Boru kəmərinin təhlükəsizlik zonasına aid olan torpaq sahəsini zəbt etməyə cəhd göstərən bir qrup şəxs əlillərdən sui-istifadə edərək, onları qanunsuz hərəkətlərə və dövlət orqanlarına qarşı təxribata təhrik etməyə cəhd göstəriblər.

Qanunsuz tikinti yerinə çağırılan əlillərin bu tikintiyə heç bir aidiyyəti yoxdur. Tikintini aparan şəxslər öz kommersiya maraqları üçün əlillərdən sui-istifadə ediblər.

Maraqlı olan budur ki, belə hallar əvvəllər də olub.

Sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı da faktdır.

Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar. İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib, müxtəlif bədən xəsarətləri yetirilib.

Tikinti yerinə çağırılan və iğtişaşlara təhrik edilən əlillərin həmin tikintiyə heç bir aidiyyəti yoxdur. Hüseynov Şərif Novruz oğlunun ətrafında olan bir qrup bütün vasitələrlə öz qanunsuz maddi maraqlarına nail olmağa çalışır. Bunun üçün hər cür əməllərə əl atır, o cümlədən əlillərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməkdən, onları təxribata çəkməkdən belə çəkinmirlər.

Hadisədən sonra Qarabağ qaziləri ilə Binəqədi Rayon İcra Hakimiyyətin başçısı Elxan Allahverdiyev və Binəqədi Rayon Polis İdarəsinin rəisi Musa Musayev görüşüb. Onlar tələb edib ki, əlillər izahat yazsın və problemləri ilə məşğul olacaqlarına söz veriblər.

Bu, məsələnin faktoloji yönü.

Gələk olayın yaratdığı ictimai-siyasi rezonasa və bu rezonansda maraqlı olanlara.

Azərbaycanda Qarabağ savaşının qaziləri, müharibə əlilləri, veteranlar və şəhid ailələrinin sosial müdafiəsinin təminatı, onların yaşam səviyyəsinin yüksəldilməsi, rifahlarının təmin edilməsi ilə bağlı sürəkli, konkret addımlar atılır.

Oktyabrın 1-dən etibarən pensiyaların, ödənişlərin və müavinətlərin məbləğlərinin artırılması qərarından sonra Qarabağ qazilərinin müavinətləri və təqaüdləri də avtomatik artıb.

Ümumiyyətlə, Azərbaycanda 13 560 şəhid ailəsi, təxminən 11 min Qarabağ əlili var. Şəhid ailələrinin üzvlərinin sayı isə 19 min nəfərə yaxındır.

Dünyasını dəyişən və əlil olan insanlar Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizə aparmış insanlardır. Buna görə də dövlət həmin insanlara və onların ailələrinə xidmətlərinin müqabilində maddi dəstək göstərməyə borcludur. Həmçinin nəzərə alsaq ki, bu insanların bir qismi sağlamlığını itirib, hazırda geniş əmək fəaliyyəti ilə məşğul ola bilmir, digər qism isə dünyasını dəyişdiyindən ailələri köməksiz qalıb, o halda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin xüsusi qayğı ilə əhatə edilməsi vacibdir.

Mövcud qanunvericiliyə diqqət yetirdikdə görürük ki, dövlət ümumi sayı 30 minə çatan Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsi üzvlərinin sosial müdafiəsi üçün həm məxsusi, həm də ümumiləşmiş şəkildə güzəştlər tətbiq edir. Bu insanlara, ilk növbədə, vergi güzəştləri var, bundan başqa qanunvericiliyə müvafiq şəkildə onlar aylıq müavinət və prezident təqaüdü alır, dövlət müharibə əlillərinə və şəhid alilərini mənzillə təmin edir, hərəkət çətinliyi olan əlillərə isə avtomobillər verilir.

Müharibə əlillərinə aylıq müavinətdən əlavə prezident təqaüdü də verilir. Şəhid ailələri də müavinət və təqaüd alır. Şəhidin dul arvadına və ya əmək pensiyaçısı olmayan ata-anasına kommunal güzəştlərə görə aylıq müavinət verilir.

Bununla bərabər bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına aylıq müavinət ayrılır.

Eyni zamanda, 13 560 şəhid ailəsinin hər biri aylıq prezident təqaüdü alır.

Qarabağ müharibəsi əlilləri həm də ümumi əlillər kimi əmək pensiyasına çıxa bilir.

Ölkəmizdə əmək pensiyaslı alanların 27,18 faizi (345,6 min) əlilliyə görə əmək pensiyası alanlardır. Məlumata görə, əlil pensiyaçıların 3,6 faizi (12 444) müharibə əlilləridir ki, onların da bir hissəsini Qarabağ müharibəsi əlilləri təşkil edir.

Vergi Məcəlləsində etdiyi əlavə və dəyişiklikdə sosialyönlü vergi güzəştlərini bir qədər də gücləndirib. Vergi güzəştlərindən istifadə edəcək sosial qruplar arasında müharibə əlilləri və şəhid ailələri də var.

Güzəştlər hesabına Qarabağ müharibəsi əlillərinin və şəhid olan döyüşçünün dul arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılır.

Müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı məsələsi də dövlətin diqqətində olan məsələlərdəndir. Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirən vətəndaşlar və şəhid olanların ailəsi dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Növbə əsasənda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilən yaşayış evlərindəki mənzillərin bölgüsü aparılır. Bölgünü nazirlikdə yaradılan müvafiq komissiya tərəfindən həyata keçirilir.

Komissiyanın tərkibinə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxildir.

Qarabağ əlilləri fərdi ev tikintisi üçün də nazirlikdə növbəyə dayana bilər. Növbəlilik qaydasında onlar üçün fərdi yaşayış evi inşa etdirilərək istifadəyə verilir.

Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxt Bakıda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilib. Dövlət başçısının sərəncamı 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, bu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 377 avtomobil artıq təqdim edilib.

Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, artıq bu ilin ötən dövründə 174 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6828 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub”.

Ayrılan vəsait hesabına növbədə olan 650 nəfərə yaxın Qarabağ müharibəsi əlillərinin hamısı avtomobillə təmin olunacaq.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin həm də məşğulluq məsələsinı xüsusi köməklik var. “Məşğulluq haqqında” Qanununa müvafiq olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların siyahəsənda müharibə əlilləri və şəhid ailələri də daxil edilib. Mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda kvota üzrə xüsusi iş yerləri müəyyən edilir.

İşçi sayından asılı olaraq iş yerlərinin 3-5 faizi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün ayrılmalıdır. O cümlədən ayrılan iş yerlərinin ən azı yarısı əlillərə verilməlidir.

Təbii, Qarabağ qazilərinin adlarından, cəmiyyətdəki nüfuzlarından sui-istifadə etmələri, veteran adından yararlanmağa çalışaraq qanunları pozmağa can atmaları da yolverilməzdir.

Qanunlar hamı üçündür və kimsəyə icazə verilmir ki, fırıldaqçıların felinə uyaraq dövlət ərazisini qanunsuzcasına zəbt edərək orada tikinti işləri aparsın.

SOCAR-ın nəzarətindəki ərazilərin zəbt olunması, həmin məkanlarda qanunsuz tikintinin aparılması həm də dövlət şirkətinin fəaliyyətinə, daha konkret olsaq, neft boru kəmərlərinin təhlükəsizliyinə ciddi problemlər yaradır.

Unutmayaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin ən tanınan brendi, ən böyük şirkətidir. Qarabağ qaziləri ilə yanaşı, hər vətəndaşın maaşlarının, müavinətlərinin, pensiyalarının məbləğinin artımında ölkənin neft hasilatı, emalı və daşınması sektorlarının, xüsusilə də SOCAR-ın müstəsna rolu var.

SOCAR-ın əldə etdiyi gəlirlərin bir payı da məhz Qarabağ qazilərinin, müharibə veteranlarının sosial təminatının yaxşılaşdırılmasına, rifah səviyyəsinin artırılmasına sərf olunur.

Baş verənlər həm də illər əvvəl yaşanan olayların əks-sədasıdır.

Belə ki, Azərbaycanda Qarabağ qazilərinin adından və nüfuzundan yararlanmağa çalışan bir sıra işbazlar şirkətlər qurur, dövlət mülkiyyətini zəbt edir, dövlət strukturlarının, özəl qurumların, iş adamlarının normal fəaliyyətlərinə ciddi problemlər yaradırdılar.

Dövlət həmin dönəmdə prosesə müdaxilə etdi, qazilərin adlarından yararlananların və sui-istifadə edənlərin özbaşınalıqlarına son qoydu. Dövlət bəyan etdi ki, qanunların tələblərinə hər kəs və hamı eyni səviyyədə riayət etməlidir.

O dönəmdə kölgəyə çəkilən işbazlar və onlara tay olanlar indi yenidən ortaya düşərək ən müxtəlif bəhanələrlə, əsası isə qaziləri aldadaraq öz oyunlarına alət etməyə çalışaraq qanunsuz işlərə və əməllərə can atırlar.

Dövlət bu fırıldaqçıların, möhtəkirlərin qarşısını ən sərt şəkildə almalıdır.

Çünki xaricdəki sosial şəbəkə müxalifəti iaşə müxalifəti ilə birləşərək qazilərlə bağlı son olaylardan öz merkantil məqsədləri üçün yararlanmağa, SOCAR-a qarşı kampaniya keçirməyə can atır, özlərini “haqqı tapdananların, kasıbların müdafiəçisi” kimi göstərir, Qarabağ qazilərini murdar siyasi oyunlarda fiqur etmək istəyirlər.

Halbuki həmin “bloqer”lərlə “siyasətçi”ləri qazilərin yaşamı, istəkləri və tələbləri heç vaxt maraqlandırmayıb, indi də maraqlandırmır.

Qazilər bunu bilməli, onlardan sui-istifadə etməyə çalışanların tələsinə düşməməlidirlər.

Şərh əlavə et